post-title

Şərqin ən böyük filosofları: BUDDA

Buddanın həyatı elə Buddizm kimi əzablara tab gətirmək, ağrılarla üz-üzə gəlmək hekayəsidir. Eramızdan əvvəl altı və ya dördüncü əsrlərdə yaşadığı güman edilən Budda Nepalda, Himalay dağlarının yamacında, son dərəcə varlı bir kralın oğlu kimi dünyaya göz açıb. Cavan Buddanın o zamanlar Siddhartha Qautama adı ilə tanındığı ehtimal edilir. O, ya Hindistanın kralı, ya da müqəddəs bir insan olacaqdı. Siddharthanın atası oğlunun kral olacağını arzuladığı üçün onu bütün dünyadan təcrdi edərək, sarayda yağ-bal içində böyüdürdü. Sarayın xidmətçiləri, gözəl rəqqasələri, ləl-cəvahiratı oğlun ixtiyarında idi.

 
 
29 yaşına kimi Qautama tam bir cənnət içində yaşamış, xarici dünyanın bütün bədbəxtliklərindən qorunmuşdu. Sonralar həmin dövrü xatırlayan Budda deyirdi: “Ağ çətirlər məni gecələrin və gündüzlərin gətirəcəyi soyuqdan, istidən, nəmdən, tozdan, çirkdən qoruyurdu”. 30 yaşına çatdıqda, o  sarayı tərk edərək qısa gəzintiyə çıxır. Bu qısa səfərdə gördükləri onu heyrətə salır: birinci o, xəstə insanı, daha sonra qocalan insanı və nəhayət, can verən insanı görür. Gördüklərindən dəhşətə düşən Qautama anlayır ki, bu talesiz insanların yaşadıqları bütün insanların başına gələcək qaçılmaz şeylərdir və zamanı çatanda, onun özü də, bunları dadacaq. Gördüklərindən sarsılan və həm də marağa qapılan Qautama, dördüncü gəzintisində bir müqəddəs insanla qarşılaşır. Bu müqəddəs insan böyük əzabların qaynağı olan yaşamın ortasında mənəvi həyatı axtamağı öyrənmiş birisidir. Eyni aydınlığa qovuşmağa can atan Qautama yatmış həyat yoldaşını və uşaqlarını tərk edərək saraydan ayrılır. 
 
Gənc şahzadə Siddhartha xanımı və qulluqçilarıyla birlikdə
 
 
Qautama gördüyü bütün müqəddəslərdən həyatı öyrənməyə çalışırdı. O da, onlar kimi fiziki rahatlıq və həzzlərdən imtina edir. Bu  məhrumiyyətlər onu hətta ölümlə də burun-buruna gətirir, ancaq yenə də, bütün bunlar Gautamanın çəkdiyi əzabları azaltmır. Bir gün, Gautama öz uşaqlığını yada salır: çayın kənarında oturan Qautama görür ki, otları kəsdikcə qarışqaların yumurtaları yerə düşür və məhv olur. Həmin anda Qautamada bu balaca həşəratlara mərhəmət hissi oyanır. 
Uşaqlıqda keçirdiyi hissi xatırlayan Qautama hüzuru illiklərinə qədər duyur. Həmin andan başlayaraq, əncir ağacının altında oturan Qautama aydınlığın ən yüksək pilləsinə çatır. “Nirvana” adlanan bu an sadə formada aydınlanma deməkdir. Beləliklə o, Budda, yəni “aydınlanmış biri” olur. 
 
 
 
Tanq Dinastiyasına aid Çin rəsm əsəri Buddanın ölümü və qocalığı kəşf etdiyini göstərir
 
 
Budda dərk edir ki, yumurtaları dağıdılan qarışqalardan tutmuş, ölən bütün insanların talelərinin ortaq cəhəti çəkdikləri əzabdır. Bunu anlayan Budda əzabın öhdəsindən gəlməyin, onu aşmanın yollarını da tapır: birinci, heç kəs nə rahatlıq və tam bolluq içində üzməli, nə də yeməkdən, rahatlıqdan təməlli imtina etməlidir. Əksinə, hər kəs orta yolu seçməlidir. Bu yolla insan başqalarına şəfqət hissini inkişaf etdirə və aydınlanma mərhələsinə yüksələ bilər. Növbəti addım əzabın ötəsinə keçməyə (İng: transceding) kömək edəcək “dörd nəcib həqiqət” adlanır.   
 
Birinci nəcib həqiqiət - Buddanın saraydan gəzintiyə çıxarkən gördüyü və anladığı  həqiqəti ehtiva edir: həyat daimi əzab-əziyyət və çatışmazlıq hissindən yoğrulub. Bu həqiqətlə bağlı Budda deyirdi: “Həyat çətin və qısadır, əzab isə onun əsas hissəsidir”.
 
İkinci nəcib həqiqət budur ki, bütün əzabların qaynağı bizim arzularımızdır: “arzuların yaratdığı təhkimlilik halı əzablarımızın kökündə durur”. 
 
Üçüncü həqiqət isə odur ki, biz bu arzularımızı idarə edərək və ya onlardan qurtularaq əzabın ötəsinə keçə bilərik. Beləliklə, Budda iddia edirdi ki, biz yaşadığımız həyat şərtlərini yox, dünyaya baxışımızı dəyişməliyik. Bizim bədbəxtliyimiz bizim sevgilimizin və davamçılarımızın yoxluğunda deyil, bizim acgöz və təkəbbürlü olmağımızdadır. Əslində, biz öz ağlımıza yenidən istiqamət verərək sakitliyə və dincliyə qovuşa bilərik.
 
 
 
Buddanın yaradıcılığın heyranedici üzvlərinin əhatəsində əncir ağacının altında aydınlandığını əks etdirən 2-ci əsrə aid abidə
 
 
Dördüncü həqiqəti Budda “səkkizqat yol” adlandırıb. Səkkizqat yol özündə bir neçə “yaxşı” və “müdrik” davranış modellerini birləşdirir: düzgün mülahizə, düzgün niyyət, düzgün danışıq, düzgün hərəkət, düzgün yaşayış, düzgün zəhmət, düzgün düşüncə və düzgün konsentrasiya. Buddanın fikirlərində Qərb insanını heyrətə salan odur ki, Buddaya görə müdriklik təkcə intellektual özünüdərk deyil, bu həm də vərdişdir. Hər kəs öz nəcib impulslarını məşq etdirməlidir. Anlama və dərk etmə isə yaxşı insan olmanın yalnız bir hissəsidir. 
 
Bu kimi düzgün hərəkət və aydınlanma modellərini əsas götürərək insanlar fərdi əksikliklərindən – təşəxxüslərindən, sıxıntılarından və onları bədbəxtliyə sürükləyən arzularından – qurtula bilərlər. Nəticədə isə insanlar onlar kimi əzab çəkən varlıqlara şəfqət hissi ilə yanaşmağa başlayacaqlar. Düzgün davranış və anlayışlı münasibətləri ilə  insanlar mənfi emosiya və düşüncələrini - nadanlıqlarını müdrikliyə, acıqlığı şəfqətə və acgözlüyü səxavətliliyə - əks yöndə dəyişə bilərlər. 
 
 
Fəlsəfəni dəstəkləyən incəsənət nümunəsi: gözəl şəkildə oyulmuş 8 təkərlikli təkər adətən Buddizmin simvolu kimi qəbul edilir. 8 təkərlik "8 qat" yolu göstərir
 
 
Budda Hindistanın şimalına və Nepalın cənubuna gedərək etik davranışları və meditasiyanı insanlara öyrədirdi. O, müqəddəslik və ölümdən sonrakı durumla bağlı çox az danışırdı. Əksinə, yaşamağın özünü ən müqəddəs iş hesab edirdi.  
 
Buddanın ölümündən sonra onun tərəfdarları, onun “sutras” – larını (vəzlərini və ya deyimlərini) yazı formasına salaraq, meditasiyanın, etik davranışların və mənalı yaşantının bələdçisinə çevirdilər. 
 
Budda həyatda olduğu müddətdə onun ideyaları əsasında qurulmuş monastırların sayı Çində və Şərqi Asiyada artmağa başladı. Buddizmin özü Hindistanda çox az insan tərəfindən bilinirdi, sarı rəngə bürünmüş azsaylı qadın və kişi rahiblər təbiətin qoynuna çəkilərək meditasiya edirdi. 
 
Ancaq Hindistanın 3-cü əsrdə kralı olan Aşok (Ashoka) apardığı müharibələrdən bezərək Buddizmə tapındı. O, rahibləri Hindistanın ucqar yerlərinə göndərir və beləliklə Buddizimin yayılmasına kömək edirdi. 
 
Ruhi bir ənənə kimi Buddizim əvvəlcə Asiyada, daha sonra isə bütün dünyada yayılmağa başlayıb. Buddanın tərəfdarları iki əsas məktəbə bölünürlər: Cənubi-Şərqi Asiyada yayılmış Theravada Buddizimi və Çin və Şimali Asiyada yayılmış olan Mahayana Buddizmi. İki qrup bəzən öz mətnlərinə əsaslanaraq, digər qrupun izlədikləri vəzləri və deyimləri etibarsız hesab etsələr də,  onların hər ikisi,  iki min il bundan öncə yaradılmış Buddizmin əsas prinsiplərini qəbul edir və ona uyğun həyat yaşayırlar. Hazırda dünyada Buddizmə etiqad edən 1 milyard yarım insan var. 
 
 
Buddanın ilk dəfə aydınlandığı yerə yaxın olan əncir ağacının altında müasir rahiblər meditasiya edirlər
 
 
Bizim dini kimliyimizdən asılı olmayaraq, Buddanın öyrətdikləri dəyərlidir. Biz də Budda kimi dünyaya gəldikdə, onun özündə nə qədər əzabın olduğunu bilmir, xəstəliyin, ölümün və bədbəxtliyin bir gün bizi də öz hədəfinə çevirəcəyini tam anlamıyla dərk etmirik. Biz yaşlaşdıqca, bu reallığın dəhşətini hiss edir və ondan yayınmaq üçün axtarışlara başlayırıq. Ancaq Budda bizə əzabla üz-üzə gəlməyin vacibliyini öyrədir. Bizlər öz zalım mahiyyətli arzularımızdan qurtulmaq üçün əlimizdən gələni etməli, əzab hissini bütün varlıqların hiss etdiyi, bizi birləşdirən əsas bağ olduğunu dərk etməli və bütün bunların nəticəsi olaraq başqalarına qarşı şəfqət, mərhəmət duyğularına yiyələnməliyik. 
 
İngilis dilindən tərcümə: Emin Aslan
 
Kultura.az
 
Yuxarı