post-title

Azərbaycandan nə üçün getdim? - II YAZI

Bəyanat hazırlandı, adlar toplandı və yayıldı. Bəyanata və onun təşkilatçısı kimi mənim bu hərəkətimə bir-birindən fərqli, hətta şizofrenik izahlar verildi: Biri dedi Ağalar Məmmədov hakimiyyətə işləyir, bu Bəyanat da hakimiyyətin yeni projesidir, islamçılarla müxalifətçilərin arasını vurmaq istəyirlər, biri dedi MTN-ə bağlı qrupdur, o biri dedi məşhur olmaq istəyir; mənim Azərbaycandan getdiyimi eşitdikdən sonra isə yeni səbəblər “tapdılar”: birisi dedi acınacaqlı durumda yaşayırdı, o biri dedi hələ şalvarı da bir dənə idi, getdi özünə ikincisini almağa, o birisi də dedi lotu idi, qəsdən edirdi ki, Avropaya qaçsın və s. Hələ yaxşı ki, Avropaya getmək üçün Rafiq Tağını mənim öldürtdüyümü demədilər.

 

Ümumiyyətlə, həmin günlərdə bu Bəyanat və eləcə də mənim haqqımda mediada elə konspiroloji səbəblər səsləndirilirdi ki, mən onları gözləri bərələ qalmış halda oxuyurdum.

Təxminən on illik Türkiyə həyatımdan sonra Bakıya gəldim, təxminən on il də Bakıda yaşadım. Belə baxanda, adımın hakimiyyətə sancaqlanmasından heç narahat olmamaq da olardı, yəni “hakimiyyətin adamı deyil” kimi təmiz adım vardı, bundan nə oldu ki, “hakimiyyətin adamıdır” damğası ilə də nə olsun. Ancaq bu mövzulara bir də qayıtmayacağım üçün, qoy, deyəcəklərimi biryolluq burada deyim. Həm də axı mənim mövcud siyasi hakimiyyətlə, onun nəinki ayrı-ayrı qurumları ilə, heç nümayəndələri ilə də yaxından-uzaqdan heç hansı bağlantım olmayıb. Əksinə, daim onların mövqeyini fəlsəfi baxımdan sarsıtmağa çalışan yazılar yazmışam, bu haqda müsahibələrimdə demişəm, seminarlarımda danışmışam və s.

***

Bəyanat konkret olaraq islamçıları, xüsusilə də irançı-islamçıları və hətta bütövlükdə islamı hədəfə götürmüşdü (Ancaq Bəyanatda “ateizm” sözü yoxdur!). Bəyanatın siyasi vektorunun yönü müəyyən edilə bilsin deyə, orada elə ilk abzasda mövcud siyasi hakimiyyət əleyhinə bütöv və dolğun bir cümlə olsa da, müxalifət əleyhinə heç eyham da yox idi. Çünki o Bəyanatda məqsəd əsla müxalifəti və ümumiyyətlə müxalifətçilik ideyasını hədəfə almaq deyildi. Yoxsulluq, təhsilsizlik, ədalətsizlik, qanunsuzluq kimi səbəblərdən cəmiyyətdə sosial etiraz kimi get-gedə şiddətlənən desekulyarizasiya prosesinin birbaşa baiskarı mövcud hakimiyyət olduğu halda, məsələyə nə üçünsə müxalifət qarışdı, özü də islamçıları və islamı müdafiə pozasında, sinəsini sipər edərək.Və bu, islamçıları cəmiyyətin sekulyar təbəqəsi tərəfindən sorğu-suala çəkməkdən xilas etdi.

 Bizimki kimi rejimlərdə bəzən elə hakimiyyətin özü, cəmiyyətdəki “ləkəli imic”indən öz rəqiblərini ləkələmək üçün istifadə edir: “hakimiyyətin adamıdır” şayiə-ləkəsini yayır. Bu, İranda da geniş yayılmış ləkələmə metodudur. Bizdə isə bu metoddan ənənəvi müxalifət mənə qarşı istifadə etdi (mən “ənənəvi müxalifət” dedikdə, əsasən, islamçılarla qol-boyun olan Müsavat-AXCP cütləməsini və onların qəzetlərini nəzərdə tururam. Lakin “islamçılar” dedikdə sadə “müsəlmanlar”ı nəzərdə tutmadığım kimi, ənənəvi müxalifət dedikdə də müxalifət mediasındakı “dəyər dostlarım”ı nəzərdə tutmuram).

Rafiq Tağının vurulmasına və Bəyanata münasibətdə müxalifətçilər səmimi idilərsə, onda onların məni hakimiyyətin adamı adlandırması, artıq neçə illərdir əliyevlər hakimiyyəti ilə qarşıdurma vəziyyətində olan islamçıları mənim üstümə fısqırtmaq, məni onların hədəfinə çıxartmaq demək idi. Yəni “ay islamçılar, 20 ilin acığını bu mühafizəsiz universitet müəllimindən çıxa bilərsiniz”. Şiəçi medianın qusuntusu qarşısında məni müdafiə etmək əvəzinə, Bəyanata imza atanlara bir-bir zəng vurub, imzasını geri götürməyi təklif,  xahiş və tələb etməkdəki məqsəd məni meydanda tək qoyub guya rüsvay etmək idi, amma alınmadı. Bu, ənənəvi müxalifətçilərin cəmiyyətdə əslində hansı təbəqəyə ümid etdiyini və intellektuallara münasibətini də ifşa etdi. Sonralar bunu da başa düşdüm ki, ənənəçi müxalifətçilər cəmiyyətdə yiyə dura bilməyəcəyi yeni sekulyar-humanist diskursun və cərəyanın yaranmasını arzulamırlar. Görünür, məlum Bəyanatda bunun elementlərini görmüş və narahat olmuşdular. Bəlli oldu və bundan sonra da daha aydın görünəcəkdir ki, Azərbaycanda yeni gənc nəsil var və onlar bu hakimiyyətlə yanaşı olmadığı kimi ənənəvi müxalifətlə də yanaşı deyillər.

Yox, əgər müxalifətçilər səmimi deyildilərsə, yəni onlar mənim hakimiyyətin adamı olmadığımı, Bəyanatı da hakimiyyətin tapşırığı ilə yazmadığımı bilirdilərsə, onda bunu sadəcə olaraq islamçı elektoratı qazanmaq və guya dar ayaqda bir-birlərini müdafiə etməyə hazır olduqlarını nümayiş etdirmək üçün edirdilər.

Azərbaycanda daim gözdən qaçan bir məqam da budur ki, siyasi hakimiyyət qədər ənənəvi müxalifət də “Azərbaycanda dini radikalizm təhlükəsi var” tezisinin formalaşmasına ciddi maraq göstərir. Bunnan müxalifətçilər ümid edirlər ki, hakimiyyət islamçıların qorxusundan daha sivil müxalifət kimi axır ki, onlara öz münasibətini dəyişdirəcək, daha doğrusu yumsaldacaq. Ənənəvi müxalifətçilərin islamçıları dəstəkləməsinin və qabağa itələməsinin səbəblərindən biri də həmin bu ümiddir.

Keçək Bəyanatı Avropaya qaçmaq üçün hazırlamağım iddiasına. Bəyanatdan sonrakı günlərdə, elə yaranmış bu ajiotaj barəsində BBC-yə videomüsahibə verirdim. Hörmətli xanım jurnalist soruşdu ki, şəxsən sizə təhlükə varmı. Mən jurnalistdən bu sualın cavabını efirə verməməyi xahiş etdim. Hələ o günəcən Azərbaycandan çıxacağıma qərar verməmişdim. Belə bir məqsədim olsaydı, mən şəxsən özüm üçün nələr etməzdim, nələr. Getmək qərarı verdikdən sonra da heç nə etmədim. Halbuki, məsələn, polisə yazılı müraciət edər, təhlükəni rəsmiləşdirə bilərdim, xarici ölkə səfirliklərinə müraciət edə bilərdim, mətbuat konfransı çağırardım və s. Deməyə də kifayət qədər sözüm və faktlarım vardı. Ancaq bunların heç birini etmədim. Heç kimə heç nə demədən, xəbər vermədən çıxıb getdim.

Bəyanatı mən Almaniyada yaşayan dostum Fəxrəddin Hacıbəyli və İngiltərədə yaşayan dostum Əfqan Eldostla birgə iki dəfə müzakirə etdim, artırmalar, çıxarışlar, düzəlişlər edildi. İstər Bəyanata bu qədər tanınmış şəxsin imza atması, istərsə də müxalif medianın o cür reaksiyası da tamamilə gözlənilməz idi. Hansı qaçış planından söhbət gedə bilərdi?!

Heç kim o Bəyanata Ağalar Məmmədova üzgörənlik etmək, ya da Rafiq Tağının xatirəsini uca tutmaq üçün qoşulmamışdı. Əks halda, mənim və Rafiq Tağının xeyli sayda dostları bu Bəyanatdan uzaqda qalmazdılar. Çünki Bəyanat cəmiyyətdə yeni başlanan qorxulu bir tendensiyaya işıq salır, islam terrorunu lənətləyir və humanizm, sekulyarizm dəyərlərini müdafiə edirdi. O vaxt demişdim, indi bir də burada təkrarlamağa ehtiyac görürəm: Mən heç kimdən məlum Bəyanatda adının yazılması üçün razılıq verməsini xahiş etməmişəm, dil tökməmişəm. Sadəcə və sadəcə təklif etmişəm!

Mən başa düşürəm ki, islamçılar üçün mənim şəxsiyyətimi qaralamaq bir təsəllidir. Və bundan gənc sekulyaristləri susdurmaq üçün özlüklərində guya qaxınc kimi də istifadə edirlər. Onlar bu təsəllini özlərinə nəinki mən ölənəcən, hətta mən öləndən sonra da verəcəklər. Mən başa düşürəm ki, onlar məni orda ya ölmüş, ya da susmuş görmək istərdilər. Mən başa düşürəm ki, “Rafiqin əvəzinə sən ölməli idin!” deyib qıvrılan çox adam qaldı orda. Bunları hamısını başa düşə bilirəm. Ancaq nə ət, nə balıq olan bəzi publisistləri, bəzi yazarları başa düşmək çətindi mənə. Görəsən, ortada qalan bu adamlar mənə nədə acıqlıdırlar, getməyimin onlara nə isti-soyuğu olub, onlar bundan nə üçün narahat olurlar ki? Onları onların əvəzinə başa düşməyə çalışıram. Axı mən nə “Mən gedim?” sualını, nə “Mən gedirəm!” elanını, nə də “Mən gedə bilərəm?” icazəsini afişləməli deyildim.

Məsələ burasındadır ki, istənilən ictimai bir adam öldürülürsə, bu qətlin yükü cəmiyyətdə iş görür ya da görməlidir. Biz də bu işi gördük. Yaxşı da elədik! Həm də axı indiyəcən minlərlə adam Azərbaycandan çıxıb gedib və Avropaya, Amerikaya yerləşib. Onlara bəyanatmı lazım olub, imzamı? Başa düşmürəm, indi mənim burada qalmağımı Bəyanatda adı yazılanların imzasımı müəyyən edir?
Axundovun 200 illiyi ərəfəsində Azərbaycanda onun ən yaxşı varislərindən biri öldürülmüşdü. Buna münasibətlər isə ziddiyyətli, dişsiz və qorxaqcasına idi. Yəni bu qətl hələ anlamlandırılmamış, bəlli bir rəng verilməmiş, işlənməmiş, hermenevtikanın dili ilə desək “xam fakt” idi. Rafiq Tağının məhz yeni nəsil ədəbiyyatçılardan olması da işi qəlizləşdirən məsələlərdən biri idi. Bəyanat Rafiqi Axundovdan başlayan xətt üzərinə qoydu və Azərbaycanda islamçılara qarşı cəbhənin də var olduğunu göstərdi. Bu qətl hadisəsinə anlam verdi, rəng verdi, bu hadisəyə başlıq qoydu. Bu, Bəyanata imza atanların uğuru idi. İndi bundan sonrakı illərdə islamçılar daim üzlərindən Rafiq Tağı ləkəsini silməklə məşğul olacaqlar. İndi onlar da “Terroru lənətləyirik” şüarı yazıb qaldırmaq məcburiyyətindədirlər.

Bəyanat Rafiq Tağının ölümünə gizli qalmış münasibəti də üzə çıxartdı. Bəyanatın səs-küyü Rafiqin ölümündəkindən çox oldu. İslamçıları əsəbləşdirən bunlar idi.
Avrovizionqabağı hadisələrin gərginləşəcəyini hamı kimi mən də hiss edirdim. İranın Arərbaycanda terror qrupları olması haqda məlumatlar mətbuatda gedirdi. Mən Bakıdan çıxdıqdan sonra o qruplardan bir-ikisi zərərsizləşdirildi. 5 Apreldə Gəncədə islamçı kamikadzenin özünü partlatması Azərbaycanda ilk belə hadisə kimi tarixə düşdü. Və nəhayət, bu yaxınlarda ingilis mətbuatının verdiyi məlumata görə, İranın dini rəhbəri Xameneinin Avrovizionqabağı Bakıda terror sifarişi verdiyi bəlli oldu. Bunlar hələ mediaya ötürülən informasiyalardır. Bir sözlə, mən getmək qərarımda yanılmamışdım.

Haçağacan evə qaranlıq düşməmiş gəlməli idim?! Haçağacan arxamca gələni dönüb yoxlamalı idim?! Haçağacan metro perona yaxınlaşanda dönüb arxamda dayananlara baxmalı idim?! Haçağacan ətrafımda saqqallı axtarmalı idim?! Üstəlik, təkcə özüm üçün də yox, ailə üzvlərim də üçün ehtiyatlı olmalı idim, ancaq necə?! Hələ bunu da nəzərə alın ki, Rafiq ölüm fitvasından 5 il sonra öldürüldü. Rafiqdən sonra bu riski etməyə dəyərdimi?! Söhbət təkcə öldürülməkdən də getmir, hansısa gerizəkalılara nə üçün məni təhqir və pərt etməyə, qürurumu sındırmağa imkan yaratmalı idim?! Avropada kimisə ölümlə hədələmək öldürməklə az qala bərabər tutulur.  Bu qədər kontrolsuz hədə seli altında mən nə üçün hərəkət azadlığımı itirmiş, gözüqıpıq yaşamağa məcbur edilmiş, daimi psixi gərginlik altında paranoik hala gəlməli idim?! Bunu edənlər və etdirənlər öz keflərində-damağlarında olacaqlar, mən isə və mənə görə doğmalarım da daimi səksəkə içində yaşayacaqmışıq! Yox, mən bu xoşbəxliyi onlara, bu bədbəxtliyi də özümə rəva görə bilməzdim.

Bəyanatdan sonrakı o ajiotaj günlərində  özümü çox da təklənmiş hiss etməyim ya da bəlkə qorxmayım deyə müxtəlif bəhanələrlə tez-tez görüşlər təyin edən dostlar da vardı, az qala hər gün zəng vurub, hal-əvval tutan, ürək-dirək verən insanlar da vardı...

Azərbaycan polisinin məni qoruyacağını düşünmək isə oksimoron olardı. Azərbaycan polisi nə vaxtdan vətəndaşqoruyan olub? Adamlar özləri polisdən qorunurlar. Yeri gəlmişkən, Rafiq Tağının evini polis necə qoruyursa, bu yaxınlarda Rafiqgilin qonşu mənzilini yarıb aparıblar. Hələ yaxşı araşdırsalar, bəlli olacaq ki, evi polislər özü aparıb.

Suyu qaynadanda ən qaynar molekullar suyun üzünə qalxıb, buxarlanıb getdikləri kimi mən də getdim, ancaq mən iddia etmirəm ki, o ölkədən getmək üçün ən qaynar situasiya mənimki idi. Ağrı da, qorxu da obyektiv yox, subyektiv qavrayışlardır, hər kəsin qərarını müəyyənləşdirən şərtlər də tamamilə fərdidir. Ancaq unudulmamalıdır ki, bir qaragüruhla üz-üzə dayanmaq hansısa siyasi hakimiyyətlə üz-üzə durmaqdan daha çətindir. Necə ki, terroristlərlə mübarizə aparmaq nizami ordu ilə savaşmaqdan daha çətin olduğu kimi. Fəqət mənə qarşı şiə islamçılardan gələn hədələri və münasibəti, bir sıra parametrlərə görə bütöv nəzərdən keçirdikdə məndə belə bir təəssürat formalaşıb ki, onlar vahid mərkəzə bağlıdırlar.

Düzdür, qarnına bomba bağlayıb özünü partladanlarla müqayisədə mənim hərəkətim qorxaqlıq kimi görünür. Fəqət, birincisi, mən kamikadze deyiləm, qəhraman deyiləm, fəlsəfə adamıyam. Şəhid olmaq yox, metafizika qurmaq xoşuma gəlir. İkincisi, məni qorxaqlıqda qınayanlar üçün belə bir təklifim var: mənim islam haqda yazdıqlarımdan bir-ikisini də onlar yazsınlar. Özləri yaza bilməsələr, mənnən əlaqə saxlasınlar, mən onlara islam haqqında hələ çapa vermədiyim yazılarımdan bir-ikisini göndərim, onlar da bu yazını öz adlarından çap etdirsinlər, mən razı olaram. Onlar necə, razı olarlarmı?

Getməyim dostları kədərləndirə bilər, ancaq bu, düşmənləri sevindirməmək üçün idi. Məni özləri ilə yanaşı hiss edən sevgili dostlar və gənclər, getməyim səngərdən çıxmaq demək deyil, daha güvənli səngərə keçməkdir. Mən özümü qorumalı idim, bu eqoizmi etməyə məcbur idim. Kiminsə özünü qorumağa haqqı yoxdursa, kiminsə də özünü qorumamağa haqqı yoxdur. İnsan həyatının heç bir dəyəri olmayan yerdə ölümün də (hətta öldürülməklə ölsən də) heç bir dəyəri yoxdur.

Rafiq nə siyasi müxalif idi, nə də araşdırmaçı jurnalist. Rafiq müstəqil Azərbaycanda ən intellektual qurban idi. Bu qətl müstəqil Azərbaycanda intellektual çəkisinə görə ən ağır qətl idi. Düzdür, bu terroru dilucu, dodaqaltı da olsa pisləyənlər çox idi, ancaq bütövlükdə Rafiq Tağı mövqeyinin necə yiyəsiz olduğu aydın görünürdü. Məni ruhdan salan, ya da özündən çıxaran həm də bu idi. Rafiqdən sonra hər birimiz Azərbaycanda öz yoxluğumuza tamaşa etmək şansı qazandıq.

Mütləq həqiqət olmadığı kimi mütləq səhv də yoxdur. Soruşa bilərsiniz ki, heç nədəmi özümü suçlamıram? Mən həyasız adam deyiləm, deyim bilin. Buddhanın “pratitya samutpada” (qarşılıqlı asılılıq) prinsipi var, təxmini tərcüməsi belədir: “Bu varsa, o da var; bu əmələ gələndə, o da əmələ gəlir; bu yoxdursa, o da yoxdur; bu bitəndə, o da bitir”. İslamçıların mənə qarşı nifrət və lənət selini görəndə mən tez-tez özümə, öz duyğularıma Buddhanın bu prinsipindən baxıram. Hərdən mənə elə gəlir, bu, bəlkə də mənim onlara kinimdir ki, dönüb özümə qayıdır.

Ümumiyyətlə, islam kimi bir ideologiya ilə üz-üzə dayanmaq mənim bioqrafik bəxtsizliyimdir. Əgər Rafiq öldürülməmiş olsaydı, mən çətin ki, islamçılarla açıq toqquşmaya gedəydim. Mənə qalsa idi heç vaxt belə etməzdim, birbaşa üstünə getməz, zen buddhistlər kimi dolaylı, yumşaq yol seçərdim. İndikindən fərqli olaraq, heç vaxt ömrümü islamçılıqla mübarizəyə həsr etmək kimi bir planım olmayıb. Rafiq gərək öldürülməzdi. Başqası bəlkə də olardı, ancaq bu adam Rafiq olmamalı idi. Mən istəmədən bu konfliktin içinə sürükləndim. Buna görə də, Azərbaycandan təkcə indiyəcən etdiklərimə görə getmədim, həm də indən belə edəcəklərimə görə getdim!

Mən burada gedişimin ən ümumi, cəmiyyəti maraqlandıra biləcək tərəfləri üzərində gəzişdim, detallarına isə heç toxunmadım. Ömrümdə ilk və son dəfə belə bir yazı yazırdım. Bütün bunları ağrı və sevgi ilə yazdım, çünki dostlarım üçün, məni sevən və oxuyan gənclər üçün yazdım. İndiyəcən haqqımda olmazın sözlər yazanlara və bundan sonra da yazacaqlara isə burada kobud cavab qaytara, mən də eyni çəkidə bir söyüş söyə bilərdim, amma eləmədim.

Ağalar MƏMMƏDOV
(Oktyabr ayı, 2012-ci il, Almaniya)
[email protected]

Kultura.az

Yuxarı