post-title

Azərbaycanın ardından

Seymur Baycanın sonuncu romanı Quqark işıq üzü görəndə, xəbər saytlarının birində buna bənzər şərhlər yazılmışdı: «Qal yana-yana. Sənin kitablarını almayacağıq. Oxumayacağıq. Az satılacaq, öləcəksən...» Seymur da o vaxt olduqca lakonik, ölkədəki vəziyyəti artıqlaması ilə açıqlayan bu tarixi sözləri demişdi: «Bu, xalq deyil. Xalq belə olmur. Yalnız azərbaycanlılar biz yazıçıya «kitabını almayacağıq» deyib, acıq verə bilərlər.»

 

 
 
Seymur deyir «bunlar dirəşiblər». «Dirəşiblərsə, mən də dirəşəcəm, görək sonu hara gedib çıxır.» 
 
Mən də bilirəm xalq belə olmur. Hətta onu da bilirəm ki, azərbaycanlılar xalq deyil, orqanizmdir. Canlıdırlar, nəfəs alırlar, əlləri-ayaqları, gözləri-qulaqları, dilləri var, danışa bilirlər amma keyfiyyət çatışmazlığından əziyyət çəkirlər (əslində çəkib eləmirlər). Bəli, keyfiyyətsizdirlər. Mənim, Seymurdan fərqli olaraq bunlarla dirəşməyə halım, həvəsim yoxdur. Ömrümün qalan hissəsini bunlara həsr edəsi deyiləm. Zatən, Doktor Preobrajenskinin Sizif əməyinin mənlik olmadığını anladığım üçün bu gün Azərbaycanda yox, başqa yerdəyəm. Doktor Preobrajenski hələ müəyyən uğurlar əldə etmişdi, nəyəsə nail olmuşdu. Azərbaycanlılara isə heç «АБЫР… АБЫР…» da dedirtmək mümkün deyil, nəinki «АБЫРВАЛГ». Üzünə-gözünə döyə-döyə dedirtsən də, axırda yenə də özünə, köklərinə qayıdacaq. Üstəlik boynuna dırmaşıb, ayaqlarını da salladacaq sinənə. Bərkdən hürəcək qulağının dibində.
 
Mənim ökədən getməyimlə bağlı Facebook statusumdan xəbər düzəldən həftəbecər saytlardan birində anonim Şarikovların yazdığı şərhlər də bu qəbildən idi. Təxminən «Sağ qayıtmayasan», «Qara xəbərin gəlsin» zad. Qəhbə ləçərlər kimi daraşmışdılar sayta, kin qusurdular. Bir zamanlar Yasamalın ən məşhur pritonunu işlətmiş, məşhur işverən «Mama Roza»nın indiki şamtutan-köməkçisi, şair ruhlu dəyyus isə bir başqa saytda tumanını çəkmişdi başına. Xəbərlərdən, şərhlərdən bunların yırtıcı, qara sifətləri, mırıq dişləri, irinli qulaqları, üfunətli ağızları, çirkli dırnaqları, ucubiz qulaqları, cod tüklü, haça quyruqları görünürdü. 
 
Bədbəxtlər, miskinlər. Ölü sizsiniz, xəbəriniz yoxdur. Mənsə sağdan da sağam. Siz bütün Avropaya anal fəzanızı çöplətsəniz də bura gələ, burada yaşaya bilməzsiniz. Ucuz ömrünüzün sonuna qədər öz xarabaxananızda sürünüb, oradaca gəbərəcəksiniz. 
 
***
 
Konstitusiyadakı «Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır» cümləsi əslində belə oxunmalıdır: «Azərbaycandakı görməmiş, cındır hakimiyyətin mənbəyi bu kölə xislətli planktondur». 
 
Yox, bunlar qətiyyən adam olmaq, azad olmaq, insanca yaşamaq istəmirlər. Mən bunu özüm üçün yəqin etdim. Qandallarını sevən kölələr ən təhlükəli, ən pis kölələrdir. Bunların miskin həyatları köləliklərini ört-basdır etməklə keçir. 300-400 manat maaşa olmayan mənliklərini, şərəflərini satıblar. Min-bir oyundan çıxıb hər qələti eləyirlər, təki vətəndaş mövqeyi göstərməsinlər. Ona-buna xoruzlanmaları var, İlhamdan isə tula balası kimi qorxurlar. Bunlarınkı odur ki, yazarlara sataşsınlar, ona dil çıxartsınlar, buna söz atsınlar. Amma polis rəisindən tutmuş JEK sədrinə qədər – hamısının qarşısında dombalmağa hazırdırlar. 
 
İndi də təzə hoqqa çıxarıblar. Adını müxalifətçi qoyan bir-iki cır-cındır da bunlara züy tutur: «Bəyəm burda səni təhlükə gözləyirdi?»
 
Birincisi, gözləyirdi gözləmirdi, sizə nə? Sizə girib-çıxanın adı nədir? Bəyəm mən gedəndə hansısa təhlükədən danışmışdım? Şəxsi səhifəmdə yazdığımla niyə kifayətlənmək istəmirsiniz?
 
İkincisi də ki, gecə-gündüz qucağımdamı oturmuşdunuz, məni nələrin gözləyib-gözləmədiyini biləsiniz? Qaraçılığa adət ediblər deyə, hər küncdə-bucaqda «Şəxsey, məni öldürmək, həbs etmək istəyirlər. Məni izləyirlər. Məni hədələyirlər» qışqırmayanın, aləmə car çəkməyənin probleminin olmadığını, ola bilməyəcəyini hesab edirlər. 
 
Siz kimsiniz, haranın zibilisiniz ki, hökm verirsiniz? Siz mənim nələr çəkdiyimi; kimdən, hardan zərbə gözlədiyimi necə bilə bilərsiniz? Siz tulalara, cındırlara hesabmı verməliyəm? Bu günə qədər mənə, ailə üzvlərimə edilən zənglər, hədələr, yazılan təhqir dolu e-mail-lər haqda bircə kəlmə danışmamışam, bunları mətbuata çıxarmamışam deyə, deməli bu günəcən səfa  sürmüşəm, kef eləmişəm? Ən adi sözü həzm edə bilməyən, ibtidai, vəhşi qövmünüz ola bilərmi ki, bu günə qədər yazdığım məqalələrə, kitablara görə məni hədələməsin, təhqir etməsin? Bu əxlaqsız qövmə və cındır rejimə itaət etməyən bircə adam göstərin ki, hədə ilə, təhqirlə üzləşməmiş olsun. 
 
Heç kəs səbəbsiz yerə öz yerini-yurdunu, ev-eşiyini, qohum-əqrabasını, dost-tanışını atıb xaricə köçməz, adət etdiyi həyat tərzini dəyişməz. Bunun üçün şübhəsiz ciddi əsaslar olmalıdır. Kimisi bunlar haqda açıq danışır, gedişinin səbəblərini cəmiyyətə elan edir (cəmiyyət də cəmiyyət ola), kimisi də içinə atır, səssiz-səmirsiz köçüb gedir. Əgər kimsə canını, malını, yaxınlarını qurtarırsa; rahat, sakit həyat yaşamaq istəyirsə, övladlarını normal ölkədə, əxlaqlı cəmiyyətdə böyütmək, tərbiyə etmək istəyirsə siz niyə tüstülənirsiniz? İçinizdə qalan nədir? 
 
Siz mənə nəyin zəmanətini verə bilərsiniz axı? Məsələn, uşaqlarımın sabah qarşıma dikilib «Ümummilli lider», «Doqquz iqlim», «Ana-bacı», «Yaxşı oğlan», «Beş oğlandan biri», «Məhlə», «Ətağa» söhbətləri etməyəcəyinə zəmanət verə bilərsinizmi? Məgər mənim verəcəyim tərbiyə onları «azerbon», yəni sizlərdən biri olmaqdan sığortalayırmı? Mən neçə yerə parçalanmalıyam ki, onları sizlərin, bəşəriyyət tarixinin ən sinik şərəfsizlərinin təsirindən qoruyum? Axı mən təkəm, sizin qarşınızda gücsüzəm. Bəli, bunu deməyə utanmıram - gedişim aciziliyimin etirafıdır. Mən sizinlə, bu sistemlə təkbaşına bacara bilmirəm. 
 
Mən, gələcək nəsillərin tərbiyə olunmasının məsuliyyətini paylaşmaq istəyirəm. Bu, mənim haqqımdır. Normal ölkələrdə, əxlaqlı cəmiyyətlərdə uşaq evdə bir şey, evdən kənarda başqa bir şey eşitmir, öyrənmir, belə öldürücü ziddiyyətlərlə üzləşmir. Mən də istəyirəm həyət-baca, məktəb, televiziya, mətbuat, siyasi hakimiyyət mənə bu işdə kömək olsun, üzərimdəki yükün müəyyən hissəsini öz üzərinə götürsün. Sadaladıqlarımın hamısı oğraş, hamısı bişərəf, hamısı fahişə xislətlidirsə mən bunlara, yəni sizə övladlarımı necə etibar edə bilərəm? 
 
Bundan sonra kim, hansı haqla «Bütün məsuliyyət valideynin üzərindədir» deyə bilər? Bəyəm mənim başqa işim-gücüm yoxdur ki, evdən kənarda uşaqlarımın beyninə doldurduğunuz zir-zibili, zəhəri təmizləməklə ömrümü çürüdüm?
 
Məsuliyyətli ata kimi, necə icazə verə bilərdim ki, uşaqlarım Misir Mərdanovun təhsilinin, Oqtay Şirəliyevin səhiyyəsinin, Səfər Əbiyevin ordusunun, qərəz İlham Əliyevin kolxozunun girovuna, qurbanına çevrilsinlər, axırda da debilləşsinlər?
 
İndi isə rahatam. Uşaqlarım dünyanın bir nömrəli ölkəsində məktəbə gedir; dövlətin, xalqın dilini, qayda-qanunlarını öyrənirlər. Mən onların sağlamlığını, dünyanın ən qabaqcıl səhiyyə sisteminə etibar etmişəm. Sabah böyüyüb ali təhsil alacaq, İsveçrə ordusunda xidmət edəcəklər. Bu, onlar üçün də, mənim üçün də şərəfdir. 
 
Bəli, artıq onların vətəni buradır. Çərçivəsiz, qadağasız, rüşvətsiz böyüyəcəklər; riyakarlıq, yaltaqlıq, sukalıq görməyəcəklər. Dünya vətəndaşı olacaqlar. Ən əsası sizlərlə təmas etməyəcklər, sizləri tanımayacaqlar. 
 
Bir ata olaraq onlar üçün bundan artığını edə bilməzdim. 
 
***
 
İtirdiklərim yoxdurmu? Əlbəttə var. Çox şey itirmişəm, amma bəri başdan deyim ki, onların arasında «vətən» yoxdur. Mən, vətən itirməmişəm. Çünki, vətən mənimlədir, mənim olduğum hər yerdədir. Vətən elə mən özüməm. O mücərrəd vətənə gəldikdə isə, alın vətəninizi, soxun gözünüzə.
 
İtirdiklərim başqadır. Daha ciddidir.
 
Məsələn Azərbaycan müxalifətinin 7-ci mikrorayonda, Bolluq bazarının yanında yerləşən mərkəzi qərargahının çayxanasında fədakar, vicdanlı və bədbəxt müxalifətçilərlə çay içə bilməyəcəm deyə üzülürəm. «Bu il gəlirik», «Gələn il gəlirik» proqnozlarının ləzzəti başqadır. Heç nəyə dəyişmərəm. 
 
Əlləri şeylərində, sızanaqlı, yekəbaş, sadəlövh, romantik, bəzən cığal, bəzənsə iddialı gənclərin səs-küylü məclislərinə qoşulub, pivə içə bilməyəcəm deyə üzülürəm. 
 
Uzun illər məni həyata bağlayan, mübarizəyə kökləyən, ruhdan düşməyə qoymayan Zamin Hacı, Elnur Astanbəyli, Xədicə İsmayıl, Şahvələd Çobanoğlu, Seymur Baycan, Firudin Allahverdi və digər dostlarımla məclislər qura bilməyəcəm deyə üzülürəm. Üzr istənməli kimsə varsa da, onlardır. Mən onların yanında olmadığıma, bir növ davamıza xəyanət etdiyimə görə onlardan üzr istəyirəm. Hərçənd, bağışlanmayacağımı da bilirəm. 
 
Bunlardır itirdiklərim.
 
Yeddi nəsil doğma şəhərimə gəldikdə isə, onun içinə elə pox qoymusunuz ki, nə doğmalığı qalıb, nə də şəhərliliyi. 
 
Bakını da sizə bağışlayıram. 
 
Əli Əkbər
 
Kultura.Az
 
Yuxarı