post-title

Letargiya yuxusu

Hamı eşidib bu haqda. Letargik yuxu - orqanzmin həyati proseslərinin az qala tamamilə dayanması, xarici stimullara heç bir reaksiya verməməsi, həyatın bütün xarici əlamətlərinin yoxa çıxması ilə xarakterizə olunur. Belə hesab edilir ki, letargiya yuxusuna gedənlər ətrafda baş verənləri eşidib-hiss edə bilsələr də, buna reaksiya verməyə onların gücü olmur. Letargiya yuxusu tibb elminin yetərincə aydınlıq gətirə bilmədiyi xəstəliklər sırasına daxildir. İndiyədək dünyada müxtəlif müddətlərə letargiya yuxusuna gedən insanlara dair bir çox fakt qeydə alınıb.

 

Letargiya yuxusunun müddəti bir neçə saatdan başlayaraq bir neçə aya qədər, bəzi nadir hallada isə illərlə uzana bilər. Və çox maraqlıdır ki, bu (bəzən kifayət qədər uzun) müddət ərzində yuxuya dalmış insanın orqanizmi böyüsə də, ağıl və düşüncəsi yatdığı dövrdə (məsələn, uşaq zamanı yatıbsa, uşaqlarda olan kimi) qalır.  

 
Zatən əslində həyata sırf metafiziki baxışla baxsaq, insan həyatının (ələlxüsus da Azərbaycan insanının) özü də demək olar ki, bu letargiya yuxusunu xatırladır - ətrafda baş verənləri hiss edir, bilirsə də, buna reaksiya verirsə belə, sanki hadisələrin gedişinə o qədər də müdaxilə edə bilmir və bunu istəmir də. Sanki hadisələrin axarı insanın öz iradəsi donuna bürünüb onu lazım olan istiqamətə aparır... təsəvvüf-buddizm, dzen-alın yazısı yazmaq istəmirəm burada, amma belə bir təəssürat da var...  
 
Qayıdaq fikirlərimizə. Bəs görəsən cəmiyyətlərdə, toplumlarda necə, bunlarda da letargiya yuxusu olurmu? Olursa özünü necə büruzə verir?
 
Sovet dövrü, xüsusən 30-cu illərin ortalarından məlum 88-dək olan zamanı, qalınlığı neçə kilometrlərlə ölçülən buz layı ilə örtülü „oazisi“ xatırladırdı. Cəmiyyətdəki bütün təmayüllər, ictimai fikir anlayışının özü „dondurulmuş“-hermetik vəziyyətdə, bir sözlə buzxanada keçən (ictimai) həyat parametrlərinə tam uyğun idi. 30-lardakı qəddarlığı son həddi keçən repressiyalardan sonra cəmiyyət daxilində bir neçə nadir hallardan başqa (bir neçə millətçi-dissident, sözün müasir (müsbət) anlamında bir növ „divanə“ Asif Ata, „rəsmi“ parametrlərə uyğun gəlməyən „dissident“ rəssam Mircavad, Qarayevin yaradıcılığının son dövründə dodekafoniya texnikasından istifadəsi və s. ) ictimai həyat sovet pardağı ilə örtülü halda, „dondurulmuş“ şəkildə davam edirdi. 60-cı illərdə Xruşşovun azca yumşalmaya getməsi sərt və asketik totalitar sovet cəmiyyətində bir qədər yeni nəfəs dövrünü gətirsə də, bu zaman metropoliyada bəzi hərəkətlər baş versə də, Azərbaycanda bunun lap böyük bir əks-sədası olmadı: bəlkə əyalət olduğu üçün, bəlkə də o zamana daxili potensial az qala tamamilə məhv edildiyi üçün. Müqaisə kimi qonşularımızdan misal gətirəsi olsaq, kifayət qədər geniş fatklara əsaslana bilərik: əgər Gürcüstanı götürsək, heç kimə sirr deyildi ki, bu ölkə SSRİ daxilində xüsusi statusa malik idi, gürcü elitası lap əvvəllərdən rus hakimiyyətinin ən yuxarı məqamında yerləşdiyi kimi, gürcü elitası da xüsusi, faktiki „qeyri-sovet“ statusuna malik idi. Bura öz milli kinosunu (SSRİ-də bu, metropoliyadan başqa nadir xalqlara müəssər olub!) yarada bilmiş gürcü kinematoqrafı, qeyri-adi gürcü teatrı, Uznadzenin simasında xüsusi psixologiya məktəbi (SSRİ-də bu məsələ də məlum səbəblərdən çox ciddi nəzarət altında idi), ən azından - tam əkslik təşkil etsələr də - filosof Merab Mamardaşvili və yazıçı Konstantin Qamxaxurdiya kimi fiqurların isimlərini çəkmək olar. Ermənistan cəmiyyəti isə ümumiyyətlə SSRİ-də yaradılmış kiçik qurum daxilində fəaliyyət göstərməyib - belə ki, bu xalqın elitası heç bir zaman bu „respublika“ daxilində yaşamaşıb, imperiya daxilində əsasən paytaxt və başqa yerlərdə məskunlaşmışdı. Bundan başqa Ermənistan cəmiyyəti bütün dünyaya yayılmışı nüfuzlu lobbisi ilə hər zaman daimi əlaqədə idi, o üzdən bu cəmiyyət bizdən fərqli olaraq kifayət qədər beynəlxalqlaşmış idi, bunu imperiya daxilində ənənəvi „forpost“ statusu və erməni qadınlarının başqa cəmiyyətlərə „inteqrativ-açıqlığı“ da stimullaşdırırdı.     
 
Azərbaycanda 1988-ci ilin qəfil partlayışına qədər bu „buzxana“ davam etdi. Məhz bu dövrü əminliklə letargiya yuxusuna bənzədə bilərdik. Bu dövrdə ölkədəki bütün bəlalar sovet ideolojisinin zahiri pardağı ilə örtülərək psevdo-müasir cəmiyyət illuziyasını yaratmış, Azərbaycanın sovet meyarlarına kifayət qədər uyğun kinematoqrafı (bəlkə „Bir cənub şəhəri“ filmi istisna olmaqla), ictimai problemləri etalon kimi İbrahimbəyovun ssenariləri ilə çəkilmiş filmlərdə, cəmiyyət ilə sovet mənəviyyatına uyğun gəlməyən prototiplərin qarşıdumasında özünü biruzə verir, ədəbiyyat və poeziyada psixoloji çalarlar daha çox üstünlük təşkil edir, təsviri incəsənətdə isə folklor-mofoloji tipdə “millilik” üslubu (Rasim Babayev və s.) özünə yer almışdı.    
 
Letargiya yuxusu doğrudan da cəmiyyəti sarmışdı. Buna hadisələrin sonrakı gedişi də dəlalət edir. Soyuducu içərisində hermetik həyatını sürən Biz, gələcəyə əsla hazır deyildik.  
 
80-lərin sonunda məlim partlayışdan sonra „sovet buzu“ əriməyə başladı, məhz bu zaman „Antarktikanın“ lap dərin qatglarından uzun illər dondurulub qalmış ən böyük bəlalar, bakteriyalar, mikroblar, basillər, xəstəliklər yuxarı, ictimai həyata qalxmağa başladı. Yuxarıda artıq deyilmişdi ki, uzun müddət ərzində letargiya yuxusuna dalmış orqanizm böyüsə də, ağıl və düşüncəsi uşaqlıqdakı kimi, infantil olaraq qalır. İnfantil cəmiyətimiz hələ letargiyadan tam oyanmamış yeni zamanın sərt çağırışlarını cavablayası halda deyildi, yeni dövrdə yeni cavablar üçün adekvat elita ümumiyyətlə mövcud deyildi. „Buzluq“ dövründə sovetlər tərəfindən yaradılmış Azərbaycan elitası istənilən halda yalnız mövcud ideologiyanın və hakim kursun „minusovkası“ rolunda çıxış edə bilərdi.   
 
Bütün bunlar xarici düşmənin ekspansiyası ilə daha da ağırlaşıb kəskin formasını aldı. Belə müdaxiləyə tam müdafiəsiz, hazırlıqsız Azərbaycan ta 1988-dən ürəyini çıxarıb yerinə daş qoymuş, qızmış yekəpərin təcavüzünə məruz qalan ürpəmiş qızcığazı xatırladırdı. Biz letargiyadan yenicə ayılmış uşağın təfəkkürü ilə qarşımızda kimi gördüyümüzü də bir cəmiyyət, toplum kimi anlamamışdıq... 
 
Şəxsi xatirəmə görə üzr istəyirəm. Yeganə övladım neçə illər əvvəl beyin iflici ilə doğuldu. Bu xəstəliyin  mahiyyəti, mərkəzi sinir sisteminin zərər almasından dolayı, beyində hərəkəti idarə edən funksiya sahələrinin ziyan çəkməsi, bloklanmasından ibarətdir. Bunun nəticəsində yeni doğulmuş körpə bütün həyatını tamamilə iflic şəkildə yaşaya bilər. Doğum öncəsində beyni zədələnmiş körpə demək olar ki, daima yatır, həyat əlamətləri özünü çox az büruzə verirdi. İlk dövrdə xəstəliyin nə kimi nəticələr verəcəyindən xəbərsiz olduğum üçün təcrübəli bir professora mənasız suallar verdikdə, o gülümsəyib: „bu uşağın gələcəyini indi heç bir kimsə deyə bilməz, lakin onun gəzməsi üçün ilk öncə sürünməsi, sonra iməkləməsi, daha sonra otura bilməsi, sonra dizləri üzərinə qalxa bilməsi, daha sonra sadəcə ayaqda dayana bilməsi, və bunlardan sonra, ən nəhayətdə yeriyə bilməsi mümkündür. Bu mərhələnin hər biri tam olaraq keçilməsə, o birinə adlamaq qeyri-mümkündür. Burada ən əsas amil, psixikanın qoruna bilməsidir, əgər uşağın psixikası beyin iflicindən sonra saxlanıbsa, o zaman böyük şansları var. Uşaqlarda beyinin sağlam qalmış hissəsi, zədələnmiş hissənin funksiyasını öz üzərinə götürə bilər.“ – söylədi...  
 
Bizim cəmiyyətin dərin letargiya yuxusundan çox ağır halda doğuluşu 88-də məcburi baş verdi. O zamandan bir çox funksiyaların paralizə olunduğu cəmiyyətin tamamilə defunksional illəri („buzlanma“ bu dövrdə də davam etməkdə idi, kommunist ideologiyası özünü bitirsə də, dərhal başqa şüarlar, mütləq həqiqətlər tapıb onlara sığınmaqda idik) 90-lar hesab etsək, 00-cı illəri qismən ayılma, indini isə cəmiyyətin artıq sürünmək cəhdi dövrü kimi qiymətləndirə bilərikmi, əcəba? 
 
Ən başlıca sual da buradadır: görəsən cəmiyyətin psixikası qismən də olsa sağlam qalıbmı? Bu potensialla irəliləyə, nə zamansa irəli gedə biləcəyikmi? Və ən başlıca məsələ: cəmiyyətin ən sağlam və saf hissəsi, yeni gənclik əvvəlki zədələnmiş nəsillərin edə bilmədiyini öz üzərinə götürə biləcəkmi? 
 

Elmir Mirzəyev

"Gündəlik Teleqraf"

Yuxarı