post-title

Zamin Hacı yazır: Elmlə sirkin vəhdəti

Artıq bütün dünya bizim nə ilə əyləndiyimizi bilir. İnanmayan Bakı sirkinə baş çəksin. Hazırda orda fəvvarəli sirk truppası qonaqdır. Arenanın ortasında sözün əsl mənasında fəvvarə quraşdırıblar. Bu fəvvarənin proqrama mahiyyətcə bir dəxli yoxdur - su elə belə axır, püskürür, sirk artistləri də ənənəvi olaraq çıxışlarını edirlər. Kanata dırmaşan, klounluq edən, it-pişik, meymun oynadan... Fəvvarə sadəcə fondur, dekorasiyadır. Truppa, deyəsən, Moskvadan gəlib və görünür, orda bunlara deyiblər ki, Bakıda səhnəni fəvvarə şəklində qayırsanız yaxşıdır, onlar bunu sevirlər, evlərinə su gəlməsə də hər deşiyə bir saxta fəvvarə quraşdırıblar.

 
 
Doğrudan da, bu tərtibatı hər yerə tətbiq eləməliyik. Misal üçün, niyə Azərbaycan Milli Elmlər Akademiyasının otaqlarında fəvvarələr çağlamasın? Onsuz da şanlı alimlərimiz bu obyekti çoxdan sirkə döndəriblər, akademiyanın təyinatı xalqı əyləndirməkdir. İnanmırsınızsa hazırda AMEA bayrağı altına keçirilən gülməli “Bakı Elm Festivalı” tədbirini izləyin. 
 
Mən dünən o tədbirin foto, video xronikalarına internetdə baxdım, fikirləşdim ki, heyf olsun sirkə verdiyim pullar, uşaqları AMEA salonlarına aparsam heç də pis əylənməzdilər. Ağzından od püskürən alimlər, magistrləri çamadana salıb mişarlayan doktorlar, yapizmin kəndirləri üzərində salto vuran akademik qırıqları... Sirkin yetərincə alabəzək repertuarı vardı. Bir yanda neandertal geyimində seyrçiləri güldürməyə çalışan klounlar, başqa tərəfdə nano-aftafa düzəldən gənclər, milli geyimli, düşbərə dodaqlı, xaş yanaqlı, dolma burunlu qızlar-oğlanlar... Necə deyərlər, vur çatlasın, çal oynasın. Hər kəs də bu şəraiti yaratdığı üçün akademiyanın prezidenti Akif müəllimə dərin minnətdarlığını bildirirdi. 
Festivalın çıxışlar hissəsi də çox maraqlıdır. Buyurun, proqramdan bəzi çıxışların adlarına baxın: 
 
“Günəş və poeziya”
“Fizikada ”Kvant nəzəriyyəsi" və bədii ədəbiyyat"
“Azərbaycan poeziyasında Bahar və Novruz”
“Lirikada fizika və dünyəvilik”
“Bioloji sistemlərdə suyun halı və rolu”
“Əsrin müqaviləsi - 20" və sairə. 
 
Suyun halı demişkən, festivaldan bir dəhşətli elmi kəşfi hörmətli oxuculara çatdırmaq istəyirəm. Sitat: “Azərbaycanın əkinə yararlı torpaqlarından məhsul götürmək üçün suvarılmasına ehtiyac var. Ona görə də su çox vacibdir” (APA). Nobelə layiq bu kəşfin müəllifi Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin dekanı Fərda İmanovdur. 
 
Eynilə, AMEA Erroziya və Suvarma İnstitutunun direktoru Seymur Səfərli də Nobel almalıdır. Bu alim isə deyib ki, Azərbaycanın əkinə yararlı torpaqlarının 50 faizə yaxını şoranlaşıb. Hörmətli Seymur bəyi siz oxucular tanıdınızmı? Mən indi tanıdım. Heç belə institut olduğunu da bilmirdik. Sözümün canı odur ki, bu qardaşın torpaqların 50 faizinin şoranlaşmasını görəndən sonra dili açılıb? Bəyəm şoranlaşma faizi 40-a çatanda danışmaq olmazdımı? Cəhənnəm, 45 faizdə. Yoxsa ölkə dağılıb gedir, alimlər fil qulağında sirkə baxırlar. 
Mən demirəm siz Saxarov olun, nə bilim, üsyana qalxın, insan haqlarının pozulmasına, Azərbaycanda dözülməz repressiv, rüşvətxor rejimin kök atmasına, NİDA-çıların həbsinə, əsgər ölümlərinə, cəmiyyətin eroziyasına münasibət bildirin. Bunu Azərbaycan alimi kimi qorxaq qəbilədən gözləyən, uman yoxdur. Heç olmazsa öz sahəniz üzrə vaxtında danışın, öz sahənizin səsini cəmiyyətə çatdırın. 
 
Festivalda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da çıxış eləmişdir və ölkəmizdə innovativ texnologiyaların tətbiqindən-zaddan qırıldatmışdır. Mən orda olsam deyərdim ki, Əli müəllim, innovasiya sizin Novruzəli idarənizin harasına yaraşır, hələ camaata normal telefon xətti çəkin, qalsın yeniliklər. Sistem elə bərbad gündədir ki, adi telefon rabitəsinin pulunu ödəməyi kompüterləşdirə bilmirlər. Haçan poçta gedirsən, deyirlər sistem çöküb. Elektron ödəmə qurğuları isə abunəçinin borcunu göstərmir. İnnovasiya elə sənin kanalizasiya lyuklarında oturub alabəzək naqillərdən “xalça” toxuyan işçilərinə, sabun və qabyuyan toz satan poçtlarına yaraşır. 
 
Xaricdən Azərbaycana zəng vuranların başına gələn əcaib əhvalatı isə yazmağa yer qalmadı. Gələn nömrədə...
 
Zamin Hacı
 
Musavat.com
Yuxarı