post-title

Yeni Gənclik

Dünən Bakı Dövlət Universitetinin tələbələri etiraz aksiyası keçirdilər. Səbəb bəllidir: Təhsil problemi.

 
 
Son on ildə ilk dəfə idi ki, ölkənin bir universitetinin tələbələri bu formada aksiya edirdilər. Ən maraqlısı isə bu aksiyanın məhz təhsillə bağlı olması idi. Tələbələr hökumətin onlardan əlavə pul almasına qarşı çıxmışdılar. 
 
Demək yazılanlar, deyilənlər boşuna getməyib. Artıq bu ölkənin tələbələri də təhsil almaq istəyir, gələcəyi düşünürlər. İnkişafın kitabsız, təhsilsiz olmayacağını dərk edirlər. Çoxdandır haqqında danışılan yeni nəsil budur. Onlar nə qədər ağır və çətin olsa da, varlıqlarını göstərməyi bacardılar. 
 
Tələbə oyanışı
 
Dünən aksiya keçirilən yerdə, tələbələrin yanında idim. Orda ilk dəfə aksiyaya çıxan yüzlərlə gənc gördüm. Gözlərində ümid vardı. Sevindirdilər, çünki haqları uğrunda mübarizəyə qalxmışdılar. Bir-birinə yaxın durmuşdular. Qaçmağı düşünmür, əksinə ön cərgəyə keçmək istəyirdilər...
 
Bu, bizim illərdir görmədiyimiz, ümidlə gözlədiyimiz gənclik idi. İllərdir özünü universitetin kralı kimi aparan Abel Məhərəmovun həmin vaxt üzünü görəydiniz. Bir neçə gün öncə adam universitetin həyətinə düşəndə, bəlkə də, orada bir tələbə gözə dəyməz, bir tələbə o danışdığı yerdə ağzını aça bilməzdi. Amma dünən onun "dünyası" bitdi. Tələbələr onu fitə basdılar, "aldığın pulun əvəzində təhsil ver”, "rüşvəti qanuniləşdirmə" dedilər. 
 
Bir neçə dəqiqə bu vəziyyət davam etsəydi, bəlkə də, rektorun halı pisləşəcəkdi. O, gənclərin qarşısında dayana bilmədi və illərin rektoru özündən aslı olmadan polisə "o tələbəni götürün" dedi. Əslində, həmin vaxt o, özünü BDU-nun rektoru kimi yox, hansısa rayonun polis rəisi kimi aparırdı. Tələbələrin səsləndirdiyi şüarlar isə ona hər dəfə diksindirirdi. Bu üzdən o coşqunun qarşısında tab gətirə bilməyib hövlnak içəri girdi. 
 
Məsuliyyətli gənclik
 
Aksiya başlayan zaman uşaqlar təşkilatçılara bir az arxada dayanmağı məsləhət gördülər. Çünki polisə kimlərin təşkilatçı olduğu deyilmişdi. Amma bilirsiniz o tələbələr nə dedilər? Bu aksiyanı təşkil edənlər bizlərik, gedə bilmərik. Bu qədər tələbəni bura biz çıxartıq, tutulmalı adam varsa da biz olmalıyıq. Bu isə artıq yeni bir tarixin başlanğıcıdır məncə. 
 
18-19 yaşlı hələ birinci dəfədir aksiyaya çıxan, siyasətin çılpaqlığından xəbəri olmayan gənclər bu məsuliyyəti dərk etdilər. Amma illərdir bu ölkəni müxalifət partiya və hərəkatları xalqı meydana səsləyib qaçıblar. Bəlkə, düz demirəm? Bu tələbələrə baxıb xəcalət çəkməli və örnək götürməlidir. 
Bu gəncliyə dəstək olmaq, ruh vermək, onların özünüifadəsini tanımaq və bu oyanışı alqışlamaq lazımdır. 
 
Yusif Vəzir Çəməzəminlinin "Studentlər" romanındakı Cəlal kimi “Qardaş, bizdən bir şey çıxmaz! Bizdən adam olmaz! Biz kim olduğumuzu belə dərk etməmişik" - deyib onları ruhdan salmaq, qorxutmaq yox, Rüstəm bəy kimi onlara yeni kitablardan söz açmaq, "elmsiz, maarifsiz irəli getmək mümkün deyil" deyə irəli aparmaq bizim də əsas vəzifəmizə çevrilməlidir.
 
Elkin Xəlilov
Kultura.az
 
Yuxarı