"İşin Ustası" - rəssam Gündüz Ağayev: "Ətrafım məni daha çox sərt mövzulara üz tutmağıma məcbur etdi."

Интервью

 

Gündüz, belə bir baxış var ki, insanlar öz peşələri ilə başqalarına xidmət edirlər. Rəssamlar cəmiyyətə necə xidmət edirlər bəs?

İstəyirəm İntibah dövründən başlayım. Mikelangelo, Da Vinci, Rafael və s. kimi rəssamlar, o dövrdə əsasən Bibliya mövzularını işləyirdilər. Onların cəmiyyətə xidmətləri əsasən kilsənin sifarişlərini yerinə yetirməkdən ibarət idi. Baxmayaraq ki, onların əsərlərində humanizmə meyllər güclüdür, amma bütün hallarda mövzular Bibliyadan çox kənara çıxmırdı. Rəssamlar öz əsərləri ilə insanları dinə, yaxud da dini əxlaqa səsləyirdilər. Sonralar kilsənin çəkisi azaldı, rəssamlar sifarişlərini cəmiyyətdən almağa başladılar. Bu  əsasən impressionizm  cərəyanının yaranması dövrünə düşür. Düzdür yeni yaranmış cərəyanın nümayəndələri öz dövrlərində əziyyət çəksələr də, özlərindən sonra gələn rəssamlara həm texnika baxımından, həm də mövzu baxımından azad seçim imkanları yaratdılar. Bu da tez bir zamanda bir-birindən fərqli cərəyanların yaranmasına gətirib çıxartdı. Artıq rəssamlar nə çəkdiklərinə görə yox, necə çəkdiklərinə görə qiymətləndirilirdilər.

Gəl konkretləşdirək. Bu gün burada – Azərbaycanda rəssam Gündüz Ağayevi nəyinə görə dəyərləndirirlər? Sənin sənətin hansı ideyalara xidmət edir? Nəyə görə sənə üz tuturlar?

(Gülür) “Üz tuturlar” demək bir az şişirdilmiş çıxardı...

Yox, məsələn niyə başqasına yox, sənə iş tapşırırlar?

Onların əvəzinə danışa bilmərəm, sadəcə onu deyərdim ki, elə bu gün də rəssam əsasən onlara verilən sifarişləri yerinə yetirməklə məşğuldur. Özü də sifarişçilərin zövqünə uyğun.

Xalqın zövqünü gerçəkləşdirirlər...

Hə, sifarişçi deyir “gül çək” - gül çəkir, “bülbül çək” – bülbül çəkir. Sonra bu yavaş-yavaş rəssamların üslubuna çevrilməyə başlayır. Amma əslində rəssam öz üslubunda, yolunda işləməlidir; özü üslubu diktə etməlidir. Məsələn mən özüm də sifarişlər qəbul edirəm. Sifarişçilərin dediyi gülü, çiçəyi çəkirəm. Amma buna sənət tərəfdən baxdıqda öz işim də olsa, ciddi saymıram. Çünki bu, mən istədiyim deyil. Bəlkə də ciddi qəbul elədiyim işlərimdə, elə buna görə azad oluram.

Onda belə çıxır ki, bizim cəmiyyətdə yaradıcı azadlıq məhdudlaşır.

Əlbəttə. Sənətkara azadlıq vermək lazımdır.

Bəlkə hər bir rəssam öz sənətində müəyyən səviyyəyə gəlib çatandan sonra azad olur?

Yox, bəzən elə əsərlərlə rastlaşırsan ki, müəllifin səviyyəsinin və gücünün çox olduğu hiss olunur. Amma əsəri satılsın deyə öz bacarığını məhdudlaşdırır.

Bəs bu hallar necə müəyyən olunmalıdır? Necə mexanizm lazımdır ki, istedadlı yaradıcı insanlar başqalarından seçilsinlər, onlara şərait yaradılsın? Bəlkə sənətin dəyərləndirilməsi üçün bir quruma ehtiyac var?

Yox, mən “bunu yandıraq, o birisini yaşadaq” prinsipli qurumların əleyhinəyəm. Bunu yalnız  zamanın öhdəsinə buraxmaq lazımdır. Onsuz da yaxşı işlər zamanın sınağından çıxacaq.

Axı onlar bata da bilərlər.

Onsuz da obyektiv dəyərləndirmə mümkün olmayacaq. Hakim dairələr özlərinə sərf edən fiqurları dəstəkləyir (rəssamlar nəzərdə tutulur). Bir az da cəmiyyət özü öldürür. Sözsüz, bu halda əsl incəsənət əsərlərinin yaranmasına maneə yaradılır və onların gələcəyə qalma şansı daha çox azalır.

Sən öz əsərlərinlə insanlara nəyi çatdırmaq istəyirsən? Davan nədir? Ya da yaradıcı kredon..

Hər bir rəssam bir fərd kimi necə düşünürsə, necə dərk edirsə ona yaxın üslubda da işləyir. Fikrini ürəyi istədiyi kimi çatdırması üçün axtarışlar edir. Bu zaman üslub dəyişkənliyi baş verə bilər və yaxud eyni üslubda qalaraq axtarışlarını orada apara bilər. Eləcə də mən, əvvəllər estetikaya fikir versəm də, bununla həm özümü, həm də başqalarını aldatmağımı anladım. Ətrafım məni daha çox sərt mövzulara üz tutmağıma məcbur etdi. Məncə görmədiyin dünya haqqında yaratmaqdansa gördüyün və hiss elədiyin ətrafını yaratmaq daha yaxşı olar.  

Sənətkar necə maliyyəşməlidir?

Dövlət tərəfindən. Avropada dövlət özü maraqlıdır ki, incəsənətlə məşğul olanların sayı çoxalsın.

Kim istəyir dövlətin qapısını döyə bilər ki, mən rəssamam?

Yox, təhsilə ehtiyac var, sərgilərdə iştirak etməlisən ki, səni görsünlər, sezsinlər.. Beləliklə, əgər  incəsənəti dövlət yaşadırsa, ona da yaxşı sənətşünas, kurator lazımdır ki, sərgilərə getsin, maraqlansın, istedadları seçsin.

Yüksək zövqlü menecer...

Zövqlü, sənəti dərindən bilən, bitərəf, obyektiv. İstedadı siyasi loyallıq dərəcəsinə, ya da başqa məsələlərə görə qiymətləndirməməlidirlər.

Azərbaycanda bu gün sənətkarın tam müstəqil olması, “xaltura” dalınca qaçmaması üçün nəyə ehtiyac var səncə.. Bir aylıq ehtiyacı nə qədərdir?

Söhbət ailəli yaradıcı insanın Bakı şəhərində yaşayışından gedirsə, onun bütün ehtiyaclarının qarşılanması üçün ayda yəqin ki, beş min manata ehtiyac var. Məsələn son sərgidə dörd əsərin ərsəyə gəlməsi üçün mən 1350 manat xəcləmişəm. Əlbəttə ki, bu pullar şəxsi büdcəmdən deyil, qeyri-dövlət qurumlarının köməkliyi sayəsində başa gəlir. Bu prosesdə isə mənə mövzu baxımından heç bir təzyiq göstərilməyib. Necə deyərlər kömək təmənnasız olub.

 

Söhbətləşdi

Firudin Allahverdi

Kultura.az

 

 

Gündüz Ağayev - Aktual İntihar (2012)

Gündüz Ağayev - Aktual İntihar (2012)

 

Gündüz Ağayev - Adsız (2011) 

Gündüz Ağayev - Adsız (2011)

 

Gunduz Agayev - Istiqamet (2011)

Gündüz Ağayev - İstiqamət (2011)

 

Gündüz Ağayev - Kompozisiya (2011)

Gündüz Ağayev - Kompozisiya (2011)

 

Gündüz Ağayev - Koprofiliya (2011)

Gündüz Ağayev - Koprofiliya (2011)

 

Gündüz Ağayev - Adsız (2011)

Gündüz Ağayev - Adsız (2011)

 

Gündüz Ağayev - Yaddaş (2011)

Gündüz Ağayev - Yaddaş (2011)

Kultura.az | Developed by Samir Yahyazade