post-title

Səadəti tapdığına inanıram...

Şəklin dərinliyində boz payız səmasının bir parçası təsvir olunmuşdur. Uzaq dağ silsilələrinin üzərində külək ala buludları sürətlə qovalayır. Yenicə tökmüş yağışdan sonra hələ də qurumamış qara yol da görünür.

 
 
Mən sarsılmışdım. Step, sanki, çiçəkləyib ləpələndi, qaranlıq çəkildi və geniş stepdə iki sevgili gördüm. Onlar isə məni də görmürdülər, elə bil, mən burada heç yox idim. Mən addımlayır və onların yer üzərində hər şeyi unudaraq mahnının ahənginə uyğun olaraq birgə yırğalandıqlarına baxırdım. Mən onları tanıya bilmirdim. Bu, köhnəlmiş, yaxası açıq əsgər idman geyimi geymiş həmin Daniyar idi. Lakin onun gözləri qaranlıqda elə bil od tutub yanırdı. Ona qısılıb oturan da mənim Cəmiləm idi, lakin o, sakit və ürkək idi, kirpiklərində göz yaşı işıldayırdı. Bunlar yeni, həddindən artıq xoşbəxt adamlar idi. Məgər bu, xoşbəxtlik deyildimi? Axı Daniyar bütün bu ilhamverici mahnıları tamamilə ona həsr etmişdi, onun üçün oxuyurdu, onun haqqında oxuyurdu.
 
Əksəriyyətimiz həyatımızın sıxıcı günlərindən qurtarıb xoşbəxt anlara qovuşacağımıza dair həsrətliklə xəyallar qururuq. Lakin buna çatmaq üçün hansı yolların mümkünlüyü barədə düşünməyə tənbəllik edirik. Düşündükcə insanı anlaşılmaz həyəcan bürüyür. Bu gün çoxumuz öz cəsarətsizliyimizin qurbanına çevrilmişik.
Çingiz Aytmatovun ilk povesti “Cəmilə” (1958) ona dünya şöhrəti gətirdi. Indiki dövrümüzdə baş vermiş bir çox hadisələrlə çulğalaşan bu əsərin mövzusu çoxları tərəfindən məzəmmətlənər bəlkə də. Bəlkə də deyil mütləq məzəmmətlənər. Çünki biz hər şeyin pis tərəfini görürük. Əlbəttə, yaxşını da düşünürük, lakin məzəmmətlənəcəyimizdən qorxuruq, çəkinirik, başqaları nə deyər fikri altında əzilib öz fikrimizi deməkdən çəkinirik. Haydigger fəlsəfəsinə istinadən desəm özümüz üçün yaşamırıq, düşünmürük, çoxumuz düşünməyi belə bacarmırıq. Başqalarının fikirlərilə yaşamayıb, öz istəyinə qanad verdi Cəmilə. Bəli, Cəmilə bunu bacardı. Onu kimin , nəyin xoşbəxt edəcəyini, xoşbəxtlik açarının harada, kimdə olduğunu tapdı, düşünmək bacarığını itirmiş insanların küt sözlərini aşdı.
Yadımdadır, əvvəllər bu povesti mütaliə etmiş birinə necə əsər olduğu haqqında sual ünvanlamışdım. O isə soyuqqanlı və vecsiz şəkildə: “Heç nə, ərini atıb başqasına gedən bir qadından yazıb Çingiz, vəssəlam.” “Gün var əsrə bərabər” kimi bir xəzinənin yaradıcısı Çingiz Aytmatov haqqında deyilmiş bu fikirlər ona edilmiş ədalətsizlik idi.
 
Əsərdə hadisələr müharibənin üçüncü ilində-qırğızların, qazaxların uzaq cəbhələrdə-Kursk və Oryol ətrafında vuruşduğu vaxtlarda cərəyan edir. Həyatımızdakı insanları tanımağa cəhd də etmirik. Sanki “gəl özünü mənə tanıt” deyə səslənirik. Ilk baxışdan öncəgörücülüyümüzü işə salaraq diaqnoz qoyuruq və hər hansı hadisə olub, “o insan əslində fikirləşdiyimiz kimi deyildir” sözlərini söyləyənə qədər davam edər, yaxud həyat bağı üzülənə qədər sürər. Əlbəttə, bu diqnozların doğruluq tapdığına da rast gəlmişik, hər şeyin mümkünlüyünə dair maraqlı xəbərləri oxuduğumuz zamanımızda...
 
Açıq deyim ki, Daniyar o qədər də xoşumuza gəlmirdi. Hər şeydən qabaq onun adamayovuşmazlığı bizi açmadı. Daniyar az danışar, danışanda da hiss olunurdu ki, bu zaman o, tamam başqa şey haqqında düşünür, onun nə isə öz fikirləri var. Öz dalğın, xəyalpərvər gözlərini sənin sifətinə zilləyib baxsa da, başa düşmürdün ki, o, səni görür, ya yox. Onun haqqında belə deyirdilər: “Yazıq oğlan! Görünür ki, cəbhədən sonra hələ də özünə gəlməyib.” Müharibədən sonra özünü toplamaq, yenidən bu həyata bağlanmaq, o məşəqqətləri, o acıları, o cəhənnəmin yaralarını təpitmək, əlbəttə, zaman tələb edir. Təbii ki, “başına gələn başmaqçı olar” atalar sözünü qeyd etmək yerinə düşər.
 
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç. Aytmatov üçün ədəbiyyatda yeganə “böyük mövzu”- insan mövzusu var. Bəli, mənə də yaxın gələn, məhz, insanın düşüncələrinin, istəklərinin, xoşbəxtliyinin, sevincinin hər şeydən üstün sayılmasının Ç. Aytmatov qələmi ilə ifadə edilməsidir.
 
“Bəlkə də, təkcə mən Cəmiləni, öz cenemi  məzəmmət etmirdim. Nə olsun ki, Daniyarın şineli köhnə, ayaqqabıları yırtıqdır, axı mən bilirdim ki, mənəvi cəhətdən o, bizim hamımızdan zəngindir. Yox, heç inanmırdım ki, Cəmilə bədbəxt olacaqdır.” Yox, Kiçinə bala, mən də səninləyəm, mən də Cəmiləni məzəmmət etmirəm. Bu gün mənim kimi minlərlə, milyonlarla gənc səninlədir.
 
Leyla Depp
 
Kultura.az
Yuxarı