post-title

Vəkillik, yoxsa dəllallıq?

Azərbaycanda istənilən «müstəqil» qurumun faktiki müstəqil olmadığı, kiminsə kurasiyasında olduğu heç şübhə doğurmur.

 

Amma bu qeyri-müstəqillik anlayışı Vəkillər Kollegiyasında, vəkillik fəaliyyətində qanunla tənzimlənir. Bəli, məhz qanunla!
Vəkillər və vəkillik haqqında Qanun özü həmin qurumun qeyri-müstəqilliyinə şərait yaradır. Çox gülməlidir…

Əsas vəzifələrindən biri qanunun aliliyini təmin etmək olan bu fəaliyyət növü, onu təmsil edən  Vəkillər Kollegiyası heç öz daxilində bunu edə bilmir.  Vəkillər və vəkillik haqqında Qanunun 13-cü maddəsinə əsasən, vəkilliyə namizədlərdən imtahan Vəkillərin İxtisas Komissiyası tərəfindən götürülür. Həmin maddənin 2 və 3-cü bəndlərinə əsasən İxtisas Komissiyasının tərkibi 11 üzvdən ibarət olmalıdır. Onlardan 5-i Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 3-ü Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən hakim, 3-ü də Ədliyyə Nazirliyi tərəfindən təyin edilən hüquqşünas alim olmalıdır.
Doğurdan da çox gülməli vəziyyətdi. Qanun, vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsin icra və məhkəmə hakimiyyətlərindən asılılığını bu formada tənzimləyir. Al bu da sənə növbəti qanunauyğunluq, amma hüquqa ziddlik.

Bundan da betəri: Qanunun 9-cu maddəsində göstərilir ki, Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu hüquqi şəxsdir. Əgər bu doğurdan da qeyri-dövlət qurumudursa, hansı səbəbdən elə həmin Qanun, bu Kollegiyanın üzvü olmayan şəxslərin vəkillik fəaliyyəti ilə məşğul olmasının qarşısını alır? Normal məntiqlə, qeyri-dövlət təşkilatının hansı səlahiyyəti var ki, hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün ondan icazə almalısan?

Vəkillər Kollegiyasının üzvü olmayan ali hüquq təhsilli bir şəxs müstəqil olaraq kiminsə müdafiəçisi olmaq istəsə Qanun ona mane olur, özü də qeyri-dövlət təşkilatı barədə olan Qanun….

Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünas vəkil kimi deyil, nümayəndə kimi mülki-inzibati işlərdə iştirak edə bilər, o da müəyyən instansiyaya qədər.

Azərbaycanda vəkillik fəaliyyəti ilə bağlı parakdoksal vəziyyət yaranıb. Normal ölkələrdə istənilən ali hüquq təhsilli şəxs heç bir yerə üzv olmadan, imtahan vermədən vəkillik fəaliyyəti ilə məşğul ola bilər. Məntiqlə də, əgər şəxs ali hüquq təhsillidirsə, onun müstəqil fəaliyyətlə məşğul olması üçün təkrar imtahan verməsi absurddur. Əgər Vəkillər Kollegiyası dövlət strukturu olsaydı, qəbul imtahanının keçirilməsi normal qarşılanardı.

Eyni zamanda, Qanunda Vəkillər Kollegiyasına alternativ təşkilatın yaradılmasının mümkün olub olmaması da göstərilmir. Amma kimsə bu barədə müraciət etsə, təbii ki, rədd cavabı alacaq.

Həmin Qanunda başqa gülməli məqam: Demək, Qanunun 11.1-ci maddəsində göstərilir ki, «seçkilər gününədək intizam tənbehi olmayan» vəkillər Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlüyə namizəd ola bilər. Yəni, iddialı, nüfuzlu bir vəkilin Rəyasət Heyətinə seçilməsinin qarşısını almaq, onu sıradan çıxarmaq elə də çətin deyil…

11.1-ci Rəyasət Heyətinin tərkibi (sədr, sədr müavini, digər üzvlər) göstərilir, amma «digər üzvlərin» neçə nəfərdən ibarət olması göstərilmir. Tanıdığım vəkillərdən birindən bunu soruşanda dedi ki, öz kefləri ilə təyin edirlər.
Bütün bunların nəticəsidir ki, bizdə vəkillik institutu yox vəziyyətindədir. Vəkillə dəllalın arasında bir fərq qalmayıb. Vəkilin fəaliyyəti mülki işlərdə vətəndaşla hakim, cinayət işlərində isə vətəndaşla müstəntiq, prokuror arasında vasitəçilikdən kənara çıxmır.

Vəkil insanların ümid yeri olmalıdır. Amma çox təəssüf ki, bizdə ümid yeri sayıla biləcək Adil İsmayılov, Anar Qasımlı, Aslan İsmayılov və bir neçə digər vəkillərin sayı barmaqların sayından çox deyil….

Əmirbəyli

Kultura.az
 

Yuxarı