Azərbaycan dünyanın, azərbaycanlılar isə bəşəriyyətin vulqarizmidir

Интервью

 

 

- Əli bəy, yeni nə yazırsınız? Oxucular növbəti kitabınızı nə vaxt görə biləcəklər?

- Mən artıq üzərində işlədiyim kitabdan kiçik bir fraqmenti kultura.az portalına yerləşdirmişəm. Şərti adı “Atlantida” olan roman yazılmaqdadır. Artıq üç hissə yazılıb. Təxminlərimə görə 20-22 hissədən ibarət olacaq. Təəssüf ki, yazı prosesində roman haqqında məlumat verə bilməyəcəm. Ümid edirəm ilin sonuna qədər işıq üzü görər. Təkcə onu deyə bilərəm ki, nə janr, nə üslub, nə dil baxımından ənənəvi Əli Əkbər olmayacaq bu romanda.

- Bəziləri sizi kütlənin marağına uyğun yazmaqda ittiham edir. Bunu erotik səhnələrə, vulqar ifadələrə çox yer verməyinizlə əsaslandırırlar. Razısınızmı bu ittihamlarla? Ümumiyyətlə, epotajın, vulqarizmin bugünki ədəbiyyatda yerini nə ilə izah edərdiniz? Bu tendensiya nədən yaranıb?

- Son 10 il ərzində iPhone çıxdı, iPad çıxdı, ABŞ-a qara prezident gəldi, Mişel Uelbek bir məqalə yazıb jurnalistləri gerizəkalılıqda, savadsızlıqda ittiham etdi, amma burada, Azərbaycanda bir şey dəyişməz qalır – üstü mamır basmış sual: “Niyə vulqar ifadələr?” Bir növ “Neden mizah?”

Azərbaycan redaksiyalarında işə təzə başlayan müxbirləri reportaj hazırlamağa Zooparka göndərdikləri kimi, yeni olsun, köhnə olsun – bütün jurnalistlər yeni nəsil yazarlarla söhbətə mütləq bu sualla başlayırlar. Yetmiş altı dəfə cavab vermişəm. Mən bezdim, siz bezmədiniz.

Niyə mücərrəd və əzbər şeylər danışırsınız, qardaşım? Kütlə kimdir? Onun marağı nəyədir? Mənim yazdıqlarıma? 1000-1500 tirajlıq dar, hətta bir-birini tanıyan oxucu auditoriyası kütlədir? Bəlkə romanlarım cəmiyyəti silkələyib, ölkəni alt-üst edib, küçədə-bacada, metroda, avtobusda hamı mənim yazdıqlarımı oxuyur, mənimsə xəbərim yoxdur? Deyirsiniz ki, kimlərsə bunu belə əsaslandırır. Əsaslandırır, qələt eləyir. Siz nə üçün təkrarlayırsınız?

Keçmişlərin, qocaların suallarını tirajlamaqla, onların yolunu getməklə hara gedib çıxacaqsınız? Niyə fərqli olmursunuz? Niyə şablon suallar verirsiniz? Niyə hər hansı romanımdan sual vermirsiniz? Oxumusunuzsa, niyə ümumi danışırsınız? Oxumamısınızsa, mənimlə mənim yazdıqlarıma dair niyə müsahibə edirsiniz?

Bir yazarla mükalimə edəcəksinizsə, ona bədii mətndə giperbolizasiya; fentezi ilə fantasmaqoriyanın fərqi; dəqiq hesabla improvizasiyanın necə uzlaşması və əsərdə nisbəti; bədii mətndə alternativ reallıq və öncəgörmə; realizmin şəkil dəyişdirməsində qroteskin rolu kimi məsələlər sizi nə üçün maraqlandırmır? Üst pilləyə qalxmağa nə üçün cəhd etmirsiniz? Azərbaycan mətbuatını çuşkarizmdən siz gənclər xilas etməyəcəksinizsə, bəs kim edəcək? Sizə səbəbini deyimmi? Hamısı mütaliənin azlığındandır.

Vulqarizm deyirsiniz. Azərbaycan dünyanın, azərbaycanlılar isə bəşəriyyətin vulqarizmidir. Vulqarizmi Milli Məclisdə, TV-lərdə, nazirlərdə, komitə sədrlərində, folklorda, ictimai nəqliyyatda, küçədə, çayxanada yox, mənim kitablarımda axtarırsınız? Bu nə sirkdir? Bu nə tamaşadır?

O ki qaldı tendensiyaya, mən belə bir tendensiya görmürəm. Azərbaycanda nəzərdə tutduğunuz janrda yalnız mən yazıram. Burada cəm şəkilçisinə ehtiyac yoxdur.

- Bir müddət əvvəl daha siyasi yazılar yazmayacağınızla bağlı bir bəyanat verdiniz. O zaman bunun səbəblərini tam açıqlamadınız. İndi vaxtı yetişibmi? Bu həm də romanlarınızda da siyasi mövzulardan yan keçəcəyiniz anlamına gəlmir ki?

- Mən bəyanat verməmişəm. Bunu mənə facebook-da ovqatım yazdırdı, mən də yazdım. Sizin siyasət dediyiniz o çuşkaxananın içində özümə yer tapa bilmədim. Mənim də hövsələ limitim var.

- Siz rus və türk dillərində yüksək səviyyədə yaza və bu dillərə tərcümə edə bilirsiniz. Nə əcəb kitablarınızı Türkiyə və Rusiyada nəşri üçün çalışmırsınız?

- Mən menecer deyiləm, yazıçıyam.

Elkin Xəlilov

ANN.Az

Kultura.az | Developed by Samir Yahyazade