Qusma

Литература

 

Dünənin inqilabı bu günün dizayn elementinə çevrilib: MTV işıq surəti və transmilli korparasiyaların büdcəsinə bərabər büdcəsi ilə əsl “Əndalus köpəyi”nə bənzəyir.

Yalnız və yalnız sıxıntıdan, həm də yuyulmuş əllərimlə keçən həftə mən iki dəfə MTV-yə baxdım və hər ikisində də qırıq-qırıq yuxular görmək əvəzinə, sonu gəlməyən verilişlərlə qarşılaşdığım üçün məyyus oldum. İlk baxdığım bəsit gözəlçənin hüquqşünas qadın rolunda oynadığı komik teleşou idi. Budur o uzun parıltılı, masanın ətrafında, rəsmi geyimli, hər iki cinsdən olan iş adamlarının oturduğu iclas zalına daxil olur. O oturub yerini rahatlayan kimi qusmağa başlayır, ancaq elə uzun müddət və çox qusur ki, qusuntu bütün stolu bürüyür. Onun əməkdaşları isə heç nə olmamış kimi, əlləri ilə bahalı restoranda yeyilmiş yeməyin qusuntusu içərisindən yemək parçalarını seçirlər. Bundan sonra mən baxmağa davam etmədim.

Bir neçə gün sonra mən daha bir cəhd elədim. Bu dəfə isə, bu ilki MTV Awards-ın (mükafat) təqdimetmə mərasimini göstərirdilər. Mərasimdə nə vaxtsa rok-n-rolun ayrılmaz hissəsi, mikrofonu və səsucaldanı rolunu oynayan seks, rəqs və şənlik çatışmırdı. Əsas mövzu fanilik idi, bütün zarafatlar ona yönəlmişdi ki, bu ilin təltif edilən ulduzları bir il əvvəl heç kim tərəfindən tanınmırdı və bir il sonra yəqin ki, unudulub gedəcəklər. Mühümlüyünə görə ikinci mövzu orqazm hissinin cürəbcür ifadəsi oldu. Pop qruplarından birinin üzvünü unitazda oturmuş vəziyyətdə göstərdilər. Ürək bulandıran zarafatlar bitib-tükənmək bilmirdi. Tezliklə mən qusuntunu hər yerdə duymağa başladım: televizorda da, kinolarda da və ən yeni romanlarda da bu günlərdə qusuntu bizim adətən səkilərdə görməyə alışdığımızdan qat-qat çoxdur.

Bunun ən sadə izahı ordadır ki, bədii obraz ehtiyatı surətlə tükənir və daim yeni, maraqlı şeylər tələb edən, əsasən gənclərdən ibarət auditoriyanı doydurmaq ehtiyacı var. Ancaq bu yarımçıq həzm olunmuş qidanın nümayiş etdirilməsinə daha əsaslı izahat ondan ibarətdir ki, İkinci dünya müharibəsindən sonrakı illərdə yaşlıların cəmiyyətindən ayrılmış gənc nəsil, gündəlik proseslərin indikatoru (göstərici) olan xüsusi parallel mədəniyyətlərini yaradıblar. Gəncliyin belə kəskin reaksiyası və qaba davranışları – kömür çıxaranların özləri ilə birlikdə zorla mədənə apardıqları bülbülün təngnəfəsliyinə bənzəyir. Ən pisi isə belə ən ifrat variantlarla gündəmə gətirilən mədəniyyət daim adiləşməyə, gəncliyin norması olmağa doğru gedir. Bu gün qusuntu, yeniyetməlik həyatının bir hissəsidir. Həmçinin bu, təkcə oğlanlar arasında şiddətin ifadəsi deyil, eyni zamanda inkişaf etmiş ölkələrdə iyirmi yaşına qədər qızların psixoloji pozğunluğunun səbəbidir. Mənəvi aclıq tüğyan edir, həmçinin bunun üçün əsas da var: belə cəmiyyətdə neynəyəsən, necə qusmayasan?

Son otuz ildə inkişaf etmiş ölkələrin az ya da çox imkanlı əhalisi cürbəcür lazımsız məhsulların yağışına tutulub. Misal üçün sənət sahəsini götürək. Musiqi mağazalarında yüz minlərlə disk var, mənim televizorum yetmişə yaxın kanal tutur, “Amerikan şairlərinin soraq kitabçası”nda təqribən yeddi min hal-hazırda yaşayan və çap olunan şairin adı verilib, elə veb-saytla var ki, orda satışa milyonlarla yeni kitab qoyulub və elə sayt da var ki, orda artıq çapı dayandırılmış dörd milyon qədim kitabın satışı təşkil olunub. İstənilən böyük şəhərdə rəsm sərgiləri, rəqs və musiqi zalları o qədər artıb ki, adam evdə oturub boşluğu seyr etməyi üstün tutur. Sənət üçün bu o deməkdir ki, indi hansısa köklü dəyişikliyə təkan vermək demək olar ki, mümkünsüzdür.

Elliotun “Bəhrəsiz torpaqlar”ının ilk nəşri cəmi beş min nüsxə ilə buraxılmışdı, ancaq bu kitab bir çox dillərdəki ədəbiyyatı formalaşdırdı və bütün dünya poeziyasevərləri tərəfindən tanındı, bəzilərində heyrət, bəzilərdində isə nifrət oyatdı. İndi elə bir hadisə ağlasığmazdır: ədəbiyyata bir andaca, beynəlxalq miqyasda, təsir edən sonuncu roman 1967-ci ildə ortaya çıxan “Yüz il tənhalıqda” romanı idi. Lakin, bu kitab da indiki doymuşluq dövründən bilavasitə əvvəl meydana çıxmışdı.

İndi sənətlə məşğul olan insan, yeni nə isə bəyan etmək istəmir, o, ən çoxu bu cəngəlliyə bir şeylər əlavə etmək istəyini və açdığı kiçikcik səhifəsinin varlığını təntənəli surətdə elan edir. Qara camaatın da artıq yenidən emal olunmuş mallar qarşısında acizlik hissi var. İstehsalçılarsa yaranmış bu münbit şəraitdən istifadə edib, istehlakçı zövqünü hər şeyi qəbul edəcək səviyyədə möhkəmləndirəcək qrupları, kollektiv şüuru formalaşdırmaqla məşğuldular. Digər yandan dini mənsubiyyət, ən sərt şəkildə, dünyadakı hər şeyi səliqəylə “icazə verilən” və “qadağan olunan” kimi iki hissəyə ayırır. Mühafizəkar etnik kimliyin daşıyıcıları da vicdanın səsinə qulaq vermədən, yadellilərin yaradıcılığını birmənalı olaraq rədd edirlər. Kütlə şüuru yeni əyalətçilik simasında özünə sığınacaq axtarır. İnsanlar əvvəlcədən, bilmək, eşitmək, tapmaq istədiklərini müəyyənləşdirib, yoluna qoyulmuş, sakit həyatın xəyalı ilə yaşayırlar.

Yerdə qalanlara isə ancaq qusmaq və doyunca yemək, yemək və qusmaq qalır. Bu qusma isə qətiyyən romalıların öz bayram ziyafətlərində zənginliyin və gücün göstəricisi olan qusma ayinləri ilə səsləşmir. Xeyr bu günahkar qusuntudur, indiki dövrün simvoluna çevrilmiş mənəvi aclıqdan əziyyət çəkənlərin qusuntusudur.

Adətən psixologiya gənc qızlardakı mənəvi aclığı, natamamlıq hissinə (“mən axmaq, gombulam”), utancaqlığa (“mənim pulum azdır”), uğursuzluğa (“mən heç kimlə dost ola bilmirəm”) gətirib çıxaran başlıca səbəb kimi öyrənir. Belə hissləri bir qədər dəyişilmiş halda, demək olar ki, hər kəs keçirir (hiperistehsalat şəraitində): “mən həddən artıq məhsul qəbul edirəm”, “mən lazımi məhsulu qəbul edə bilmirəm”, “mən həddən artıq məhsul qəbul etmişəm, amma onlar mənə lazım olan məhsullar deyil”, “ətrafda o qədər məhsullar var ki, mən nə edirəmsə edim hamısını qəbul edə bilməyəcəm”. Nəticədə qərb insanı izafiliyin üzündən daimi günah hissi ilə yaşayır, o seçim bolluğu içində başını itirir, bəzən hətta özünü şəxsi seçimi ilə eyniləşdirir (amerikanların danışıq dilində belə bir deyim var ki, “I am a spaghetti person” və bu mən spagettini sevirəm anlamında işlənir). Ancaq o bu seçiminə görə də daimi şübhə içərisində yaşayır, əlinin altında bu qədər seçim imkanı olması qarşılığında, doğru seçim etmədiyi (doğru texnika markasını, doğru divar rəngini, doğru divanı, doğru qadını) düşüncəsi ilə ömür boyu qıvrılıb durur.

Kütləvi informasiya vasitələrinin cəzbetmə mexanizmi ondan ibarətdir ki, o insanlara heç vaxt yaşamadığı, ancaq yaşamaq istədiyi, dəb-dəbəli, şövq və macəra dolu həyatı göstərir. Həmçinin bizim əsəbi halda bir kanaldan o birinə gəzindiyimiz yerdə, qəflətən teleekranda qusuntunun peyda olması da təkcə bizi televizora bağlamaq üçün düşünülmüş şok effekti deyil. Bu həm də ona görə ortaya çıxır ki, biz özümüzə bir az yer açmaq, bir qədər artıq boş sahə qazanmaq, beynimizi yarımçıq həzm olunmuş materiallardan azad etmək, fasiləsiz informasiya qəbuluna bir anlıq da olsa ara vermək, yenidən aclıq və onun yatışdırılması hissini keçirmək istəyirik. Biz qusan insanlara ona görə tamaşa edirik ki, özümüz heç də onlardan yaxşı gündə deyilik, eynilə özümüz də həmin qusanların surətiyik.

Elliot Vaynberqer

Tərcümə: Fəridə Məmmədova

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade