Anar Rzayev - 74

Сеймур БАЙДЖАН

 

Daima kef çəkən, soyuducunu açanda daima tort görən bu məmur yazıçılar indi o günə qalıblar ki, özlərini müdafiə etmək üçün başqa imza ilə yazırlar. Özləri özlərindən müsahibələr alırlar. Xüsusən baş nazirin müavini, həm də yazıçı Elçin Əfəndiyev özündən müsahibə almağın ustasıdır. Elçin Əfəndiyev özündən aldığı müsahibənin sonunda həmişə bu sözləri deyir: "Maraqlı suallar üçün təşəkkürümü bildirirəm". Yəni, adam özü-özünə təşəkkür edir.

Vəzifəsindən sui-istifadə edərək, teatrların səhnəsini atasının və özünün mənasız, vaxtı keçmiş "əsərləri" ilə işğal edən Elçin Əfəndiyevin əsas qənimi Elnur Astanbəylidir. Nədənsə, Elçin Əfəndiyevi "sancmaq", cırnatmaq Elnurda daha yaxşı alınır.

Mən də bu gün Elçin Əfəndiyev haqqında az yazacağam. Amma bu yazıda əsas hədəf Anar Rzayevdir. Anar müəllimin 74 yaşı tamam olub. Bu münasibətlə telekanallarda Anar Rzayevlə bağlı verilişlər, filmlər göstərdilər. Həmin filmlərdə Anar Rzayev gah yazıçı, gah da əsl məmur kimi xeyli mətləblərə toxundu. Ağıllı-ağıllı danışdı. Adam onu tanımasa, danışdıqlarına aldana bilər. Necə ki, bir xeyli adam Anar Rzayevin dərdli-dərdli gəzməsinə, qayğılı baxışlarına, çəkdiyi qəlyana, "ağıllı" söhbətlərinə aldanıb və həmin adamlara Anar Rzayevin kim olduğunu çatdırmaq mümkün deyil. Eybi yox, əsas odur ki, Anar Rzayev və Elçin Əfəndiyev, həqiqətlə deputat mandatının arasında çabalayan Əkrəm Əylisli bizim nə yazdığımızı anlayır.

Anar Rzayevin 74 yaşının tamam olmasını fürsət bilib onun haqqında yazmaq qərarına gəldim. Mən, Anar müəllimi mütləq təbrik etməli idim. Bəri başdan deyim ki, bu yazıda məqsədim Anar Rzayevin ad günündə onun qanını qaraltmaqdır. Anar Rzayev haqda çox yazmışam. O, mənim həyatımın mənasıdır. Ən ağır dəqiqələrdə, həyatımın ən ağır anlarında Anar Rzayevdən yazmışam, zəhərimi onun üstünə tökmüşəm, bacardığım qədər sancmışam və nəticədə xeyli yüngülləşmişəm. Yazını bitirən kimi üstümdən sanki ağır yük götürülüb. Yaşamaq eşqi vücudumu bürüyüb.

24 ildir Yazıçılar Birliyinin sədri vəzifəsində oturan Anar Rzayevin bu qədər vəzifə düşkünü olduğunu heç kim bilməzdi. Anar Rzayev oturduğu kresloya o qədər vurulub ki, özünü hər cür təhqirlərin hədəfinə çevirməyə belə razı olub. Olmaqdadır. 24 ildir məmur-yazıçı həyatı yaşayan Anar Rzayev vəzifəyə olan yanğısı ucbatından hər cür təhqirlərə dözdü. Dözməkdədir. Olan-qalan hörmətini itirdi. Haqqında ürəyimiz istəyən sözləri yazdıq. Çünki layiqdir.

Anar elə bir adamdır ki, küçəylə getdiyi yerdə bir dilənçi uşağın dilindən Rəsul adını eşitsə, mütləq, nə yolla olursa-olsun, həmin uşaqdan qisas alar. Sahə müvəkkili vasitəsi ilə uşağın həmin ərazidə dilənməsinə mane olar. Deyər ki, bu bizim gələcəyimizdir. Soyuq daşın üstündə oturub. Başına adamlar yığar. Adamlara göstərər ki, o, əsl ziyalıdır, uşaqların gələcəyini düşünür, dilənçi uşağın halına yanır. Sonra bir yazı yazıb "525-ci qəzet"ə göndərər. Yazıda yazacaq ki, bəs, bir uşaq soyuq daşın üstündə oturub tum satırdı. Və ən dəhşətlisi odur ki, uşaq tumu Mirzə Cəlilin kitabından qopardığı vərəqlərə büküb satırdı... Təxminən belə bir şey. Anar Rzayev belə rolları çox gözəl oynayır. Böyük məktəb keçibdir. Xarakter baxımından bir-birinə zidd bir neçə rəhbərlə işləməyi bacarmış Anar Rzayev üçün dərdli ziyalı roluna girmək tum çırtlamaq qədər asandır. Çünki Anar Rzayev böyük məktəb keçibdir. O, insanların hissləri ilə oynamağı gözəl bacarır. Anar Rzayevin, Elçin Əfəndiyevin timsalında Azərbaycan teatrı çox ciddi itkiyə məruz qalıb. Onların oynadığı ziyalı roluna çox adam aldanıb. İsa Qəmbərdən tutmuş müxalifət qəzetlərinin köşə yazarlarına qədər. Bizim müxalifət liderləri, xüsusən İsa Qəmbər Anar Rzayevi görəndə həyəcandan dizləri əsir. Halbuki Anar Rzayev "Qalib gəldi, qalib getdi" adlı məqalənin müəllifidir. Canıyla, qanıyla mövcud hakimiyyəti müdafiə etmiş, bu hakimiyyətin ömrünün uzanmasına bacardığı qədər töhfə vermişdir. Elə indi də AYB mövcud hakimiyyətin ən əsas dayaqlarından biri olaraq qalmaqdadır. Anar Rzayev o təşkilatın sədridir ki, həmin təşkilat neçə-neçə Azərbaycan ziyalısının sürgünə göndərilməsində, güllələnməsində "piser" rolunu oynayıb. Anar Rzayevin əli Hüseyn Cavidin, Mikayıl Müşfiqin "qanına batıb". Mərifəti də çatmır ki, heç olmasa etdiklərinə görə adamlardan üzr istəsin. Yox, olmaz. Tam tərsinə, Anar Rzayev heç bir vicdan əzabı çəkmədən Hüseyn Cavid haqqında çəkilən filmə ssenari yazdı. Qəribə ölkədə yaşayırıq. Ata, Rəsul Rza "donos" yazıb Hüseyn Cavidin sürgünə göndərilməsinə öz "töhfə"sini verir. Oğul, Anar Rzayev isə Hüseyn Cavid haqqında çəkilmiş filmin ssenarisini yazır. 
Anar Rzayev dövlətin maliyyələşdirdiyi bir təşkilatı özünün və atası Rəsul Rzanın təbliğat maşınına çevirib. Kreslo hərisliyi Anar Rzayevin gözünü elə tutub ki, bu adam reallıq hissini itirib. Necə gülməli vəziyyətə düşdüyünü görmür.

Bizə deyirlər ki, Anardan nə istəyirsiniz? Amma nədənsə, bizi tərbiyəli olmağa dəvət edən adamlar gedib Anara demirlər ki, ağsaqqal kişisən, bir az özünə hörmət qoy! Bir kresloya görə özünü biabır etmisən. Gedib otursun evində, nəvələrini başına yığıb oynasın. Özünü bizim yazıların hədəfinə çevirməsin.

Bu adam utanmadan deyir ki, sovet dövründə o dövrün ab-havasına zidd hekayələr yazıbdır. Bu nağıllara inananlar var. Özünü dissident kimi qələmə verən Anar Rzayevin "Təhminə" filmini İsmayıl Ömərov qayçılayır, Anar Rzayevin səsi çıxmır. İsmayıl Ömərova söz deyə bilməyən adamın dissidentliyinə inananlara yazıqlar olsun. 
Sözün açığı, mən bəzən 74 yaşlı məmur haqqında yazmaqdan utanıram. Necə olsa, yaşlı adamdır. Amma Anar Rzayev özünü gülüş hədəfinə çevirməkdən utanmır. Özünə hörmət etmir. Proseslər göstərdi ki, o, yazı adamı deyilmiş. O, məmur imiş. Özü də pis məmur. O, məmnuniyyətlə bizləri həbs etdirər. Sadəcə, dövr bir az başqadır. Anar nəyi bacarmasa da, "donos" yazmağı gözəl bacarır. Çünki güclü məktəb keçib.

Anar Rzayev, Elçin Əfəndiyev öz keçmişləri üçün darıxırlar. O vaxtlar üçün ki, adamlara yuxarıdan aşağı baxırdılar. Jurnal, qəzet əllərində idi. Adamlarla istədikləri kimi davranırdılar. İndi vəziyyət başqadır. İndi qələm bizim əlimizdədir. Ürəyimiz istəyəndə yazıb qanlarını qaraldırıq. Ad günü təbriklərindən həzz almağa imkan vermirik. Üstəlik, buna görə qonorar alırıq, amma Anar Rzayevlə Elçin Əfəndiyevin qanı qaralır. Belə də olmalıdır. Əgər belə olmasaydı, ədalətsizlik olardı. Onlar buna layiqdirlər. Anar Rzayev hazırda özünün yaratdığı Feyzulla Kəbirlinski obrazına oxşayır. Yazıçının öz obrazına oxşaması çox böyük faciədir.

P.S. Mən Anar Rzayevi 74 yaşı tamam olması münasibəti ilə təbrik edirəm, ona cansağlığı və yaradıcılıq uğurları arzulayıram.

Seymur Baycan

Reytinq

Kultura.az | Developed by Samir Yahyazade