Kultura.az на русском
Video
Turan
Contact
Arxiv
Səsvermə
Azərbaycan dünyadan nə istəyir?
Ədalət və məhəbbət
Qarabağın qaytarılmasını
Qız qalasına heyranlıq
Azərbaycan həqiqətlərini əxz etməsini
Dolma və Sarı gəlinin bizimki olduğunu bilməsini
Canına azzar istəyir



Nəticələr

Cəmi səslər 4294

Səsvermənin arxivi
Koroğlu haqqında
Noyabr 21, 2012
Koroglu kimdir? Xalq qəhrəmanı, yoxsa qarınqulu. Mən deyərdim ki, qarınqulu. Niyə? Bu şəxs bir yadelli işğalçıya, erməniyə, rusa, firəngə qarşı mubarizə aparmayıb, döyüşdüyü Həsən xan, Bolu bəy və ancaq özümüzünkülər olub. Çəkilib bir dağın kəlləsinə, gündə yeddi qazan plov yeyib, yeddi tuluq çaxır içib (özü də musəlman, görəsən çaxırı kimdən alırmış?). Bığlarını bir girvənkə yağla yağlayırmış (ay sənin bığına...). Bu əsər alman, ingilis və s. dillərə tərcümə olunubsa... , gör bizim haqqımızda nə fikirləşirlər...

 

 

Bu ..tün fikri-zikri  ancaq  plovun  yanında olub, inan!!!    Bunun əyyaşlıqdan nə vaxt başı açılıb ki,  Nigara (xanım deməyə dilim gəlmir) diqqət yetirsin?  Belə düşünmək olar ki, Eyvaz Nigarla… Gəl təsəvvür edək ki, anam mənə deyir ki, ay bala, ürəyim Dilicandakı Şir bulağından su istəyir, nə deyərəm?  Ay ana, məni hara göndərirsən,  duşmən əlinə?  Amma Eyvaz - oğulluğu , getdi durna teli dalınca.  Nə idi onun marağı?  Deməli …… , ona görə də gedirmiş.  Asıq Cünun – çuğulluğun, satqınlığın bariz nümunəsidi.   Əlndə saz gəzirmiş, hardan karvan gəlir , çatdırırmış Koroğluya…   Bir üç -dörd il əvvəl, arada belə bir söhbət oldu ki, aşıqların forması (tolstovka,  qalife şalvar,  portupeya)  haradandır?  Araşdırmalar apardi 30-cu illərə çıxardı.  Sovetdən qaçaq duşənləri necə tapmaq  olarmış ?   Yaylaqlardan, yataqlardan,  dağlardan kim şubhə doğurmadan  NKVD - yə xəbər gətirə bilərmiş?  Ancaq aşıqlar!  Bunun  üçün aşığa da möhkəm , davamlı paltar lazım imiş , o da rusda.  Deməli  NKVD  də  aşıq Cünun variantından bəhrələnibmiş.  Bunu aşıq Ədalətə deyəndə bir qədər fikrə gedib dedi ki, həqiqət var.


P .S.  Hələ çox fikrimi yaza bilmədim.       

Vidadi T.

Kor  oğlu- NAN KOR OĞUL

Düzgün kodlaşdırılmamış qəhrəmanlıq.


İndi mənə qulaq as…
Kor oglunun əlamətlərini  (bir insan kimi)  hələlik sənə yazım.

Anası haqqında heç bir məlumat yoxdu.

Əgər dədəsi atı göydən,  qılıncı göydən alıbsa, kim təminat verə bilməz ki, hansısa  bir  əcinnəni də göydən tutmayıb…

Gözəllik.

Koroğlu Nigarı sadəcə olaraq atasının evindən oğurlayıb,  basıb atın tərkinə,  aparıb Çənlibelə.  Dağın başında , vəhşilərin əhatəsində daha heç bir variant olmadığından Nigar təhqir olunmuş , zorlanmış ( yəqin ki )  və biabır olmuş vəziyyətini nəzərə alıb, el dilində desək  ayıbına kor olub,  məcburən Koroğlu ilə yaşayıb.  Ümumiyyətlə,  Koroğlu ilə Nigarın münasibətləri,  heç bir vəchlə ailə münasibətlərinə aid edilə bilməz. Kəbin yox, ata-ananın xeyir-duası yox, uşaq yox  (Eyvaz  sayılmır).   Nigarın sözünü yadına sal... Sən çox pələpüsürsən , çox qarasan, səndə gözəllik adına bir şey yoxdu.

İnsan olan kəsdə nə qədər də olmasa bir xoşagələn cəhət olmalıdı, Koroğluda  yoxdu.  Nigar ona öz xoşuna getməyib . Görmək-sevmək,  qoşulub -qaçmaq  söhbəti deyil.  Koroğlunun idbar sifətini görüb  yəqin ki,  heç kim ona yaxın getməzmiş.

Oğulluq.

Əgər Azərbaycanda ata institutu,  yəni patriarxat mövcud idisə , Koroğlu,  heç vaxt atasının sözündən çıxıb atlara baxmazdı. Baxdığını da atasından gizlətməzdi.  Yalan demək,  heç də onu sözə çevirmək deyil.  Əgər sən elədiyin haqda susursansa,  bunun özü də,  dolayısıyla da olsa yalandı.  Əgər desən ki, uşaq imiş,  bilməyib,  kim uşaqlıqda belə hərəkət eləməyib ki,  mən səninlə razılaşaram.  Hamımız  uşaq olmuşuq,  hamımız  hansısa bir pis hərəkət edib böyüklərdən gizlətmişik,  amma biz qəhrəman deyilik.  Bizdən sorğu-sual da yoxdu,  bizim haqqımızda dastan da yazılmayacaq.  Bir şeyi də yadına sal ki, atlara baxandan,  atasının gözü çıxarılandan,  bulaq başına gedib qayıdandan sonra ,  çox keçmədən əlində  Misri qılınc  atasının  “qisasını”  alıb və dağlara,  Dəli Həsəni axtarmağa gedib. Uşaq olan kəs,  çox qısa müddətdən sonra konkret hara getməyi,  kimlə savaşmağı çox dəqiqliklə hesablayıbsa,  artıq uşaq deyil.  Xüsusi olaraq Dəli Həsəni axtarmaq  isə  əsl  dustaqxana psixologiyasıdı,  gərək  başçını (paxanı)  öldürəsən və onun yerinə özün başçı olasan. 

Ataya qarşı hörmətsizlik bir , hövsələsizlik iki, yalan üç...

Və  nəyə görəsə atası onu cəzalandırmır,  güldən ağır bir söz demir,  əvəzində bulağın yerini nişan verir,  ən  əsası  öz  gözlərinə  görə ki,  kor qalmasın,  o sudan gözünə çəksin və sağalsın.  Hələ onu da fikirləşmək lazımdır ki, adi bir mehtərin başına göy cismləri və canlıları ilə  bağlı  bu qədər hadisə hardan gəlir?  Niyə məhz onun?  Belə bir bulağın mövcudluğunu haradan bilir?  Başqalarının bundan niyə xəbəri olmayıb?  Necə bilirsən,  adi bir mehtər bu qədər qeyri-adi  işlərlə niyə məşğul olurmuş və ya bütün bunları haradan bilirmiş?  Qayıdaq mətləbə... Bu nankor  övlad  neyləyir?  Bulaqdan qaynayan sudan  birinci öz başına tökür,  ikinci içir,  yalnız və yalnız  bundan sonra atası yadına düşür.

Sonra bütün dastan boyu bir dəfə də atası yadına düşmür.

Belə oğulluq olar?

Daha doğrusu elə,  belə də  “oğulluq“  olar,  ata dogma  olmayanda,  elə  belə də olur.

Təpəgöz.

Yəqin atası onu atların yanından tapıbmış,  kiminsə bici imiş,  tullayıbmışlar yəqin ki,  qurd-quş yesin. Vələdüzina imiş,  hansı millətdən olduğu naməlum.  Bəlkə elə ona görə,  böyüyüb turklərdən intiqam alırmış.  Atalar misalını yadına sal.  Ay yetim, kimi söyərsən, mənə çörək verəni. Yeyib türklərin çörəyini,  qudurub, başlayıb ona çörək verən əli kəsməyə.  Dədə Qorqud dastanındakı Təpəgözü yadına sal.  Analığı ilə ilk təması qadının ölümü ilə nəticələnir.  Bir sordu südünü aldı,  iki sordu qanını aldı,  üç sordu canını. Təpəgöz bədheybətliyi ilə Koroğlu pələpüsürlüyü arasında bir göz qədər fərq var. Onu da yadından çıxartma ki,  türklərin tarixində məmlüklər deyilən böyük bir yetimlər və kökü-soyu məlum olmayan döyüşçülər zümrəsi olub.  Yəni,  yetim böyüdüb,  ondan döyüşçü düzəldib istifadə eləmək türklərin tarixində məşhur faktdır.  Sonradan Sovet höküməti də bu üsuldan istifadə edirdi,  yetimxanalarda olan xüsusi istedadlı uşaqlardan Sovet hökümətinə hədsiz dərəcədə sədaqət və sevgi aşılanmış,  bu hökümət yolunda hər şeyə hazır olan şəxslər yetişdirilirdi.

Müxtəlif  türk xalqlarında  Koroğlunun variantları mövcuddur. Qoroğlu -  oddan törənən,  Goroğlu -  qəbirdən xortlayan və s.  Bizdə isə nəyə görəsə Koroğlu – kor kişinin oğlu  olan bir obraz seçilib. 

Şou-biznes.

Bir  maraqlı cəhəti də diqqətinə çatdırım. Yarım mifik , yarım həqiqi qəhrəmanlar demək olar ki,  bütün xalqların şifahi ədəbiyyatında var.  Hər belə bir qəhrəmanın gücünün bir hissəsi,  hansısa sirrli - sehrli mənbəyə bağlıdır.  Hətta belə bir qabiliyyət vacib cəhətlərdən biri olmalıdır. Çünki fövqəlinsan olmasan  , adi zalımlara qalib gələ bilməzsən.  İlahi bir qüvvəyə ehtiyac var.  Amma çox az rast gəldiyim bir cəhəti deməyə bilmirəm,  o da Koroğlunun məşhur təğyiri - libas səhnələridi.  Bu qədər köntöy,  kobud,  təsvirə görə cüssəli,  iri bədənli bir adamın yarım ac-yalavac,  sərgərdan ,  dünyadan,  aləmdən xəbəri bu eldən o elə gəzməklə aparıb gətirən bir artistə - el aşığına oxşaması ağlabatan deyil.  Qılınc oynadan,  əmud endirən barmaqlar necə sazın tellərini titrədib,  onlardan xoşa gələn səslər çıxarırmış bilinmir.  Nəzərə də alsaq  ki, aşıqlıq sənətini illərlə öyrənirmişlər,  Koroğlunun  harda və kimdən təhsil aldığı  böyük bir sual doğurur.  Səsi bildik – bulağın suyundandı,  bəs ifaçılıq sənəti?  Yoxsa paşalar , bəylər, xanların heç musiqidən,  sənətdən başları çıxmayıb indikilər kimi,  ya da aşıq sənəti o qədər aşağı səviyyədə olub ki,  hər yoldan keçən əlinə əyri tut ağacı alıb,  üstünə də bir-iki yoğun bağırsaq çəkib,  “dınqır-sazım , dınqır –sazım”la  dövlətliləri yola verirmiş?  Bir sənət kimi aşıqlığın hardan qaynaqlandığını elə dastanlardan bilmək olar.  Əsas amil  cavan oğlanın bir qıza vurulmasıdı.  Bütün sevgi dastanlarının , aşıq yaradıcılığının daxili hərəkətverici qüvvəsi,  mədəni desək - sevgi,  kobud desək   doyrulmamış seksual hisslərdir.  Mənim yaxın  bir dostum,  bu cür yaradıcılığı “oğraş ədəbiyyatı”  adlandırırdı.  Indi, müasir dövrdə  guya ki, mentalitetimizə uyğun olmayan açıq-saçıq yazıları tənqid edənlərə, uzağa getməyib,  Molla Pənah Vaqifin seksual şerlərini oxumağı məsləhət görərdim.  Düzdü,  redaktorlar tərəfindən çıxarılmış,  bayağı sözlərin əvəzinə qoyulmuş nöqtələrdəki ifadələri özləri tapmalı olacaqlar...

Oddan kül.

Yenə Dədə Qorquda qayıdaq. Adının kökündə  Qor,  yəni od sözü var.  Qoroğlu   yəqin ki,  Koroğlunun ilkin variantı olub.  Sonra,  hansı səfehsə  Qor sözünün mənasına varmayıb,  nə cür eşidib, o cür də  hadisələri Kor sözünə calayıb və  eybəcər,  kökü olmayan yeni bir dastan  düzəldib. 

Dədə Qorqudda döyüşənlər qopuz çalmırlar,  qopuz çalanlar isə döyüşmürlər.  Sən Dədə Qorqudun  qopuz çala-çala döyüşməyini təsəvvür edə bilərsən?  Mən bilən yox.  Amma,  nəyə görəsə  Koroğlunun  eyni vaxtda həm çalıb-oxuyub,  həm də  döyüşməyini  adi bir şey kimi qəbul edirik.   Hansı təzaddan,  uyğunsuzluqdan  istəyirsən istifadə edə bilərsən... uça-uça üzmək, qaça-qaça çimmək kimi.   

Aşıq Cünunun adına fikir verməmisən yəqin ki... Tərcümədə  (ərəb dilindən)  dəli deməkdir.  Döyüşçüsü dəli,  aşığı dəli...

Şair.

Aşıq yaradıcılığının  zirvələrindən sayılan dastanda , aşıq Cünunun,  səhv etmirəmsə,  bir ya iki  yerində dilindən şer səslənir.  Dastandakı yeganə  rəsmi  aşıqdan  başqa,  hamı  şer formasından  geninə-boluna istifadə edir.  Aşıq Cünun isə hərdənbir dəlilərin könlünün xoş vaxtında,  hansısa bir qarətdən və ya uğurlu basqından sonra şənliklərdə dəliləri əyləndirir.

Mən başa düşürəm ki,  bu dastandır,  aşıq dastanıdır.  Burada şer də,  musiqi də olmalıdır .  Bir balaca fərqi var o biri dastanlardan.  Bu sevgi,  eşq-məhəbbət dastanı yox,  qəhrəmanlıq dastanıdır.  Deyəsən Sabir Rüstəmxanlının düşüncələri idi ki, türklərin döyüşkən olmaları  dillərindən bilinir.  Bütün sözlər  (əmr formasında)  çox qısa -  bir saitli,  bir hecalıdır.  Atın belində dünyaları qəsb edən türkün çox danışmağa vaxtı olmayıb.  Dur,  qaç,  vur,  kəs,  en,  min,  düş,  ver,  al, hətta  ye,  iç  və sairə sözlər,  döyüş əhval-ruhiyyəsinin ən bariz nümunələridir.   Dədə Qorqud dastanında,  Qazanın köməyinə yetişən bəylər,  çox danışmadan bircə cümlə işlədirlər:-  Çal qılıncın,  ağam Qazan,  yetdim!  Vəssalam!  Artıq sözə ehtiyac yoxdur.  Dil işləmir,  əl, qol işləyir.  Qılınc çalınır,  nizə oynadılır,  əmud endirilir.  Daha   uzun-uzadı,  vuruşmanın,  döyüşün  bədii   məziyyətləri haqqında sicilləmə poetik parçalar söylənilmir.  Cavanlar arasında deyildiyi kimi,  vuran oğul  vuraram deməz,  vurar.  Döyüşənin,  vuruşanın  başqa  heç nə barədə fikirləşməyə  nə vaxtı,  nə imkanı olmaz.  Oturub düşmənlə döyüş haqqında  hava bağlamaq,  müxəmməs,  təcnis yaratmaq döyüşən qəhrəmanın ağlına belə gəlməz.  Ya  incəsənət,  ya müharibə!  Ikisi bir yerdə ola bilməz.   Inter anna silent Musae (latın).  – Toplar danışanda ,  ilham pəriləri susar,  ya da rus dilində :-  “Когда говорят пушки, музы молчат”.  Koroğlu dastanında   bir-birini inkar edən  iki məfhumun  birləşdirilməsinə   çalışılıb.  Koroğlu,  üzü  Dədə  Qorquddan yox,  dünya  yaranandan  bəri türkün  bacardığı,  can atdığı  özünəməxsusluğa (döyüşkənliyə)  lazımsız sicilləmə şerlərlə bir zəiflik, uzun-uzadı danışmaq kimi axmaq  bir  məziyyət gətirib.  “And içmişəm bu gün dava olmasın”.  Orta əsrlərin birinci  pasifistidi  Koroğlu  guya ki... Onun təsiridi ki,  qədim ,  döyüşən,  dünyanın yarısını fəth edən bir xalqın nümayəndəsi ola-ola döyüşmək ,  vuruşmaq əvəzinə  “düşmənlərin”  bizi necə qovması,  öldürməsi,  təhqir eləməsi ,  itirilən torpaqlarımızda at oynatması  haqda  ağlamsınmış şerlər,  hekayələr ,  mahnılar yazırıq,  ələ silah alıb döyüşmək əvəzinə göz yaşları tökür,  ermənilər kimi ,  farslar kimi  ildə  bir neçə dəfə xüsusi gün ayırıb,  ağlaşmaqla məşğul oluruq.  Öz kökümüzdəki qəhrəmanlıq nümunəsinə yox,  bizə yad olan  zəiflik təcəssümünə aludə oluruq.

Qalada yatmış idim,  top atdılar oyanmadım

Saz ilə,  söhbət ilə oyatdılar.

mahnısının sözləri artıq oturuşmuş,  yeyib-içib dünyadan keçmiş,   döyüşə yox,  müharibə  səsinə yox,  musiqiyə,  sözə-söhbətə  maraq  göstərən  tənbəl,  zəif,  vuruşmaq həvəsi olmayan bir türkün hekayəsidi.

Sabirin

Dindirir əsr bizi dinməyiriz.

Atılan toplara diksinməyiriz.

misraları da həmin həvəssizliyin , dünyadan keçmişliyin,  vuruşmaq,  mübarizə  aparmamaq  istəyinin  nəinki savaşa,  davaya,  müharibəyə,  hətta ictimai-siyasi  əhval-ruhiyyəyə də təsir etdiyini  göstərir...

Əcnəbi  seyrə balonlarla çıxır.

Biz hələ avtomobil minməyiriz.

Yəqin,  Koroğlunun  qəhrəmanlıq dastanı hansısa bir keçid mərhələsi imiş.  Əvvəl ancaq müharibə,  sonra kiçik ,  lokal quldurluqla poeziya və musiqinin qarışığı,  sonra isə ancaq şer və musiqi.  Növbəti mərhələ - muğam.  Tam boşalmış,  süstləşmiş,  əhli-keyf,  uymuş ,  bu dünyadakı işlərini buraxıb  ancaq  göylərlə əlləşən,  o biri dünya,  cəhənnəm və cənnət,  axirət dünyası  haqda  fikirləşən,  bu dünyadakı  işlərini  də  allahın ümidinə buraxıb,  ”əşi nə olar , olar”  deyən bir cəmiyyət.  Tam amorf  bir kütlə.  Kimsə kənardan gəlsə,  bu kütlədən nə istəsə düzəldə bilər . Toplumun daxilində  isə  heç nə  baş vermir,  içəridən heç nə gəlmir.  Bəlkə elə ona görə də hər şeyə göz yummağa alışmışıq,  heç olmasa  öz  həyatımızın yaxşılaşması üçünsə  mübarizə aparmağa belə tənbəlik.   

Sovet hökümətinin ilk  illərindən  başlayan  təmizləmə kampaniyaları Azərbaycanın  bütün  ağıllı  adamlarını əhatə etdi.  Onların arasında siyasətçilər,  şairlər,  yazıçılar,  musiqiçilər,  ziyalı adamlar,  düşünən beyinlər vardı . Amma nəyə  görəsə  repressiya olunanların  arasında  bir dənə də  aşıq adına rast gəlməmişəm.  Dostum  Məzahir Sadıqlı  demiş ,  ”yazılana pozu yoxdur”  ifadəsinin böyük hikməti var.  Şifahi aşıq ədəbiyyatının  kağıza yazılmamış,  hər dəfə dəyişilə bilən,  dövrə,  zamana,  konyukturaya  uyğunlaşa bilən ,  pulla ,  sifarişlə oxunan sözləri bir balaca görkəmini dəyişib  Oktyabr bayramını,  Lenin babanı,  kolxozu,  sosializmi tərənnüm elədi  və  sağ qaldı.  Vaqif  Səmədoğlunun dediyi kimi:  “Sağ  qaldı, yad olmaqçün”.  Bir dəfə əyiləndən sonra,  ikinci dəfə əyilmək o qədər də çətin olmur.  Dövrə,  zamana ,  hakimiyyətə  əyilmək aşıq ədəbiyyatı  üçün  o  qədər  də  çətin olmadı.  Ikinci , üçüncü dəfə  və hər təkrar olunan növbəti dəfə daha asandı.

İlkin kapital.

Onun  birinci  doyüşü  Dəli Həsənlə  olur.  Dəli Həsəni basır,  boğazını üzmək istəyəndə Dəli Həsən ah çəkir. Niyə? Uzun illər çapib taladığını,  onu döyüşdə basanla bölüşmək istəyirmiş,  sən demə. Koroğlu bunu eşidən kimi,  dərhal onu öldürmək fikrindən vaz keçir və sərvəti bölməyə razı olur,  yəni birbaşa pula satılır.  Sonra dastanın heç bir yerində  var-dövlətin  Dəli Həsənlə bir yerdə  idarə etdikləri barədə bir kəlməyə də rast gəlinmir, ümumiyyətlə  talanan  karvanların,  sərvətin kiməsə , məsələn kasıblara və ya məzlumlara verildiyi,  paylandığı barədə bir işarə də yoxdu. Koroğlunun  yeganə  “hörmət” elədiyi  adam  biçinçidi.  Xəzinənin qapısını dağıdandan sonra, özü ilə bərabər soyğunçuluq etməyinə icazə verir ki,  bir torba da o aparsın.

Xəzinənin qapısına vurulan əmud zərbəsi, mənim üçün kifayət qədər simvolik xarakter daşıyır.  Indi yazacağım fikirlər  heç də  oğurluğa , quldurluğa çağırış deyil,  sadəcə  milli inkişafın  səviyyəsini  anlatmaq  üçün bir vasitədir.

Yaxın  bir  adamın  evini  yarmışdılar.  Hadisə  yerinə  baxış  keçirilən vaxt , evi talanan   polisə deyib ki,  mənim fikrimcə,  evi yaranlar  yerli  adamlar  deyillər.  Polisin  “nə üçün belə fikirləşirsən?”  sualına cavab olaraq  o,  səliqə ilə kəsilmiş qapını göstərib  və  əlavə edib ki, yerli adamlar olsa idi,  qapı vəhşicəsinə sındırmalıydı.  Əgər,  ən azı laqundanın  köməyilə  kəsiblərsə,  deməli yerli deyillər.  Bir neçə aydan sonra,  tutulan oğruların Gürcüstan vətəndaşları olduğu aydınlaşdı. 

Sözüm ondadı ki,  hətta soyğunçuluq  və  oğurluğu  da  yüzilliklər  boyu inkişaf etməyən ölkədə,  yerdə qalan sahələrin  nə gündə  olduğu  heç bir sual doğurmamalıdı...  Amerika filmlərindəki qarətçilərin və oğruların texniki təminatı  (hətta bədii imkanları çıxmaq şərti ilə),  məni həmişə  milli  natamamlıq  kompleksinə salır.   Əlinə  əmud  (tapança)  alıb,  Qıratın  (Mersedesin)  belinə minib,  bir-iki dəlini  (cinayətkarı)  başına yığıb,  xəzinə ( bank)  yarmaq  qarətçiliyin ən bəsit forması deyilmi?  Eynilə,  bir neçə yüz il qabaq,  Koroğlu kimi  xəzinənin qapısını  dağıdıb içindəkiləri  daşımaq,  elə də böyük ağıl , fərasət və qabiliyyət tələb etmir.  Mənim fikrimcə, banklar,  hələ  uzun  müddət  yerlilər tərəfindən texniki vasitələrin köməyi ilə,  ağıllı və düşünülmüş plan əsasında qarət olunmayacaqlar .   

İgid.

Koroğlunun  gücü,  atdan  (göydəndüşmə),  qılıncdan (göydəndüşmə)  və  nərəsindən  (bulaqdan qaynayan sudan )  ibarətdir. Döyüş vaxtı  qoşunun qırılmasına sərf edilən güclərin ardıcıllığı da maraqlıdı.   Bir yandan  ( birinci)  Qırat,  bir yandan Misri qılınc  ( ikinci )  və  bir yandan da Koroglu  ( sonuncu )... Özünün  gücünün sınandığı  nadir  epizodlardan  biri  isə ,  təkbətək , Məhbubə xanımdan olan oğlu ilə doyüşdədi.  Nə yerdən,  nə  də  göydən  heç  bir güc almayan oğlu  ilə  bacarmayan Koroğlu,  ancaq hiyləgərliyin və aldatmağın hesabına ona qalib gəlir .

Seks turizm.

Uzağa səfər edəndə,  mütləq  sevdiyi  qadına  xəyanət  etmək,  hətta  bunu  adi  bir  şey  kimi qəbul  etmək,  heç  bir  xalq  qəhrəmanına  baş ucalığı  gətirmir ,  heç bir başqa xalqın  epos  yaradıcılığında  da  rast  gəlinmir. Vəsf  olunmuş  Koroğlu  ayaqsürüşkənliyi,  müasir  Azərbaycan  kişiləri  üçün  bir tutalğaca çevrilir  və  evdən  kənardakı  seksual cəhətdən tam sərbəstlik və günahsızlıq  hissinə  haqq  qazandırır.  “Arvadı özündən qoçaq Nəbi”  kompleksi isə 15 yaşdan 45 yaşa kimi böyük  bir qadın  kütləsini  ərtaf  Şərq  ölkələrinin  ucuz bədən  bazarlarına  salıb.  Bu da  qaçaqçılığın  bir formasıdı.   Dağın başı,  ya digər ölkə  arasında  böyük  prinsipial  fərq  yoxdu.  Əsas aradan çıxmaqdı,  Koroğlunun adına  çıxılan  atalar  misalındakı  kimi;  “İgidlik ondu, doqquzu qaçmaqdı, biri heç gözə görünməmək”.

Niyə  o qədər dastanın içindən ancaq bunu seçib bizə qəhrəmanlıq nümunəsi  kimi sırıdıqları da bir neçə amillə bağlıdır.  Mən hələ Babəkin islama və xilafətə qarşı mübarizəsinin ,  Kərəmin erməni Əsliyə məhəbbətinin bu qədər qabardılmasını demirəm.

Babək və Yanıq Kərəm ayrı söhbətin mövzusudur. Amma haşiyə çıxım.

İndi Milli oyanış deyilən vaxtlarda biz , Qazax Dövlət Dram Teatrında Bəxtiyar Vahabzadənin “ Dar ağacı” pyesini tamaşaya qoymuşduq. Mən xilafətin nümayəndəsini oynayırdım. Səhnələrin birində,  atəşpərəstləri - B.Vahabzadənin , sovet vaxtı guya kənardan gətirilmiş dinlərə və dillərə qarşı qoyduğu milli inanc sisteminin nümayəndələrini -  islam dininə çağırmalı idim. Tamaşanın ictimai baxışında B.Vahabzadə də iştirak edirdi.  Atəşpərəstlərin islama çağırış səhnəsində belə bir dialoq vardı. Ibn Süheyl atəşpərəstlərə müraciətlə  “islama gəlin, islam dinini qəbul edin”  deyir. Atəşpərəstlərin başçısı ondan soruşur ki, həmin din hansı dildə yazılıb. Xilafətin nümayəndəsi cavab verir ki, ərəb dilində.  Atəşpərəstin və B.Vahabzadənin pyesdəki atmacası belə səslənirdi:  “Məgər allah bizim dilimizi bilmir?! “  Sovet dövründə yazdığı atmacanı qarışıqlıq vaxtında eşidən yazıçı, filosof-şair bu sözləri çıxarmağı məsləhət gördü ki, indi milli oyanış vaxtıdı, camaat islama qayıdır, düz başa düşməzlər. Sovet vaxtı  milli oyanış üçün yazımış sözlər,  nəyə görəsə,  həmin vaxtın gəlib çatan vaxtında müəllifin özünü qorxutmuşdu.

Niyə Koroğlu,  sovet höküməti tərəfindən  qəhrəman seçildi?

Bir neçə amili saymalıyam,  ola bilsin başqaları da var...
Turklərə, paşalara  qarşı mübarizə. 
Pavlik Morozov sindromunun əlamətləri.
Yetimlik... sovet vaxtında da,  atalı-analı olmaqdan daha sərfəli idi, hər halda hökümətə.
Yetimdən nə istəsən düzəltmək olardı, hətta özününkülərin düşmənini də...

Dostluq.

Giziroğlu Mustafa bəyin nə göydən duşən qılıncı,  nə göydən duşən atı, nə də bulaq suyundan alınmış  gücü vardı,  amma Koroğlunu yıxıb çaya sala bilmişdi.     Giziroğlu  da bəy idi,  amma nəyə görəsə Koroğlu onunla dostluğa üstünlük verdi.

Sevgi.

Sadəcə  Nigarın adını eşidib, ona vurulmaq kimi  axmaq  bir sevginin arxasında,  yəqin ki,  bəylə,  xanla,  paşayla  qohum  olmaq  arzusu  dururmuş.  Dastanda,  bu arzuda olan digər bir fırıldaqçının –Keçəl Həmzənin  bu yolda kifayət qədər uğur qazandığının şahidi oluruq.  Ən maraqlı cəhət odur ki,  Koroğlunun Keçəl Həmzəyə münasibəti , daha doğrusu  müsbət münasibəti,  dastanın Qıratın qaytarılması qolunda daha qabarıqdır.  Koroğlu və Keçəl Həmzə bir-birlərini  çox  gözəl  başa  düşürlər.  Həmzənin nəzərində Koroğlu,  Koroğlunun nəzərində isə Həmzə bir amalın,  bir istəyin daşıyıcısıdırlar . Həmzənin  böyük  sevinclə  Dona  xanıma,  atasına toy tutulacağı  xəbərini verməsi,  Koroğlunun atının qantarğasını tutub,  üzəngisini basıb ona kömək etməsi və ən əsası,  Koroğlunun bu köməyi sakit qarşılaması bir çox mətləblərdən xəbər verir.  Deməli  Nigar  da  bundan  ötrü  heç  kim  imiş, sadəcə,  bəylə, xanla, paşayla qohum olmaq  (Həmzə kimi) istəyinin  həyata  keçirilmə  vasitəsiymiş,  o da alınmayib. Nigarın oğlu olsa idi, bəlkə də Koroğlu arzusuna çatardı. Uşağı olmayan  Nigar qalib ortalıqda , dağın başında .  Qohumluq  alınmayandan  sonra ,  lazımsız bir şey kimi atılıb dəlilərin arasına.  Allah bilsin, neyləyirmiş o qədər vəhşinin arasında?!

Hədsiz qarınqululuğunu sən yazdın. 

Lovğalıq.

Özündənrazılıq  və  öz  ağlına  heyranlığı  isə , Keçəl Həmzənin Qıratı  qaçırması qolunda  bilinir.  Ətrafindakı  adamlarin hamısı deyir ki,  bu salamat adama oxşamır,  Koroğlu inanmır,  necə yəni,  bunun gətirdiyi və  etibar etdiyi  adam  haqqında,  kimin ağzı nədir,  pis söz desin.  Axmaqlığı  isə  Qıratı verib Düratla dəyirmanda qalması səhnəsindədi.

Adamı  bir dəfə aldadarlar,  iki dəfə yox!  İllah  da  belə qəhrəmanı!  Hələ dünyanın heç bir qəhrəmanlıq əfsanəsində,  əsatirində  lovğa,  özündən razı  qəhrəman surətinə rast gəlməmişəm .  Olubsa da,  ancaq hadisələrin əvvəlində olub.  Sonrakı inkişaf,  mütləq  lovğalıq  hissinin  itməsinə ,  yerinin daha yüksək  və  ümumbəşəri  hisslərə  çevrilməsinə  gətirib  çıxarıb. 

Koroğlu,  dünyanın  ən lovğa və özündənrazı  qəhrəmanıdı. Koroğlu,  lovğalıq, özündənrazılıq  təcəssümüdü.  Axıra qədər də onun obrazında  müsbətə doğru  heç bir dəyişiklik olmur.

Dəmirçioğlu  ilə səhnəni  yada  sal.

Dəmirçioglunun atası  bir neçə nal təklif edir,  Koroğlu  isə  əyib qaytarır ki,  pisdilər, əyridilər.   Kasıb, zəhmətkeş  bir adamla məzələnir.  Onu buna sövq edən səbəbin məsələyə heç bir  dəxli yoxdu.  İnsanı yoxlamaq üçün başqa üsullar  var.  Koroğlu  gücünə güvənir.   Bu, ən adi qudurğanlıqdı.

Kriminal.

Ləqəb ( rus dilində daha yaxşı səslənməsi var - кличка)  daşıyan silahdaşları da  kriminal xarakterli,  destruktiv  ünsürlər olub.  Adlarını sadalamaq kifayətdi. Halaypozan,  Tüpdağıdan,  Mərəkəpozan və s.   Bu dastanda  hər hansı kütləvi xalq hərəkatından söhbət belə gedə bilməz. Dağın başında oturub,  agent – aşıq  Cünunun  köməkliyi ilə məlumat alıb , karvan soyub,  yenidən dağa qalxıb,  taladıqlarını yeməkdən başqa heç bir məşğuliyyəti olmayan  adam,  hətta duzə enən, əsir düşən quldurlarını xilas etmək uçün də enmirmiş.

Eyvaz tutulanda,  onu xilas etməyə heç özü getmir, halbuki  Nigarin  Eyvazı nə qədər (niyə bu qədər çox?)  istədiyini bilir . Qısqanclıq?

Ağsaqqal.

Koroğlu , 7777 (!)  dəlisini qocalıb  buraxandan sonra,  bütün Azərbaycanın ərazisi  “Koroğlu”  qalaları  ilə  doldu.  Hər bölgədə,  ən azı  bu adı daşıyan bir  qala var.  7777  dəlinin  hərəsi  bir  dağın  başına  çıxıb,  koroğluluq  eləməyə  ,  ətrafına özü  kimi dəliləri yığıb,  karvan soyub,  quldurluq eləməyə  başlayıb.  Ən maraqlı cəhət odur ki,  qaçaqlıq , “ etiraz forması”  kimi ,  heç bir başqa,  düşünülmüş,  ictimailəşmiş,  sosialllaşmış , təşkilatlaşmış digər etiraz formasına keçmədi.  Inqilablar başqa ölkələrdən,  xalqlardan gəldi , ruslardan və ya  digər millətlərdən.  Bu xalqın  təşkilatlanmaq qabiliyyəti  ancaq  ələ  silah  götürüb  dağlara  çəkilməklə bitdi.  Davamını  Qaçaq Nəbidə ,  Qaçaq Kərəmdə tapdı.  Sovet höküməti isə aşıq cünunların köməyilə onların da axırına çıxdı.

Inqilabçı.

Hər bir etirazın  (xüsusilə də, bədii forma tapmış etirazın)  məntiqi yekunu olmalıdı.  Koroğlu  bəylərə,  xanlara,  paşalara qarşı mübarizə aparıbsa,  dastanın sonunda nəsə dəyişməliydi . Ən azı bədii ədəbiyyatın qanunlarına görə...    Koroğlunun  “mübarizəsi”  ictimai-sosial münasibətlərdə heç bir dəyişikliyə gətirib çıxartmadı.  Lazımsız,  məqsədsiz  və  məntiqi sonluqsuz  mübarizənin, onun haqqındakı bədii əsərin  nə mənası var?!  Belə qəhrəmanlıq, əksinə,  hər hansı bir etirazın heç bir mənası olmadığını təqdir edir.  Belə çıxır ki,  bütün həyatı boyu  “mübarizə”  aparandan sonra,  uzaqbaşı,  təzə çıxan silahı yoxlamaq üçün,  fikirləşmədən  bir  öküz  almaq  iqtidarında  olacaqsan,  vəssalam. 

Hər hansı bir etiraz forması tapıb,  onu inkişaf etdirməyə çalışan müasir siyasətçilərin son məqsədi,  elə Koroğlu kimi,  qocalıqda təqaüd problemlərini həll etməyə çalışmasıdı,  daha onu doğrudan da hansısa bir problemi həll eləməyə vasitə kimi istifadəsi yox.  Əgər bu cəmiyyətin  dağ  başına  qaldırdığı,  adına  küçə qoyduğu, haqqında film çəkdiyi, metro stansiyası adlandırdığı  Koroğlu da öz problemlərini  həll  edirdisə , indikilərə  nə gəlib, onlar  niyə başqa cür hərəkət etməlidilər?!  Ola bilsin, onlardan   dastan yazmasınlar (bəlkə də bu daha yaxşıdır),  amma,  onlar  bütün balaca koroğlulara xas olan problemləri həll etməlidilər ki,  qocalanda öküz almağa imkanları olsun. 

Oliqarx.

Məzlum və ya kasıblara həyan kimi təqdim olunan  Koroğlunun  dəliləri qocalıqda buraxması,  başından dağıtması isə,  onun nəinki məzlumlar haqqında , heç ətrafındakı adamlar barəsində fikirləşməməsinin  əyani sübutudur.  Ancaq özünü  və  əlacsızlıqdan  onun  yanında  qalan  Nigarı  təmin edəcəkdən də artıq mal-dövlət saxlaması,  Koroğlunun qocalığı qolunda aydın görünür. Koroğlu  ilk dəfə tüfəng görür.   Tüfəngi  sınaqdan keçirmək fikrinə düşür.  Öküzün pulunu verib onu güllələləyir.  200-300 il bundan qabaq,  bir öküzün kənd adamı üçün necə qiymətli olduğunu  yəqin ki,  təxmini təyin etmək olar,  ən azı müasir bahalı avtomobilin pulu...

Yol polisi.

Dədə Qorqud dastanından Dəli Domrulu yadına sal.  Dəli Domrul çayın üstündə bir körpü tikdi.  Verəndən bir axça (qızıl) aldı , buraxdı, verməyəndən döyüb iki axça aldı.  Dəli Domrulun hərəkətləri sənə heç kimi xatırlatmır?  Yolda duran polislər eyni cür hərəkət etmirlərmi?  Yol qaydasını pozan sürücülər,  özləri  polisə yaxınlaşıb,  birbaşa rüşvət təklif edəndə,  cərimənin yarısı ilə canlarını qurtarırlarsa,  günahsızlığını sübut eləməyə çalışan sürücülər isə,  həm tam cəriməylə (iki axça),  həm də bir neçə balla  (döyülməklə)  cəzalandırılırlar.  Nəqliyyat vasitələrinin inkişafına baxmayaraq  (əvvəl at-eşşək idi , indi avtomobildi ) ,  insani (qeyri-insani)  münasibətlərdə   bir neçə yüz ildə heç bir dəyişiklik olmayıb . Dəli Domrul libasını dəyişib,  mənəviyyatını yox . Dədə Qorqudda  ittiham  olunan  Dəli Domrul,  bir neçə yüzillikdən sonra Koroğlunun simasında təqdir olunmağa başlanıb.   Bolşeviklərin  şüarını  yada  sal.  “Грабь награбленное!”  Bu  nöqteyi-nəzərdən,  azərbaycanlıların  sosial həyat münasibətlərinin bir neçə əsrdə yaxşılığa doğru  heç bir transformasiyaya uğramaması, daha doğrusu pis tərəfə dəyişməsi  sənin diqqətini çəkməlidi.

Konformist.

Koroğlunun  həyatı  (quldurluq ) və  yaradıcılığı  (şerləri)  bir-biri ilə tam ziddiyyət təşkil edir.  Mərdi-mərdanə  döyüşü  tərənnüm   edən Koroğlu,  öz məqsədinə  çatmaq  üçün  hiyləgərlikdən  geninə boluna istifadə edirsə,  əməldə bir,  sözdə başqa olan müasir adamların daxili hərəkətverici qüvvəsini elə bu cür dastanlarda axtarmaq lazımdır. 

Kapitalist.

Tanıdığım kifayət qədər imkanlı bir şəxsin ilkin kapitalının formalaşması Qarabağ uğrunda gedən döyüşlərlə bağlı idi.  Ermənilərdən alınan bir kənddən əlinə keçən üç  “Kamaz”  maşını ilə özünə var-dövlət qazanmışdı.  Ən maraqlısı da bu idi ki,  o,  öz hərəkətindən nəinki utanmır,  hətta fəxr edirdi. 

Koroğlunun  indiki  prototiplərini  hər  gün  görmək  mümkündür.  Əlində imkanı,  varı-dövləti olanların  imici,  Koroğlunun  imicindən  ancaq və ancaq müasir  həyatın  atributlarından  ibarətdir.  Ən acınacaqlısı  da  odur  ki,  bütün  bu atributları  biz  yox,  başqa millətlər düzəldiblər .  Silahdan tutmuş  nəqliyyat vasitələrinə qədər hər şeyi xaricdə  düzələn  xalq,  fəxr  edə  bilməz  ki,  inkişaf edib,  müasirləşib .

Yekunlaşdırsaq... 

Koroğlu kələkötür (kəlpeysər),  eybəcər,  hövsələsiz,  lovğa,  özündənrazı,  axmaq,  naxələf,  qudurğan,  ləlöyün(acgöz),  var-dovlət hərisi,  onun bunun hesabına iş  görən,  bivec,  tənbəl,  hiyləgər (fırıldaqçı),  dondan-dona duşən ,  ideyasız,  heç kimin dərdini çəkməyən,  kefkom (yeyib-içən, əyyaş),  çalıb – oxuyan  ( şou-biznes ),  təkəbbürlü,  həyata  necə gəldiyi,  kökü bəlli olmayan  (yetim)  bir qara yara imiş , qəhrəman yox. Yığdığı  quldur dəstəsi də bütün sadalananların həyata keçməsi üçün bir vasitə imiş.

Dastanın əvvəlindəki bəylər,  xanlar,  paşalar dastanın sonunda  da  bəy,  xan,  paşa  idilərsə,  Koroğlu  isə  təqaüdə  çıxmış  varlı quldur  olaraq  qaldısa,  dastan və onun qəhrəmanı  heç nəyə nail olmadı,  varlılarla,  zalımlarla hər hansı mübarizənin mənasızlığının təbliğindən başqa!   Yəqin bu millət, bu xalq torpağının,  sərvətinin,  varının-yoxunun  talanmasına  elə,  belə qəhrəmanlara  görə dinməz-söyləməz tamaşa edir. Əlinə imkan düşən isə, Koroğlunun yoluyla getməyə çalışır. Qəhrəmandı axı!  Heykəli də var.

Ziya Fazil


Portalın seçimi
Portalın yazarları
Prof. Niyazi MEHDİ Prof. Niyazi MEHDİ
(Azərbaycan)
Rauf FƏRHADOV Rauf FƏRHADOV
(Rusiya)
Elmir MİRZƏYEV Elmir MİRZƏYEV
(Azərbaycan-Almaniya)
Teymur DAİMİ Teymur DAİMİ
(Azərbaycan)
Seymur BAYCAN Seymur BAYCAN
(Azərbaycan)
Firudin ALLAHVERDİ Firudin ALLAHVERDİ
(Azərbaycan)
Tamirlan BƏDƏLOV Tamirlan BƏDƏLOV
(Azərbaycan)
Ülvi MEHDİ Ülvi MEHDİ
(Azərbaycan)
Samir MİRZƏYEV Samir MİRZƏYEV
(Türkiyə)
Arzu MƏMMƏDOVA Arzu MƏMMƏDOVA
(Azərbaycan)
Aydın ƏLİ-ZADƏ Aydın ƏLİ-ZADƏ
(Azərbaycan)
Dr. Rezo ƏLİYEV Dr. Rezo ƏLİYEV
(Almaniya)
Aydın TALIBZADƏ Aydın TALIBZADƏ
(Azərbaycan)
Murad KÖHNƏQALA Murad KÖHNƏQALA
(Azərbaycan)
Rasim QARACA Rasim QARACA
(Azərbaycan)
Elnur ASTANBƏYLİ Elnur ASTANBƏYLİ
(Azərbaycan)
Günel MÖVLUD Günel MÖVLUD
(Azərbaycan)
Aqşin YENİSEY Aqşin YENİSEY
(Azərbaycan)
Zaur QURBANLI Zaur QURBANLI
(Azərbaycan)
Dilqəm ƏHMƏD Dilqəm ƏHMƏD
(Azərbaycan)
Hacı HACIYEV Hacı HACIYEV
(Azərbaycan)
Emin ASLAN Emin ASLAN
(Azərbaycan)
Vüqar BƏHMƏNZADƏ Vüqar BƏHMƏNZADƏ
(Azərbaycan)
Cavid AĞA Cavid AĞA
(Azərbaycan-Türkiyə)
Ülvi HƏSƏNLİ Ülvi HƏSƏNLİ
(Azərbaycan)
Namiq HÜSEYNLİ Namiq HÜSEYNLİ
(Azərbaycan)
  Site by Jeykhun Imanov Studio