post-title

İki xatirə, iki tale, iki fərqli dünya

Hüseynqulu Sarabski. “Köhnə Bakı”. Əziz Alpoud. “Həyatımın hekayətləri”.

 
 
Elə alındı ki, bu iki əsəri eyni zamanda oxuyası oldum. Hər iki əsər xatirələrdən ibarətdir və hər iki müəllif həyatlarının fonunda keçən əsrin əvvəllərindəki hadisələri təsvir ediblər. Əziz Alpoud (Mir Əbdüləziz Seyid) daha uzağa gedərək demək olar ki, 50-60 illik bir dövrü öz xatirələrində işıqlandırmışdır. Təsadüfən eyni vaxtda oxuduğum bu iki əsəri eyni yazıda da birləşdirmək qərarına gəldim. 
Hüseynqulu Sarabski aktyordur, Əziz isə azərbaycanlı mühacir. Sarabskinin uşaqlıgı çətin keçib, yoxsul olub, amma yaşlandıqca əvvəlki həyatına nisbətən daha təminatlı həyat yaşayıb. Əzizin isə uşaqlıgı firəvan keçib, ailəsi varlı olub, amma sonrakı həyatı məşəqqətlərdə, yoxsulluq içində keçib. 
 
Sarabski məktəbə gedə bilməyib, bir müddət molla yanına gedib, guya Quran oxumağı öyrənib, amma əslində onu da düz-əməlli öyrənə bilməyib. Əziz isə ən yaxşı çar məktəblərinin birində - Tiflisdə varlı uşaqlar üçün məktəbdə oxuyub.
 
Sarabski aktyor olmaq üçün çalışır, mövhumata qarşı çıxır, mədəniyyəti, teatrı təbliğ edir. Bu yolda min bir əziyyətə qatlaşır, ailəsi, qohumları ondan üz döndərir. Tez-tez tənələrə, qınaqlara məruz qalır. Ona hədə-qorxu gəlir, təhqir edir, döyməkdən belə çəkinmirlər. Belə bir şəraitdə çalışır, mübarizə aparır. Əziz isə bu dövrdə təhsil alır, həkim olmaq və uşaqlığından həsrətində olduğu Türkiyəyə getmək arzusu ilə yaşayır. Vətənini ruslardan azad görmək istəyir, Azərbaycanın Türkiyə ilə birgə olmasını arzulayır. 
 
Sarabski sovetlərə vətənin, xalqın xilası kimi baxır. Çünki bu hakimiyyət çardan fərqli olaraq yoxsula var-dövlət, firəvan həyat vəd edir, onlara azadlıq gətirəcəyini bəyan edir. Əziz üçün isə Sovet hakimiyyəti azadlığın, müstəqilliyin süqutu, işğal idi. Ona görə bu hakimiyyət çar hökumətindən fərli olaraq ölkənin var-yoxunu, qızıllarını, neftini qardaşlıq pərdəsi adı altında oğurlayıb Rusiyaya göndərən bir quldur hakimiyyəti idi. O, hakimiyyəti Sovetlərə verən Müsavatı, Rəsulzadəni xain hesab edir. 
 
Əziz iki illik müstəqillik dövründə yaranmış çoxsaylı partiyalardan birinin - Əhrar partiyasının lideridir. Azərbaycan müstəqil olsa da, ölkədə vəziyyət qeyri-sabitdir. Əziz və yoldaşları “Vəhşi diviziya” adlandırılan ordu qururlar. Lakin hərc-mərclik, güclu bir liderin, siyasi xadimin olmaması nəticədə məğlubiyyətə səbəb olur. Ölkə döyüşşüz Sovetlərə təhvil verilir. Əziz yeni hökumətə qarşı üsyan hazırlayanlardan biridir.
 
Əzizgilin hazırladıqları üsyanın üstü açılır, Əziz Sibirə sürgün edilir və sürgündən inanılmaz möcüzə sayəsində xilas ola bilir. Bu yolda sadə rus millətindən olan adamlar ona kömək edir, bəzən onu xilas edirlər (Əziz bütün bunları ruslara nifrət etməsinə baxmayaraq, olduğu kimi xatirələrində qeyd edir). Bu da onu göstərir ki, pis xalq, vəhşi millət olmur. Onları bu hala salan siyasətçilər var, mövhumat var, cəhalət var. Oxuyan, kamilliyə can atan insanlar heç vaxt bu cəhalətin, bu siyasətçilərin əsiri olmaq istəmirlər. 
 
Sarabski yazır ki, biz dram əsərləri oynayanda tamaşaya az adam gəlirdi. Amma Leyli-Məcnun operasını oynayanda anşlaq olurdu. Camaat daha cox operaya axın edirdi. Bu çox düşündürücüdür. Bizdə hamı muğamın, yanıqlı səsin, ağlaşmanın intizarındadır. Xalqın şənlənməyə həvəsi yoxdur, ona pozitiv enerji verən əsərlərə qarşı həvəsi, istəyi illərdir ki, Şərqdə hökm sürən dini, mövhumatçı qüvvələr tərəfindən öldürülmüşdür.
 
 Bir dəfə də Sarabski Ərəblinski ilə birgə Moskvada çıxış edirlər. Orada da tamaşaçılar dəfələrlə Sarabskidən muğam, bayatı tələb edirlər. Rus bəstəkarlardan biri Sarabskiyə yaxinlaşıb ona belə bir sual verir:
 
-Nə üçün Şərqin musiqisi qəmgindir, ağlamalıdır?
- Çünki, Şərqin öz halı da ağlamalıdır. 
 
Əziz xatirələrində yazır ki, “mənimlə birgə çar litseyində çoxlu varlı türk balaları oxuyurdular. Amma çoxu yuxarı siniflərə çatdıqda məktəbi tərk edirdi, artıq oxumurdu”. Bu da həmin varlı təbəqənin imic xatirinə öz övladlarını məktəbə göndərdiyinin bir göstəricisidir. Məktəbdə bütün dərslər rus dilində aparılırdı. Bu da yüksək təhsil almış Əziz kimi az saylı türk ziyalılarının ölkə müstəqil olduğu zaman doğma dildə danışa, yaza bilməməsinə səbəb olur.
 
Əzizin həyatı daha məşəqqətli olub, “üstündən çox ölüm dalğası aşıb keçib”. Ölkəsinin işğalı, onun gizli mübarizəsi, sürgün olunması və oradan qaçışı, sonra İrana getməsi və orada ona təhlükə yarandığı zaman minlərlə km. yolu velosipedlə azadlığına doğru Türkiyəyə yürüşü, sevdiyi qadından, uşağından ayrı düşməsi, yeni yerdə yuva qurması, təhsil alması, ayaqda qalmaq üçün mücadiləsi və xatirələri oxuduğunuz zaman tanış olacağınız digər sərgüzəştlər. O, bütün həyatı boyu millətini, vətənini düşünür, Milliyyətçi Hərəkat Partiyasına üzv olur, Atatürklə tanış olur, Hitlerə məktub yazır. Bir sözlə ağla gələn, ona az da olsa, ümid verən nə olursa, həmin işlə məşğul olur. Onun kimi bir insanın bu məşəqqətlərə tab gətirərək, daim mübarizədə keçdiyi həyat yolu hər birimiz üçün ibrətamizdir. 
 
Həkim olmaq üçün instituta girən, lakin bir-iki ildən sonra başqa ixtisas seçərək hüquqşünas olan, buna baxmayaraq, həkimliyi də bacaran, hüquqşünas kimi qürbətdə çörək qazana bilməyəcəyini başa düşəndən sonra Almaniyaya gedib yenidən oxuyan və dəriçilik üzrə mütəxəssis diplomu alan, bundan əvvəl İranda bostançı işləyən, Türkiyədə həm baytar, həm də aqronom kimi çalışan, elmi iş müdafiə edərək texniki kitablar yazan, güclü hissetmə qabiliyyəti ilə yerin altında olan su mənbələrini axtarıb tapan, yerindən, yurdundan, sevdiyi qadından, uşağından ayrı salınmış bu mühacir ömrünün son illərində tərcüməçilik edir, rəssamllıqla məşğul olur. 
 
Sarabski aktyor olub. Amma həm də yazıb. Belə fikirləşəndə yazmaya da bilərdi, heç kim də onu qınamazdı. Əziz də başına gələnlərdən sonra ozü üçün yaşaya bilərdi. Necə ki, mühacirətə gedən yüzlərlə həmvətənləri kimi.  Yazmaya bilərdilər. Ancaq bizim üçün yazıblar. Özümüzü tanımaq üçün yazıblar. Əzizin əlyazma şəklində olan kitabını üzə çıxaran, dilimizə çevirən, nəşr edən mərhum yazıçı Zakir Sadatlıya da çox minnətdar olmalıyıq.
 
 Sarabski 1879-cu ildə, Əziz isə 1985-ci ildə anadan olub. Sarabski 1945-ci ildə, Əziz isə 1988-ci ildə vəfat edib. Sarabski Bakıda, Əziz isə Türkiyədə.  Biri vətənini azad, xalqını firəvan gördüyü düşüncəsi ilə, digəri isə daima vətənini düşməndən azad görmək arzusu ilə. Əziz də, Sarabski də bizim üçün, mənim üçün doğmadır. Hər ikisi xalqını sevir, onun ziyalısı olaraq əllərindən gələni etməyə çalışıblar. Amma yolları fərqli idi. Dünyagörüşləri fərqli idi. Çünki ayrı-ayrı mühütlərdə böyümüşdülər. Hərəsi dünyanı fərqli rənglərdə görmüşdü. Hər birinin baxış bucağı fərqli olsa da haradasa kəsişir, üst-üstə düşür. Bəlkə də onları bir-biri ilə müqayisə etmək düzgün deyil. Amma keçən əsrin əvvəllərində ictimai-siyasi, mədəni həyatımızda rol oynamış bu adamların niyə görə fərqli yol seçdiklərinin səbəbləri də maraqlıdır. Onlar bu yolu özlərimi seçdilər? Yoxsa doğulduqları, boya-başa çatdıqları mühütün formalaşdırdığı təfəkkür ilə doğru bildikləri yolla getmişdilər? Bəlkə tarix, zaman onlara seçim imkanı verməmiş, qəfil gələn sel kimi öz qoynuna alıb müxtəlif yollara atmışdı? Bu sualların cavablarını onların xatirə kitablarında axtarmaq lazımdır.
 
Bu yaxınlarda dəyərli aktyorumuz İlqar Cahangir Hüseynqulu Sarabski adına mədəniyyət mərkəzinə getdiyini ve orada uşaqların karate, güləş və başqa idman növləri ilə məşğul olduqlarını gördüyünü bildirdi. Vaxtilə qoçuların qorxusundan tamaşa göstərə bilməyən Sarabskinin ocağında indi gələcəyin qoçuları hazırlanır. Gələcəyin Sarabskilərini sındırmaq, alçaltmaq, Ərəblinskilərini öldürmük üçün…
 
Məhəmməd Nuray
 
Kultura.az
Yuxarı