post-title

Məktəbdəki qiymətlər niyə real həyatda uğur qazandırmır?

Hansı valideyn istəməz ki, övladını bütün sinif qarşısında nümunə kimi göstərsinlər? Analar, atalar, nənələr, babalar və müəllimlər məktəblini dərsliklərlə boğurlar. Səbəb isə yeganədir: \"Biliksiz bu dünyada heç nəyə yaramazsan”. Uşaqlarımız da lazım olan biliyi qazanır, onları yaxşı qiymətlərlə möhkəmləndirirlər. Bəs məktəblinin attestatını bəzəyən \"5”lər bu qədərmi vacibdir, doğrudanmı iş sahiblərini ali təhsilə bağlı diplomlar maraqlandırır?

 
 
 
Pis oxuyan dahilər 
 
Tarix məktəbdəki uğurların yetkin həyatda lazım olmadığını sübut edən həqiqətlərlə doludur. Birinci sübut elə dahi alim, fizikaya dair 300 işin müəllifi Albert Eynşteyndir, məktəbliykən zəif şagird olmasına baxmayaraq, onun yetkinlik yaşındakı uğurlarının sayı-hesabı yoxdur. 
 
Eyşteynin yaşıdlarına nisbətən çox gec danışmağa başlaması məlumdur. Hətta valideynləri buna görə onun inkişafdan geri qaldığını düşünmüşdülər. Ancaq kədərli proqnozlar özünü doğrultmadı, uşaq danışdı, bütün normal uşaqlar kimi də məktəbə getdi. 
 
Amma Albertin məktəbdəki göstəriciləri nə müəllimlərin, nə də valideynlərin ürəyincəydi. Pedaqoqlar uşağı qapalı, bacarıqsız, hətta tənbəl hesab edirdilər. Çoxları Eynşteyndən bir şey çıxmayacağından əmin idi. Amma onlar yanılmışdılar. Ola bilsin, alimin məktəbdəki uğursuzluğu şablon tədris proqramının ona maraqsız gəlməsiylə bağlıydı. Eynşten Sürix Politexnikumuna özbaşına hazırlaşmışdı. Sonra isə özünün elmi işləriylə şöhrət qazandı və Nobel mükafatına layiq görüldü.  
 
Təkamül nəzəriyyəsinin əsasını qoyan Çarlz Darvin də məktəbliykən seçilmirdi. Oğlan məktəbdə baş verənlərlə maraqlanmırdı, bu da atası həkim və maliyyəçi Robert Darvinin təşvişinə səbəb olmuşdu. Gənc Çarlzın Edinburq üniversitetinə daxil olmasına təşəbbüs göstərən də atası idi.  
 
Ancaq gənc Darvin təhsil almaqdan imtina etdi, tibb onu maraqlandırmadı. Təbiət barədə isə bunu deyə bilməzsən. Darvin uzun bir ekspedisiyaya çıxdı, Braziliyada, Argentinada, Peruda və Qalapaqos adalarında oldu və başa düşdü ki, həyatını tədqiqatlara həsr etməlidir. 
 
İki alanlar bir çox məsələlərdə əlaçıları qabaqlayırlar. Bu, zarafat deyil. Məsələn, uşaqlıqda dərslərini pis oxuyan və yetkin yaşında uğur qazanan biznesmenlər. 
Sirr nədədir?
 
Amerikalı yazıçı, psixoloq və araşdırmaçı jurnalist Deniel Qoulman "emosional intellekt”i əsas gətirməklə bu fenomenin sirrini açıb. 
 
"İlk dəfə bu termindən Solovey və Meyer istifadə etsə də, ona populyarlığı Qoulman 1995-ci ildə yazdığı "Emosional intellekt” kitabıyla gətirib. Məktəbdə uğursuz olanların məktəbi və universiteti uğurla bitirənlərdən nəyə görə daha müvəffəqiyyətli olması Qoulmanı çox maraqlandırırdı. Tədqiqatçıların apardığı çoxsaylı araşdırmalardan sonra məlum oldu ki, bizim həyatda uğur qazanmağımızda rol oynayan birinci faktor emosional intellektdir. Meyer və Soloveyin fikrincə, emosional intellekt sosial bilik formasıdır, onun sayəsində özünün və başqalarının emosioanl vəziyyətini izləmək və nəzarətdə saxlamaq olur, həmçinin əldə olunan informasiyanı fərqləndirmək və istifadə etməklə özünün hərəkətlərini idarə edə bilirsən. Başqa sözlə, emosional intellekti inkişaf etmiş şəxslər həyatdakı stresli situasiyalara daha yaxşı davam gətirə bilirlər, nəticədə dəyişikliklərə daha yaxşı adaptasiya olur və çətinlikləri dəf edirlər”, - bunu "Emotional English” layihəsinin rəhbəri İrina Volodina deyir. 
 
Ekspert qeyd edir ki, həyatdakı ən vacib qanunlarından biri budur: uğur qazanmaq üçün heç də mütləq ən ağıllı olmalı deyil, sadəcə insanlarla qarşılıqlı təsirlərini effektli etməlisən. 
 
"Adətən "Botanik” ayaması qoşulan əlaçılarla iki alanların davranışlarını müqayisə etsək, görərik ki, əksər hallarda əlaçılar qapalıdırlar, dərslərinə və araşdırmalarına kökləniblər, iki alanlar isə daha ünsiyyətcildirlər. Yaranan situasiyada müvazinəti saxlamaq üçün mütləq təhsilə yanaşmanı dəyişmək lazımdır: onu daha az akademik və daha çox sosial-emosional etmək gərəkdir” – İrina Valodina vurğulayır. 
 
"Biplan” şirkətinin personal yığımı şöbəsinin rəhbəri Olqa Nikita deyir ki, bəli, yetkin həyat məktəbdə və universitetdə keçilənlərdən tamamilə fərqlidir. 
 
"Sizin biliyi qaşıqlamağınızın forması olduqca asandır – öyrəndin, cavab verdin, qiyməti aldın. Əlaçılar belə sistemə öyrəşirlər, ancaq qeyri-standart düşüncə tərzinin zövqünü yaşamaqdan özlərini məhrum edirlər. Onlarda hər bir addım və cavab dəqiq düşünülüb, risklər minimuma endirilib. İki alanlar və zərbəçilər isə imtahan vaxtı nəinki bütün rezervləri səfərbər etməlidirlər, həmçinin həll edilməsi mümkünsüz görünən məsələləri həll etmək üçün də qeyri-standart qərarlardan yararlanmalıdırlar. Bütün bunlar beyin üçün yaxşı məşqdir və gələcəkdə öz bəhrəsini verir. Məktəbdəki dərslərini çatdırmayan uşaqlar adaptasiya olunmağa öyrəşiblər, onlar hətta ən çətin situasiyalardan belə çıxmağa müvəffəq olurlar, çünki başqa variantları ümumiyyətlə yoxdur. Silkələnib işləməyə başlayanda, onlar daha ətraflı baxa bilirlər, beləliklə, imkanlarından daha artıqlarını görə bilirlər, bu da demək olar ki, istənilən rəhbərdə simpatiya doğurur”, - Olqa Nikitina bildirir.
 
Təlim Mərkəzinin mütəxəssisi Yelena Şevçenko isə öz növbəsində belə hesab edir ki, heç də bütün iki alanlar bacarıqlı və çətinliklərə sinə gərmək qabiliyyətində deyillər. Bəs nəyə görə, iki alanlar bir çox həyat situasiyalarında əlaçıları qabaqlayırlar? 
 
"İş burasındadır ki, yaxşı qiymətlərin əksəriyyəti əzbərçiyilin, sözəbaxmağın, xoşa gəlmək istəyinin nəticəsidir. Belə uşaqlar böyüyəndə iş tapa bilərlər, ancaq çətin ki, lider və rəhbər ola bilərlər. Çünki bu, dirəşənlərə, yaradıcı düşünənlərə, başqalarından asılı olmadan azad olanlara, öz istək və maraqlarını müdafiə edənlərə məxsus keyfiyyətlərdir. Təəssüf ki, bizim məktəblərdə belə uşaqları adətən gözümçıxdıya salırlar, çünki 5 almaq üçün ilk növbədə sözəbaxan olmalısan”- Yelena xanım deyir. 
 
Mütəxəssisin fikrincə, məktəbdə dərsləri çatdırmayanlar gələcəkdə uğurlu karyera quracaqlarına ümid edə bilərlər. Əgər bir insan keçmişində iki alan olub və buna rəğmən istadadlıdırsa, o gələcəkdə hansısa sahədə özünü peşəkar kimi göstərəcək, məsələn, işdə mütəxəssisin reallaşdırdığı layihələri qiymətləndirəcək, onun portfoliyasına baxacaq, onun məktəbdə aldığı ikilər isə heç yada da düşməyəcək. 
 
Bəs əlaçılar necə? Həqiqətənmi onlar məktəbdə onların kölgəsində qalan pis oxuyan uşaqlardan yetkin həyatda geri qalacaqlar? "Emotional English” layihəsinin rəhbərinin fikrincə, əlaçılar daha çox elm sahəsində uğurlu karyera qururlar, onlar özlərini burda daha rahat hiss edirlər. 
 
Rusdilli materiallar əsasında tərcümə edilib. 
 
ANN.Az
 
Yuxarı