post-title

Müsəlmanlar müşrikləşir...

İslam tarixində Məhəmməd peyğəmbərdən əvvəlki dövr cahiliyyə dövrü adlanır. Cahiliyyə dövrünün adət-ənənələri Məhəmməd tərəfindən qadağan olunub. Buna görə də cahiliyyə dövründə yaşanan olaylar, əsasən də məkkəli müşriklərin peyğəmbərə və ilk müsəlmanlara yaşatdıqları şiddətlə tənqid olunur, lənət oxunur.

 

 

Amma dünya fırlandı, dövr dəyişdi Məhəmmədin ümməti müşriklərin peyğəmbərə, ilk müsəlmanlara yaşatdıqlarını indi inancsızlara yaşadır. Müsəlmanlar tənqid etdikləri, lənət oxuduqları cahiliyyə adətlərinə geri dönür. Taleyin ironiyası.

Məhəmməd Peyğəmbər yeni din gətirəndə məkkəlilərin ilk reaksiya “Ey Məhəmməd, sən bizdən ata-babalarımızın dinindən dönməmizi istəyirsən? Vallah, biz ata-babalarımızın dinindən dönmərik” olmuşdu. Məkkəli müşriklərin peyğəmbərə dedikləri bu sözlərlə hardasa hər addım başı inancsızlar qarşılarır. Yəqin ki, hamımız “Dədən-baban ateist olub?” sualına şahid olmuşuq. Müsəlmanlar məkkəli müşriklərlə eyni reaksiyanı, eyni sualı verir.

Məhəmməd açıqdan təbliğə başlayarkən müşriklər onu döymüş, daşlamış, hətta öldürməyə belə cəhd etmişdilər. Bu gün müsəlmanlar da İslamdan çıxanlara qarşı eyni metodu tətbiq edirlər. İnancsızları döyür, öldürməklə təhdid edirlər. Hamımız müsəlmanların qan iyi verən təhdidlərinə şahid olmuşuq. Müşriklərlə müsəlmanların ənənə halını almış dindən çıxanlara qarşı reaksiyası eynidir.

Məhəmməd peyğəmbər müşriklərin tapındığı bütləri qırmışdı. Özünə  xeyri və zərəri olmayan bütləri. Müsəlmanların doqmalaşdırdıqları Allah da məkkəlilərin bütlərindən heç nəyi ilə fərqlənmir. Sadəcə biri görünür, digəri isə görünmür. Bu gün tapınılan “Allah” əslində Allahın əsmalarından olan “HAYY” ismini inkar edir. Yəni doqmalaşan Allah “diri” deyil, ölüdür. Məhəmməd müşriklərin bütünü qırırdı. Bu gün inancsızlar da müsəlmanların bütünü qırır. Reaksiya eyni: Təhdid etmək, söymək, döymək, hətta öldürmək.

Müşriklər tərəfindən dininə görə öldürülən Ammarın atası Yasirlə, müsəlmanlar tərəfindən öldürülən Rafiq Tağı arasında nə qədər fərq var? Biri şəhid, digəri kafir? Müsəlmanlar müşrikləri təkrar etdi, dininə görə insan qətl etdi. Ya da müşriklərin təhdidləri nəticəsində Məkkədən ayrılan Cəfərlə, Ağalar Məmmədov arasındakı fərq nədir? Biri müşriklərin təhdidləri sayəsində gedib, digəri müsəlmanların.

Deməyim odur ki, dünya tərsinə çevrilib. Müsəlmanlar hər addım başı lənət oxuduqları Əbu Cəhli, Əbu Ləhəbi, Utbəni təkrar edirlər. Həm də heç fərq qoymadan, eynisilə. Bazar olsun.

Yoldaş Qırmızı

Yuxarı