post-title

Azərbaycan tarixində qadın

"Demokratik Cümhuriyyət dövründə qadınlara “tanınan” haqlar zaman – zaman proqressiv bir qərar olaraq görülsə də, əslində məcburiyyətdən, göz boyamaq üçün qəbul edilən qərardan başqa bir şey deyil. Versal danışıqları ərəfəsində tələm tələsik qadınlara səsvermə hüququ tanıyan ADR rəhbərləri bununla da böyük dövlətlər qarşısında müsbət təəssürat oyatmaq niyyətində idilər. Hər nə qədər də, tərəqqipərvər bir qərar olsa da, bu qərar aşağıdan gələn bir tələbin nəticəsi olaraq deyil, dünya qarşısında maksimum şəkildə “xal” toplamaq məqsədi ilə tərtib edilmiş bir təşəbbüs idi".

 
 
Qadın sosiogenezisinin tarixi inkişaf prosesi (II Hissə)
 
Azərbaycan tarixində qadın
 
Avropa tarixinə nəzərən bizim tariximiz əsrlər boyu Şərq – İslam dünyasının parçası olaraq görüldüyü üçün cəmiyyətimizin tarixi inkişaf prosesinə bu kontekstdə baxmaq lazımdır. İstər kişilər olsun, istərsə də qadınlar əsrlərlə davam edən qaranlıq, cahillik dövrünün qurbanı olublar. Avropada olduğu kimi, orta əsrlərdə bu torpaqlarda da din güclünün məzlumu əzməsi, hakimlərin xalq kütlələrini idarə etməsi üçün vasitəyə çevrilmişdi. Əgər Avropada bu bir mərkəzdən – Romadan idərə edilirdisə, bizdə isə gözlər və qulaqlar təriqət fərqinə görə fərqli istiqamətlərə yönəlmişdi. Avropada Katolik kilsəsinin gücü Reformasiya hərəkatı, Protestanlığın ortaya çıxması ilə tədricən zəiflədiyi bir vaxtda, bu torpaqlarda təriqətlər, şeyxlər, dərvişlər, üləmalar öz güclərini daha da möhkəmləndirirdi. Belə olduğu halda cəmiyyət qadın, kişi fərq etmədən dinlə idarə edilən  homogen insan topluluğu idi. Bu homogenlikdə qadının arxa planda qalması dinin qayda və qanunları çərçivəsində görülür. Buna görə də, Orta Əsrlər Azərbaycan qadını dedikdə, biz ən yaxşı halda saraylarda yetişən şəhzadələr və ya  öz oğlunu şah etmək üçün çalışan qadınların intriqasından uzağa gedə bilmərik. Orta əsr qadını dedikdə diqqətimizi çəkən dastan və nağıllardakı qadın obrazlarıdır. Burada nakam sevgi, kasıb oğlanın varlı qıza olan sevgisi, yuxuda aşiq olmaq, qovuşa bilməyən sevgililər, qəm – qüssə kimi faktorları sadalaya bilərik. Xalqın aşağı təbəqəsinin zənginliyə can atması, xəyalən də varlı olmaq arzusu adətən kasıb oğlanın varlı qıza aşiq olması ilə başlayan nağıl və dastanların yaranmasına səbəb olan amillərdəndir. 
 
Azərbaycan torpaqları Türkmənçay müqaviləsi ilə ikiyə bölündükdən sonra Şimali Azərbaycan Rusiya İmperiyasının tərkibinə keçdi. Cəmiyyətin homogen çərçivəsindən xilasının simptomları bu dövrdən başlayır. Pastoral həyat tərzinin üstünlük təşkil etdiyi bir cəmiyyət üçün yeni idarəetmə mexanizminə adaptasiya elə də asan olmasa da, tarixən işğalçılarla, gəlmələrlə uyum saxlamaqda ciddi “təcrübəsi” olan bir xalq üçün bunun öhdəsindən gəlmək elə də uzun çəkmədi. Təbii ki, öz xalqının böyük əksəriyyəti elm və maarifdən uzaq olan bir İmperiya üçün yeni torpaqlarda xalqın təhsilə yönəldilməsi elə də cəlbedici görünə bilməzdi. Lakin mərkəzdə, Peterburqda da çox yaxşı başa düşürdülər ki, periferiyadakı yeni xalqın idarə edilməsi üçün savadlı yerli mütəxəssislər vacibdir. 19-cu əsrin başlarında bütün Avropada olduğu kimi, Rusiya İmperiyasında da məmur vəzifəsi kişilərin monopoliyasında idi. Özünə məxsus idarə mexanizminə sahib olan Rusiya İmperiyası yeni torpaqlardakı canişinlikdə, dövlət idarələrində yerli xalqdan mütəxəssislər işə götürməyə başladı. Bu məmurlardan biri, bir xalqın gələcəyini kökündən dəyişdirəcək, yeni bir axın başladacaqdı. Mirzə Fətəli Axundzadə fenomeni yaranmağa başlayırdı.
 
Orta Əsrlər Avropa tarixi üçün humanistlərin rolu nə qədər böyük və vacibdirsə, ondan 300 il sonra yaşamış Mirzə Fətəlinin rolu da Azərbaycan üçün bir o qədər əhəmiyyətlidir. Yaşadığı zamanın  çox irəlisində olan Mirzə Fətəli cəmiyyətdəki problemləri yeni bir anlayışla dilə gətirərək, cəmiyyətə güzgü oldu. Onun dram əsərlərində bütün zümrələrdən, peşələrdən olan  hər bir kəsin naqisliyi  xüsusi ilə qabardılırdı. Bu naqisliklər arasında saf, təmiz, bəzən də avam və məzlum qadınların sıxıntı və kədəri tamaşaçıya çatdırılır. Adaxlısının zindandan azad olması üçün yalvaran Sona xanım (Hacı Qara), yenə adaxlısının Parisdə firəng qızları ilə eyş işrət yaşayacağı qorxusuna düşən təmiz qəlbli, ürkək Şərəfnisə xanım kimi qadın obrazları oxucuda, tamaşaçıda rəğbət hissi oyatsa da, əslində bu xanımların düşdüyü çarəsizlik də diqqətdən qaçmır. Dövrün mövcud şərtləri altında əli qolu bağlı olan bu xanımlar, talelərindən şikayət edir, çarəni Allaha dua etməkdə görürlər. Bundan başqa biz Axundzadənin komediyalarında mənfur düşüncəli (Səkinə xanım, Zeynəb) və zirək, ağıllıv(Şəhrəbanı xanım) qadın obrazlarına rast gəlirik. Bir daha da aydın olur ki, Mirzə Fətəli qadınların yaşadığı çətinlikləri oxucuya göstərməklə bərabər, bu çətinlikləri dəf etmək üçün çıxış yollarını axtaran qadın obrazını da təqdim edir.  Axundzadənin qadın obrazları qarşılarında duran problemi görür, çıxış yolları üçün məhdud çərçivədə nəticəyə nail olmaq istəyir. Buradan biz rasional düşüncənin qığılcımlarını görürük. Hər nə qədər də, problemin həlli cadu-duada (Şəhrəbanu xanım) və ya fitnə fəsadda (Zeynəb) axtarılsa da, Axundzadə dövrün sosial şərtlərini qadınların  sımasında oxucuya çatdırır. İllər sonra Mirzə Fətəlinin dram əsərlərini yenidən oxuyanda, bu əsərlərini nə qədər dərin sosioloji mətləblərdən xəbər verdiyini bir daha dərk etdim. Bu qəbildəndir ki, dövrün sosial şərtlərinin yaranması və oyun qaydalarının hansı istiqamətdə inkişaf etdiyini qadınların dialoqlarında daha aydın şəkildə görə bilərik. Buna misal olaraq “Hekayəti Müsyö Jordan və Məstəli Şah” əsərindən Şəhrəbanu xanım və evin qulluqçusu Xanpəri arasında keçən dialoqa nəzər yetirək:
 
Şəhrəbanu xanım: .....Doğrusu, Şərəfnisəni gözüyaşlı görə bilmənəm! Allah götürərmi Şahbaz getsin Parisdə kef etsin, on beş yaşında gül üzlü uşağım ah çəksin, qan tüpürsün, saralıb sapa dönsün, incəlib ipə dönsün?
 
Xanpəri: Xanım, əlac odur ki, bayaq sənə deyirdim. Nə lazımdır ki, Hatəmxan ağadan və ya özgəsindən minnət çəkəsən. Göndər qonşuluqdan, Ağcabədi kəndindən, Qızılbaşdan gələn dərviş Məstəli şahı gətirib necə ki, sənin muradındır, bu işi elə düzəltsin. Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar.
 
Şəhrəbanu xanım: Xanpəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma genə bir az səksəkəliyəm; o etdiyi işlərdən heç bilirsənmi? De görüm ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir. 
 
Xanpəri. Xanım, ağcabədili Kərim koxanın arvadı Səlminazı o boşatdırıb oynaşına verdirmədimi? Muğanlı Səfərəli kişinin qızını sevgilisinə qovuşdurmadımı? Dədəsinin ki, qızı verməyə razı olmurdu, cadu ilə öldürmədimi? Cavadlı Kərbəlayı Qənbər qızı Şahsənəmin ərini, bir illik yoldan arvad almasın deyə, qaytarıb gətirmədimi? Onun əlindən heç zad qurtarmaz!
 
İki “avam” qadının dilindən söylənən bu sətirlər cəhalətin, qara güruhun cəmiyyətdəki hegemoniyasını təsvir etməklə bərabər, qadınların daxilində yatan fitnə-fəsadı da üzə çıxardır. Xanpərinin dilindən söylənən sözlər ilk baxışda qulluqçu qadının canfəşanlığı kimi görünsə də, Mirzə Fətəli əslində o dövrdə də, qadınların oynaşlarının olmasına, qapalı cəmiyyətdə belə gənc qızların eşq oyunlarından kənarda qalmadığını göstərir. Ailə, cəmiyyət, adət - ənənə basqısı hər nə qədər sərt olsa da, gənc qızlar- qadınlar boşluq tapıb, bir “növ cavanın” qoyununda, qollarında özləri “səadətə” çatdırırdı.  Mirzə Fətəli dövrünün insanını öz komediyalarında canlandırdığı üçün  bəhs etdiyimiz dialoq ədibin fantaziyasının məhsulu olaraq məhdudlaşa bilməzdi. 200 il əvvəl nümunə göstərilən qadın obrazları bu gün də cəmiyyətimizin aparıcı qüvvəsini təşkil edir. Bu gün də cəmiyyətimizdə evli qadınların yad kişilərlə eşq - əyləncələri, daima nəzarət altında olan gənc qızların öz sevgililərinə qoşulub qaçması həyatımızın bir parçasına çevrilib. Mirzə Fətəli Axundzadənin böyüklüyü də gələcəyə xitab etməsi, onu təsvir etməsi idi. Məntiqi nəticəsi olaraq, ondan sonra gələn yeni nəsil, cəmiyyətdə qadın problemini daha dərindən işləyəcək, problemləri ucadan dilə gətirəcəkdi. 
Mirzə Fətəli Axundzadənin başlatmış olduğu axın 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində özünün ən məhsuldar dövrünə qədəm qoydu.  Qəzet və jurnalların sayı da nəzərə çarpacaq qədər artmış, oxucu kütləsi tədricən çoxalmışdı. Buna baxmayaraq, qadın problemini dilə gətirən şəxslər barmaqla sayılacaq qədər çox az idi. Bir çox qəzet və jurnalların qadın məsələsinə məsafəli olmasının səbəbləri arasında mövcud ictimai – sosial vəziyyəti gərginləşdirməmək, din xadimlərinin, qoçuların, qolu zorluların qəzəbindən yayınmaq kimi ciddi əsasları var idi. Lakin təhlükəni görən və bunu dilə gətirən Cəlil Məmmədquluzadə, Əbdürrəhim Haqverdiyev, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov kimi az saylı Maarifçilərimiz qadınların kişilərin təşəbbüsü olmadan nəyəsə nail ola bilməyəcəklərini anlayırdılar. 20-ci əsrin Neft Bakısında işçi sinfinin böyük əksəriyyəti kişilərdən ibarət olduğu üçün, qadınların əmək prosesindən kənarda qaldığına görə Avropada olduğu kimi, qadın hərəkatından söz gedə bilməzdi. Ölkə səviyyəsində təhsilin çox aşağı səviyyədə olması, üstəgəl qadınların bundan məhrum olması da digər bir səbəbdir. Və ən nəhayət, müstəmləkə şəraitində yaşayan bir ölkənin idarə edilmə mexanizmi də, qadınların bütünlüklə nəzərlərdən uzaq qalmasını şərtləndirirdi. Bu cür şərtlər altında qələmə sarılan az saylı ədiblərimiz qadın hüquqlarının müdafiəçisinə çevrildilər.
 
Ziyalılarımız hər nə qədər də, kişilərin qadınlara imkanlar yaratmasını təbliğ etsələr, təhsilin vacibliyini vurğulasalar da, zaman - zaman üzlərini qadınlara da tuturdular. Onları da bu prosesə qoşulmağa səsləyirdilər. Hətta, o vaxt belə ziyalılarımız az saylı, oxuyub təhsil almış xanımların laqeydliklərindən şikayətlənirdi. Baxın görün, Cəlil Məmmədquluzadə “4 İyun, Tiflis” adlı məqaləsində nə yazır:
 
"Söyləyirlər ki, Tiflisdə, Bakıda, Krım, Kazan və bəzi qeyri yerlərdə müsəlman qızlarından da elm və tərbiyə təhsil edənlər tapılar. Lakin biri – birimizə bu tövr təskinlik verə - verə biz məhz özümüzü aldadırız. O səbəb ki, bizim təhsil tapmış xanım qızlarımız öz təhsilləri və hüsnü - əxlaqları ilə tərbiyəsiz və elmsiz qadınlardan seçilirlər. Vaqeən, harada və nə işdədirlər bizim “Obrazovanni” xanım qızlarımız?
 
Doğrudur, gah belində “korset” və başında şlyapa, üzüaçıq teatrda oturub durbin ilə tamaşagaha diqqət edirlər ya küçələrdə, sovqatlarda kamali-təşəxxüs və əzəmətələ qədəmlərini ufaq-ufaq basıb, səy etməkdədirlər ki, xarici millətlərin “Barişnalarına” bənzəsinlər, oxumasınlar. Lakin elm və təhsildən murad budurmu?
Mədəniyyət və insaniyyət zahiri geyimdən, gəzişdən...ibarət zənn edən bu kimi arvadların ərlərinə nə tövr arvadlıq, uşaqlarına nə tövr analıq edəcəkləri sayani- diqqət bir məsələdir.
 
.... Təhsil görən xanım – qızların hansı bir neçə qız uşağı başına cəm edib, biçarə vətən balalarımıza tərbiyə verməyə mübaşir oldu?"
 
Bu sətirlər yazılarkən təhsil almış xanımların məqsədi öz maraq və ehtiyaclarını təmin etməkdən ibarət olub. Elə bu gün olduğu kimi. Qadın hüquqlarının güclü müdafiəçisi olan Mirzə Cəlil bu sətirləri yazarkən gələcək nəsillərə veriləcək töhvə, xanımların savadlanması, qadınların cəmiyyətə faydalı olması kimi nəcib fikirləri təbliğ etmək istəyirdi. Lakin yuxarıdakı sətirlərin üstündən 6-7 il keçdikdən sonra “Molla Nəsrəddin” jurnalında  dərc olunan karikaturada (ana ilə qızı arasında) belə bir dialoq keçir:
 
- “Qızım bunların hansına ərə getmək istəyirsən?”
- “Hacıya getməyə razıyam. “
Sonra anası davam edir.
- “Ay qızım, günah heç kəsdə deyil, özündədir. Sən istədin həmi ərin dövlətli olsun, həmi sənə azadlıq versin, həmi də çox pul versin ki, yaxşı paltarlar geyib cavan oğlanlara xoş gələsən. İndi dustaq kimi otur evdə, heç kəsdən incimə.”
 
Bu sətirlər 17 yaşlı Sona xanım Ərəblinski və 70 yaşlı Hacı Zeynalabdin Tağıyevin izdivacına “həsr edilmişdi”. Sonralar bu gənc xanım ərinin ailə dostu  ilə Hacıya xəyanət edəcək, Hacı da bunun əvəzində həmin gənci “axtaladacaqdı”. “Molla Nəsrəddin” jurnalı bu hadisəni də gündəmə gətirəcək və Bakıda xoşa gəlməz hadisələr baş verəcəkdi. Bütün bunlar olarkən, “Molla Nəsrəddin” və redaksiya heyəti yenə də ciddi-cəhdlə qadınları müdafiə etməyə davam edir, millətin gələcəyinin məhz oxumuş qadınların dəstəyi və təşəbbüsü ilə yüksələcəyinə olan inancını müdafiə edirdi. Diqqət çəkən məsələ budur ki, o günlərdə də, təhsil almış xanımlar bunu daha yaxşı izdivaclar qura bilmək üçün bir imtiyaz kimi görürdülər. 100 ildən artıq zaman keçməsinə baxmayaraq, bu gün də, ali təhsil alan xanımlar diplomu və universitetdə keçirdikləri zamanı zəngin ər namizədinə “ilişdirilən“ qarmaq kimi görürlər. 
 
Demokratik Cümhuriyyət dövründə qadınlara “tanınan” haqlar zaman – zaman proqressiv bir qərar olaraq görülsə də, əslində məcburiyyətdən, göz boyamaq üçün qəbul edilən qərardan başqa bir şey deyil. Versal danışıqları ərəfəsində tələm tələsik qadınlara səsvermə hüququ tanıyan ADR rəhbərləri bununla da böyük dövlətlər qarşısında müsbət təəssürat oyatmaq niyyətində idilər. Hər nə qədər də, tərəqqipərvər bir qərar olsa da, bu qərar aşağıdan gələn bir tələbin nəticəsi olaraq deyil, dünya qarşısında maksimum şəkildə “xal” toplamaq məqsədi ilə tərtib edilmiş bir təşəbbüs idi. Yarandığı gündən anlıq, təsadüfü qərarlarla ölkəni idarə etməyə çalışan ADR liderləri qadınları düşündükləri üçünmü, yoxsa siyasi maraqlar üçün bu kartı istifadə etdiyi hələ də qaranlıq görünür. Qərar qüvvəyə minməsə belə, istənilən halda tariximizin əllə tutula biləcək mütərəqqi hadisələrindən biri olaraq ölkə xaricində zaman – zaman dilə gətirə bilirik. 
 
Lakin Azərbaycan qadınının cəmiyyətdə təqdirəlayiq bir mərtəbəyə qalxması sosializm ideyalarının bu torpaqlarda bərqərar olmasının ardından  başladı. Təhsilə, təlim – tərbiyəyə xüsusi diqqət, qadınların cəmiyyətdə öz yerlərini tapması da məhz sovetlərin dövrünə təsadüf edir. Yeni insan modeli yaratmaq ideyası ilə yola başlayan sovet liderləri, ittifaq respublikalarında da bu ideyanın reallaşdırılması yolunda sərt tədbirlərdən çəkinmədilər. Məsələn, qızlarını məktəbə göndərməyən valideynlərin evinə polis göndərilməsi, onların ciddi xəbərdarlıq edilməsi də bu qəbildəndir. Lakin sovetlər əmək və kollektivləşmə ideyasının üzərində o qədər fokuslanmışdılar ki, zaman – zaman ağır peşələrdə (traktorçuluq, neftçi və s.) qadınların çalışması da, onlar üçün elə də əhəmiyyətli hesab edilmirdi. Sovetlər Azərbaycan qadınına təhsilin, elmin qapısını açsa da, unudulan bir şey var idi. Bu da millətin keçmişdə formalaşan sosiogenezisidir; hansı ki, bu əsrlər boyu davam edən qapalı cəmiyyətin məntiqi nəticəsi olaraq ortaya çıxmışdı. Məhdud azadlıq imkanları altında rahatlığa çıxan Azərbaycan qadını, ilk sərt müdaxilədəcə öz keçmiş vəziyyətinə dönəcək və bununla razılaşacaqdı.
 
Sovetlər dağıldıqdan sonra, maddi sıxıntıların fonunda bir də ortaya çıxan Qarabağ müharibəsi bütün cəmiyyətdə şok effekti yaratdı. Müstəqilliyini yenidən əldə edən bir ölkənin dərhal müharibə ilə üzləşməsi böyük demoqrafik, mədəni, sosial, ictimai problemləri özü ilə gətirdi. Müharibə bizdən torpaqlarımızı, insanlarımızı, dəyərlərimizi söküb aldı. Soyqırıma məruz qalan xalqımızın öz qadının ləyaqətini qorumaqda nə qədər aciz qaldığı ən azı lent yazıları, fotolarda günümüzə qədər gəlib çatıb. Lakin həmin müharibədə könüllü olaraq, döyüşçü, tibb bacısı olaraq iştirak edən Azərbaycan qadını bizlərə məlumdur. Və həm də o məlumdur ki, həmin qadınlarımız müharibədən sonra nə əziyyətlər çəkmiş, necə məhrumiyyətlərə düçar olmuş, çoxusu səfalət içində vəfat etmişlər. Lakin həmin dövrdə, müstəqilliyin gətirdiyi imkanlarla ortaya çıxan digər qrup qadınlar isə lüks həyat sürəcəkdilər. 
 
Əslinə qalsa müstəqillik mövcud Azərbaycan qadınını üzə çıxartdı. Bu qadın əsrlərdir qapalı cəmiyyətin bir parçası olub, bütün məhrumiyyətlərə dözüb və eyni zamanda da xəlvətdə öz işini görməyi də unutmayıb. Lakin cəmiyyətimizdə qadın inkişafının təməl problemlərindən biri onun (qadının) əldə etdiyi bütün imkanların kişilər tərəfindən reallaşdırılmasıdır. Azərbaycanda qadın hüquqlarından tutmuş, gündəlik ictimai – mədəni məsələlərə qədər ən fundamental təşəbbüslər kişilər tərəfindən irəli sürülüb və gerçəkləşdirilib. Azərbaycan kişisi öz yanında görmək istədiyi qadını Avropa modelindən götürsə də, yerli əhval - ruhiyyəni göz ardı etməmiş və buna uyğun təşəbbüslər irəli sürmüşdü. Sovetlərə qədər ziyalılarımız bir qayda olaraq müsəlman – türk xanımları ilə ailə qurduqları üçün, təhsil almış, fəal qadınların olmasını daima dəstəkləyirdilər. Sovetlərin təbliğ etdiyi beynəlmiləl, xalqların qardaşlığı ideyasından yola çıxaraq rus, yəhudi, ermənilərlə evlilik də təbii bir hal sayılırdı. Amma həmin beynəlmiləl seçim imkanı 90-lardan sonra demək olar ki, aradan qalxdı. Böyük şəhərlərə üz tutan axın nəticəsində başqa millətlərin nümayəndələri də, Azərbaycanı tərk etdi. Demoqrafik problem ailə institutunu və qadınların təfəkkürünü yenidən şəkilləndirdi. Artıq rus, yəhudi, erməni və ya başqa millətdən olan bir xanımla ailə qurmaq ehtimalı getdikcə azalırdı. Buradan ən çox qazanclı çıxan da, məhz qadınlarımız oldu. Onların gözündə Azərbaycan kişisinin tək seçimi elə Azərbaycan qadını olacaqdı. Sosial şərtlərin dərinliyindən xəbərsiz olan Azərbaycan qadınının bu fərziyyəsi özünü doğrultdu. Cəmiyyət yenidən homogenləşirdi. 
 
Qadınlarımız, ailə institutunun onlarsız qurulmayacağını dərk etmişdilər. Bu, müstəqillik sonrası qadınımızın öz “gücünü” dərk etməsinin ən bariz nümunəsidir. Artıq ailə institutunun qarşısında Azərbaycan qadınına əngəl yaradacaq heç bir ünsür qalmamışdı. Buna görə də, qadınlar öz kriteriyalarını da yüksəltdilər. Daha yaxşı həyat ehtirası qadınları pulu, maşını, maddi imkanları olan kişilərə yönəltdi. Qadınlarımız yaxşı həyat dalınca sürükləndikcə, artıq öz haqlarını və öhdəliklərini də unutdular. Qadın həmrəyliyi öz əhəmiyyətini itirdi. Onlara görə varlı, cazibədar, savadlı kişini əldə etmək prioritet məsələyə çevrildi. Qarşılarına çıxan rəqibləri (digər qadınları) müxtəlif fitnə-fəsadla (haqqında söz çıxartmaq, şantaj və s.) sıradan çıxartmağa başladılar. Həmin “kommersant” kişi ilə evlənmək tək bir qadına nəsib ola bilərdi və qadınların öz aralarında başlatdıqları mübarizə Azərbaycan kişisinin gözünü açdı.  Kişilər də, artıq gördülər ki, qadınlar güclü, pullu və qadının ehtiyaclarını (ələlxüsus da maddi) təmin edə biləcək kişilərə meyilləniblər.  Qarşılıqlı rəqabət prosesində bu gün cəmiyyətimizdə gördüyümüz kişi və qadın nümunəsi yarandı. Onlar bir-birini nizamlayır və cəmiyyətimizi formalaşdırır. Onlar əslində bir – birilərinin tayıdırlar. Biri olmasa, o birisi də ola bilməz. Maarifçilərimiz də bunu görüb, dəyişiklik ideallarına özlərindən başladılar. Bütün məşəqqətlərə sinə gərərək qadınların cəmiyyətdə ön plana çıxmasını müdafiə etdilər. Bilirdilər ki, öz sözünü deyə bilməyən qadın bir yerdən sonra kişinin də deqredasiyasını sürətləndirəcək. Və gələcəyi görürdülər. Böyük qorxuları var idi və biz həmin qorxuların təcəssümüyük. Biz, qadın – kişi fərq etmədən cəmiyyəti çox eybəcər hala gətirdik. Nəticəsi də məlumdur, qadına şiddət, küçə ortasında öldürülmə, eyni zamanda da, qadınların eybəcər müasirləşmə iddiaları, mənəviyyatın və inancın itməsi.... Bütün bunlar bu günkü cəmiyyətimizin gəlib çatdığı nöqtədir.
 
Tural Amin 
Antverpen Universiteti 
Sosial Elmlər Fakultəsi 
03.05.2015
Yuxarı