post-title

Təhsildə burcutmalar

Aprel ayının ikinci on günlüyü tamam olmamış gündəm yeni nazir dəyişikliyi ilə əlamətdar oldu: 1998- ci ildən etibarən-bir igidin ömrü qədər nazir kreslosunda əyləşmiş, demək olar ki, heç nə ilə yadda qalmayan Misir Mərdanov vəzifəsindən azad olundu.

 

 
Düz yolla getməyəndə dolanbac daha cazibəli görünür
 
(Stefan Sveyq) 
 
(Dolaşan şayiələrə inansaq o AMEA-nın prezidenti təyin oluna bilər. 15 illik nazir performansını orada da göstərsə, bərbad durumda olan elmimizin vay halına). Yeni təhsil naziri Mikayıl Cabbarovun təyinatı öncəki nazir təyinatları ilə müqayisədə sosial şəbəkələrdə, mediada daha çox polemika mövzusudur.
 
Birincisi M. Cabbarovu gənc hesab etmək olar; onun 37 yaşı var. Sözügedən təyinata qədər nazirlər içərisində bu yaşda nazir olmayıb. Cəmi bir nəfər, o da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri 40 yaşlı Elşad İsgəndərov. Adından göründüyü kimi o qədər də əhəmiyyətli dövlət orqanı deyil.
 
İkincisi yeni nazir qərb təhsili almış birisidir. Təqaüd proqramı əsasında ABŞ-da hüquq təhsili almaqla yanaşı, ABŞ Vəkillər Kollegiyasının üzvüdür.(Sonuncu istifadə etməsəniz heç bir prestij vəd etmir). Gəlin məsələnin zahiri təfərrüatlarını bir kənara qoyub "mustafa" deyək.
 
Əslində M.Mərdanovun gedişi gözlənilən idi. Məktəblərdə keçirilən buraxılış imtahanlarının TQDK-ya verilməsi, komissiya sədri M.Abbaszadənin vaxtaşırı orta məktəbi yüksək göstəricilərlə bitirmiş, attestat almış məzunların qəbul imtahanlarında aşağı nəticələr göstərməsi barədə açıqlamaları, üstəlik TQDK-nın ibtidai siniflər üçün nəzərdə tutulmuş “ Ana dili”, “Həyat bilgisi” dərsliklərini yararsız hesab etməsi bu dəyişikliyin müjdəçisi kimi qəbul olunmalıdır.
 
Yeni təyinatla iqtidar ona qarşı olan müxtəlif səpkili tənqidlərə qarşı demarş etmək niyyətindədir:
 
I. İqtidarın kadr siyasəti tənqid olunanda ilk növbədə Gürcüstan nümunə kimi göstərilirdi.Məsələn, Azərbaycanda nazirliklər Gürcüstandan üç dəfə çoxdur. M.Saakaşvili kadr siyasətinə başlarkən ya nazirlikləri ləğv etdi, ya da iki-üç nazirliyi birləşdirdi. Üstəlik Gürcüstanda son parlament seçkilərinə qədər yalnız bir nazirin 40-dan çox yaşı vardı- Daxili İşlər Naziri Qriqol Vaşadze. Hətta gürcü eks-hökümətin tərkibində 27-28 yaşlı nazirə belə təsadüf olunurdu. Azərbaycanda isə son təyinata qədər ən cavan “nazir”in 40 yaşı vardı- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov. Bununla da iqtidar bu tipli tənqidləri müvəqqəti də olsa arxivə qaldırmaq niyyətindədir.
 
II. Yadınızdadırsa, səhv etmirəmsə 2011-ci ilin mart ayında prezident İ.Əliyev əhalinin yığılıb qalmış su pullarını ləğv etmişdi. Bunun səbəbini həmin ərəfədə müxalifətin arıdıcıl keçirilmiş aksiyaları ilə də izah edənlər oldu. Son zamanlar xüsuilə gənclərin fəallaşması, keçirilən aksiyalar, bu hadisələrin fonunda gənclərin fəaliyyətindən tez-tez şikayətləndiyi etdiyi dövlət qurumunun rəhbərliyinə gənc sayıla biləcək, üstəlik qərb təhsilli şəxsin gətirilməsini gözardı etməmək lazımdır.
 
XXI əsrdə təhsilin xalqın formalaşmasında rolundan danışmaq bir yana, vurğulamaq belə gülüncdür. Ancaq qərb təhsilli nazirin Azərbaycanda mövcud odioz sistemdə radikal dəyişikliklər edəcəyi inandırıcı deyil. Sözsüz ki, hər hansısa islahatlar olacaq, ancaq bu islahatlar təhsilin iliyinə işləməyəcəkdir. Yüksək dövlət orqanlarında qərbtəhsilli gənclər kifayət qədərdir. Onlar da “sistemi daxildən dəyişəcəyik” xəyalı ilə işə başladılar, bəs sonu nə oldu? Onlar ölkədə “hüquqsuzluq, rüşvətxorluq” buldozerinin (oxu: kildozer) idarə heyətinin üzvlərindən oldular. Ynei nazirin də taleyi məhz bu cür olacaq. Məsələ sistemdədir: əgər Lütfüzadə Azərbaycanda yaşasaydı ayın sonuna zorla çatacaq məvacibin qarşılığında mədhiyyələr söyləyərdi. Və yaxud Z.Zidan Fransada yaşamasaydı, indi dünyaya məsciddən baxan orta statistik müsəlman idi. Qısası sistem hərəyə bir cür təsir edir.
 
Aqşin Kərimli
Yuxarı