post-title

“Böyük Diktator”

“Serb filmi” adlı qalmaqallı bir film var. 2010-cu ildə çəkilib və adından da göründüyü kimi Serbiya istehsalıdır. Film ictimaiyyətə təqdim edildikdən sonra o qədər böyük rezonans doğurub ki, hətta bir çox ölkələrdə onun nümayişi qadağan edilib.

 

Mən də bu yaxınlarda bir yoldaşın tövsiyyəsinə aldanıb, filmə baxdım. Əvvəlcə o, mənə komediya kimi görünürdü, hətta ona baxarkən əylənirdim də. Ancaq sonradan hadisələr elə cərəyan etdi ki, film elə bir sonluğa gəlib çatdı ki, gücüm ancaq televizorun qabağından qaçmağa çatdı. Yarım saat özümə gələ bilmədim.

Film haqqında uzun-uzadı yazmaq istəməzdim və ona baxmağı da heç kimə tövsiyyə etmirəm. Sadəcə dünyada bu adda belə bir filmin olduğunu bilmək yetərlidir.

Filmə baxarkən o, mənə Pazolininin faşizm əleyhinə çəkdiyi məşhur “Salo” filmini xatırlatdı. Çılpaq səhnələr, sado-mazoxizm, əzab, işgəncə hamısı “Serb filmi”ndə də var.

Serbiyada millətçi əhval-ruhiyyə elə də uzaq olmayan keçmişdə Balkanlarda böyük qətliamlara səbəb olmuşdu. Və hələ də Serbiyada bu əhval-ruhiyyə müəyyən qədər qalmaqdadır. Film haqqında araşdırma apararkən rejissorun müsahibəsinə rast gəldim. O, jurnalistin filmin Serb ordusunun Yuqaslaviya Müharibəsi dövründə törətdiyi qətliamla bağlı olub-olmaması sualından yayınmağa üstünlük verib və “Serb filmi”nin  darıxdırıcı, boz Serb milli filmlərinə qarşı çəkilmiş qara ironiya olduğunu deyib. Bəlkə də rejissor nədənsə ehtiyyat etdiyi üçün belə deyib, ancaq onun filmində faşizmə qarşı çoxlu elementlərin olduğunu sezməmək mümkün deyil. Məsələn, filmin sonunda baş qəhrəman Miloş öz uşağını, Miloşun qardaşı isə onun arvadını zorlayır. Onları bu işə təhrik edən şəxs isə kənarda bu səhnəyə baxıb vəcdə gəlir və ucadan bu sözləri deyir: “Bax budur əsl serb ailəsi! Budur Serb ailəsi!”

Bu səhnə vasitəsiylə rejissorun öz ölkəsini, millətini bu qədər açıq, sərt, qəddar şəkildə tənqid etməsi hətta mənə ədalətsizlik kimi göründü. İnsanın bu qədər qəddar olmasına gərək duymuram. Ancaq məni həm də o təəccüblədirdi ki, necə olub ki, Serbiya cəmiyyəti belə bir film çəkən rejissorun qulağını kəsməyə cəhd etməyib, bu qədər amansız, qəddar tənqidə, hətta deyərdim təhqirə soyuqqanlı yanaşıb. Demək, Serbiya mədəni, tolerant cəmiyyət imiş, mən şəxsən serbləri belə bilmirdim…

Faşizm, nasizm iyrənclikdir, Avropada buna görə çoxlu qırğınlar, qətliamlar törədilib, müharibələr minlərlə, milyonlarla günahsız adamın öldürülməsinə səbəb olub və hələ də bəzi Avropa ölkələri üzlərinə sıçrayan qırmızı insan qanını təmizləyə bilmirlər, hələ də bu utanc onların sifətinə ləkə kimi yapışıb.

2 gün əvvəl də ölkəmizdə Xocalı qətliamının qurbanları anıldı. Xocalıda öldürülənlər də məhz insan qanına susamış, insanlıqdan çıxmış bir qrup vəhşinin qurbanları idi. Və bu ləkə də bu qətliamı törədənlərin üzündən heç vaxt silinməyəcək…

Necə olur-olsun, istər müharibədə qalib gələn tərəf ol, istər məğlub olan tərəf, istər qədim tarixin, böyük keçmişin, böyük mədəniyyətin, ənənələrin olsun, fərqi yoxdur, bu, heç bir halda heç bir xalqa, heç bir insana özünü yüksəltməyə, başqalarını aşağılamağa haqq vermir. Böyük qətliamların, soyqırımların törədildiyi, daim bir-biriylə vuruşan, düşmən kəsilən Avropa ölkələri bu baxımdan nümunədir. İndi Avropa irqi, dini, milli ayrıseçkiliyə qarşı o qədər həssasdır ki, kim bu barədə xırda bir səhvə yol versə, dərhal çox ağır bir şəkildə cəzalandırılır. Avropa bu tarixi yolu keçib və bütün bunların sonda nə ilə nəticələndiyini gözəl bilir.

“Mən, mən, mən” üslubunda danışan insan kənardan necə bayağı, boş və lovğa görünürsə, “biz, biz, biz” üslubuyla danışan toplum da o qədər bayağı, boş və lovğa görünür. Heç bir millət o biri millətdən üstün ola bilməz və yaxud heç bir millət digər millətdən aşağı səviyyəli deyil. Bunun əksini deyən fərd, cəmiyyət mədəni, sivil sayıla bilməz. Normal ölkələrdə bu ritorika ilə danışanlar cəzalandırılırlar. Ona görə də, bəzi azərbaycanlıların hisslərə qapılaraq, faşizm ritorikası ilə danışması bizi narahat etməyə bilməz. Hər şeyi başa düşmək olar, müharibədə uduzmaq, torpaqları itirmək asan məsələ deyil, ancaq bir insanın, cəmiyyətin böyüklüyü də onun sivilliyindədir. Hisslərə qapılaraq, faşizm ritorikası ilə danışmaq heç kimə başucalığı gətirə bilməz, bu ritorika ilə bir addım da qabağa getmək mümkün deyil. Müasir, mədəni, sivil dünyanın bir parçası olmağın yeganə qızıl qaydası var: irqi, dini, milli ayrıseçkiliyə yol verməmək! Bunun əksini iddia edənlər heç vaxt bir addım da qabağa gedə bilməyəcəklər. Ona görə də faşist, ultra-millətçi üslubda danışmazdan öncə düşünmək, götür-qoy etmək lazımdır…

Sonda Çarli Çaplinin Hitler Almaniyasına qarşı çəkdiyi “Böyük Diktator” filminin sonundakı məşhur nitqi sizlərə təqdim edirəm:

“Üzr istəyirəm, amma mən imperator olmaq istəmirəm. Bu, məni maraqlandırmır. Hökm etmək və ya işğal etmək istəmirəm. Hər kəsə kömək etmək istəyirəm: yəhudiyə, katolikə, qaraya, ağa. Hamımız bir-birimizə yardım etmək istəyirik. Digərinin xoşbəxtliyi hamımızı xoşbəxt edir. Heç kimə nifrət etmirik, heç kimi aşağılamırıq. Bu dünyada hər kəsə yer çatar, dünyada hər kəsi doyduracaq qədər nemət var. Həyat azad və xoşbəxt olmalıdır…

Biz yolumuzdan çıxmışıq. Hakimiyyət ehtirası insanın ruhunu zəhərlədi, nifrət divarları hördü, bizi bədbəxt etdi və insanı deqradasiyaya uğratdı. Sürəti kəşf etmişik, ancaq yerimizdən tərpənə bilmirik. Sənayeləşmə bolluq əvəzinə, yoxsulluq yaratdı. Elmliliyimiz bizi səviyyəsiz və fanatikə çevirdi. Çox düşünürük, amma az hiss edirik. Maşınlardan daha çox insanlığa ehtiyacımız var. Bacarıqdan daha çox xeyirxahlığa ehtiyacımız var. Əks təqdirdə, zorakılıq qalib gələcək və həyat yox olacaq. Təyyarə və radio bizi bir-birimizə yaxınlaşdırdı. Bu kəşflərin təməlində ədalət, bərabərlik və qardaşlıq var… İndi səsimi milyonlarla adam eşidir. Ümidsiz kişilər, qadınlar və uşaqlar… Məsum insanlara işgəncə verən, həbs edən bir sistemin qurbanlarıdır onlar. Məni eşidənlərə səslənirəm. Ümidsizliyə qapılmayın!!!
Bədbəxtliyimizin səbəbi iddialı adamların bəşəriyyətin inkişaf etməsindən qorxmasıdır. Nifrət keçər, diktatorlar ölər, xalqdan aldıqları hakimiyyət xalqa qayıdar… İnsanlar ölər, ancaq Azadlıq ölməz!

Əsgərlər!

Zorba adamlara itaət etməyin, onlar sizi əzirlər, düşüncələrinizi və hərəkətlərinizi planlaşdırırlar… Sizi qoyun yerinə qoyurlar! İnsanlıqdan çıxmış, beyni və qəlbi robotlaşmış insanlara təslim olmayın. Siz nə robot, nə də qoyunsunuz. Siz İnsansız!

Qəlbinizdə insanlara məhəbbət bəsləyirsiz, sizdə nifrət yoxdur. Sevilməyən insan kinli olar. Əsgərlər, əsirlik üçün deyil, azadlıq üçün döyüşün. Müqəddəs Lyukun dediyi kimi, cənnətin qapıları insana açıqdır, bir adama, bir qrupa deyil, hər kəsə açıqdır.

Güc sizin, xalqın əlindədir… Maşın və xoşbəxtlik yaratmaq gücü… Bu güclə həyatınızı azad və xoşbəxt edin! Möhtəşəm bir macəraya çevirin!

Demokratiyanın verdiyi bu gücdən istifadə edək, həmrəy olub, gözəl bir dünya yaradaq. Hər kəsə iş verən, gənclərə ümid, yaşlılara siğorta verən bir dünya yaradaq. Fanatiklər bunları vəd verərək, hakimiyyəti ələ keçirdilər, yalan danışdılar, onsuz da heç vaxt verdiyi sözləri də tutmazlar. Diktatorlar öz iddialarına görə xalqı kölələşdirirlər… Biz bu vədləri reallaşdırmaq üçün vuruşaq. Dünyanı xilas edək. Milli əngəlləri yox edək. İddia, kin və fanatikliyi aradan qaldıraq. Ağlın idarə etdiyi bir dünya üçün savaşaq. Elm və tərəqqi hər kəsə xoşbəxtlik gətirsin.

Əsgərlər, demokratiya uğurunda həmrəy olaq!”

Cavid Ramazanov

ANN.Az 

Yuxarı