post-title

Futbolun fəlsəfəsi

Bəşəriyyətin gəldiyi indiki mədəni səviyyədə insanın üzərinə düşən əsas vəzifələrdən biri də vəhşiliklərini əhliləşdirməkdir. Vəhşilikəri əhliləşdirmək təbiəti yox etmək deyil, vəhşiliyi düzgün yönləndirməkdir. Təbiətə qalib gəlməyə ehtiyac yoxdur, bu heç mümkün də deyil. Engelsin dediyimi kimi, təbiət üstündə əldə etdiyimiz xırda qələbələr uzun dönəmli məğlubiyyətin xəbərçisidir. Yəni travmalar öz sözünü deyəcək.

 
 
Kişi təbiətinin ovçuluğa, mübarizə aparmağa, qalib gəlməyə ehtiyacı var. Müasir dünyada bütün bunlar kişilər üçün çətindir. Qadınlar üçün isə müasir dünyada kapitalizmlə birlikdə  yığıcılıq rollarını yerinə yetirmələri asandır. Alman filosof Peter Sloterdijkin təbirincə desək, yığıcılıq istehlaka gedən ən asan yoldur. Kişilər oxsuz, yaysız, qılıncsız gəzərkən, çantasız hərəkət edən qadın görmək müşkül məsələdir. 
 
Əsrlər boyu bəşəriyyət müharibədən müharibəyə  gedib. Oğurlamaq, əzmək, üstün olmaq kimi mənasız istəkləri uğrunda qan töküb, öldürüb, söküb, dağıdıb. Tarixdə də nümunələr var ki, bir neçə il müharibəyə getməyən ordu heyəti arasında narazılıqlar başlayıb, onlar qan tökmək, yağmalamaq üçün səbrsizləniblər. Roma dövründə mədəniyyət çiçəklənsə də, qladiator döyüşləri kütlə üçün əsl tamaşa idi. Qulları it kimi bir-biri ilə boğuşdururdular. 
Müasir dövrdə futbol meydançası bütün bunların qansız-qadasız, söküb-dağıtmadan, vəhşilikdən uzaq edilə bildiyi yerdir. Kişilər qol vuraraq, içlərindəki ovçuluq hissini yenidən yaşamaqdadırlar. İki dövlət bir-biri ilə müharibə etmək əvəzinə, öz gücünü futbol meydanlarında sınayır, milli qürurunu stadionda qalib gəlməklə tətmin edir.  Əsgərləri ölüb-öldürməyə göndərməyə ehtiyac yoxdur, stadion qəhrəmanları əzmkar mübarizələrini sərgiləyirlər, qulları boğuşdurmağa ehtiyac yoxdur, müasir idmançılar daha zövqlü şəkildə bizə tamaşa göstərə bilirlər. 
 
Futbolda qalibiyyət üçün strategiyalar, dərin analizlər, planlamalar var. Komanda şəklində hərəkət etmək, fədakarlıq var. Qələbə əzmi, bununla yanaşı rəqibə hörmət var.  Futbolda hakim var, ədalət var. Ədalətə tabe olmaq,  həm də hakimə etiraz var. Futbolda əxlaq və etika var. Futbolda azarkeş var, xalq var. Futbolda beynəlmiləlçilik var, qardaşlıq var. Fərqli millətlərdən, fərqli dinlərdən, fərqli rənglərdə insanların bir komandada, bir məqsəd uğrunda mübarizəsi var.  Böyük turnirlərdə oynanılan futbol oyunlarında strategiyaya, idarəçiliyə, məşqə sərf edilən enerji, içi biz qarışıq, bir çox dövlətlərin idarəçiliyinə sərf edilən enerjidən daha çoxdur. O oyunlarda olan ədaləti, kütlənin rəyini, azadlığı bir çox ölkələrdəki vəziyyətlə müqayisə eləməyə belə dəymir 
 
Bir sözlə, futbol azadlıq, qardaşlıq və bərabərlikdir.  Nobel mükafatlı yazıçı Mario Varqas Lyosa ədəbiyyatın gücünün bir faktorunu azadlığın illüziyasını yarada bilməyində görürdü, haqlıdır. Əlbəttə, ədəbiyyatın gücünün başqa faktorları öz yerində, bu danılmazdır, ancaq azadlığın illüziyasını yaratmaqda futbolun rolu müasir dövrdə ədəbiyyatla müqayisə edilməz dərəcədə çoxdur. Ekzistensialist fəlsəfənin öndərlərindən olan Kamyu “Futbol, yoxsa teatr?” sualına heç düşünmədən futbol cavabını vermişdi. Başqa bir vaxt isə o, futbolun gücünü belə vurğulamışdı: “Əxlaq fəlsəfəsi və insanın təməl vəzifələri haqqında bir çox məsələni futbol klubunda qapıçı ikən öyrənmişəm. Adi insanlar həqiqətləri fəlsəfə və doqmanın qarışıq dəhlizlərindənsə, futbolun sadəliyində daha rahat tapa bilərlər”. 
 
Futbol təkcə izlənməməlidir, həm də oynanmalıdır. Müasir dövrdə ümumiyyətlə kişi, hər hansı bir idman növü ilə məşğul olmalıdır. Arzu olunan odur ki, idman açıq hava altında olsun. Hər kəs bacardığı qədər hərəkət etməlidir, hətta bu məqsədyönlü yerimə də ola bilər. Ancaq özünə zülm verib səhər gün çıxmamışdan durub qaçan insanları mən heç cür başa düşmürəm. Çox mənasızdır. Bədən şişirtmə, dərmanlarla idman salonlarda özünü məhv etmək isə mankenlik psixologiyasıdır, bayağılıqdır, intellektə ziddir. Bernard Şounun ifadəsi ilə desək, "Özünə əziyyət verib idman edən dostlarımı  bir-bir o dünyaya yola salmaqdayam". 
 
Buna görə də, düzgün qidalanma, təmiz hava və yuxu insan sağlamlığı üçün çox vacibdir. Kişilər idmanı əziyyətə çevirməməli, özləri üçün zövq halına gətirməlidirlər. İdman oyunları bacarıqları inkişaf etdirməlidir. Bu mənada yuxarıda da ifadə olunduğu kimi futbolun nəyə qadir olduğunu nəzərə alsaq, onun əvəzolunmazlığını görə bilərik.
  
Aqşin İbişov
 
Kultura.az
Yuxarı