post-title

Əli Əkbərin “Amneziya”sı

Kitabdakı Sevil obrazını sevdim. Rənanın geniş təsvirini istərdim. Onun daha geniş və dərin siyasi müzakirələri ola bilərdi. Çünki məhz bu xüsusiyyətinə görə diqqətçəkəndir. Bəlkə də qadınam deyə daha aktiv, düşünən qadınlar axtarıram bizim ədəbiyyatda.

 

Romanı oxudum, bitirdim, bəzi hissələri bir daha oxuyacağam.

 

Təəssüratlarım belədir:

Mövzu: Aktualdır. Xüsusi adların istifadəsi maraqlıdır. Real assosiasiya yaradan adlar çoxdur. Bu adlar gələcəkdə kiməsə, nəsə ifadə edəcəkmi? Bilmirəm. Məncə, bəzi məsələlərin arxa fonu ad çəkiləndə aydın olsa da, sonralar olmayacaq. Buna görə də əsər məkan və zamana bağlı olmasın deyə ad və obrazlar daha geniş izahlı olsaydı yaxşı olardı.

Süjet: Çox maraqlıdır. Demək olar bütün mərhələlərdə “sonra nə olacaq?” deyə narahat olursan. Oxuyursan yəni.

Dil: Aydındır, amma hələ də azərbaycanca yazılan əsərlərdə duyğuları və obrazların hisslərini elə bil tam çatdıran təsvirlərə az rast gəlirəm. Bir neçə səbəb gəlir ağlıma:

1. Yazıçının duyğu dairəsi - necə hiss edirsə elə yazır. Hiss etdiyi budur və bu qədərdir. Digər tərəfdən, yazıçı öz obrazının duyğu dairəsini bu qədər görür.

2. Dil imkanları. Görünür Azərbaycan ədəbi dili hələ də inkişaf etməlidir. Yəni zahiri gözəlliyi vəsf etmə modelindən çıxıb, daxili hissləri əks etdirəcək ifadə üsulları inkişaf etməlidir. Bu da ancaq yaza-yaza olacaq. Ola bilər, sadəcə dil kasıbdır. Yenə də, inanıram ki, bu sadəcə dilin işlənməmişlik problemidir, məhdudluq yox.

Hər kəsin mübahisə etdiyi ”açıq-saçıq” səhnələr/ifadələr haqqında bir-iki kəlmə:

Bu əsərdir. Obraz kimdirsə, ifadəsi də odur. Realist əsərdir. Mübaliğə və s. azdır. Sadəcə bir məsələ var. Düşünürəm “Amneziya”nın oxucunu əsərə bağlamaq üçün bu vasitəyə elə də çox əl atılmasına ehtiyac yoxdur. Yenə də məsələ yazıçının nə çatdırmaq, qabartmaq istədiyinə bağlıdır. Bəzən mənə elə gəlir ki, yazarlarımız sırf insanlardakı komplekslərin acığına (və ya onu sındırmaq üçün) məsələləri lap da qabardırlar. Hasarları dağıdırlar elə bil. Ya da öz daxili kompleksləri ilə mübarizələrini belə büruzə verirlər. Ya da sadəcə düşünürlər ki, obrazlarını yaxşı tanıyırlar və həmin obraz bax məhz belə hiss edib danışardı. Elədirmi? Tam əmin deyiləm.

Kitabdakı Sevil obrazını sevdim. Rənanın geniş təsvirini istərdim. Onun daha geniş və dərin siyasi müzakirələri ola bilərdi. Çünki məhz bu xüsusiyyətinə görə diqqətçəkəndir. Bəlkə də qadınam deyə daha aktiv, düşünən qadınlar axtarıram bizim ədəbiyyatda.

Şeyla ilə tam nə çatdırılmaq istənilirdi? Məncə Şeyla daha çox açıla bilərdi və öldürülməsi daha yaxşı göstərilə bilərdi; motivlər daha əsaslı ola bilərdi.

Hər bir obrazın daha geniş formada işlənilməsini istərdim. Çünki əsərdə hər bir obraz özündən daha geniş kütləni təmsil etməyi məqsədləyib və qismən məqsədinə çatıb.

Ümumiyyətlə, əsər daha geniş ola bilərdi. Kitab bu gün üçün, indiki auditoriya üçün nəşr edilib elə bil. 50 il sonra kimsə oxusa, bu günün hadisələrinə dair əlavə izahlar lazım olacaq. Bir az daha geniş açmaq olardı şəraiti. İnsanların, hadisələrin, misalların və s. timsalında. Bu zaman, bizim millətdən olmayan biri də bunu tam anlaya bilərdi.

Özümün mövzudan duyduqlarımı və aldığım mesajı, nəticələri yazmıram. Paylaşdığım və paylaşmadığım fikirlər var. Subyektiv əsaslarım, mülahizələrim və s.

Bu isə elə-belə, şəklə (formaya) şərhlərim idi.

Səidə Ocaqverdiyeva

Yuxarı