Əziz dost

Сеймур БАЙДЖАН

 

Mağazada hər zaman maraqlı bir kitaba rast gəlmək mümkündü. O mənada ki, mən köhnə, qələmlə xətlənmiş kitabları oxumağı xoşlayıram. Belə kitabların qəribə energetikası olur. Elə bil kitabı səndən əvvəl oxumuş adamla sirli, mistik bir əlaqəyə girmiş olursan. Ürəyim sıxılanda mütləq Elman dayının mağazasına gedirəm.

Növbəti gedişim zamanı Elman dayı mənə dedi ki, bir neçə kitabın satılıb, gözlə, pulunu verim. Adətimdi, hansı mağazada satılmış kitabın pulunu alıramsa, həmin mağazadan mütləq kitab almalıyam. Bu, bir növ mənəvi borcdur. Yerindəcə qaytarmalıyam. Mənə verilmiş məbləğin az və ya çox olmasının fərqi yoxdu…

Rəfdə Mopassanın "Əziz dost" kitabını gördum. Bu əsəri iki dəfə oxumağıma baxmayaraq, kitabı aldım. Qiyməti bir manat. Elə əsərlər var ki, biz onları təkrar oxuduğumuz zaman əsərin sujeti ilə bərabər, o vaxt əsəri oxuduğumuz məkanı, o vaxtın ovqatın, əsəri bizə tövsiyyə etmiş adamı da xatırlayırıq.

"Əziz dost" romanı bu baxımdan mənim üçün qiymətli bir əsərdi. Bu əsər mənim üçün çox əzizdi. Kitabı gördüm və bir anda xeyli xatirələr yaddaşımın dərinliyindən üzə çıxdı. Hətta kitabı oxuduğum məkanın iyini belə xatırladım. Əslində indi ən azı yeddi romanı təcili oxumalıyam. Özü də Azərbaycan dilində. Vaxt azdı. Üstəlik,"Əziz dost" romanı rus dilindədi. Roman deyəsən, indi Azad Yaşar Azərbaycan dilinə çevirməkdədi…

Əlim dinc durmadı, kitabı aldım…
Mopassan "Əziz dost" romanın 35 yaşında yazıb. Cəmisi qırx üç il yaşamış Mopassan yeddi roman, üç yüzdən çox hekayə, novella yazmağa müvəffəq olub. Çox məhsuldar yazıçıdır. Mopassanın qələmindən çıxan əsərlərin çoxu kino həllini tapıb. Mopassan kinoya asanlıqla gələn yazıçıdı.

"Əziz dost" Mopassanın səhv etmirəmsə, ikinci romanıdı. Flober kimi ejdaha bir yazıçının tələbəsi olmuş Mopassan "Əziz dost" romanın yazanda artıq öz həqiqətin tapmışdı. 35 yaşlı bir yazıçının həyatı bu dərəcədə başa düşməsi, qadınları dərindən tanıması, əsərdə çox incə intriqalar qurması sözün esl mənasında möcüzədi. Duel mövzusu dünya ədəbiyyatında çox işlənmiş mövzudu. Xüsüsən fransız və rus ədəbiyyatında. Məsələn, "Hərb və Sülh", "Zəmanəmizin qəhramanı", "Qorio ata" əsərlərində duel mövzusu işlənilib.

Mopassan isə duelə çıxan adamın hisslərin həyacanın o dərəcədə ustalıqla yazıb ki, adam istər istəməz düşünür, axı 35 yaşlı bir insan necə bu dərəcədə kamil ola bilər."Əziz dost" romanında Mopassan qoca şairlə gənc jurnalistin söhbətində isə özünün ustalığını, bir insan kimi necə kamil olduğunu, həqiqətə çatdiığını tam ortaya qoyur. Daha konkret desək, klass göstərir.

Belə bir romanı 35 yaşda yazmaq möcüzədi. Hər kəsin öz möcüzəsi var. Mopassanın 35 yaşda belə bir roman yazması mənim üçün möcüzədi. Yalnız intihara cəhd etmiş, psixi problemləri olan bir yazıçı gənc yaşlarında belə gözəl əsər yarada bilər. Zatən, bu yazıçı çox yaşamadı. 43 yaşında gözlərini əbədi yumdu.

Mopassan 1893-cü ildə vəfat etdi. Lakin düz 1905-ci ilə gedər nəşriyyatlar Mopassanın əsərlərini nə qədər dərc etsələr də yenə də Mopassanın kitabların insanlar çətinliklə tapırdılar. Onun kitablarına ciddi tələbat vardı Mopassan elə indi də aktualdı. Oxunan yazıçılardan biridi. Onun esərlərinə daima yeni versiyalarda müxtəlif ölkələrdən olan, müxtəlif xalqlara mənsub rejissorlar filmler çəkirlər.

Mopassan "Həyat" romanın otuz üç yaşında yazıb."Həyat" Mopassanın ilk romanıdı. Əsər Azərbaycan dilinə çevrilib."Həyat" romanın gənclər oxusalar çox yaxşı olar. Xüsusən gənc xanımlar. Emil Zolya deyirdi: Mopassanın əsərlərini oxuyub başa vuranda adam təmiz havada gəzintidən qayıdıbmış kimi özünü şən və gümrah hiss edir.

Mopassanın dili çox dinamikdir. Asan oxunur. Təsvirləri çox sadədir. Lakin Mopassanı oxuduqdan sonra adam hər şeyə şübhəylə baxır. Cəmisi 43 il yaşamış bir adamın həyatı bu dərəcədə bilməsi hər səhifədə adamı mat qoyur.

Mopassan "Həyat" romanında deyir ki, sən saydığını say, gör fələk nə sayır. Bu, o demək deyil ki, gənc xanımların həyatı Mopassanın yazdığı kimi olacaq.

Mopassan deyir ki, çox göynən getməyin. Hətta xəyal quranda belə elə xəyallar qurun ki, bir az vəziyyətinizə uyğun olsun. Buludlardan özünüzə gəlin paltarı tikməyin. Yelkənli gəmiylə gələcək şahzadə sevgilinizi gözləməyin.

Mopassan deyir ki, həyat çox çətin imtahandı. Bir anda hər şey alt -üst ola bilər və hər bir insan həyatında baş verəcək zəlzələlərə hazır olmalıdı.

Mopassan deyir ki, ey gənc xanımlar, çox göynən getməyin, bu gün bəyənib yemək yemədiyin kafedə sabah aşpaz, qabyuyan işləyə bilərsən…

Seymur Baycan

Gündəlik teleqraf

Kultura.az | Developed by Samir Yahyazade