post-title

"Gürcü yazarlar kitablarının qonorarı ilə dolana bilmirlər"

Gürcü bloqçusu və jurnalisti Beka Davutilianinin Gürcüstandakı ədəbi mühit, yazarların problemləri, ictimai-mədəni-siyasi vəziyyət, Gürcüstan azərbaycanlıları ilə bağlı etdiyi söhbəti oxucularımıza təqdim edirik.

 
 
O, prezident Saakashvili dönəmində dövlət məmuru kimi çalışmış, sonra vəzifəsindən istefa vermiş və indiki baş nazir İvanishvilinin komandasına keçmiş, PR meneceri kimi fəaliyyət göstərmişdi.
 
Hal-hazırda o, gürcü qəzetlərində ölkədəki ictimai vəziyyətlə bağlı məqalələr yazır, öz bloqunda müntəzəm olaraq ölkədəki vəziyyəti işıqlandırır.
 
 
 
- Beka, sizi yazar adlandırmaq olarmı? Bizə bir qədər gürcü ədəbi mühiti haqda danışmanızı istərdim. Gürcü yazarları necə dolanır?
 
- Məni jurnalist və bloqçu adlandırmaq daha doğru olar. Bəli, kiçik nəsr əsərləri yazıram, amma gürcü cəmiyyəti məni hələlik yazar kimi tanımır. Gürcüstanda ədəbiyyat, yazı-pozu işiylə məşğul olan adamlar heç də yaxşı dolanmır. Ədəbiyyat adamlarının əksəriyyətinin mütləq dövlət idarələrində, QHT-lərdə ikinci iş yeri var.
 
Məsəlçün, bestseller kitabların müəllifi, dünyada ən çox tanınan gürcü yazarı Aka Morçiladze belə öz kitablarının hesabına dolana bilmir. Bilirsən, bizdə ürəkağrıdan bir məqam var ki, ən istedadlı, tanınan yazar belə əvvəl-axır teleşoularda aparıcıya, şou-biznes ulduzuna, reklam ulduzuna çevrilir. Yazarlar çətin dolanışığın ucbatından bununla razılaşırlar.  
 
- Azərbaycanda da yazarlar kitablarının satışı ilə dolanmır, onların çoxu hökumətyönlü saytlarda işləməklə, yaxud dövlətin verdiyi təqaüdlər hesabına dolanırlar və buna görə də bir çox hallarda hökumətin siyasətini dəstəkləmək məcburiyyəti hiss edirlər.
 
Gürcüstanda da hökumətyönümlü yazar anlayışı varmı?
 
- Bu, postsovet xəstəliyidir, 90-cı illərdə bizdə də bu hal çox inkişaf etmişdi. Sovet boyunduruğundan çıxmış yazarlar yenidən dövlət siyasətini dəstəkləyib, dövlətin verdiyi təqaüdlər, qonorarlarla dolanmalı olduqlarını düşünürdülər. Axı sovetlər dönəmində yazarın bütün gəlirləri dövlətdən gəlirdi və onların yazmaqdan başqa heç bir qayğısı qalmırdı.
 
Lakin Morçiladze, Turaşvili və s. yeni nəsil yazarlar bu halı qəbul etməyib, yazarın özü-özünü doyurmalı olduğunu təbliğ etməyə başladılar. Saakaşvili dönəmində Gürcüstan Yazıçılar Birliyinin hökumətdən maliyyələşdirilməsi dayandırılsa da, hökümətyönümlü yazar anlayışı sürətlə yayılmağa başladı.
 
Bunun bir neçə səbəbi vardı, əvvəla, bütün televiziyalara Saakaşvili höküməti tərəfindən nəzarət edilirdi, oraya çıxan yazarlar höküməti tərifləmək məcburiyyətində olmasalar da, onu açıq tənqid də edə bilməzdi, yazarlara hökümətyönümlü QHT-lər yaratmaq və dövlət məmuru olmaq imkanları verilirdi, bəzi yazarlar isə ya narkotik istifadəçisi, ya seksual azlıq olduqlarına görə polis tərəfindən şantaj edilərək hakimiyyətin siyasətini dəstəkləməyə məcbur edilmişdi. Lakin, bu hal çox uzun müddət davam etmədi, hətta deyərdim ki, gürcü cəmiyyətində kök salmamış sona çatdı.
 
- Bəs indi televiziyalara nəzarət olunurmu?
 
- İndi ölkənin birinci dərəcəli TV-sinə hələ də Saakaşvili partiyası tərəfindən nəzarət edilir. Qalan TV-lər isə azaddır. Bilirsiniz, əslində yeni hökümət gələn kimi bütün media qurumlarını, həmçinin TV-ləri müstəqil qurum kimi, hökümətin boyunduruğundan tam azad, qanunlar çərçivəsində fəaliyyət göstərməyə çağırdı. TV-lər isə hələ də bu azadlığı tam qəbul edə bilməyib. İndi Gürcüstanda medianın öz azadlığını dərk etmə prosesi gedir.
 
- Bəs Gürcüstan Yazıçılar Birliyi indi necə bir qurumdur, cəmiyyətdə ona münasibət necədir?
 
- 90-cı illərdə bu təşkilatın hökümət yanında müəyyən söz haqqı vardı, hətta bir müddət müstəqil, gənc yazarlarla Yazıçılar Birliyi arasında bir münaqişə də yaranmışdı. Hər şey Şeverdnadze hakimiyyətinin sonuna qədər davam etdi. Saakaşvili bu təşkilatdan hər cür dövlət dəstəyini çəkdikdən sonra, get-gedə ona münasibət dəyişdi.
 
Onlar QHT kimi fəaliyyət göstərməyə başladılar və indiyə kimi ancaq öz binalarını kirayəyə verərək, gələn gəlirlə kitablar nəşr etməyə, ədəbi tədbirlər keçirməyə çalışırlar. İndi orda daha çox sovet dönəmi yazarları toplaşıb və heç bilmirəm ordakı yazarların bir məhsuldarlığı varmı. Daha gürcü yazarları bu təşkilata ciddi yanaşmır.
 
- İndi gürcü ədəbiyyatında dünyaya çıxmış, yaxud azərbaycanlı oxucular üçün maraqlı olacaq yazarlar varmı?
 
- Bilirsiniz, SSRİ bizim üçün böyük bir ədəbiyyat və incəsənət bazarıydı. O zamanlar gürcü yazarlarının əsərləri tərcümə olunub bütün SSRİ-yə yayılırdı və gürcü mədəniyyətinə böyük yatırımlar edilirdi.
 
İndi isə Gürcüstan artıq kasıb və kiçik bir ölkədir. Dünyada gürcü dilində bilən çox az insan yaşayır və bu üzdən dünya ədəbiyyatında böyük miqyaslı yazarlarımız yoxdur. İndi sizə sovet dönəmində yaşamış böyük yazarlarımızdan misallar gətirə bilərəm, belələri çoxdur. Müasir dövrdə isə ortada olan bir-iki yaxşı yazar var. Məsəlçün, düşünürəm, Aka Morçiladzenin Azərbaycan-Ermənistan münaqişəsi ərəfəsində Qarabağa səfər edən gürcülər haqda yazılmış romanı Azərbaycan oxucusuna maraqlı olar. Daha sonra Turaşvilinin əsasən Tbilisi və burda müxtəlif millətlərin münasibətlərindən bəhs edən romanları maraqlı ola bilər.
 
​- Gürcüstanda “Qızılgül inqilabı” baş verdikdən sonra hakimiyyətə gələn Saakaşvili tərəfindən çoxlu islahatlar keçirildi. Saakaşvilidən sonra rusiyayönümlü bir adamın hakimiyyətə gəlməsi və Saakaşviliyə qarşı cinayət işi açılmasıyla bu islahatların yarımçıq qalması və cəmiyyətin geriyə, avtoritarizmə yuvarlanması ehtimalı nə qədərdir?
 
Burda söhbət etdiyim bütün adamlar Rusiya nüfuzunun Gürcüstanda yenidən artma ehtimalından danışırlar. Ümumiyyətlə, indi Gürcüstanda nələr baş verir?
 
- Çox şey gözlənilə bilər, amma Gürcüstanın nə vaxtsa avtoritar cəmiyyətə çevrilmək ehtimalı ən son gözlənilənlər arasındadır. İş orasındadır ki, Gürcüstanda hələ orta əsrlərdən bəri demokratiyanın kökləri olub. Şahzadə Tamaranın dövründə parlamentə bənzər bir qurum mövcud idi. Lakin Tamaranın əri I Georgi hakimiyyətə gəldikdən sonra ölkə monarxiyaya çevrildi, bununla da demokratiya cəhdləri məğlub oldu.
 
Gürcü xalqının təbiətində azad yaşamaq eşqi var, əgər ucqar gürcü kəndlərinə getsəniz, bunu daha yaxşı hiss edərsiniz. Həyat şəraitləri pis ola bilər, kasıblıq ola bilər, amma gürcü insanının azadlığını əlindən almaq mümkünsüz bir şeydir. Onu çox sıxma-boğmaya salsan, silaha əl atar, həbsdə yatmağı da göz önünə alar. Bunun üçün də bizim ölkəmizdə diktaturanın qurulması ehtimalını istisna edirəm.
 
Burda heç avtokratiya da ola bilməz. Bunu Saakaşvili ilə münasibətdə gördük.
 
Gəlin Şevardnadzedən başlayaq, o, Rusiyadan gəlmiş bir siyasətçi idi, hər şeyi anlayırdı. Rusiyadan gəlsə də, amerikapərəst bir siyasət yürüdürdü, Rusiya ilə isə oynayırdı, çünki başqa çıxış yolu yox idi. NATO və Avropa Birliyinə doğru ilk addımları da o atmışdı. Onun ardınca bir zamanlar Şeverdnadzenin komandasında olmuş Saakaşvili və Zurab Jvaniya hakimiyyətə gələrək islahatlara davam etdi. Əlbəttə, ilk günlərdə Saakaşvili hər şeyin yaxşı olmasını istəyirdi. Sovet vətəndaşlarından Qərb vətəndaşları düzəltmək istəyirdi.
 
Günlərin bir günü o düşündü ki, ilk öncə iqtisadiyyatı qaydaya salıb, daha sonra demokratik dəyərləri bərpa etməlidir və prinsipcə bu siyasət yolverilməz siyasət idi. Bir zamanlar Trotski də insanları yenidən yaratmaq, tərbiyə etmək iddiasına düşmüşdü. Saakaşvili əvvəlcə insanları avropalı kimi tərbiyələndirmək, sonra qanunları onlara uyğunlaşdırmaq iddiasında idi. 2008-ci ildə, hakimiyyətinin son illərində o bütün perspektivini itirmişdi. Bizi artıq NATO-ya yaxın buraxmadılar, Avropa Birliyi ilə münasibətlər korlandı.
 
Saakaşvili isə sadəcə hakimiyyəti əldə saxlamağa çalışırdı. O, tiranlığa can atırdı, hər kəs izlənilirdi, hər kəsdən şübhələnirdilər. Hətta o, şəxsi fotoqrafını Rusiyaya casusluqda günahlandırıb tutdurdu. Mən özüm Saakaşvili dönəmində kiçik bir dövlət postunda çalışırdım və onun hakimiyyətinin son dönəmində dövlət işində işləmək mənim üçün diskomfort yaradırdı. Çünki Facebookda yazdıqlarıma nəzarət edilirdi, tez-tez işçilər bu üzdən danlanılırdı. Nəticədə mən işimdən istefa verməyi qərara aldım.
 
- Amma yeni hökümətin başçılarından olan İvanişvilinin rusiyayönümlü bir adam olması haqda Saakaşvili özü dəfələrlə deyib.
 
- Əvvəla, bu müxalifətə keçmiş  Saakaşvili partiyasının təbliğatından başqa bir şey deyil.
 
Gəlin baxaq görək İvanişvili hakimiyyətə gələndən sonra nələr edib. Əvvəla, o, hakimiyyətə inqilabla gəlmədi, çünki bu, demokratiyanın təməllərinə ziddir. O, seçkilərdə qalib oldu və seçkidən sonra ilk addımı Avropa Birliyinə girmək istiqamətində oldu. Yeni hökümət hər gün Avropa Birliyinə doğru hansısa bir addım atır. Bütün bunlar Rusiyanın bizdən istədiklərinə ziddir. Gürcü insanı artıq istədiyini demək və etmək vərdişinə yiyələnib, bu halda gürcü cəmiyyətini demokratiyadan qoparıb, diktaturaya doğru aparmaq çox çətindir.
 
- İstərdim bir qədər də Gürcüstan azərbaycanlıları haqda danışaq. Gürcüstanda azərbaycanlılar gürcülərdən sonra sayca ən böyük etnik qrup olsalar da, cəmiyyətin müxtəlif mədəni-ictimai sahələrində nəzərəçarpan qədər təmsil olunmurlar, əksəriyyəti savadsızdır və gürcü cəmiyyətinə qətiyyən inteqrasiya olunmayıblar. Bütün bunların səbəbi nədir?
 
- Həqiqətən də indiyədək gürcü hökümətinin azsaylı xalqlarla bağlı bəlli bir siyasəti olmayıb. Buna görə də biz indi azərbaycanlılar və ermənilərlə bağlı belə bir problem yaşayırıq.
 
Məsəlçün, Gürcüstanda doğulan bir azərbaycanlı bir müddət burda yaşayıb, özünü bu cəmiyyətdə tapa bilmir və nəticədə Azərbaycana üz tutur, bu isə bizim üçün vətəndaş və işçi qüvvəsinin itkisidir. Yanılmıramsa Şeverdnadze dönəmində azsaylı xalqların problemləri ilə məşğul olan bir dövlət qurumu vardı, sonra o ləğv olundu. Bizim hökümət bu problemlərin həlli ilə bağlı təzəlikcə tədbirlər görməyə başlayıb.
 
- Azərbaycanlılar daha çox azərbaycanmənşəlli yer adlarının dəyişdirilməsindən və gürcü milliyyətçiliyi ucbatından qarşılaşdıqları ayrı-seçkilikdən şikayətlənirlər...
 
- Gürcüstanın ilk prezidenti Qamsaxurdiyanın dönəmində, başqa millətlərə qarşı bir aqressiya, ayrı-seçkilik siyasəti vardı, azərbaycanmənşəli yer yerlərinin adları da məhz o dövrdə dəyişdirildi, indi gürcü cəmiyyətində azsaylı xalqlara qarşı mənfi münasibətdən söhbət gedə bilməz, yenə deyirəm bu sahədə problemlər hökümətin azsaylı xalqlarla bağlı siyasətinin olmamasından irəli gəlir. Həmçinin, burda azərbaycanlılar və ermənilərin özündən də çox şey asılıdır. Mən azərbaycanlılar haqda bir neçə məqalə də yazmışam.
 
Deməli, bir dəfə azərbaycanlıların yaşadığı Tekali kəndinə gedirdim və orda yol boyu gürcücə bilən bircə adama da rast gəlmədim. Eyni şeylə Axalkalakiyə səfər edərkən də qarşılaşmışam. Orda əhalinin böyük hissəsi ermənilərdir və gürcücə danışa bilən tək-tük adam var, hətta inandırım ki, Axalkalakidə elə adamlara rast gəlmişəm ki, onlar elə bilirlər Ermənistanda yaşayırlar.
 
Azərbaycanlıların yaşadığı cəmiyyətə inteqrasiya problemini eynilə ermənilər də yaşayır. Onlar yaşadıqları ölkənin dilini öyrənmədikləri üçün, bu cəmiyyətdən kənar qalırlar. Ümüd edirəm bu problemi həll etmək üçün gürcü höküməti tezliklə əsaslı bir siyasət yeritməyə başlayacaq.
 
Söhbətləşdi: Namiq Hüseynli
 
Bakı-Tbilisi-Bakı
 
Oxu Zalı
Yuxarı