post-title

Yeni nəslin manifesti

İnternet bizlərə imkan verdi ki, biz fiziki olaraq harada olduğumuzdan asılı olmayaraq mahiyyət etibarilə digər yerdə yaşaya bilək. Uzun müddət bu məkana virtual reallıq deyərək, bizə sanki onun reallıqdan uzaq, həqiqi olmayan bir məkan olduğuna inandırmağa çalışdılar.

 

Bütün bunlar cəmiyyətin insan təkamülun yeni mərhələsini qəbul etmək istəməməsindən irəli gəlirdi.

Həqiqətdə isə biz insanın inqilabi təkamülünün nəinki şahidi, onun real iştirakçıları olduq. Biz artıq dünyada yaşayan insanlar yox, kiberdünyada yaşayan kiberinsanlarıq. El arasında bizlərə bloqqer deyirlər.

Kiberdünya dünyaya müxalif deyil. Kiberdünya dünyadan ayrı da deyil. Kiberdünya real dünyanın həqiqi mahiyyətidir. Hamımızın anladığı dünya konsepsiyasında gələcəyimizi dövlətlər, şirkətlər müəyyən edirsə, kiberdünyada gələcəyimizi şəbəkələr müəyyən edir. Bizim uğurumuz, savadımız, həmfikirlərimizin sayı, hamısı bizim şəbəkənin genişliyindən asılıdır.

Nədir bu şəbəkə?

Şəbəkə insanların təmannasız və ya təmənnalı olaraq bir biri ilə məlumat paylaşmasıdır. Şəbəkələr dünyada da mövcuddur. Amma, kiberdünyada misli görülməniş dərəcədə daha effektiv və genişdir. Şəbəkələr kiberdünyada o qədər müqayisə olunmaz dərəcədə güclü işləyir ki, əksəriyyət onun məhz İnternetdə yarandığına inanır.

Şəbəkə paylaşmağı tələb edir. Kiberinsanların həyatı məhz paylaşmaqdan ibarətdir. Bu ideal bir cəmiyyətdir. Burada heç kimin digərindən sirri ola bilməz. Birinin bildiyini hamının bilməyi, birinin bacardığını hamının bacarmaq imkanı var. Kiberinsan üçün paylaşmaq, insan üçün qida qədər əhəmiyyətlidir. Necə ki, insan qida qəbul edir və ifraz edir, eyni cür də kiberinsanlar məlumatı qəbul edib onu öz şəbəkələri ilə paylaşırlar.

Kiberinsan üçün İnternet onun təbii hüququdur. İnternetsiz o yaşaya və inkişaf edə bilməz. Eyni zamanda heç kim kiberinsandan İnterneti ala bilməz. Siz dünya insanlarının əlindən çörəyini alıb, onlara yeməyə heç nə vermədiyiniz halda nə baş verə bilərsə, eyni şey də kiberinsanın əlindən İnterneti alsaz baş verəcək.

Kiberinsanın vətəni WEB-dir. Biz insanları yaşa, cinsə, dinə, dilə və ölkələrə görə bölmürük. Biz insanları baxışlarına görə bölürük. Bizim həmfikirlərin sayı kiberdünyada daha çoxdur. Bu halda kim cürət edib bizdən kiberdünyadan imtina edib, geridəqalmış dünyaya qayıtmağımızı tələb edə bilər?

Bizim üçün həqiqət Wikipedia kimidir. Onu hamı birlikdə yaradır və bununla bərabər hər kəs həmin həqiqətin düzgünlüyünü şübhə altına alma hüququnu əlində saxlayır. Ola bilsin bəzilərimizin savadı digərlərindən azdır. Amma, hər bir kiberinsanın dünyanın minlərcə kitabxanasına və milyonlarca kitablarına çıxışı var. Zavallı dünya insanı belə bir üstünlüyə sahibdirmi?

Deyirsiz ki, kiberinsanlar insanlardan daha az kitab oxuyur? Ola bilər. Deyirsiz ki, orta statistik sovet insanı bizlərdən daha çox kitab oxuyurdu? Ola bilər. Amma, bizim gündəlik qəbul etdiyimiz məlumat axını ən çox kitab oxuyan sovet insanının bir ay ərzində oxuduğu kitablarda olan məlumatlardan daha çoxdur.

Adi insanlardan fərqli olaraq bizlər xoşumuza gəlməyən məlumatları LIKE etmək, və ya etməmək hüququna maliyik. Biz xoşlamadığımız insanları HIDE edə bilir, onların bizim həyata xoşagəlməz müdaxiləsi olduqda BLOCK edə bilirik. Real həyat olduğu kimi, onları döyüb, öldürmürük.

Deyirsiz ki, kiberinsanlar xəstədirlər? Çoxlarının inandığı kimi bizlər saatlarla kiberdünyamızda onlayn oyunlar oynamırıq, əks cinsin nümayəndələri ilə saatlarla çatda vaxt öldürmürük. Biz məlumat paylaşırıq və bizim həyatımız paylaşmaqdır.

Kiberinsan üçün İnternetsizlik həbsdir və nə qədər ki, bizim İnternetə çıxışımız var, biz azadıq!

P.S. Yeri gəlmişdən müasir hökumətlər neft və qaz borularını necə ciddi qoruyurlarsa, ölkəyə İnternet gətirən internet kabellərini də o qədər ciddi qorumalıdırlar. Belə ki, bir neçə günlük İnternetsizlik ölkədə sabitliyi əsaslı şəkildə poza bilər.

Vüqar Salamlı

Yuxarı