post-title

“Eynulladan Eynullaya...”

Eynulla Fətullayev ümidləri puç etdi, səbrsizliklə yolunu gözləyib, onu qorxmadan müdafiə edənləri peşman etməyi “bacardı”. Eynulla Mixail Xodorkovski ola bilmədi. “Məni sındırmaq mümkün olmayacaq” deyib dörd il dirəniş göstərə bildi. İnsanın iradəsi varsa, əlbət onu sındırmaq çətin olur.

 

 
 
Bəli, əgər varsa! İradənin sınmasına isə bir əfv ərizəsi bəs etdi. İstedadlı jurnalist çevrilib “istedadlı hüquq müdafiəçisi” oldu. Heydər Əliyevin rəsmi olan xalçanı başının üstündən asmağını da inanın ki, başa düşdüm. Zatən illər öncə atəşli müdafiəçisi olduğu Heydər Əliyevin əsasını qoyduğu polis sistemi 2007-ci il aprelin 20-də Yasamal məhkəməsində onu qandallayanda belə ulu öndərindən sitat gətirmişdi. Əqidə, ideya məsələsidir, bir söz demirəm, özü bilər. Ancaq, böyük tribunadan bir zamanlar məsxərəyə qoyub lağ etdiyi Fəzail Ağamalısayaq “Avroviziyanı siyasiləşdirməyin” nə deməkdir?! Bax, bunu anlamaqda çətinlik çəkdim. 
 
Bir anlıq düşündüm, Penitensiar Xidmətin mətbuat katibi kimi danışıb, təriflədiyin həbsxana divarları arasında olsaydın görəsən yenəmi bu yarışmanı siyasiləşdirməyin əleyhinə gedəcəkdin? İnanmıram! Özündən qaçırdığın layiqli insanlara ismarışlar göndərib, hay-həşir salıb, aclıq aksiyası keçirməyə hazırlaşardın. Merkel, Kameron qoymazdın, dalbadal məktublar göndərərdin. Sənin kimi vicdan məhbusları da haqsız yerə həbs olunublar. Sən necə evdə marmeladla çay içmək istəyirdinsə onlar da rahatlıqlarına qovuşmaq istəyirlər. Onlar indi marginallaşdığını dediyin müxalifətin üzvləridir. Bu, o müxalifətdir ki, dörd il zindanda səni tək buraxmadı, sonuna qədər yanında oldu. Həbsxana barakında Rəsulzadə-Elçibəy yolunda addımlayaraq azadlığa çıxıb şər yolunda addımlamaqdasan. Avroviziya kimi mötəbər yarışı da inhisara alan, özününküləşdirən, ucuzlaşdıran, onun üzərindən oyunlar quran bir zehniyyətə veriləcək ən tutarlı cavab nə ola bilər axı?! Bu yarışmadan ötəri büdcəni taladıqları bəs deyilmiş kimi 9 milyonluq xalqın iki burnuna yazmadıqlarımı etməkdədirlər.
 
Gecəylə gündüzü səhv salmışıq. Bütün bunlarla Azərbaycan həbsxanalarını da tərifləyirsən yaa, daha nə deyim?! O həbsxanalarda islah olunmaqdan söhbət gedə bilməz. Bunu balaca uşaqdan tutmuş sənə kimi hər kəs çox gözəl bilir. Sənin güclü qələmin var. Publisistikan maraqlı və çəkicidi. Mirşahin Ağayevin “Bədbəxt adam” filmində yaratdığı obrazı canlandırma, Maksud İbrahimbəyovun haqqında yazdıqlarına bizləri inandırma. Mən də səni müdafiə edən yazılar yazmışam, imtina etmirəm, heç peşman da deyiləm. Üzüldüyüm bircə mərhum Elmar Hüseynovun çalışdığı binada başqa ampluada “çalışmağındır”. Bax, bircə buna üzülürəm. Mənim üçün Eynulla Fətullayev məsələsi qapanmışdır!
 
P.S. Mirşahin tək deyil, Eynulla da onunla birlikdə şər üçün odun daşıyır...
 
Mirzə Fərid
 
Kultura.Az
Yuxarı