post-title

Futbol kimə lazımdır?

Hər dəfə Avropa ölkələrinin futbol çempionatlarında növbəti turun oyunları keçirilən zaman, sosial şəbəkələr ““Real” qazdı, “Barca” sazdı” səviyyəsində söhbətlər edən adamlardan dolayı dözülməz olur. Saatlar sərf edib, eyni şeyə baxmaqları azmış kimi, saatlarla da əlavə çənə döyür, başqalarını bezdirirlər. Futbolun bu dərəcə geniş vüsət alması, artıq onu bir oyun olmaqdan çıxarıb tamam başqa şeyə çevirib. İndi futbol dünya miqyaslı biznes, mafiya və idarəetmə çarxıdır...

 
 
Bu gün futbol sektoru ən çox pul xərclənən sektorlardan biridir. Bəs həqiqətən də futbol həyatımızda bu qədər vacibdirmi? İnsanlar futboldan nə qazanır və nə itirir? 
 
Bəzi Avropa ölkələrində 6-7 liqa var və bu liqaların hər birində onlarla komanda iştirak edir. Hər klubda 25-30-a yaxın futbolçu var. Həmin klublardakı oyunçular isə kiçik yaşlarından bu komandalarda futbol həyatına başlayanlardır. Bütün bu mexanizm genişlənə-genişlənə gəlib olur böyük bir biznes. O biznes ki, insanlar özləri də dərk etmədən onları öz pulları hesabına bu qədər qüdrətləndirirlər. Həftədə 2-3 dəfə biletə pul xərcləyir, 2-3 saatını itirirlər. Hətta oyunların qumarı da təşkil olunub. Artıq insanların ciblərinə bu dərəcədə girməyi bacarıblar. 
 
Adını unutduğum bir məşhur deyirdi ki, futbolu əvvəllər kasıblar oynayar, varlılar baxardı, indi isə varlılar oynayır, kasıblar baxır. Həqiqətən də bugünkü futbolçular əsasən milyonçulardır. Tamaşaçılar isə məişət, təhsil, karyera və bəzən ən adi həyat çətinliklərində batan insanlar. Və həyatları da başqalarının biznesini çiçəkləndirməyə xidmət edərək keçir.
 
İspaniyanın “Real Madrid” klubuna transfer olunan Qaret Beyl adlı futbolçunun müqavilə qiymətinin 100 milyon avro olduğu bildirilirdi. “Real Madrid”in başqa futbolçusu Kriştiyano Ronaldonun illik gəliri isə 122 milyon avrodur. Bütün bunlar insanların şüursuz şəkildə futbola aludəçiliyi nəticəsində onların ciblərindən çıxarılan pullar sayəsində baş tutur. 
 
Bəşəriyyəti hər zaman qabağa ağıllı adamlar aparıb. Biz nə vaxt elmə, insanların rifahına lazım olan qədər diqqət və pul ayırdıq ki, keçdik futbola? Dünyaya, insanlığa heç bir xeyri dəyməyən adamlar yalnız ayaqları sayəsində ömürlərinin axırına qədər belə xərcləyə bilməyəcəkləri pullar qazanırlar. İspaniya iqtisadiyyatı çöküş ərəfəsində olduğu vaxtda işsizlik artır, əmək haqları azalır. Neçə illərdir, etirazlar səngimir, o biri tərəfdə isə heç nə olmamış kimi futbola inanılmaz məbləğdə pullar səpələnir. Bir neçə fakt bəs edir ki, əslində futbolun funksiyasına aydınlıq gətirilsin. 
 
“Real Madrid” klubunun marka dəyəri 3 milyard avrodan çoxdur. Türkiyədə 80 milyon 3 hissəyə bölünüb. “Galatasaray”lı, “Fənər”li, “Beşiktaş”lı. Avropadakı futbol abu-havasını yamsılamaq üçün bütün pullarını futbola xərcləməyə hazır vəziyyətdədirlər. 
 
Müsəlman ölkəsi Qətərə məxsus “Qətər Hava Yolları” isə “Barselona” formasındakı reklamına görə bu kluba 30 milyondan dollardan çox məbləğ ödəyib. Hansı ki, bu pullar aclıq və səfalət içində məhv olan milyonlarla müsəlman uşağın vəziyyətini düzəldə bilərdi.
 
Müəllimi 200 manat maaş alan ölkəmiz isə "Atletiko Madrid" klubuna ildə 15 milyon dollar pul ödəyir. O pullar ki, ölkənin gələcəyinə, insanların rifahına xərclənməlidir, indi İspanıyanın futbol klubuna xərclənir. Onun müqabilində ki, komandanın formasının üstünə "Land of fire" yazılacaq. Biz tərəfdən nə qədər axmaqlıqdırsa, onlar tərəfindən o qədər tərbiyəsizlikdir. Avropalılar hələ də başqalarına muncuq verib başlarını aldatmağa davam edirlər. 
 
Digər tərəfdən, futbol azarkeşlərinin azğın fanatizmi futbolu gözdən salır. Oyun ehtirasına aludə olmuş bu adamlar İngiltərədə davalara, Rusiyada irqçiliyə, Türkiyədə, hətta bir klub azarkeşinin digər klub azarkeşini bıçaqlayıb öldürməsinə səbəb olur. Bəs futbol bir idman növü idi? Bəs o, dostluq və qardaşlığa əsaslanırdı? 
 
Hər oyun birilərinə inanılmaz məbləğdə pullar qazandırdığı halda, digərlərinin pulunu və vaxtını itirməsinə səbəb olur. Futbol günümüzdə sosial bərabərsizliyə, insanların maddi rifah baxımından bir-birindən ayrılmasına xidmət edən sistemin bir çarxı rolunu oynayır. İstədikləri vaxt oyunları alıb satırlar, böyük pullar qazanırlar. Adamlar oyun hesablarına pul yatırmaqla hər şeylərini uduzurlar. Saxta bir dünya yaradıblar və orada idman adına hər şey var. Oyuna baxıb ehtiraslara qapılan, ağlayan, gülən, sevinən kütləyə baxdıqda, istər-istəməz acı təbəssüm yaranır adamda. Bu adamlar emosiyalarından necə istifadə olunduğunu bilsələr, görəsən, nə düşünərlər? 
 
Mən demirəm ki, futbol bir oyun kimi ləğv olunmalıdır. Ancaq mən əmin deyiləm ki, dünya insanların öz əyləncələrinə milyardlar xərcləyək qədər problemsiz, gözəl bir yerə çevrilib. Dünyanın dörd bir tərəfi ac-yalavac, evsiz, təhsilsiz, ən zəruri ehtiyacları qarşılanmayan adamlarla dolu olduğu halda, futbola bu qədər enerji və pul xərclənməsinə, ən azı vicdansızlıqdır. Bu vicdansızlığa isə azğınlaşan fanatiklər rəvac verir. Çünki fanatiklər həmişə fırıldaqçıların əlində oyuncağa çevriliblər. 
 
Ümumiyyətlə, hazırda idman növlərinin əksəriyyəti dövrünü başa vurmuş ibtidai oyunlardır. Qaydasız döyüş, boks və başqa bu kimi əlbəyaxa döyüş növləri isə qladiator döyüşlərinin müasir formasından başqa bir şey deyil. İki nəfər ortada boğuşub, bir-birini al qana batırır, kütlə isə sevinir, kədərlənir, ehtizaza gəlir. Bircə o qalıb ki, döyüşün sonunda baş barmaqlarının işarəsi ilə uduzan döyüşçüyə ölüm hökmü versinlər. 
 
Daha yaxşı dünya üçün daha ayıq sayıq olmasaq, bizi hər cür təhqiramiz vəziyyətə salacaqlar. Bu o demək deyil ki, hər kəs akademik, elm adamı olmalıdır. Ancaq vəziyyəti nəzarətə götürmək, daha şüurlu yaşamaq olar. Əminəm ki, yaxın gələcəkdə dünya daha ədalətli və məntiqli sistemə doğru getdikcə, futbol öz hegemonluğunu başa vuracaq. 
 
Bu fikirlər çoxlarının ürəyincə olmaya bilər. Ancaq zamanı gələndə olacaq. Gözləmək gec ola bilər. Ona görə zamanı qabaqlamaq lazımdır.
 
Nurlan Hüseynov
 
Kultura.az
Yuxarı