post-title

Biz bunu demişdik... Revanşistlərin Milli Şurası

Siyasi yaddaşımızın qısalığından istifadə edən oyunbazlar bizə unutdurmağa çalışırlar ki, namizəd kimi bizə sırıdıqları adam 2003-cü ilə qədər Heydər Əliyevi müdafiə etmiş və qarşılığında hər zaman başı sığallanmış; 2009-cu ilə qədər İlham Əliyevin yanında olmuş və əvəzində festivalla mükafatlandırılmış; daha sonra isə Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləmiş incəsənət moşennikidir. Bir sərəncamla ona hədiyyə olunan torpaq, başqa bir sərəncamla əlindən alınan kimi "demokratiya, insan haqları, liberal iqtisadiyyat" haqqında donquldanmağa başlayan İbrahimbəyov, birdən-birə Azərbaycanda avtoritar rejimin hakim olduğunu, vətəndaşların zülmə məruz qaldığını dərk etmiş, barrikadalara çıxmış, sonra barrikadalardan birbaşa Moskvaya sürüşüb getmişdir.

 

 

 

Çağdaş Azərbaycan ictimai-siyasi fikri yeni ideya, yanaşma və baxışlar sarıdan zəngindir. Gün keçmir ki, yeni, iddialı, hətta əsrarəngiz bir abreviatura ilə qarşılaşmayaq. Onlardan biri də, son aylarda ölkə gündəmini çalxalayan MŞ-dir. Açması - Milli Şura.

 

Özlüyündə mütərəqqi postulatlar, məntiqi baxımdan real görünən yeni yanaşmalar, demokratikləşmə zərurətini qabardan proqramla gündəmə gələn xeyli zamandır ki, müzakirə olunurdu. Onun müasir Azərbaycan siyasətində hansı rolu oynayacağı saf-çürük edilirdi. Nəhayət, may ayının 28-i, Azərbaycan Respublikasının elan olunmasının ildönümündə Milli Şuranın yaradıldığı açıqlandı və üzə düşən İsa Qəmbərlə, seçkiləri boykota meylli Əli Kərimli, bu siyasi “diskoteka"da yer aldılar.

 

Təbii ki, ölkədə uzun müddət siyasi mühiti monopoliyaya almış ailə hakimiyyəti, onun idarəetmə özəlliklərindən qaynaqlanan korrupsiyaya, seçkilərin kütləvi surətdə saxtalaşdırılmasına, vətəndaş haqlarının pozulmasına qarşı mübarizə amacı ilə belə bir qurumun yaradılması müsbət qarşılana bilərdi. Di gəl ki, Milli Şuranın yaradılmasında məhz bu prinsiplərin rəhbər tutulması şübhəlidən şübhəlidir. Açıqlayaq.

 

Milli Şura ideyası ilə ortaya çıxanlar kimlərdir? Demokratiya, insan haqları; azad, ədalətli, şəffaf seçkilərin keçirilməsi; korrupsioner hakimiyyətin demokratik yolla dəyişdirilməsi uğrunda illər uzunu mübarizə aparan kəslərmi? Yoxsa yaxın keçmişə qədər əliyevlər hakimiyyətinin yanında qərar tutmuş, bütün mümkün olan və olmayan preferensiyalardan yararlanmış siyasi parazitlərmi?

 

Gəlin Milli Şura orgiyasının iştirakçılarına nəzər yetirək. Bir tərəfdə Eldar Namazov, Lalə Şövkət, Rəsul QuliyevRüstəm İbrahimbəyovdan ibarət keçmiş heydərçilər komandası, digər tərəfdə isə İsa Qəmbər, Əli KərimliMirmahmud Fəttayevdən ibarət Elçibəyçilər dəstəsi.

 

Milli demokratik qüvvələr bundan tam 20 il əvvəl, Surət Hüseynovun adıyla bağlı olan 4 iyun Gəncə qiyamı nəticəsində hakimiyyəti bada verdilər. Kobud dillə desək, Əbülfəz Elçibəyin rəhbərliyi altındakı İsa Qəmbər, Pənah Hüseyn, Əli Kərimli kimi siyasi fiqurların cəmləşdiyi dəstə, Heydər Əliyevin başçılıq etdiyi Rəsul Quliyev, Surət Hüseynov, Lalə Şövkət birliyinə məğlub oldu.

 

Nəticə? Dağlıq Qarabağ ətrafında 6 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən ildırım sürətilə işğalı; Azərbaycan ordusunda məğlubiyyət əhval-ruhiyyəsinin yaranması; çoxsaylı siyasi qətllər və həbslər; söz, fikir, mətbuat, dinc toplaşmaq azadlıqlarının aradan qaldırılması; korrupsiyanın çiçəklənməsi; azad, ədalətli seçki anlayışının siyasi leksikondan birdəfəlik silinməsi; seçkili orqanlara təyinatlar; hakimiyyət ierarxiyasının yuxarı hissəsinin yalnız iki regionun adamlarından formalaşdırılması; məhkəmə sisteminin tamamilə darmadağın edilməsi.

 

Bir sözlə, 20 ildir ki, Azərbaycan üzərində Heydərizm kabusu dolaşmaqdadır.

 

Bu gün hər iki dəstənin liderləri haqq dünyasındadır. Elçibəy komandasının aqibəti hamıya məlumdur - həbsxana divarları; təhqirlər, işgəncələr, dost və yaxınların üz döndərməsi; ləyaqətsiz insanların lağı; işsizlik aclıqla sınağa çəkilmə. Bu insanların bir qismi işgəncə və təhqirlərdən usanaraq sınmış, bir qismi mühacirət etmiş, bir qismi isə bugünə qədər mərdliklə mübarizlərini davam etdirirlər.

 

Əliyevin komandasında nə görürük? Bəli, formal bənzərlik. Bəs dərinə getdiyimiz zaman?

 

Bu adamlar bir vaxtlar (uzun vəya qısa müddət – fərq etməz) ölkəyə ağalıq etmiş, istədikləri qərarı vermiş, istədikləri adamın əlindən son tikəsini almış, xoşlarının gəlmədiyini dama basmış, işgəncələrə dair qərarların verilməsində bilavasitə iştirak etmişlər. Yaddaşı ilə problemi olmayan istənilən Azərbaycan vətəndaşı, bunları yaxşı xatırlamaqdadır. Zatən ikincilər tərəfindən birincilərin açıq şəkildə təhqir edilməsi, ələ salınması elə də gizli bir şey deyildi – bütün bunlar illər boyunca TV və mətbuat səhifələrindən edilirdi - görməyənimiz, oxumayanımız qalmamışdı.

 

Hələ o məşum illərdə aydın idi ki, Stalin məktəbinə sadiq olan Heydə Əliyev, ona yenidən hakimiyyətə qayıtmaqda yardım etmiş kəsləri gec ya da tez sıradan çıxaracaqdır. Bu proqnoz, özünü çox gözlətmədi - Elçibəy hakimiyyətini devirib Əliyev rejimini bərqərar edən qüvvələr zaman-zaman sıradan çıxarılmağa başladı. Təbii ki, bu prosesdə ilk qurbanlar ipə-sapa yatmayan Rəhim Qazıyev, siyasət anlayışı plintusun altında olan Surət Hüseynovözləri qədər mənasız, anlaqsız adamlar oldu. Onlar təmizləndikdən sonra, diqqət komandanın monolitliyinə yönəldi. Növbəti qurbanlar cəbhəçi kadrlara qarşı repressiyalar həyata keçirən; qəddarlıq və yaltaqlıqları ilə seçilən Lalə Şövkət və Heydər Əliyevin Azərbaycana təhlükəsiz qayıdışını təmin etmiş Rövşən Cavadov oldular. Rəsul Quliyev isə, komanda daxilində monstra çevrilməkdə idi. Rövşən Cavadovu imha etdikdən sonra rahat nəfəs alan H. Əliyev, nəzərlərini “neft maqanatı"na yönəltdi. Qısa "məsləhətləşmə“dən sonra, "Sumqayıt xeyriyyəçisi" vəzifəsindən istefa verib, ABŞ-a uçdu.

 

Milli Şuraya nə dəxli?

 

Bu gün, ölkədə hakimiyyət dəyişikliyinin gərəkliliyini bəyan edən bir para adamlar, bir zamanlar ədalətli seçki yolu ilə hakimiyyətə gələn Elçibəy hakimiyyətini devirib, şər iqtidarını quranlar olunca, istər istəməz suallar yaranır. Heydər Əliyev hakimiyyətinin bir nömrəli patronları Rəsul Quliyev Lalə Şövkətdən savayı, əliyevlər rejiminin qurulmasında vintcik funksiyasını yerinə yetirmiş və illərlə Heydər Əliyevin köməkçisi olmuş, "papka daşıyan" Eldar Namazov; milyonlarla pulu mənimsəmiş Əli İnsanov, Fərhad Əliyev kimi odioz fiqurlar, bu gün bizə azadlıq mücahidləri kimi təqdim olunurlar. Bir vaxtlar qoçu dəstələri yaradıb, müxalifət liderlərindən tutmuş jurnalistlərə və sıravi müxalifətçilərədək – rejimin əleyhinə gedən hər kəsi qanına qəltan edən; 2003-cü ilin oktyabrında xüsusi qəddarlığı ilə seçilən, bu gün isə ləyaqətini ucuza satmış "Yeni Müsavat" və “Azadlıq" qəzetləri tərəfindən "incə qəlbli bəstəkar" kimi xalqa sırınan Quska ləqəbli Hüseyn Abdullayevlər, milli demokratik qüvvələrin sıralarında yer alırlar.

 

Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının müəlliflərindən olan Tofiq Qasımovun, müstəqilliyə səs vermiş İbrahim İbrahimlinin, Arif Hacılının, İsa Qəmbərin deputat toxunulmazlığının qaldırılması haqqında təqdimat verən; bir neçəsinin həbsi haqda sanksiyaya imza atan; Əli Kərimlinin cibindən „bomba“ çıxaran, siyasi meyit Əli Ömərov isə, günümüzdə Məmməd Əmin Rəsulzadənin heykəli qarşısında, müxalifət liderlərinin arxasından boylanıb, şəkil çəkdirir.

 

Milli Şuranın ideya müəllifi olan Rüstəm İbrahimbəyovu, prezidentliyə vahid namizəd kimi irəli sürənlər, əsas arqument kimi onun ağsaqqallığı, xaricdə nüfuzlu ssenarist kimi tanınması, maliyyə resusrlarının kifayət qədər çox olmasını irəli sürürlər. Siyasi yaddaşımızın qısalığından istifadə edən oyunbazlar bizə unutdurmağa çalışırlar ki, namizəd kimi bizə sırıdıqları adam 2003-cü ilə qədər Heydər Əliyevi müdafiə etmiş və qarşılığında hər zaman başı sığallanmış; 2009-cu ilə qədər İlham Əliyevin yanında olmuş və əvəzində festivalla mükafatlandırılmış; daha sonra isə Mehriban Əliyevanın prezidentliyə namizədliyini dəstəkləmiş incəsənət moşennikidir. Bir sərəncamla ona hədiyyə olunan torpaq, başqa bir sərəncamla əlindən alınan kimi "demokratiya, insan haqları, liberal iqtisadiyyat" haqqında donquldanmağa başlayan İbrahimbəyov, birdən-birə Azərbaycanda avtoritar rejimin hakim olduğunu, vətəndaşların zülmə məruz qaldığını dərk etmiş, barrikadalara çıxmış, sonra barrikadalardan birbaşa Moskvaya sürüşüb getmişdir.

 

Onun namizədliyini irəli sürən və müdafiə edən kəslər, hava limanında 2 saat saxlanıldı deyə aylardır xaricdə oturan bir adamın milyonların haqqını necə və hansı haqla müdafiə edəcəyini düşünürlər? Konkret situasiyada, hakimiyyət öz kəskin dişlərini göstərəndə vəziyyət necə olacaq? Yəqin ki, Eldar Namazov balığa dönüb susacaq, Rəsul Quliyev viskisini içib “boynu əldə" qalanları söyəcək (roman da yaza bilər), Rüstəm Moskvada yaşamağa davam edəcək, Lalə Şövkət isə mənzilinin mətbəxində Əvəz Temirxanla qeybət edəcək. Döyülən, əzilən, təhqir olunanalar isə, həmişəki kimi bədbəxt cəbhəçilərlə müsavatçılar olacaq.

 

Rüstəm İbrahimbəyov bu gün avtoritar rejim adlandırdığı bu hakimiyyətin qarşısında 20 ildir bütün zillət və basqılara sinə gərmiş, həbsxana, təhqir, işsizlik, aclıqla sınağa çəkilmiş, bununla belə satılmamış İsa Qəmbər başqanlığındaki Müsavata və müsavatçılaramı alternativdir? Bu adam dünənki halının bugünki hala çevrilməsini necə izah edə bilər? Aydındır ki, söylədiklərimizə qarşı, əks arqumentlə çıxış edənlər tapılacaqdır. Sizin arqumentiniz bizə indidən məlumdur - Kim olur olsun, əsas odur ki, rejim dəyişsin".

 

Axmaq iddiadır!

 

Hakimiyyətin başında duran şəxsin dəyişməsi hələ rejimin dəyişməsi demək deyil. Bu rejimi, məhz yuxarıda adları hallanan adamlar qurublar. Müxtəlif səbəblərdən sonradan vurulmuş bu şəxslərin məqsədi rejimi dəyişmək deyil, olsa-olsa qurduqları, amma sonradan kənara atıldıqları bu rejimi yenidən canlandırmaq, ona yeni nəfəs verməkdir. İndi hakimiyyətdə olanları korrupsiyada, rüşvətdə, qanunsuzluqda ittiham edən Rəsul Quliyev malik olduğu milyonları hansı üsullarla qazanıb? Əli Ömərovun korrupsiyaya qarşı mübarizəyə, azad, ədalətli seçkilərə nə dəxli var? Bəlkə onun imzaladığı qanunsuz sanksiyalar arxivlərdən silinib, xəbərimiz yoxdur? Prezident köməkçisi olduğu dövrdə "PANORAMA" adlı qəzet buraxan Eldar Namazov, bunu hansı vəsait hesabına edirdi? Vəzifəsindən uzaqlaşdırılandan sonra, qəztin nəşri nə üçün dayandı? Ki-Vest danışıqlarını Etibar Məmmədovun qəzetinəə ötürdüyünə görə, Heydər Əliyev tərəfindən qulağından tutularaq çölə atılan Namazov, hansı haqla “istefa"dan danışır? Özü də bunu “Qarabağ təəssübü" ilə əsaslandırır? Yoxsa bu adam 1995-ci ildə, Ağstafada azad və şəffaf seçki yolu ilə deputat mandatı qazanmışdı?

 

Bu gün adını müxalifət qəzeti qoymuş "Yeni Müsavat" "Azadlıq" qəzetlərinin siyasi məhbus adlandırdıqları, "Arxasında böyük xalq dəstəyi olan" dissident kimi təqdim etdikləri Əli İnsanov milyonlarla pulu halal zəhmətiləmi qazanmışdı? Yaxud Fərhad Əliyev, Azərbaycanda haram varidatı əlindən alınsa da, bu gün Moldovada ona məxsus olan, qiyməti milyonlarla dollarla ölçülən neft terminalnı əmək haqqıylamı almışdı? Bir il qabağa qədər "orqan alverində" ittiham edilən Elşad Abdullayev kimi alçaq, "filankəsə 3 milyon verdim, filankəs bir milyonumu aldı" deyə bilən fırıldaqçı, necə oldu ki, müxalifət qəzetlərinin baş qəhrəmanına çevrildi?

 

Necə olur ki, “bu pulları haradan qazanmısan?" sualını verənlər xəyanətkar olur, amma fırıldaqçı dələduzlar rejimə qarşı savaşan "mücahidlər"?

 

Dünənə qədər hakimiyyətin sığalı altında olan nanəciblər həyatlarını, ailələrini təhlükə altında qoyaraq rejimin həbsxanalarında zülm çəkən şəxsiyyətləri ittiham etməkdən belə çəkinmirlər. "Kim Milli Şuraya (oxu revanşistlərə) qarşı söz deyirsə, onlar hakimiyyətə işləyirlər" deyəcək qədər həyasızlaşırlar.

 

Kimdir hakimiyyətə işləyən? Təmkini, siyasi məntiqi, ləyaqətilə nəinki dostlarının öyüncü, hətta düşmənlərinin belə hörmətini qazanmış İsa Qəmbərmi? İstiqlalcçı deputat, ailələklə həbsxanaların daimi müdavimi Arif Hacılımı? Yoxsa kristal təmizliyi şübhə doğurmayan Vurğun Əyyubmu? Bəlkə cibindən "qumbara" çıxarılan, pasport ala bilməyən, amma hələ də ağlını başına yığa bilməyib “it olsun, qurd olsun amma İsa Qəmbər olmasın" düsturu ilə yaşayan, Xaliq Bahadır kimi psixopatların dili ilə danışan Əli Kərimlimi?

 

Siz kiminlə ittifaqa girib rejimi dəyişirsiniz? Siyasət anlayışınız budurmu? 20 ildir əzab-əziyyətlərə qatlaşmış cəbhəçilərin, müsavatçıların üzlərinə necə baxacaqsınız? Bu insanlar dələduzların qurduğu Milli Şura uğrundamı illər boyunca sülalə hakimiyyətinin repressiyalarına məruz qaldılar?

 

Revanşistlər yenidən hakimiyyətə qayıtsınlar deyəmi?

 

Adam olun.

 

HAK

Yuxarı