post-title

Qadın, yoxsa kişi: Kim daha güclüdür?

Dostumla bu gün baş verən qızğın mübahisənin mövzusu kişi ilə qadının müqayisəsi idi. Fizioloji baxımdan hamıya məlum olan fərqi kənara qoyub, sırf kütlənin ağlına belə gətirmədiyi hüquqi fərqləri müzakirə eləyirdik.

 

Heç nə demirəm, cəmiyyətin iqtisadiyyatın və hakimiyyətin yerlə süründüyü ölkədə yaşadığımızı hamı yaxşı bilir. Hələ belə ölkənin konsitutsiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) 2-ci bəndində sadəcə yazılır: "Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır". 

Əslində, bu çox gözəl və pak cümlədir . Amma çox təəssüflər və yazıqlar olsun ki, bu bəndə heç yerdə əməl olunmur. Belə cəmiyyət üçün formal bir bənd olduğu açıq-aşkar hiss olunur. 

Deməli, bu mövzu ətrafında artıq bir ilə yaxındır düşünürdüm. Çox vaxt fərqli qərar verirdim, qərarsız idim. Bir çox nüanslarda dilemma qarşısında qalırdım. Bu gün baş verən mübahisə isə fikirlərimin tam möhkəmlənməsinə səbəb oldu. Bizim cəmiyyətdə hər bir kişi özünü qadından üstün sayır. Fiziki cəhətdən kişilərdə nəyinsə artıq olması ona dəlalət etmir ki, qadın zəifdir. Hətta kişilər özlərini o qədər üstün sayırlar ki, bəzən qadına "zərif cins" yox, məhz "zəif cins" kimi baxırlar. Bu həqiqətən böyük sosial qəbahətdir. Həm də çox ciddi. İstənilən bir kütlənin gidi qadın olmalıdır. Çünki qadın problemləri daha tez, pis mövqedən daha rahat çıxa bilər. Müəyyən variant arasında qaldıqda isə qadın daha ideal və unikal qərarlar verə bilir. Bunu bir çoxlarının həyat fəaliyyətinə şahid olaraq və şəxsi təcrübəmə əaslanaraq deyirəm.

Düşünün, sevişdiyiniz bir qadınla ailə həyatı qurmusunuz. Xoşbəxtsiniz. Və bir neçə müddətdən (gün, ay, il) sonra dırnaqarası nələrinsə yolunda getmədiyini görüb, yalnız qərarlar verməyə başlayırsınız. Elə fikirləşirsiniz ki, yolunda getməyən "nələrisə" verdiyiniz qərarlar hesabına bərpa edəcəksiniz. Sizi əmin edirəm ki, yanlış yoldasız. Belə bir bəşəri qanun və ya strukturalist nəzəriyyə yoxdur ki, kişilər həmişə haqlıdır. Verdiyiniz qərarların nə dərəcədə səhv və ya düz olduğuna əmin ola bilməzsiniz. Ona görə ailənizlə bunu mütləq müzakirə edib, ortaq nəticəyə gəlməlisiniz.

Məsələn:  rlə hesab edirsiniz ki, 2+2 5-ə bərabərdir. Bu sizin üçün hesab edin ki, doğrudur. Lakin ciyərparəniz isə dönə-dönə təkid edir ki bəs yox mənim riyaziyyat müəllimim deyib və sübut edib ki 2+2 4-ə bərabərdir və mən bundan əminəm. Erkək nümayəndəsinin səhv düşündüyünü biz görə bilərik, amma özü bunu görmür. Və ikilərinin cəminin beş elədiyinə hətta əmindi, nə dərəcədə kobud səhv etdiyini isə görmür. Xanımı onu düzgün yola çəkmək istəsə də, kişi inadkarlığı, özünün üstün olduğunu, hər şeyə yalnız qərar vermək iqtidarında olduğunu düşünüb səhv addım atır. Bu isə öz növbəsində ailə və ya münasibətdaxili  problemlərin yaranmasına,  maksimum halda isə əlaqələrin sonuna gətirib çıxarır.

Cənablar, tövsiyə edirəm xanımlarınızı incitməyin, onlara kobud münasibət bəsləməyin. Axı onlar bizim bir hissəmizdir. Axı onlarsız biz heç nəyik. Elə hesab edin ki, biz kişilər avtomobil, qadın isə avtomobilin açarıdır. Dolayı yolla belə qənaətə gəlirik ki, qadınsız kişi açarsız avtomobil kimidir. Öz zərif cinsin nümayəndənizi qoruyun, onların sizə göstərdiyi hörməti ona göstərin, qadın olduqlarına görə alçalmayın, şərəfləri və vicdanları ilə fəxr eləmək üçün şans yaradın. Ən əsası isə onlara seçim və azadlıq hüququ tanıyın.

Nurlan Osmanlı

Kultura.az


 

Yuxarı