post-title

Viktor Hüqo: Gülən adam

Lord Klençarli inqilab bitəndən və parlament rejiminin məğlubiyyətindən sonra da respublikaçı olaraq qalmaqdaydı. Zadəgan nəslindən olan patrisi üçün yenidən bərpa edilmiş lordlar palatasına qayıtmaq çətinlik törətmirdi – restavrasiyadan sonra monarxlar peşmanlıq çəkənləri həvəslə qəbul edirlər. II Karl da qayıdanlara mərhəmətli davranırdı. Amma lord Klençarli hadisələrin ondan nə tələb etdiyini heç cür anlamırdı.

 
 
Kultura.az oxucularına təqdimata ehtiyacı olmayan Viktor Hüqonun ölümsüz əsərlərindən birini təqdim edir.
 
"Gülən adam" romanından bir parça
 
 
 
O zamanlarda keçmişin canlı parçası olan bir nəfər yaşayırdı. Bu, lord Linney Klençarli idi. Baron Linney Klençarli, Kromvelin müasiri, öz zamanında İngiltərədə respublikanı tanıyan azsaylı perlərdən (Lordlar Palatasının üzvü – red.) biri idi. Tanımağının səbəbləri vardı və bu səbəblər, ən nəhayət, tam izahedilən idi – respublika, qısa müddətə də olsa, qalib gəldi. Buna görə də, lord Klençarlinin həmin qələbə zamanı respublikaçılar partiyasında olması təəccüblü deyildi… 
 
Amma lord Klençarli inqilab bitəndən və parlament rejiminin məğlubiyyətindən sonra da respublikaçı olaraq qalmaqdaydı. Zadəgan nəslindən olan patrisi üçün yenidən bərpa edilmiş lordlar palatasına qayıtmaq çətinlik törətmirdi – restavrasiyadan (burada köhnə rejimin bərpası – red.) sonra monarxlar peşmanlıq çəkənləri həvəslə qəbul edirlər. II Karl da qayıdanlara mərhəmətli davranırdı. Amma lord Klençarli hadisələrin ondan nə tələb etdiyini heç cür anlamırdı. Belə ki, İngiltərə öz torpağına yenidən qədəm qoyan kralı sevincli hayqırtılarla qarşılayanda, sadiq təbəələri monarxiyanı bir ağızdan salamlayanda və keçmişdən imtina etmişlər arasında ümumilli təntənə içində sülalə bərpa olunanda da lord Klençarli təslim olmadı. Bu hüznü görmək istəmədiyindən, könüllü şəkildə vətəni tərk etdi. O, per ola bilərdi, amma sürgünü üstün tutdu. Beləcə, illər ötdükcə, bu adam ölü respublikaya sadiqliyini qoruyaraq qocaldı. Bu cür uşaqlıq onu hamının istehza obyektinə çevirmişdi. O, İsveçrəyə çəkildi, Cenevrə gölünün sahilindəki hündür, yarıuçmuş binada məskunlaşdı. Yoldan keçənlər onu nadir hallarda görə bilərdilər. Bu adam nəinki öz ölkəsindən, hətta öz zəmanəsindən də kənarda yaşayırdı. O zaman hadisələrin inkişaf istiqamətindən xəbəri olan hər bir şəxs bilirdi ki, qəbul olunmuş qaydalara müqavimət göstərənə bəraət yoxdur. Restavrasiya – bir növ, sanki ərlə-arvadın barışığıdır, İngiltərə xoşbəxt idi, – kralla xalq öz nikah taxtlarına qayıdırdılar. Böyük Britaniya sevincdən coşub daşırdı – krala sahib olmaq az şey deyil, özü də o bu qədər cazibədardırsa. II Karl lütfkar idi, rahat yaşamağı bacardığı kimi, dövləti də idarə edə bilirdi. 
 
Çemberlenin haqlarında “Lənətəgəlmiş respublika öz zərərli nəfəsiylə hətta bəzi aristokratları da yoluxdurub” dediyi demokratik perlərin sağlam məntiqi tezliklə şəraitə uyğunlaşmağa və onlara lordlar palatasında öz yerlərini tutmağa imkan verdi; bunun üçün krala and içmək kifayət edirdi. İnsanlarda bütün bunlar barədə düşünəndə (gözəl hakimiyyət; digər perlər arasında layiqli yerini tutmamasında lord Klençarlinin özünün günahkar olduğunu dərk etməməsinin mümkünsüzlüyü; İngiltərənin kral sayəsində çiçəklənmənin zirvəsinə çatması) və bunlarla yanaşı, təsadüfən yaddaşlarda bu gözəlliklərdən uzaqda mənasız həyat sürən sürgünçünün, adi rəiyyət geyimində olan qocanın surəti yaranırdı, bu zaman gülümsəməmək çətin idi. Bu qoca ağılsızlığın təcəssümü idi. Şübhəsiz, “lord Klençarli kim ola bilərdi, amma o kim oldu” sualı ətrafında düşünəndə insanların üzlərində yaranan təbəssüm onların mərhəmətindən xəbər verirdi. Əlbəttə, qəzəblənənlər də vardı… İnadkar adamları görmək o qədər xoş bir şey deyil. Belə tərslik qınağa çevrilir, sağlam məntiqli adamlar buna gülərkən haqlıdırlar. Məgər bu cür əyilməzlik comərdlikdi? Məgər özünün həddən artıq fədakar və namuslu olduğunu qabarmaqda şöhrətpərəstliyin payı azdır? Bu yalnız və yalnız süni görüntüdür. Müdrikliyin qaydası var: ifrata varmamaq. İstəsəniz, etiraz və ya mühakimə edə bilərsiniz, amma bunu ədəblə və “Yaşasın kral!” deyə car çəkməkdən yorulmadan edin. Əsl fəzilət – ehtiyatlılıqdır. 
 
Yıxılmalı olan yerə düşür, irəliləməli olan uğur qazanır. Şərait tam aydınlaşanda, bir rejim digərini əvəzləyəndə, qələbənin özü ilə haqqla nahağın, fəlakətlə firavanlığın yeri müəyyən ediləndə heç bir şübhəyə yer qalmır – alicənab adam qalib gələn tərəfi seçməlidir. O, bu addımı, heç şübhəsiz ki, özünə və qohumlarına sərfəli olduğu üçün atmır, həmin şəxs özünü bütövlükdə qalibin ixtiyarına verəndə istisnasız olaraq cəmiyyətin rifahı haqqında düşünür. Heç kəs xidmət etməyə razılıq verməsəydi, dövlətin taleyi necə olardı? Hər şey dayanardı. Ağlı başında olan hər bir vətəndaş öz yerində qalmalıdır. Ən gizli rəğbət hisslərinizi də qurban verməyə bacarın. Bu vəzifələri kimsə tutmalıdır ya yox? Siz könüllü şəkildə sürgünə yollanırsınız? Çox təəssüf. Siz ətrafdakılara nümunə göstərmək istəyirsiniz? Adam şöhrətpərəst olmaz. Siz meydan oxuyursunuz? Bu nə həyasızlıqdır? Özünüzü kim hesab edirsiniz? Bilin ki, biz heç də sizdən əskik deyilik. İstəsək, biz də tərslik və dikbaşlıq edə, sizdən daha pis işlər görə bilərdik. Amma biz ağıllı olmağı üstün tuturuq… 
 
Heç vaxt şeylərin nizamı 1660-cı ildəki qədər aydın və müəyyən olmamışdı. Hələ heç vaxt xoşniyyət adamın davranış xəttində bu dərəcədə dəqiqlik müşahidə edilməmişdi. İngiltərə öz ağır günahlarından tövbə edib, azad nəfəs alırdı, yuxarıda dediyimiz kimi, sevinc hissi bütün ürəkləri bürümüşdü və hökmdar qatilləri üçün qurulan edam ağacları da yalnız bu şadyanalığı artırırdı. İtaətsizlik havası dağılmışdı, monarxa sədaqət bərpa olunurdu. Xeyirxah sadiq təbəə olmaq – artıq bütün şöhrətpərəst cəhdlər bu istiqamətə yönəlmişdi. Hamı siyasi çılğınlıqdan ayılmışdı, hamı inqilabı söyürdü, artıq respublikanı və Haqlar, Azadlıqlar, İnkişaf kimi gurultulu ifadələrin dillərdən düşmədiyi qəribə vaxtları alçaldır, onların təmtəraqlılığına gülürdülər. Məgər vətəndaşların ölkəni idarə etməsi ağlasığandırmı? Vətəndaşlar qoşqudur, qoşqu isə, faytonçu demək deyil. Məsələləri səsvermə yoluyla həll etmək küləyin hökmüylə üzmək kimi bir şey deyilmi? Mən dövləti idarə etmək deyil, şənlənmək istəyirəm. Səs verməkdən bezmişəm, mən rəqs etmək istəyirəm. Nə yaxşı ki, bütün bu işlərlə məşğul olan kral var. Əlbəttə, xalq öz haqqını ödəməlidir, qulluğunu çəkməlidir və bununla da kifayətlənməlidir. Vergi ödəmək və əsgər olmaq – məgər bu azdır? Xalqa bələdçi lazımdı. Xalq cahildir, bəlkə də, kordur. Bəs nə üçün xalq cahildir? Çünki belə lazımdı. Cahillik – fəzilətin qoruyucusudur. Cahil xilasedici zülmətdə yaşayır, onun görmək imkanından məhrum olması da elə onu yolverilməz arzulardan xilas edir. Bu həqiqətlər danılmazdır; cəmiyyət onların üzərində qurulur… 
 
Məlumdur ki, 1650-ci ildə Parlament aşağıdakı and mətnini qəbul edib: “Kralsız, monarxsız, hakimi-mütləqsiz respublikaya sadiq qalacağıma and içirəm”. Lord Klençarli də bu dəhşətli andı içdiyi üçün o, krallığın sərhədlərindən kənarda yaşayır və ümumi firavanlığın fonunda özünü öz kədərində haqlı sayırdı. O, məhv olan şey barədə hüznlü xatirəni qoruyurdu. Görünür, lord Klençarli öz əqidəsinə sadiq idi, daha doğrusu, o, axmaq idi. Mərhəmətli adamlar onun davranışlarını necə izah edəcəklərini bilmirdilər – bu ya uşaq inadkarlığı idi, ya da qoca tərsliyi. Ədalətli və ciddi adamlar isə, bir azda qabağa gedib bu dönük şəxsi damğaladılar. İnsanda kütbeyinlik mümkündür, amma bunun bir sərhəddi olmalıdır. Və ən nəhayət, kimdir axı bu lord Klençarli? – Satqın. O, aristokratiya düşərgəsini tərk etdi ki, tamamilə əks sahilə – xalqa yanaşsın. Düzdür, o, nisbətən güclüyə xəyanət etdi və nisbətən zəifə sadiq qaldı. Düzdür, “xəyanəti” üzündən o hər şeyini – siyasi imtiyazlarını, doğma ocağını, per vəzifəsini və vətənini itirdi. Qazancı nə oldu? Qəribə adam kimi tanındı və sürgündə yaşamalı oldu. Qürur onun əl-qolunu bağlamışdı. “Vicdan”, “ləyaqət” və bu kimi ifadələr əslində boş sözlərdir. Məsələyə dərindən nəzər salmaq lazımdı. Bax, lord Klençarlidə elə bu dərindən nəzər salmaq bacarığı yox idi, o, uzağı pis görürdü, hər hansı bir işdə iştirak etməzdən əvvəl həmişə ona yaxından nəzər salmaq, bu işdən hansı qoxu gəldiyini aydınlaşdırmaq istəyirdi. Onun cəfəng önyarqıları da buradan qaynaqlanırdı. Bu cür vasvasılıqla dövlət xadimi olmaq mümkün deyil. Vicdanlı insan tək əl kimidir, o hakimiyyəti saxlaya bilməz. 
 
Londonda bəzən bu mühacir barədə danışırdılar. Alicənab cəmiyyət gözündə bu adam müttəhimə bənzəyirdi: “Yalnız buna görə bizə qoşulmadı ki, ona çox az pul verdilər. O, kanslerin yerini tutmaq istəyirdi, kral isə, bu vəzifəni lord Hayda tapşırdı” və s. və i.a. Klençarlinin “köhnə dostlarından” biri cəsarətlə təsdiq edirdi: “O özü bu barədə mənə danışıb”. Linney Klençarlinin qapalı həyat tərzi keçirməsinə baxmayaraq, hərdən qarşılaşdığı qaçqınlardan bəzi söz-söhbətlər eşidə bilirdi… Cavabında Klençarli tam keyləşmənin əlaməti kimi yalnız çiyinlərini çəkirdi. Bir dəfə o bu jestini astaca dediyi sözlərlə tamamladı: “Buna inananlara yazığım gəlir”…
 
"Alma" qəzeti 2008
Yuxarı