post-title

"Human Rights Watch" döyülən rokerlə bağlı bəyanat yaydı

«Human Rights Watch» təşkilatı martın 17-də həbs olunmuş gənc fəallar Camal Əlinin, Natiq Kərimovun və Etibar Salmanovun həbsi və döyülməsi ilə bağlı bəyanat yayıb. «Azərbaycan hakimiyyəti Bakıda keçirilən aksiya zamanı saxlanılmış iki gənc musiqiçinin polis tərəfindən döyülməsinin hərtərəfli və qərəzsiz istintaqını aparmalıdır».

 

Təşkilat bildirir ki, hakimiyyət bu iki nəfərin və onlarla birlikdə həbs olunmuş başqa bir fəalın öz prosessual hüquqlarını həyata keçirə bilmələrini, o cümlədən vəkillə əlaqə saxlamasını təmin etməlidir. «Human Rights Watch» təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Jane Buchanan gənclərin döyülməsi ilə bağlı bildirib ki, «heç kəs polis şöbəsində döyülə bilməz. Hətta o hakimiyyətin, yaxud başqalarının xoşuna gəlməyən mahnı oxusa, ya da nəsə söyləsə belə».

 

Gənclərin tez-tələsik məhkəməyə aparılması, vəkillə təmin olunmamaları haqqında isə deyib ki, «bu məsələni ört-basdır etmək cəhdinə bənzəyir. Hakimiyyət polisin hərəkətlərinin müstəqil və hərtərəfli istintaqına başlamalıdır. Bu istintaqa isə ən yüksək səviyyədə nəzarət olunmalıdır».

«Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsinə minlərlə tamaşaçının gəlməsindən 2 ay əvvəl Azərbaycan polisi hökuməti tənqid edən musiqiçiləri həbs edir və döyür. Bu cür hadisələr «Eurovision» kimi məşhur tədbirə və Azərbaycanın özünü dünyaya göstərmək cəhdinə kölgə sala bilər».
 
Martın 21-də Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin reper Camal Əlinin 10 sutka, gitaraçı Natiq Kamilovun 7 sutka və «Nida» gənclər hərəkatının fəalı, blogger Etibar Salmanovun 5 sutka həbsə məhkum edilməsi barədə qərarını qüvvədə saxlayıb.
 
Onların hər üçü 17 martda gənclərin mitinqi zamanı tutulmuşdular. Məhkəmə onları İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (kiçik xuliqanlıq) ittiham edib
 
AzadlıqRadiosu
Yuxarı