Gəncliyə səmimi nifrət

Сеймур БАЙДЖАН

 

12 ilə o söz qalmadı ki, mənə deyilməsin. O ad qalmadı ki, üstümə qoyulmasın. Erməni dedilər, yəhudi dedilər. Cığal dedilər. Diqqəti cəlb etmək üçün elə məqalələr yazır, dedilər. Vətən xaini dedilər. Satqın dedilər. Başa düşmədilər ki, adam 12 il cığallıq edə bilməz. Bu, mənim naturamdır. Düşündülər ki, vaxt keçdikcə “ağıllanacam”. Onların anlamında ağıllanmaq, müdrikləşmək tamam başqa məna daşıyır. Sən tost deməlisən. Tamada olmalısan. Deməlisən ki, Azərbaycanda 9 iqlim qurşağı var. Azərbaycan dünyanın ən gözəl yerlərindən biridir. Muğamımız dünya mədəniyyətinin ən qiymətli incilərindəndir. Deməlisən ki, biz dünyanın ən qədim xalqlarından biriyik. Deməlisən ki, Avropada adamlar hamamın nə olduğunu bilməyəndə, bizimkilər saunada tər tökürdülər. Deməlisən ki, islam gözəl dindir, sadəcə, masonlar islam ölkələrini inkişaf etməyə qoymurlar. İnsan haqları hər addımda pozulduğu halda Eldar və Nigarın uğuruna sevinməlisən. Deməlisən ki, dolma Azərbaycan yeməyidir, ermənilər dolmanı bizdən oğurlayıblar.

Əgər tost deməsən, tamadalıq etməsən, bütün ölkə sənə nifrət edəcək. Anar Rzayevi sevməlisən. Sevməsən, sənə cığal adı qoyacaqlar. Bu ölkədə hər hansı bir sahədə özünü təsdiq etmək üçün mütləq kiminsə ovcundan su içməlisən. Hansısa bir rüşvətxora, əclafa, bütün həyat və yaradıcılığı Fəxri Xiyabanda basdırılmağa hesablanmış “ziyalıya” yaltaqlanmalısan.

“Şöhrət” ordeni almaq üçün hər bir addımı atmağa hazır olan qoca yazıçı, qoca şair, qoca bəstəkar haqqında yaltaq cümlələrlə zəngin məqalələr yazmalısan. Ad günlərində yaltaq ziyalını təbrik etməlisən. Ona bəy tərifi deməlisən. Ağa qara, qaraya ağ deməlisən. Öz vəzifəndən sui-istifadə edərək, Azərbaycan teatrını atasının və özünün məzmunsuz “əsərləri” ilə zəlil günə qoyan Elçin Əfəndiyevin böyük yazıçı olduğunu deməlisən. YAP-a üzv olmalısan.

Neçə illərdi xeyli adam məndən Anar Rzayevə qarşı yumşaq münasibət göstərməyi tələb edir. 24 ildir Yazıçılar Birliyini atasının və özünün təbliğat maşınına çevirən, büdcədən maliyyələşən bir qurumu öz mülkü kimi idarə edən Anar Rzayevə “get evində otur!”, - deyən yoxdur. Onlar Anar Rzayevə haqq qazandırırlar. Onu başa düşürlər. Amma mənim yazımda cümlə səhvi axtarırlar. Mənə “Anardan nə istəyirsən?” deyən adamların 24 ildir YB-ni öz firması kimi idarə edən Anar Rzayevə “bəsdir, ayıbdır!” deməyə cəsarətləri çatmır. Tam tərsinə, Anar Rzayevə təriflər söyləyirlər.

Azərbaycanda hər hansı sahədə özünü təsdiq etmək üçün gənc olduğun halda, özünü ağsaqqal kimi aparmalısan. Vaxtından əvvəl qocalmalısan. Qısası, tamadalıq etməlisən. Əks halda sənə nifrət edəcəklər. Ən ağlagəlməz adlar qoyacaqlar sənə. “Vaxt gələr, ağlın başına gələr” - deyəcəklər. Bu o deməkdir ki, sən də sınacaqsan. Dirəniş göstərsən bütün vasitələrdən istifadə edib səni söndürməyə, məhv etməyə çalışacaqlar. Qeyri-ciddi obrazını yaradacaqlar. “Əyyaşdır”, “əxlaqsızdır”, - deyəcəklər. Əsəblərini sıradan çıxarmaq istəyəcəklər. Onlar guya Cəfər Cabbarlını sevirlər. Onlar guya Cəfər Cabbarlı ilə fəxr edirlər. Yalandır. Əgər onlar Cəfər Cabbarlını sevsəydilər, əgər onlar Cəfər Cabbarlı ilə fəxr etsəydilər, “Aydın”lara yol açardılar. “Aydın”lara dəstək verərdilər. Vəziyyət tamam başqa cür olardı. Onlar “Aydın”ların əyyaşa çevrilməsindən, kirayə evlərdə çürüməsindən həzz alırlar. “Aydın”ları qeyri-ciddi adama çevirəndə rahatlaşırlar. Məclis təşkil edirlər. “Aydın”ı dəliyə çevirəndə qələbə qazandıqlarını düşünürlər. “Aydın” kasıb geyinəndə sevinirlər. Şəhərin neçə yerində evləri olduğu halda, hətta övladlarını hər cür təmin etdikləri halda kirayədə yaşayan “Aydın”ın təzə köynək geyinməsi onları narahat edir, onların gözünə batır. Bu kölə təfəkkürlü adamların düşüncəsinə görə, “Aydın”lar onların köhnə paltarlarını geyinməlidirlər. Hətta köhnə paltarın əldə edilməsi belə asan olmamalıdır. Sən o köhnə paltarı əldə etmək üçün yaltaqlanmalı, yaltaqlanmalı və yenə də yaltaqlanmalısan.

Onların hər şeyi var, villaları, maşınları. Müxtəlif kurortlarda istirahətləri. Amma onlar “Aydın”ın təzə köynək geyinməsini həzm edə bilmirlər. O dəqiqə min şəbədə qoşurlar. Masonlara işləyir, yəhudilərdən pul alır kimi şayiələr yayırlar. Onların düşüncəsinə görə “Aydın”lar cır-cındır içində gəzməlidir. Onların süfrəsində qalmış sür-sümüyü ləzzətlə gəmirməlidir. Hətta bu sür-sümük üçün yekə təşəkkür də bildirməlidir. Nə qədər müqavimət göstərsən, bir o qədər səni sıradan çıxarmaq üçün qarşıdakı qüvvələr səfərbər olacaq. Öz məqsədlərinə nail olduqda “filankəs ağıllı oğlandır”, - deyəcəklər. Bu o deməkdir ki, narahat olmayın, sevinin, şadlanın rəqs edin... “Filankəs ağıllı oğlandır”, - əslində onların dilində “filankəs də əclaf oldu”, - deməkdir.

Vəziyyət çox ağırdır. Hətta siyasi dəyişiklik istəyən adamlar belə, gəncliyə qarşı düşmən münasibəti göstərirlər. İqtidarla müxalifətin gəncliyə qarşı münasibət eynidir. Bütpərəstlik etməlisən.

Gürcüstanda, Ukraynada baş vermiş dəyişiklikdən ruhlanaraq 2005-ci ildə adamlar meydana çıxmışdı. İnqilaba hazırlaşırdıq. Müxalifət liderlərindən biri Əli Kərimli həmin günlərdə “Azadlıq” qəzetinin səhifəsində “Yaşa prezidetnim, yaşa!” şeirinin müəllifi Fikrə Qocanı təmtəraqlı cümlələrlə təbrik etmişdi. Həmin təbriki oxuyub, barmağımı dişlədim. Bütün müqəddəslərə and olsun ki, inqilabın baş verməyəcəyini anladım. İnqilab etməyə hazırlaşan bir lider “Yaşa prezidentim, yaşa!” şeirinin müəllifini, bu hakimiyyəti canıyla, ruhuyla dəstəkləyən bir şairi təbrik etməməlidir. Edirsə, deməli o, ruhən qocaların, keçmişin yanındadır.

İsa Qəmbər dəfələrlə Anar Rzayev haqqında təriflər söyləyib. Monarxiyaya qarşı mübarizə aparan İsa Qəmbər faktiki olaraq Anar Rzayevin 24 illik monarxiyasını dəstəkləməkdədir. İndi gəl başa düş, bu adam harda daha səmimidir? Monarxiyaya qarşı mübarizə aparmasında, yoxsa mövcud hakimiyyəti dəstəkləyən Anar Rzayevi hədsiz sevməsində?

Bəli, xalq kükrəyən zaman onun lideri olmaq, başına adam yığmaq asandır. Bir milyon adam Nemət Pənahlının barmaq işarəsilə oturub-qalxırdı. İndi əsl siyasətçi başı tələb olunur. Əsl real vəziyyət indi yaranıb. Buyursunlar, mübarizə aparsınlar. Adamları səfərbər etsinlər. Hələ 2003-cü ildən əvvəl İsa Qəmbərin başının üstündə Anar Rzayevin kitabını görmüşdüm. Qocalığı sevən, tiraj, titul, keçmiş qarşısında həyəcan keçirən bir siyasi lider hakimiyyəti necə dəyişə bilər axı? Həm Əli Kərimli, həm də İsa Qəmbər mentalitet, 60-cılar məsələsində iqtidarla eyni mövqedə dayanıblar. Gəncliyə inamsızlıq, qocalara sevgi – budur onların həyat fəlsəfəsi! Siyasi dəyişiklik etmək istəyən adamların özləri dəyişməlidir. Onlar öz mübarizələrində səmimi deyillər. Əgər səmimi olsaydılar, çoxdan hakimiyyətə gəlmişdilər. Siyasi dəyişiklik istəyən adamlar 60-cılardan, bütün həyatını Fəxri Xiyabanda basıdırlmağa hesablanmış, “Şöhrət” ordeni almaq üçün min hoqqadan çıxan psevdoziyalılardan qorxurlar. Hər fürsətdə psevdoziyalılara, hakimiyyətə yaltaqlananlara öz rəğbətlərini nümayiş etdirirlər. Onlardan çəkinirlər. 60-cıları gördükdə onları ifşa etmək əvəzinə, psevdoziyalılara öz sevgilərini bildirirlər. Bütün həyat fəlsəfəsi Fəxri Xiyabanda basıdırlmaqdan ibarət olan psevdoziyalıları gördükdə həyəcandan dizləri əsir. Çünki inqilabi təfəkkürləri yoxdur. Həqiqi, real dəyişiklikdən qorxurlar. Neçə hakimiyyəti yola vermiş, neçə rəhbərlə dil tapmağı bacarmış psevdoziyalıların nə vaxtsa onları dəstəkləyəcəyinə sadəlövhcəsinə inanırlar.

İsa Qəmbər düşünür ki, Anar Rzayev nə vaxtsa xalqın sözünü deyəcək və ölkədə inqilab baş verəcək. Yazıqlar olsun. Neçə rəhbərlə dil tapmış, böyük “məktəb” keçmiş Anar Rzayev İsa Qəmbər kimi əlli siyasətçini Alazan çayına əlli dəfə susuz aparıb, susuz gətirər.

Əli Kərimli elə bilir ki, Fikrət Qocanı təbrik etməklə siyasi gediş edibdir. Pah! Belə siyasi gedişə sosika kəsim. Fikrət Qoca sovet dövründə Vyetnam müharibəsi haqda poema yazmışdı. Həmin poemaya görə qonorar, mükafat almışdı. Sovet hökuməti dağıldı və Fikrət Qoca dedi ki, həmin poemanı yazarkən o, sovet hökumətini sətiraltı tənqid etmişdir. Gör, kim kimi oyuna salmaq istəyir. Adam poema yazıb, qonorar, mükafat alıb, həm də guya sətiraltı mənalarla sovet hökumətini tənqid edib. Ən pisi odur ki, buna inanan adamlar var. Məsələn, İlqar Məmmədov adlı siyasətçi səmimi qəlbdən inanır ki, Zeynəb Xanlarova Azərbaycan mədəniyyətini dünyada təbliğ edibdir. Bu, həmin Zeynəb Xanlarovadır, müstəqilliyin əleyhinə səs vermişdi, amma sonra müstəqil Azərbaycanın “İstiqlal” ordenini aldı.

Bəli, bizim ölkədə inqilabi təfəkkürlü siyasətçi yoxdur. Vaxtından əvvəl qocalıblar. Mentalitetdən qorxurlar. Titul, tiraj qarşısında həyəcan keçirirlər. 2003-cü il oktyabr hadisələrində həbs olunmuş Arif Hacılı həbsxanada ilhamlanaraq Əkrəm Əylisinin sonuncu romanı haqqında məqalə yazmışdı. Halbuki Əkrəm Əylisli həmin romanda Arif Hacılının mənəvi liderini təhqir etmiş, Əbülfəz Elçibəyi “keçibəy” adlandırmışdı. Mən bunu yazmazdım. Çünki həm Arif Hacılı həbsdədir, Tanrı qapısını açsın, həm də o iyrənc sözü təkrar yazmaq istəməzdim. Sadəcə, vəziyyətin necə ağır olduğunu göstərmək üçün yazdım. Ziddiyyətə baxın. Əkrəm Əylisli Arif Hacılının liderini təhqir edir, Arif bəy isə Əkrəm Əylislinin romanından məqalə yazır. Özü də həbsxanadan. Bu fakt onu göstərir ki, hətta meydana çıxmağa özündə cəsarət tapan, həbsxanada yatan siyasi lider belə, 60-cılar qarşısında cəsarət nümayiş etdirə bilmir. Əksinə, rəğbət nümayiş etdirir. Halbuki Arif bəy, İsa Qəmbər, Əli Kərimli Trotskinin Tolstoy haqqında yazısını oxusaydılar, görərdilər ki, inqilab etmək istəyən siyasi lider tiraj qarşısında necə qorxmur. Görərdilər ki, yazdığı əsərlərə baxmayaraq, irticanı müdafiə edən, vətəndaş mövqeyi göstərməyən yazıçının gözünü necə basıb çıxarırlar.

Trotski o boyda Tolstoyu ifşa edir. Halbuki Tolstoy “Dirilmə” əsərində inqilabın baş verəcəyinə işarə vurmuşdu. Tolstoy inqilab tərəfdarı deyildi. Sadəcə, adamlarla o cür rəftar etməyin sonda inqilabla nəticələnəcəyini bilirdi. Əkrəm Əylisli roman yazır, Elçibəyi təhqir edir, müxalifətin liderlərindən biri Arif Hacılı isə Əkrəm Əylisli haqqında məqalə yazır. Belə. Əlavə şərhə ehtiyac yoxdur. Kimə aydın olmadısa, mövzunu davam etdirərik.

***

Azərbaycanda mədəni müxalifətdə olmaq çox ağırdır. Biri muğam haqqında yazdığına, digəri isə meyxanadan yazdığına görə sənə nifrət edir. Bir başqası din haqqında yazdığın yazıya görə sənə nifrət bəsləyir. Bir də görürsən ki, üç-dörd adamdan savayı hamı sənə nifrət edir. Müxalifət də sənə nifrət edir, iqtidar da. Dindar, “millətçi”, meyxanadeyən, muğamoxuyan, idmançı, vaxtından əvvəl qocalmışlar, vaxtında qocalmışlar...

Ağırdır. Çox ağırdır. Düşünə bilməyəcəyiniz qədər ağırdır. “Quqark” romanı təzə nəşr olunanda elektron ünvanıma xeyli məktublar gəldi. Məktubda yazırdılar: “Biz bu günü çoxdan gözləyirdik. Sənin kitabını almayacağıq”.

Niyə? Nə pislik etmişəm sizə? Bəlkə evinizi buldozerlə uçurub pulunuzu verməmişəm? Bəlkə məktəblərdə süpürgəpulu yığan mənəm? Bəlkə orduda əsgərlərdən kontur pulu alan mənəm? Əgər sizlər öz nifrətinizi lazımi ünvana yönləndirə bilmirsinizsə, günahı məndə axtarmayın. İddianız var, cəsarətiniz yoxdur. Əgər iddia və qorxaqlıq bir adamda birləşirsə, belə gülməli və həm də ağlamalı vəziyyət yaranır. Onlar o qədər qorxaqdırlar ki, hətta öz real elektron ünvanlarından məktub yazmağa belə qorxurlar. Məni təhqir etmək üçün əlavə elektron ünvandan istifadə edirlər. Onlar o qədər kölədirlər ki, başqasının azad ola biləcəyinə inana bilmirlər. Onlar 300, 400, 500 manat maaşın qarşılığında rəis, müdir, direktor qarşısında gündə yüz dəfə təhqir olunurlar. Ona görə başqasının təmənnasız hansısa yola, ideyaya, fikrə xidmət etməsinə inana bilmirlər... İngilislərin mühafizəkarlığını başa düşmək olar. İmperiya xalqdır. Ciddi dəyərləri var. Bunlar nəyi mühafizə edirlər, nəyi qorumaq istəyirlər, başa düşmək olmur.

Bir vaxtlar Avropada gənclər vaxtından əvvəl qocalmağa meylli idilər. Qəsdən kökəlirdilər. Saçları töküləndə sevinirdilər. Ağır-ağır yeriyirdilər. Vaxtından əvvəl qocalırdılar. Vəziyyət bunu diktə edirdi. Napoleon çıxdı. Hər şeyi alt-üst etdi. Napoleonun qısa müddətdə əldə etdiyi uğurlar, qələbələr bütün gəncləri sevindirdi. Hamı bu qələbədən ruhlandı. Beləliklə, Avropa gəncləri qocalara öz yerini göstərməyə başladı. Bu proses uzun müddət davam etdi.

İşdə, həyatda inqilab!

Məişətdə inqilab!

Ən əsası, fikirdə inqilab!

Ən nəhayət, seksual inqilab!

Seymur Baycan

Reytinq
 

Kultura.az | Developed by Samir Yahyazade