post-title

Əlvida, neft

Bəzən elə olur ki, insan bir ömür yaşayır, öz həyatını, situasiyasını dərk edə bilmir, ancaq qıraqdan baxan kimsə onun 30-40 il yaşayıb dərk etmədiyini bir neçə dəqiqədə dərk edir və analizini verir. Bu, insanın yaşadığı ölkəsiylə də bağlı ola bilər. Bu günlərdə buna bir daha əmin oldum.

 
 
Bakıya gəzməyə gələn 19 yaşlı maraqlı bir rusla tanış olmuşdum. 10-15 gün Bakıda qaldı, gəzdi, insanlarla danışdı, müşahidələr elədi, sonra isə təəccübünü heç cür gizlədə bilmədi. Bir gün mənlə söhbətində belə dedi: "Azərbaycanda hər şey puldu, hər şey pulla ölçülür, dediyin hər sözdə, atdığın hər addımda mənfəət güdülür. Dostluğun da, sevginin də, adi qızla tanış olmağın da başında pul dayanır. Siz necə yaşayırsız burda? Mən elə bilirdim ən pis bizik, indi başa düşürəm ki, bizdən də betərləri var...”
 
Gənc rus bizə baxıb, öz ölkəsinə şükr etməyə getdi. 
 
***
 
Xeyli vaxtdır "tarqovı”nın açıq kafelərində axşamlar canlı musiqi ifa edilir. Həm də bir yox, dörd-beş məkanda. Əvvəlcə səsgücləndiricilərin səsi zəif idi, sonra musiqi yüksəkdən eşidilməyə başladı. İndi şəhərin mərkəzinə daxil olanda, elə bil konsert zallarına ayaq basırsan. Kafelərdə oturmağa yer yoxdur, camaat kənarda ayaq üstdə, ya da oturub musiqi dinləyir. Proses təzə başlayanda adamlar sakitcə tamaşa edirdilər, sonra zamanla ifaçıları alqışlamağa başladılar, sonra ifaçılarla birgə oxumağa başladılar, bir neçə gün əvvəl isə kafedə hətta rəqs edən qızlarla oğlanlar gördüm. Qəribədir. Bizim ölüvay şəhər mərkəzi qəfildən canlanıb.
 
Bəlkə də artıq böhran öz sözünü deyir, canlanma da buna görədir. Pul olanda baş işlətməyə, kreativ olmağa ehtiyac qalmır. Amma artıq kafeyə, restorana ayaq basan yoxdursa, nəsə eləməyə, müştəri cəlb eləmək üçün ideyalar fikirləşməyə məcbursan. Nəticə göz qabağındadır. Canlı musiqiyə görə kafelər ağzına qədər dolub daşır, oturmağa yer tapmayanlar var. 
 
Bu, hələ şəhərin mərkəzində gözə girən yeniliklərdi. Digər sahələrdə də insanlar yeniliklər eləməyə, kreativ olmağa məcburdurlar, yoxsa iflas və yoxsulluq qaçılmaz olacaq... 
 
Şəhər mərkəzindəki bu şadyanalıq, vur-çatdasın iqtisadçıların tez-tez təkrarladıqları klişe ifadəni yada salır, çincədən gəlmə "krizis” sözü həm böhran, həm də fürsət mənasını verir. Çətin, böhranlı dövr başlayır, amma bu, baş işlətmək, düşünmək üçün də bir fürsət ola bilər. 
  
Artıq neft sərxoşluğu dövrü arxada qalır. Neftin qiyməti də düşür, özü də qutarır, pul da tükənir. Daha milyardlar olmayacaq. Əcəb keflər olmayacaq. Son qəpik-quruş da xərclənəndən sonra, bu gözəl, tənbəl  əyyamların dadı çoxlarının damağında qalacaq. 
 
Pula sitayiş edilən cəmiyyətdə pulun qutarmağa başlaması isə çox böyük sarsıntıdır. Deyilənə görə, yaxınlarda manat yenə devalvasiyaya uğrayacaq. O zaman bizimkilər yəqin ki, neft sərxoşluğundan birdəfəlik ayılacaqlar... 
 
Azərbaycanda pulun nəyə qadir olduğunu zaman sübut elədi. Pul hər şeyə qadirlik illuziyası yaratdı, limitsiz yalanlar danışıldı, insanlar pula görə alınıb-satıldılar, müəllimlər pula görə şagirdləri mənəvi baxımdan, həkimlər xəstələrini fiziki baxımdan şikəst etdilər, insanlar pula görə bir-birinin üzünə durdular, qızlar gözəlliklərini "Hammer”ə dəyişdilər, gənc oğlanlar karyeralarını yalana həsr etdilər və s. və ilaxır. 
 
İndi hər kəsin nəyisə itirmək qorxusu var. Dövlət məmuru kreditlə adığı kreslosunu, müəllim kreditlə aldığı paltaryuyan maşını, fəhlə də kreditlə aldığı "iPhone”ni itirməkdən qorxur. Qorxular müxtəlifdir, heç nəyi olmayanlar quruca xəyyalarını, gələcəklə bağlı arzularını itirməkdən qorxurlar.
Əşya fetişizmi, komfort düşkünlüyü adamları dəymədüşər və narahat edib. Gərginlikdən bir-birini parçalamağa hazır adamlar var, itkilərin nə dərəcədə olmasından asılı olaraq, bunu hər an reallaşdıra bilərlər.
 
Ancaq neft olmayanda, pul az olanda da insanlar yaşayır və acından ölmürlər. Azərbaycanda da əvvəllər heç kim acından ölmürdü, insanlarda da itirmək qorxusu daha az idi. Hətta kasıb, parıltısız 90-cı illərdə, 2000-ci illərin əvvəlində cəmiyyət daha azad, daha rəngarəng idi. Ölkədə siyasi mühit, hakimiyyət-müxalifət anlayışı var idi; güclü mətbuat var idi: mədəniyyət istehsal edirdi, gözəl filmlər çəkilirdi, gözəl musiqilər bəstələnirdi; kreativlik var idi; insanlar arasında indiki kimi yadlaşma, qütbləşmə yox idi. Saysız-hesabsız çatışmazlıqlar mövcud olsa da, çətin ki, indikindən pis ola. Söhbət nostalgiyadan getmir, bu həqiqətdir ki, o zaman Azərbaycan daha maraqlı, daha rəngarəng və daha ümidliydi. 
 
Sonra pul gəldi və göstərdi ki, kreditlə xoşbəxtlik götürmək mümkün deyil. Daim itirmək qorxusuyla yaşayan insan rahat ola bilməz. 
 
Parıltının, dəbdəbənin, villaların, evlərin, avtomobillərin, paltaryuyan maşınların, telefonların xoşbəxtliklə heç bir əlaqəsi yoxdur. Gözəl dəniz mənzərəsinə baxmaqla, maraqlı kitab oxumaqla, maraqlı kinoya baxmaqla, heç vaxt tanımadığın adamla söhbət etməklə, ehtiyacı olana yardım əlini uzatmaqla da xoşbəxtlik və dinclik tapmaq olar. Pulla alınmayan kiçik şeylər var və əslində məhz onlar böyük mənəvi zənginliyin və dincliyin açarıdır. 
 
Pul qutarır, hər halda nə cürsə pulsuz da yaşamağı öyrənmək lazımdır...
 
Cavid Ramazanlı
 
ann.az
Yuxarı