post-title

Muğam və Afrika musiqisi

Musiqi savadı olan da, olmayan da muğam haqqında danışır, dartışır, söyüşür, yalaşır. Bir muğam orgiyasıdır, baş alıb gedir. Bəndənizin bu temadan uzaq qalmasının səbəbi isə, muğama münasibətdə son dərəcə neytral olmağımdır. Onu da deyim ki, bu musiqiyə qarşı xüsusi bir simpatiyam olmasa da, muğamsevərlərlə də heç bir problemim yoxdur. Əlbəttə, çevrəmdə nə qədər muğamsevərin olduğunu soruşsanız, cavabım "sıfır" olar. Zənnimcə, belələri bir qayda olaraq mənim kimi tərbiyəsiz, avara və "millət düşmən"lərindən ürkək ceyranlar təkin uzaq gəzirlər.


Ceyran dedim, yadıma düşdü. Yəqin ki, "Qardaş, bu ceyranı hardan almısan?" adlı xalq mahnımızı çoxunuz eşitmisiniz? Musiqi savadım olmasa da, daxilimdən bir səs mənə bu mahnının "Bayatı Şiraz" üstündə olduğunu deyir. Bildiyiniz kimi, "Bayatı Şiraz" muğamlarımızın gəlinidir. İndi isə təsəvvür edin ki, ismətli, abırlı bir gəlin, öz milli, mental və dental (qızıl dişli) əriylə küçə ilə gedir. Siz də yenicə bu mahnıya qulaq asıb, cuşa gəlmisiniz. Yaxınlaşıb ədəblə soruşursunuz: "Bağışlayın cənab, sizi narahat etdiyimə görə çox üzr istəyirəm, deməzdiniz yanınızdakı bu ceyranı hardan almısınız?" O da qətiyyən əsəbləşmir, sualınıza axıra qədər təmkinlə qulaq asır və belə bir cavab verir: "Mən bu ceyranı filan rayondan almışam, atası-anası filankəsdir..."

Bilirəm, bu yazıdan sonra elələri də çıxacaq ki, "Burda ceyran deməklə qız-gəlin yox, heyvan nəzərdə tutulub" deyəcəklər. Nə deyirəm vallah, olmasın insan, olsun heyvan. Bizim zəmanəmizdə bunun bir o qədər də fərqi yoxdur. Özü də ki, zoofiliya nə vaxtdan və kim tərəfindən qadağan olunub? Hər halda eşşəkdən, keçidən və qoyundansa, ceyran yaxşıdır. Ulu dədə-babalarımız şad-xürrəm vaxtlarında bu mahnını qoşub oxumaqla, yəqin ki, nə etdiklərini yaxşı anlayıblar, yoxsa müdrik sələflərimizdən belə bir qələtə yol verə biləcəklərini gözləmək kafirlikdir. Onların hər sözündə hikmət var!

Nə isə, qayıdaq bizi dünyada, kosmik fəzada və müxtəlif planetlərdə yaşayan rəngbərəng, eybəcər məxluqlar arasında tanıdan muğamımıza. Əvvəllər tez-tez eşidirdik ki, amerikalılar (ya da avropalılar) kosmosa kapsula göndəriblər, içinə də bizim muğam "sbornik" diskini qoyublar (bəlkə oralarda kimlərinsə əlinə keçər, qulaq asıb feyziyab olarlar). Bu söz-söhbətlər artıq aktual deyil. İndi muğamsevərlərin daha maraqlı bir arqumenti var - Muğam UNESCO tərəfindən bəyənilib və yüksək qiymətləndirilib! Eləmədim tənbəllik, Google-də UNESCO-nun dünya xalqlarının musiqisinə maraq və münasibətini araşdırdım.

Sən demə, UNESCO muğamımızla yanaşı, bir çox Afrika xalqının tam-tam rəqslərini, mumba-yumba mahnılarını, Monqol musiqisini də bəşəriyyətin milli sərvəti adlandıraraq, öz geniş qanadları altında himayəyə almışdır! Bu xəbər məni çox sevindirdi. İstəyirəm hörmətli oxucuları, əziz muğamsevərlərimizi də sevindirim. Beləliklə, Azərbaycan muğamı ilə yanaşı UNESCO-nun diqqətini cəlb edən digər xalqlar və onların musiqiləri aşağıdakılardır: Mozambikdən Qule Vamkulu; Monqol mahnıları "Urtın Duu"; Mozambiklilərin vəhşi rəqsi "Şopi Timbila"; nigeriyalıların "Kankuranq" ritualı; Qambiya, Uqanda rəqsləri; Zambiyanın "Makişi" maskaradı; Zimbabvenin "Jerusarema" rəqsi Bir maraqlı fakt daha! Bizim balaban adlandırdığımız musiqi aləti, UNESCO-da ermənilərin "duduk"u kimi tanınıb və yüksək qiymətləndirilib.

Yaxşı, bəs indi nə edəcəksiniz? Afrikanın ibtidai icma quruluşundan qalma adamlarının musiqi və rəqsləri ilə adı yanaşı çəkilən muğamınız, erməniyə mənsubluğu UNESCO tərəfindən təsdiqlənən balabanımız sizi havalandırmadı ki? Bəlkə UNESCO-ya "Sizdən heç gözləməzdik!" janrında, şikayət məktubları yazasınız? Onsuz da "urusun" dövründən Kremlə, hətta Mavzoleyə "demaqoq" məktubları göndərmək kimi bir ənənəniz var. UNESCO-ya da yazın, bəlkə bir nəticə verdi.

Anlayın artıq! İstənilən qaradərili qəbilə, uzun illər iki qazan qapağını bir-birinə vurub rəqs edərsə, müəyyən bir dövrdən sonra, bu rəqs də UNESCO-da öz yerini tapacaq. UNESCO-nun nəzərində, muğam Afrikanın mumba-yumba, tam-tam rəqsləri, qaradərililərin, monqolların mahnı və musiqiləri ilə bərabərhüquqlu bir musiqi janrıdır. Mən də bu qarabalaların rəqs və mahnılarını nə qədər sevirəmsə, muğamı da o qədər sevirəm. UNESCO üçün birinin qalstuk taxıb stulda zilə qalxıb-bəmə düşməsi ilə, Somalinin xalq artisti Mınbe Dırımq Anqrumbenin lüt-üryan tonqal ətrafında atılıb düşməsi arasında heç bir fərq yoxdur.

Lakin, mən yenə də bütün bunlarla yanaşı, bizim üstün olduğumuza inanıram. Çətin ki, Afrikada, ya da Monqolustanda "Qardaş, bu ceyranı hardan almısan?" janrında pis-pis sözlər danışsınlar.

Əli Əkbər

Kultura.Az

Yuxarı