post-title

Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsəri barədə

Müsabiqə üçün yazı

 
 
“...Mən bu dərin uçurumları keçəcək, keçilməz dağları, sıldırım qayaları çeynəyib parçalayacaq və bu keşməkeşlər arasından bir səhnə, yoxdan bir var yaradacağam.”
 
 "Oqtay Eloğlu" əsərinin qəhrəmanı Oqtayın səsləndirdiyi bu cümlələr teatrın keçdiyi keşməkeşli yolu, bu yolun sonuna olan ümidləri əks etdirir. Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində təsvir etdiyi həyat qənaətləri sözügedən dövrlə yanaşı, teatrın gələcək taleyi haqqında da təsəvvür yaradır.
 
  Əsərdə 20-ci əsrin əvvəllərində teatrın yaranması prosesi, bu prosesdə gənclərin iştirakı,cəmiyyətin,mühitin yanaşmasından söhbət gedir. Bu çətin prosesin yükü bütün əsər boyu Oqtay surətinin çiyninə qoyulur. O çəkdiyi əziyətlər, verdiyi qurbanlarla "el oğludur, böyük bir vahidin kiçik bir parçasıdır". Aktyorların oyunbaz adlandırıldığı bir vaxtda teatr yaratmaq, səhnəyə dişi qaranquş gətirmək arzusunda olan Oqtayın ailə həyatı uğursuzluqlarla doludur. Atasının vəfatından sonra dükanları bağlanıb, anası və bacısının çörəksiz, odunsuz, neftsiz qalmağına baxmayaraq, o, işini, xalqın səadətini daha üstün tutur, "mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm" deyir.
 
  Əsərin əvvəllərindən başlayaraq onun canfəşanlıqla çalışması, öz üzüyünü mənzil kirayəsini ödəmək üçün verməsi, hətta rejissorun yatdığı vaxtda günlərlə yuxusuz qalıb onu əvəz etməsi teatra canını qoyduğunu, səhnəyə olan sevgisini göstərsə də, tədricən bu sevgi, teatr sevgisindən xalq, millətin rifahı üçün mübarizəyə çevrilir. Bunun aydın sübutu "mən prinslərin saxladığı köpəklər kimi hazır nahara gəlmək istəmirəm. Başqalarında səhnə, mədəniyyət, hər şey var. Bizdə yox. Yaşamaq istəyirsək, yaratmalıyıq. 20-ci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək qoyub qaçmağı kim özünə layiq bilirsə, bilsin, mən bilmirəm." deyərək Rusiya teatrından gələn təklifi rədd etməsidir.
 
  Qarşıda duran əsas maneə isə ictimai mühitdir. Əsərdə Oqtayın güclü əzmi ilə digər aktyorların məsuliyyətsizliyinin, xalqın laqeydliyinin təzadlı şəkildə təsviri teatra gedən yolda irəliləməyin çətinliyini təsəvvürümüzdə yaratmağa kömək edir. Səbəbli əlaqə şəklində düzülən hadisələrlə cəmiyyət özü özünü ifşa edir. Qızını səhnəyə buraxmayan kişinin qadın paltarı geyinən aktyoru tənqid etməsi, Oqtayın öz doğma əmisinin “mən qadın tumanı geyən bir adama qız vermərəm” deyib nişanlısını özgəyə verməsi əslində əsərin sonunda səslənən sualı bir qədər tez yada salmağa rəvac verir. Kimdir günahkar? Kişilərin qadın tumanı geyinməsinin də, bu səbəblə tamaşaların qeyri-təbii alınmasının da günahkarı xalqın özü idi. Milli mentalitetinə sığınıb qızının aktrisa olmasına icazə verməyən xalq istedadı olmayıb sadəcə Azərbaycan dilini bildiyi üçün rol verilən rus qızları tərəfindən milli adət-ənənələrin tapdanmasına göz yumur.” Rəhimdən qız çıxmaz, o bir kişidir. Azərbaycan səhnəsində Azərbaycan qadınlığının həyatını keçirmiş bir Azərbaycan qızı, mühitimizdən çıxmış doğma bir yavru olmadıqca...” rus qızı Tamaranın ayaqqabısını evin başında çıxarmasını qınamaq özümüzə istehzamız olardı. 
 
  Oqtay “çəkil,bu zavallı ananın doğma yavrusu mənəm” deyəcək azərbaycanlı aktrisanı gözləyirdi. Onun bu arzusu teatrın gələcək taleyinə ümid, aktyor Xaspoladın Oqtaya ünvanladığı sözlər isə bu ümidin göstəricisi idi:”Oqtay,sənin canın üçün ki,bu halın mənə çox təsir edir.Allaha and olsun ki,bir qızım olsa,səhnəyə gətirəcəyəm”.
 
Bütün bu çaxnaşmanın içində teatr sevgisi,məhəbbət sərgiləyən Firəngizin gəlişi Oqtaya dayağa,”çalışarkən yoran,yorularkən qüvvətləndirən,gülürkən ağladan,ağlayarkən güldürən” səbəbə çevrilir. Qardaşı Aslan bəyin səyləri sayəsində Firəngizin təhsil alması,tamaşalara baxması başqa qadınlarla müqayisədə onun fərqli düşüncəyə malik ailədən gəlməsi kimi görünsə də, atası ilə mübahisə zamanı Aslan bəy söylədiyi sözlərlə özünü ifşa edir.” Axı mən də bacımı gizlətsəm,sabah qlava, qubernator və başqaları mənə də bir vəhşi deyərlər. Mən bir qapıdan girə bilmərəm” deyən Aslan bəy əslində etdiyi hər şeyin nüfuz hərisliyindən olduğunu göstərir. Məhz bu hərislik iki sevəni ayırır, Oqtayı mühitdən intiqam alacağına söz verən səfillər padşahına çevirir.İnkişafı üçün çalışdığı mühit özü onu məhv edir.
 
Cəfər Cabbarlı parlaq gələcək haqqında danışarkən “mən o günü görmədən ölməyəcəyəm” deyən qəhrəmanını “öldürməklə” sanki illər sonraya istehza ilə gülür. O öz istehzasında nə dərəcədə haqlıdır, deyə bilmərəm. Mən yenə də bu zavallı xalqı tanıyır,ona müraciət edirəm. Ona təslim oluram. Qoy o söyləsin: Görəsən dəyişən bizim papağımızdır, yoxsa başımız?!
 
Jalə Səhrəd
 
Kultura.az
Yuxarı