post-title

İt baxandan

Tiflisdə bizim məhlədə bir bağ var, adı Bataniçeskidir. Kişilər deyirlər ki, bu bağ bahar vaxtı cənnətin bir guşəsinə oxşayır. Amma mən yazıq hələ indiyə kimi bu bağı görməmişəm; ərim qoymur ki, mən oraya gedəm, ərimdən izinsiz də getsəm, yaxşı olmaz; əvvəla, ərimi aldatmış olaram, ikinci də ki, ərim xəbərdar olsa, gəlib məni vurub öldürər.

 

Bu bağ bizim evimizin yanındadır. Bahar daxil olan kimi küçəmizdə iynə salmağa yer olmaz. Elə adamdır ki, dəstə-dəstə gəlib qapımızın qabağından keçirlər Bataniçeski bağa. Gedənlərin çoxusu da bizim kimi arvadlardır. Amma müsəlman arvadı deyillər, rus arvadlarıdırlar, erməni, gürcü, yəhudi, firəng arvadlarıdırlar, müsəlman arvadı yoxdur, çünki kişilərimiz bizə izn vermirlər.

Bir gün evdə oturmuşdum, gördüm ki, kişi hazırlaşır getsin Bataniçeski bağa, dedim:
-Ay kişi, nə olar ki, bir məni də aparaydın orada qəribə-qəribə gül və çiçəklərə tamaşa edəydim. Axır deyirlər ki, dünyanın hər tərəfindən bura qəribə-qəribə ağaclar gətirib salıblar. Nə olar ki, mən yazıq da bir oraya gedib tamaşa edəydim.
Kişi üstümə elə çığırdı ki, az qaldım özümdən gedəm. İndi daha bilirəm Bataniçeski bağlar biz müsəlman arvadlarının yeri deyil. Həmişə axşamlar camaat yığışıb dolanan vaxt, mən gedirəm qonşumuzda Səkinə bacını götürürəm, gedirik qəbirstana, orada qəbirlərin dalına çöküb, bağa tamaşa edirik.

Pəh, pəh, pəh, bağ necə bağ! Qüdrətinə şükür, ilahi! Ağacların yarpaqları hərəsi bir rəng çalır, güllərin ətri insanı bihuş edir.
Belə fikirdə oturub bağa baxanda bir də görürdük ki, orada gəzən camaatın içində müsəlman kişisi də görünür. Çox vaxt o kişilərin içində mənim də ərim olur.

***

Axşam qayıdıb evə gələndə deyirəm:

-Ay kişi, barı bir mənə de görüm, niyə bizi qoymursunuz ki, gedək orada gəzək? Biz ki, çarşablıyıq, bizi kim tanıyacaq?

Kişi mənə cavab verir:
-Çox danışma! Elə onu istəyirsən ki, bir yolluq el içində mənə biqeyrət desinlər?

Odur ki, axşamlar Səkinə bacımı götürüb qəbirstan bəhanəsi ilə gedirik qəbirlərin dalına çöküb, xəlvətcə bağa tamaşa eləyirik. Pəh, pəh, nə gözəl bağdır!

Dünyada nə qədər övrət ki, xəlq olub, cəmisi gəlib ərləri ilə bu bağı gəzib gedirlər. Amma bizim məhlədə ola-ola, biz həsrət qalmışıq və cümə axşamlar qəlbimiz sıxılanda gedirəm Səkinə bacını götürüb gedirik qəbirstana it baxandan tamaşa edirik ki, ərimizə biqeyrət deməsinlər...

Amma nə gözəl bağ! Nə xoşbəxt insanlar!...

Dəli (Cəlil Məmmədquluzadə)

“Molla Nəsrəddin”, 13 iyun, 1910, № 23

Yuxarı