“Çamayra - Kuba dəftəri” kitabının təqdimatı olacaq

Литература

 

 
“MHS-poliqraf" nəşriyyatında çapdan çıxan “Çamayra - Kuba dəftəri” müəllifin üçüncü kitabıdır. 
 
Ön sözün müəllifi Rüstəm İbrahimbəyov kitabı belə təqdim edir: “Vahid Qazinin Kuba dəftərini oxuyarkən mən, müəllifin Azadlıq adasında başına gələnləri təsvir edə-edə, real insanlardan, onların ölkədəki ümumi siyasi ab-hava ilə bağlı həyatları və problemlərindən danışa-danışa çox güclü bədii təhkiyədən istifadə etdiyini və bu bədii təhkiyənin onun özünü hekayətin baş qəhrəmanına çevirdiyini görüb sevindim. Elə buna görədir ki, yazıçının hiss və fikirlər dünyasına qərq olan oxucu onun füsunkar Çamayranın intim xidmət təklifindən imtinasını öz əxlaqi qələbəsi sayır. Nümunə kimi bir çox digər emosional epizodları da misal çəkmək olar. Amma məncə, ən əsas məsələ, ümumilikdə bütün əsərin gözəl bədii nəsr nümunəsi olmasıdır... “Çamayra”nın müəllifinin ictimai-siyasi inancları əsərin hər cümləsində özünü büruzə verir və bu inanclar o qədər səmimidir ki, onlara qeyd-şərtsiz inanırsan. Bu yalnız kitabda təsvir olunan hadisələrin iştirakçısına çevrildiyin halda mümkün ola bilər. Mənimlə də məhz bu baş verdi”.
 
Nəşriyyatın təqdimi isə belədir: “...Demokratiya qarşılıqlı münasibətdə, daim ünsiyyətdə olanların harmonik davranış məkanıdı. İncəlik sevər, qabalıq ona yaddı. Demokratiya elə mexaniki düzümdü ki, iştirakçıların hamısının bu prosesdə rolu və payı var: saat zəngi saatın içindəki irili-xırdalı neçə-neçə detalın bir-birinə bağlı hərəkətinin, “birgə əməyinin” məhsuludu, bir nəfərin qol gücü ilə hərəkətə gəlib çalınan kilsə zəngi deyil. ...Demokratiyanın problemi, çətinliyi ondadı ki, o, insanları inandırmalıdı. İnandırmaq demokratiyanın mahiyyətindədi. Avtoritarizm buna ehtiyac duymur. Adamları inandırmaq aldatmaqdan çətindi. Odur ki, avtoritar idarəetmə demokratik idarəetmədən asandı.”
 
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade