post-title

Erməni illə "bir jetonluq" söhbət

İstanbul Atatürk Hava Limanında yükümü də aldıqdan sonra, yaxşı tanıdığım hava limanının aşağı mərtəbəsinə endim. İstanbulun hava limanından avtovağzalına qədər metro xəttinin olması, şəhərə gələn qonaqları buranın problemli nəqliyyatı kimi böyük bir dərddən qurtarır.

 

 
Ağır çamodanımın təkərlərindən biri qırılmışdı və bu da onu daşımaqda çətinlik yaradırdı. Çamadanı metro jetonu almaq üçün divara söykədim və aparata cibimdəki bütün dəmir bir liralıqları daxil edərək hər ehtimala qarşı 3 jeton aldım. Jetonu alıb keçid yerinə yaxınlaşarkən,  metro işçisinə dərdini başa salmağa  çalışan, görünüşcə köhnə məhlə yoldaşımı xatırladan bir nəfər gördüm : “valyuta,valyuta,dollar –lira ? Valyuta?” metro işçisi isə əlindəki dollarlarla nəsə başa salmağa çalışan bu adamın nə istədiyini  başa düşməməkdə israr edirdi. Bunu görüb kömək etməyə qərar verdim. Metro işçisinə yaxınlaşaraq  “ Dövizin (exchange) harda olduğunu soruşur” dedim. ” Haa bu tərəfdədi amma hələ qapalıdı.  Saat 10-da açılacaq” əli ilə arxa tərəfdəki qapının istiqamətində daha uzağı işarə edirdi.
 
Jeton almağa türk lirəsi olmadığı üçün mən ona kömək  təklif ettim , o isə elə bunu gözləyirmiş kimi, metrodan düşən kimi Aksaray tərəflərdə pulumu verəcəyinə söz verib təşəkkür etti. Biz keçidi keçib eskalatora doğru gedərkən daha iki yoldaşı bizə yaxınlaşdılar. Mənimlə salamlaşdıqdan sonra,bayaqki oğlan  onlara  mənim kim olduğumu qısaca izah etti.  Ekskalatorda aşağı enərkən danışdıqları dilin gürcü dili olduğundan əmin olaraq  söhbətə başlamaq üçün  Rus dilində bildiyim bir neçə sözü bir araya gətirərək “ tı qruzin, da? “ sualını verdim. Elə o andaca “ net, ya Armen” cavabını alanda həm çox təəcübləndim,həm də gülümsədim. İyirmi üç illik həyatımda ilk dəfə idi ki canlı şəkildə erməni  görürdüm. Qəribə hisslər keçirtdim.Çünki ona jeton alaraq metroya minməsinə kömək edirdim. O isə, mənim etdiyim kiçik köməyə görə hörmət və təşəkkür kimi ağır və təkəri qırıq çemodanımı  daşıyrdı. Həyatımda ilk dəfə bir erməni ilə söhbət etmək fürsəti yaranmışdı.  Bunu əldən verə bilməzdim. Bu arada, o da məndən haradan olduğumu soruşub cavabını eşidəndə  gülümsədi. Və növbəti sualı “ iz Baku? “ oldu. Və Bakının hansı tərəfində qaldığımı soruşdu. Mən də o bəlkə tanıyar deyə o vaxtki adı ilə “sizin vaxtınızda erməni kənd adlanan yer” olduğunu izah etməyə çalşdım. O da həyəcanla “Drujba”  kinoteatrına tanıyıb tanımadığımı soruşdu. Mən Bakını yaxşı tanımadığım və  Dostluq kinoteatrından xəbərsiz olduğum üçün “yox məncə yaxın deyil “ dedim. O isə Dostluq kinoteatrına yaxın qalırmış. Sonra Dostluq kinoteatrının harada yerləşdiyini öyrənəndə sovet dağılmamış  və məlum hadisələr baş verməmiş olsa idi bəlkə də indi qonşu olardıq deyə duşündüm.  Metronu gözləyərkən yeni tanışım “Baku, Baku...” deyə deyə azca fikrə gedib, yanındakı ermənilərlə içində “Bakı” sözünün keçdiyi və anlamadığım cümlələr qururdu .Yoldaşlarından biri ağ köynək, qara şalvar və uzun burun ayaqqabı  geyinmişdi . Qaşları da bitişik idi.  Vallah, lap qonşumuz Anara oxşayırdı.
 
Sonra metroya mindik. Adam az olduğundan rahat oturmağa yer çox idi. Oturarkən mənə yoldaşlıq edən erməni ,Anara oxşayan erməni  ilə otururdu . Bu dəfə mənim yanıma digərlərinə nisbətən türk dilində daha yaxşı  danışan erməni əyləşdi. Yaşı 30 civarında olardı. Bütün yol boyu hamı susmuşdu, təkcə sona 2-3 stansiya  qalmış rus dilində “Bakı gözəl şəhərdi” dedi. Sonra  “Sizdə burada problem olmaz. Sizin  türklərlə, yəqin, dil probleminiz də olmur, hə “? Təsdiqlədim və  burada nə işlə məşqul olduğunu soruşdum “qızıl al-veri “ dedi.
 
(Qızıl al-veri sözünü eşidəndə burada tanış olduğum azərbaycanlılar yadıma düşdü. Yolun kənarında  5 lirədən eynək , kuklalar satan bir azərbaycanlı satıcı, hətta biraz sohbət edib azca səmimi olduqdan sonra “gəl, düşüb aşağıda çay içək” demişdi.
Mən və yanımdakı yoldaşım isə tələsdiyimizdən  başqa vaxt üçün söz vermişdik. O isə, aşağıda gözəl xanımlar olduğunu, istəsək bizə düzəldə biləcəyini demişdi,biz də sağollaşıb yolumuza getmişdik. Əlbətdəki azerbaycanlıları pisləmək kimi bir fikrim yoxdur, sadəcə o məqamda yadıma bu düşmüşdü. Burda yaşayan azərbaycanlıların evində dəfələrlə qonaq omuşdum və Zəngəzurlu Şəhla xalanın hər həftə mənim üçün bişirdiyi azərbaycan yeməklərinin dadı hələ də damağımdadır.
 
Erməni tanışlarıma bir neçə sual da mən vermişdim. Əvvəla, mən ermənilərin Türkiyəyə gəlməsinin qadağan olduğunu zənn edirdim. əlbəttə bu məlumat səhv idi. Sadəcə erməni sərhədləri  bağlı idi. Digər sualım isə AzTV-dən görüb eşitdiyimiz xəbərləri təsdiqləmək məqsədi güdürdü. “Ermənistanda vəziyyət necədir? İş varmı? İnsanlar necə dolanır” sualına cavabı fərqli olmamışdı. “İş yox , hamı köçüb Avropadakı, Rusiyadakı qohumlarının yanına, şəhərdə heç bir yenilik yoxdur, qısaca Ermənistan pis vəziyyətdədir”- lap AzTv demişkən...
 
Axırıncı stansiyada düşərkən, onlardan biri mənim borcumu qaytarmaq üçün “döviz” tərəfə getdi. Digər ikisi isə mənə fikir vermədən öz aralarında danışmağa başladılar. Ara-bir göz ucu mənə baxıb gülümsəyirdilər və bu anda məndə millətçilik duyğuları yaranırdı. Görəsən azərbaycanlıları ələ salırdılar? Axı niyə ələ salsınlar, nə lazımsız düşüncə idi...
 
Sonra, pul dəyişdirməyə gedən erməni qayıtdı.  Sadəcə bir  jetonun pulunu qaytarmaq üçün valyuta dəyişməyə gedib-gəldi və mənə 2 lira qaytardı. Sonra sağollaşdı...
 
...Yoluma davam edərkən müharibələri, eşitdiyim  insan faciələrini, Bakıda şəhərli  taksi şoferinin məni hər dəfə təəcübləndirən məlumatları yadıma düşdü. Bir dəfə taksi şoferi rus, erməni, ukraynalı qonşularından və uşaqlıqlarının çox maraqlı keçdiyindən danışırdı. Sonra da hər dəfə zəmanəyə lənət oxuyardı...
 
...Mən isə evə gedən yolumda iki qonşu millətin arasında yaranan və yaxud yaradılan düşmənçiliyi, bunun yaranma səbəblərini , tarixi faktları və soyqırımları düşünməyə başladım...
 
Elvir Nizamoğlu
 
Yuxarı