Bakirəlik dövrünün sonu

Альтернатива

 

Razılaşaq ki, inam, dünyəvi-tarixi gücdür. Həmçinin, bütün dinlərin – xristianların, yəhudilərin, induistlərin, hətta buddistlərin belə öz terroristləri olduğunu görürük. Lakin, başqa dinlər heç biri bizi İslam qədər narahat etmir.

Yanlış anlaşılmaq istəmirəm. Biz Məhəmməd peyğəmbərə özündə həm inqilabçılığı, həm sərkərdəliyi, həm də liderliyi birləşdirən görkəmli tarixi şəxsiyyət kimi hörmət edirik. Uolter Badjot (XIX əsr ingilis iqtisadçısı) onun haqda yazdığı kimi “bir əlində Quran, o birində isə qılıncla” o həm İsa, həm də Sezardır. Biz Məhəmməd peyğəmbərə hörmət edirik. Amma, Məhəmməd Əttaya (11 sentyabr 2011-ci il terror hücumun təşkilatçısı) hörmət etmirik. Bəs radikal islamizim? İnsanların məhvinə rəvac verən mənəvi ideyaya hörmət etmək çətindir.

Bizim bu günki gerçəkliyimiz ağlasığmaz və 1990-cı illərdə təsəvvürümüzə gəlməzdi. Bu o illər idi ki, Amerika bütöv bir ili Monika Levinski ilə gündəmi məşğul edəcək qədər problemsiz idi. İndi o dövrə nəzər yetirəndə, görürük ki, sanki Monika və Bill bakirəlik dövründə yaşamışdılar. Onda dünya 1930-cu illərdəki Böyük depressiya dövründən bəri formalaşan əxlaq dəyərlərin çöküşünə şahid oldu. Böyük əhatəli hakimiyyət, yaxşı inkişaf etdirilmiş dindirmə texnikası, Quantanamo, Əbu Qureyb, iki müharibə, minlərlə ölü – hər şey Qərbin xeyirinə işlədi. Bunların hamısını Qərbə rəqib olan get-gedə güclənmiş ideologiyanın əldə etdikləri ilə də müqayisə etmək lazımdır. Mən yenə də Qərbin hələ də tam dərk etmədiyi rəqibi haqda deməliyəm: ən fanatik islamçı, fanatik islamçılardan başqa hər kəsi son nəfərinə qədər məhv etmək istəyir, həmçinin istənilən mücahid qarşısına ya yer üzündəki bütün qeyri-müsəlmanların kökünü kəsməyi, ya da onları öz dininə çevirməyi qoyub.

Radikal islamçılar inanır ki, “ümumi iş” üçün belinə bomba bağlayıb özünü partladan hər adama artıq cənnətdə yer hazırdır. Sem Harris “İnamın sonu: dinlər, terror və düşüncənin gələcəyi” kitabında intiharçı-terroristin özü üçün təmin etdiyi tez və birdəfəlik “xilas” yolu haqda yazır. “Şəhidlik – müsəlman üçün Qiyamət gününün sərt sorğu-sualından qurtulub, birbaşa cənnətə düşməyin yeganə yoludur. Şəhidlər axirət dünyasında yüz illər boyu yer üzündə qalıb günah mələklərinin sorğu-sualını gözləmək əvəzinə, birbaşa Allahın cənnət bağlarına düşür...” Bundan əlavə onlara “mirvari kimi qorunmuş” bakirələr qismət olacaq, Quran intiharçı-terroristlərə o biri dünyada “bulaq kimi axan, baş ağrısı və bədən zəifliyi verməyən” müqəddəs şərablar, həmçinin onun bütün qohumlarına əbədi cənnət vəd edir. Ancaq bu hələ son deyil, onun bu xidmətinə görə ailəsinə İraqdakı klanlar tərəfindən iyirmi min dollar, üstəgəl Səudiyyə Ərəbistanı tərəfindən beş min dollar həcmində pul mükafatı da verilir. İntiharçının törətdiyi terror – bizim üçün son dərəcə yaddır, o qədər yaddır ki, onunla ilk qarşılaşandan bəri Qərb dünyası hələ də ona heç bir rasional reaksiya verə bilməmişdir. Əlbəttə ki, heç bir insan fələstinli dindar ananın bir intiharçı-terrorist oğulun ardında o birinin də böyük qardaşının yolu ilə getməsi arzusunu eşidəndə buna birmənalı reaksiya verə bilməz. Ancaq, heç olmasa artıq onun “nifrətinə” hörmətlə yanaşmağa bir son vermək lazımdır. Artıq, dərinə işləmiş və gözünü qan tutumuş ideologiyanı, patoloji ölüm kultunu görüb dəhşətə gəlmək lazımdır.

İslam mədəniyyətinin özündən razı və başqa mədəniyyətlərə qarşı ifrat qapalılığı haqqında çox danışıblar. İslam dövlətləri Qərbin varlığında orta əsrlər dövrünün sonlarına yaxın, bütün müharibələrdə onlara məğlub olmağa başlamazdan bir az əvvəl xəbər tutdu. Mühafizəkar intellektual avtarkiya (qapalı, xaricdən asılı olmayan iqtisadiyyat) o qədər möhkəm idi ki, islam mədəniyyəti hətta ən asan mənimsənilə bilən faydalı yeniliklərə belə laqeyd qalırdı. Ancaq İslam özü Avropaya təsir edə bilmişdi, onun ən başlıca təsiri isə Hitlerə və Stalinə olmuşdu. Keçən əsrdəki totalitarizmlə islamizm kultları arasında oxşarlığı görmək elə də çətin deyil. Antisemitizm, antiliberalizm, antiinduvidalizm, antidemokratiya və ən əsası antirasionalizm kimi kultların hamısında əsas hərəkətverici qüvvə ölüm anlayışı idi. Yeganə fərq onda idi ki, nasistlərin və yaxud bolşeviklərin yaratmaq istədikləri cənnət ideyası yer üzündəki cənnət idi və həmin cənnətin qurulması üçün milyonlarla insanı qurban vermək lazım idi. Hər halda onlar üçün ölüm müqəddəs məna daşıyırdı. Radikal islamçılar üçün də ölüm-arzulanan məqsəd və müqəddəs mərtəbədir. Ölüm – hər şeyin başlanğıcıdır.

İntiharçının özünü partlatması – terrorizmdən daha böyük bir şeydir. Bu horrorizmdir (horror – ing. dəhşət, nifrət). Bu pisliyin sərhədlərindən də kənardır. İntiharçı terrorist həm özü insanlara qarşı, həm də potensial qurbanlarında özünə qarşı amansızlığı qızışdırır. Gəlin brazilyalı De Menezişin Londonda törətdiyi dəhşətli qanlı intiqamı, ya da 2005- ci ilin 31 avqustunda Bağdatdakı bir körpüdə yalan informasiya əsasında yaranan panikanı yada salaq. Bu terorrun ən yüksək formasına bir neçə misaldır: kiçik bir pıçıltı bəs edir ki, minlərlə insan basabasda ayaqlar altında qalıb həyatını itirsin.

Amerikada, Lonq-aylendə tamamilə təhlükəsizlikdəykən mən doğma şəhərim olan, üstəlik də üç uşağımın da yaşadığı, Londondan yayımlanan telereportaja baxırdım. Orada iyul ayının 8 -də (7 iyul 2005-ci il, London partlayışından bir gün sonra) işə piyada gedən, gərgin və diqqətlə ətrafa boylanan londonluları göstərirdilər. O anda mən, Erik Hobsbaumun 90-cı illərin ortasında dediyi, “Terrorizm qərb şəhərlərində atmosfer “çirkliliyinin” səbəbkarlarındandır” fikrinin nə qədər doğru olduğunu anladım. Əslində bu gəlirli proqramdır. Nyu-Yorkda partlayış törədib, Madridi, Madriddə partlayış törədib Londonu çirkləndirəcəksən.

Güman edirəm ki, gələcəkdə insanlar terror dövrünü, həm də can sıxıntısı dövrü kimi xatırlayacaqlar, ancaq bu bolluqdan ya da ərköyünlükdən yaranan sıxıntı deyil, fövqəladə sıxıntıdır, məhz kamikadzenin törətdiyi fövqəl terror sayəsində o özünü daha da mütləqləşdirir. Can sıxıntısı elə şeydir ki, bizim əlehydarlarımız onu hiss etmirlər. Belə ki, onlar anlamırlar ki, qatı dini inancın əksi heç də ateizm deyil. Bu olsa olsa azad düşüncədir. Sıxıntı dövrü deyəndə mən heç də aeroport və metrolarda aparılan sonsuz yoxlamaların gətirdiyi sıxıntını deyil, azad düşüncənin qlobal səviyyədə təhdid edilməsinin yaratdığı sıxıntını nəzərdə tuturam. Eynilə fundamentalist iudaizm və orta əsrlər xristinalığı kimi, müasir islamda da hələ kütləvilik qorunub saxlanılır. Bu o deməkdir ki, o səxsiyyətdən sonuncu nöqtəsinə qədər öz qaydalarına tabe olmağı tələb edir. O hər cür iradə azadlığını inkar edir, onun üçün ümumiyyətlə şəxsiyyət mövcud deyil, əvəzində “umma” – yəni inananların topluluğu mövcuddur. Ayətullah Xomeyni özünün böyük həcmli əsərlərində tez-tez bu mövzu ətrafında danışır. O deyir ki, “dinlərin çoxunda möminlər, bütün formal tələblərə əməl etməklə, həyatın qalan sahələrində az ya da çox, öz istədikləri kimi yaşaya bilirlər, “İslam isə belə deyil” – deyə Xomeyni qətiyyətlə təkrarlayır. “İslam hər yerdə səni izləyir, mətbəxdə də, yataq otağında da, ölümdən sonra da – bir sözlə əbədi olaraq sənin başının üstündədir”. Belə anlaşılır ki, “İslam”- “itaətkarlıq”, azad düşüncədən imtina deməkdir.

2002-ci ildə bütün ərəb ölkələrinin ümumi daxili məhsulu təkcə İspaniyanın ÜDM –dan az olub, bu onu göstərir ki, müsəlman ölkələri istehsalatda, iş yerlərinin yaradılmasında, texnologiyada, əhalinin savad səviyyəsində, uzunömürlülüyündə, insan inkişafında, intellektual fəaliyyətin dəstəklənməsində Qərbdən yaxud Uzaq Şərqdən çox-çox geridə qalıblar. Həmçinin, tiranlıq, rüşvətxorluq, insan hüquqları və vətəndaş cəmiyyətinin yoxluğunda da onların hələ də ibtidai bir sistemdə yaşadıqlarını göstərir. Bəs nə çatışmır? Mənim cavabım belədir – islam ölkələrinin əhalisini istedad və enerjidən məhrum edən irrasionalizm, bəsit məntiqdir. Müsəlmanlar arasında rasional analizə yönümlülük, dünyəvi məsələlərdə hazır mistik qanunlarla deyil düşüncənin gücü ilə qərar vermək ənənəsi olduqca zəifdir. Bəs növbəti 300 milyard dolları (ABŞ –ın İraq və Əfqanıstandakı hərbi xərcləri) islam dünyasının özünüdərkinə sərf etməyə bizə mane olan nədir?

Qızışdırma bütün dinlərə və ideologiyalara xasdır. Hər bir inanc sistemi özündə, müəyyən qədər illuziya payı daşıyır, bunun üçün də şüur səviyyəsində özünü qoruyub, təsdiqləməkdə acizdir. İncidici ya da alçaldıcı olan ən kiçik fakta belə dindarlar çox çılğınlıqla reaksiya verirlər. Yerusəlimdəki Əl-əxsa məscidinin qapıçısına qadağaları heçə sayıb məni içəri buraxmasını dünşüncəsizcə təklif edərkən, onun mehriban sifət ifadəsinin bir anda necə dəyişilməsini heç vaxt unuda bilmərəm. Onun əvvəlcə gördüyüm mülayim, sakit üzündə birdən-birə dəhşətli bir maska peyda oldu, bu maska sanki indi onun məni, arvadımı və uşaqlarımı öldürməyə tam haqqı çatdığını elan edirdi. Mən onda anladım ki, istənilən dindən olan radikal dindarı “dərin inanclı” adlandırarkən, biz əslində “dərinlik” anlayışına çox pis həqarət etmiş oluruq. İnsanın daxilini bircə ideologiyanın doldurmasını dərinlik adlandırmaq olmaz, bu sadəcə boşluğun üzərini örtən yalançı bir parıltıdır. Min yaşlı İslam, əslində din pərdəsi altında gizlənən bir ideologiyadır. Bir illuziyanın o birisini əvəzetməsidir. Qızışdırma bu dində olan tək şeydir.

Dinlə bağlı, daha doğrusu fövqəltəbii qüvvələrə inamla bağlı danışarkən problemin bir ucu 2000 il yox təqribən beş milyon il əvvələ gedib çıxır. Fikrimcə, dözümsüzlük göstərməyin zamanı gəlib çatıb. İntellektual və əxlaqi nöqteyi-nəzərdən dinlə müxalif olan elm artıq çox güclü bir nöqtəyə gəlib çatıb. Azad düşünən insanlar artıq bu güclü mənəvi tərəfin qələbəsi üçün mübarizə aparmalıdır.

Martin Emis

Tərcümə: Namiq Hüseynov

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade