post-title

Əsgərimiz ölməsin

Təxminən iki il öncə Elnur adlı sinif yoldaşım erməni snayperin gülləsinə tüş gəldi, şəhid oldu. Şəhid olan gündən 2 gün sonra Müdafiə Nazirliyindən bir mayor, bir neçə kiçik rütbəli zabit öz əsgərləri ilə birlikdə şəhidin nəşini ailəsinə təslim etdilər və çıxıb getdilər. Sanki belə də olmalı idi. Hadisəni çəkməyə, işıqlandırmağa Xəzər televiziyasından gəldilər. Ailəsindən, qohumlarından müsahibələr aldılar.

 

 
Sonra növbə gəldi sinif yoldaşlarına. Sinif yoldaşlarım arasında az-çox dili söz tutan mən olduğumçün məni qabağa verdilər. Kameranın işığı yanan kimi Səfər Əbiyevdən başladım generallara kimi, Elnurun ölümünə reaksiya verməyən Eldar Sabiroğluya kimi. Ordunu, ordudakı sistemi, rəhbərliyini, komandirlərin vəhşiliklərini asıb-kəsdim. Təxminən 10 dəqiqəyə yaxın. Sonra müxbir uşaqlığımızdan danışmağımı istədi, mən də təxminən 15-20 saniyə bu barədə danışdım. Telekanal ilk 10 dəqiqəni tamamilə kəsərək efirə sadəcə sondakı 15-20 saniyəlik hissəni verdi. Bununla həm çox şərəfsiz senzura tətbiq etdilər, həm də məni çox dəyərli dostumun ailəsinin, qohumlarının, sinif yoldaşlarımızın, dostlarımızın, məni tanıyanların əksəriyyətinin yanında gözükölgəli etdilər. Susdum, heç nə demədim. Xəzər TV-nin timsalında televiziyalara bir quş. Mənə daha çox təsir edən başqa məqamlardı. Aşağıda onlara toxunmağa çalışacam. 
 
Ümumiyyətlə şəhid məfhumunu qəbul etmirəm və düşünürəm ki, bu məfhum əclaf siyasətçilər tərəfindən insanların, övladını itirən ailələrin acısını yatırmaq, sosial təpkini yumşaltmaq üçün yaradılıb. Övlad dünyaya gətir, yemə, yedizdir, geyinmə, geyindir, yuxusuz gecələr keçir, ömrünü fəda elə, gözünü ona dik, sonra dövlət adlanan əclaf sistem sənin övladını gəlib aparsın və meyitini göndərsin üstünə. İstənilən ad, istənilən divident o ananın göz yaşlarına dəymir. Ölkənin hazırkı vəziyyətini və gündəmi, sosial təpkini nəzərə alıb bu məsələni çox şişirtmirəm. Gələcəkdə bununla bağlı yazacam daha ətraflı. Məni dəhşətə gətirən başqa şeylərdi. Ən azından qonşu Türkiyəyə baxaq. Əsgər şəhid olanda onun ölümünə çox hallarda yüksək rütbəli ordu rəsmiləri, hakimiyyət nümayəndələri, bəzi hallarda baş nazir səviyyəsində belə iştirak edilir. 
 
Bizdə isə əsgər heç kimin vecinə olmur. Ölüb ölüb də. Belə də olmalıdı. Bunlar özlərinə necə insan deyirlər? Gecə yatanda vicdan deyilən şey bunları qıdıqlamırmı? Dəhşətlidir, çox dəhşətli. Bunun bir neçə səbəbi var. Birincisi bu ölkədəki hakimiyyət və təbii olaraq hakimiyyətin qarantlarından olan ordu rəhbərliyi xalqı adam saymır, heç qoyun da saymır. Tarakan deyin, böcək deyin, milçək deyin. Təxmini belə bir şey. İnidiyə kimi hansısa şəhidin cənazəsinə yüksək rütbəli ordu rəsmilərinin ya hakimiyyədən kiminsə şəhid cənazəsinə qatılmasının şahidi olmamışam. (qohumları, tanışları bəlkə də ola bilər ) Nə PKK problemimiz var, nə də hər hansı bir ciddi terror. Atəşkəs rejimindəyik, güya. Amma, orduda əsgər ölümləri, itkilər dayanmır. Bircə nəfər çıxıb xalqdan üzr istəmir, ailəsinə baş çəkmir. Çünki xalqın arasına çıxmağa üzləri yoxdu. Onsuz da orduya, ordu rəhbərliyinə qarşı kifayət qədər nifrət yaranıb məndə, amma bu artıq pik nöqtədi. Bunnan artıq əclaflıq mümkün deyil. Əsgəri apar, öldür, cinayət işinin üstün bağla, yalan danış, ailəsini, cəmiyyəti vecinə alma, hesab vermə. Sonra da desinlər ki, bu haqsızlıqlara göz yum, yummursansa vətən xainisən. Sözün bitdiyi yer deyirlər, bax bura sözün bitdiyi yerdir.
 
Adətən hansısa sahəni tənqid edəndə çalışıram alternativlər, həll yolları barədə düşünüm. Bu məsələdə də bir xeyli düşündüm. Yazı əslində 3-4 gün əvvəl hazır olmalıydı, bu səbəbdən gecikdi. Nələr etmək olar? Necə etmək olar ki, orduda əsgərlər ölməsin? İstər erməni gülləsi, istər əsgər yoldaşı, istər komandir tərəfindən. İstənilən halda itki xalqın itkisidi və sabah o ölən əsgərlərin yerinə hamımız, yaxınlarımız, qohumlarımız və ya heç tanımadığmız insanlar qurban ola bilər. Bunların qarşısını atmaq üçün 4 mərhələ olmalıdır deyə düşünürəm. Birinci mərhələdə ordu cəmiyyətə açıq bir quruma çevrilməlidir. Təbii ki, dövlət sirrləri kimi məsələləri nəzərdə tutmuram. Ordudakı problemlər, büdcənin xərclənməsi, ordudakı itkilər, səbəbləri ictimaiyyətə açıq olmalıdır. Eldar Sabiroğlu illərdir monoton yalanlarıyla gözüyaşlı anaların əsəblərilə kifayət qədər oynayıb. Artıq bəsdir, məncə. İkinci mərhələdə ordudakı qəddar, əsgərlərə şiddət göstərən zabitlər, komandirlər mütləq cəzalandırılmalıdır. Cəzasızlıq rejimində cinayətlər mütləq artacaq, cəzasız qalan cinayətkarlar daha böyük cinayətlərə əl atacaqlar. Bu səbəbdən cəmiyyət mütləq şəkildə ordunu maksimum diqqət mərkəzində saxlamalıdır. 
 
3-cü mərhələdə xalq mütləq hərəkət etməlidir. Keçən dəfə yazmışdım, hal-hazırda (son 10-15 ildir belədir) oğlan uşaqları ailədə yalançı şovinizm, mental ruhda böyüdülür, 6-cı sinifdən oxumağın daşını atır. Dava-dalaş, oğru dünyası qanunları, çayxana və s.. 9cu sinfə çatanda illərdi oxumamağın verdiyi basqı və çox ağır tədris yüküylə dolu 2 il. Ərgənlik dönəminə giriş və sancılı dönəmlər. Seksual tələbatın ödənməməsinin verdiyi fiziki-psixoloji pozğunluq. Və universitetə daxil ola bilməməyin (universitetə daxil olan və az-çox sosiallaşan gənclərin orduda nisbətən sakit, davadan kənar olduğu hamıya məlumdur) verdiyi əsəb pozğunluğu, cəmiyyətə qarşı yaranan aqressiyanı da bura əlavə etsək orduda bir-birini döyən, öldürən, “ded-molodoy”, “dembil” söhbətlərini, dedovşinanı yaradan gənclərin niyə bu cür vəhşi hala gəldiyini anlamaq olar. Onlarla ciddi şəkildə işlənilməlidir. 
 
“Siz övladlarınızı “əxlaqsız” avropalı ruhunda tərbiyə edin, qoy əxlaqsız olsunlar, amma bir-birlərini öldürməsinlər”. Bu son hadisələrlə bağlı sosial şəbəkələrdə çox yayılan bir fikir idi. Heç kim yaxasını kənara çəkməsin. O vəhşilər, küçədə namus, qeyrət, mentalitet söhbəti edib qabağına çıxan hər qıza söz atan ağzıköpüklü gədələr orduya gedib əclaf, qəddar, ləyaqətsiz, öz əsgər yoldaşını döyən, pulunu oğurlayan varlığa çevrilirsə, buna Səfər Əbiyev nə etsin? Bunu ancaq valideynlər etməlidir. Cəmiyyət etməlidir. 
 
Gələk 4-cü mərhələyə. Ən əsas problemə. İnsanlar beyinlərinlərindən saxta vətənpərvərliyi, yalançı şovinizmi çıxartmalıdırlar! Erməni söyməyi, hər şeyin günahını ermənidə görməyi tərgitməliyik. Ermənistan kimi iqtisadi səfalət içərisində olan, təbii sərvətləri kasad olan, investisiyalarının yarıdan çoxu sırf erməni lobbisinin əməyi olan bir yazıq ölkədən özümüzə qəddar, güclü düşmən obrazı düzəltmişik illərdir. Amma artıq bu yalanları yeməməliyik. İstər 88 hadisələri, istər Qarabağ müharibəsi bir-iki siyasətçinin planı idi və xalqları, kütlələri müharibəyə aparan bu siyasətçilər idi. Sırf bir neçə siyasətçinin səhvləri ucbatından dünyanın sonuna qədər ermənilərlə düşmən şəraitdə yaşamamalıyıq. 
 
Tutaq ki, siz mənimlə razılaşmırsınız. Əks arqumentimi də deyim. Hara qədər? Bir il, on il, yüz il. Bəs sonra? Sonrasını fikirləşmirsiniz heç? Neçə illərdir atəşkəs rejimi elan edilməsinə baxmayaraq əsgərlər ölür, anaların gözü yaşlı qalır. 20 il əvvəl minlərlə dəyərli insanımızı itirdik və hələ də itirə itirə gedirik. Elə ermənilər də. Davamı olmalıdır mı? Yenə mi itirməliyik? Sual edirəm, hara qədər? Gələcək nəsillərə düşmən buraxmaq əzabını hiss edəcəksiniz, amma çox gec. Nə ermənilər marsa köçəsi deyil, nə azərbaycanlılar. Tarix boyu, 2500 ildən artıqdır ki, bu millətlər bu torpaqlarda bərabər yaşayıblar. Arada müxtəlif problemlərin, müharibələrin olması normaldır. Amma artıq məncə xalqlar arasında sülh əldə olunmalıdır. Aralarında bizdən qat-qat ciddi problemlər olan xalqların barışmasının dəfələrlə şahidi olmuşuq tarix boyunca.
 
Azərbaycanın ərazi bütövlüyü, BMT-nin 1947-ci ildə qəbul etdiyi bəyannamənin şərtləri və s. sonranın işidir. İlk olaraq bizlər, cəmiyyət olaraq bu sülhə hazır olmalıyıq. Məni bu yazıdan sonra söyəcəklər, təhdid edəcəklər. Onlara bildirim ki, qarabağlıyam. Qarabağ müharibəsində onlarla qohumlarım həlak olublar. Amma daha qohumlarımın, dostlarımın həlak olmasını, əsgərliyə gedib nəşinin qayıtmasını istəmirəm. Evinin içində o tərəfə-bu tərəfə qaçdığı yerdə erməni snayperinin gülləsinə tüş gələn 6 yaşlı qızın həyatı heç bir siyasətçinin xalından daha vacib deyil. Müharibə olsun, asaq, kəsək. Yenə hər iki tərəfdən günahsız insanlar ölsün, körpələr yetim qalsın. Vicdanınız rahat olacaq? Məncə siz bu barədə bir az düşünün. 
 
Sonda çox qısa aksiya vaxtı əclaflıqlar edən, əsgər ölümlərinə susan, yalan danışan TV-lər haqda yazmaq istəyirəm. POX. Məncə bu yetərli cavabdır.
 
İlkin Rüstəmzadə
Kultura.az
 
Yuxarı