post-title

Türkiyə düşüklüyü (Tam mətn)

Eramızdan 5-6 əsr əvvəl indiki Türkiyə ərazisində Lidiya adlı qüdrətli dövlət var idi. İran şahlığı ilə müharibədə idi, lakin məğlub olmurdu. Onların bir qüdrətli hökmdarı da var idi ki, ağlının gücünə İranı geri oturda bilirdi.

 

Bir dəfə İran güclü həmlə ilə bu şahı əsir ala bilir, amma Lidiya yenə müqaviməti davam etdirir. Müharibə uzanır. Əsir düşmüş şah İran hökmdarına öz ölkəsini məğlub etməyin yolunu göstərir. Deyir ki, onları rəqsə, musiqiyə, çalıb-oynamağa öyrət, özləri məhv olacaqlar. Əfsanəyə görə belə də olur və indi nə lidiyalılar var, nə də qüdrətli Lidiya çarlığı.

Əfsanələri həqiqət hesab etmirəm, musiqiyə də düşmən deyiləm, amma indi Anadoluda – eyni ərazidə yerləşən başqa dövlət – Türkiyə göstərir ki, bu əfsanəyə inanmaq lazımdır.

Türkiyə ilə Azərbaycanın münasibəti haqqında çox danışmaq olar, çünki onun təsirinə məruz qalmayan tərəfimiz yoxdur. Əlbəttə, üstün olan xeyirli tərəfləridir, eyni xalqıq, müttəfiq dövlətdir, qanlarımız 1915-də Çanakkaledə, 1918-də Göyçayda bir birinə qarışıb və s.. Bu yazıda isə sentimental hissləri kənara qoyub tənqid etmək fikrindəyəm.

Türkiyənin bizə verdiyi xeyri heç bir dövlət vermədiyi kimi vurduğu ziyanı da heç bir dövlət vurmayıb.

90-cı illərin əvvəllərində Əliyev hərbi çevrilişinin baş tutması üçün əlindən gələni edən dövlət çevrilişdən sonra keçən 19 ildə də Azərbaycanın demokratik inkişafı üçün rəsmi səviyyədə qımıldanmadı. Bunu da qoyaq bir kənara.

Bu dövlətin bizə vurduğu mədəni ziyan ölçüyəgəlməzdir. “SSRİ olmasaydı, biz Türkiyə kimi olardıq, yoxsa daha səviyyəli?” mübahisəsinə girmirəm, çünki SSRİ olub, onsuz da bu dəyişməyəcək. SSRİ bizə klassik musiqini, mədəniyyəti daddırıb, təhsil verib, səviyyəmizi qaldırıb. 80-lərin sonundan-90-ların əvvəllərindən başlayaraq, İranın, Türkiyənin ayağı buralara açıldı. İran öz keyfiyyətsiz ərzağı ilə, Türkiyə isə azı İran ərzağı qədər keyfiyyətisiz olan mədəniyyəti ilə girdilər həyatımıza.

Arabeskləri ilə ağlatdılar bizi, Emrah anasının zorlanmasına baxa-baxa, İbrahim türk bar müğənniləri ilə pəzəvənglik edə-edə, həyatımıza girdilər. Bunlara baxa-baxa sovet Azərbaycanının hər evində tapılan kitabxanaları toz basdı, kitablar atıldı, yandırıldı, rəflərə kitab əvəzinə Emrahın, Mahsunun, İbrahimin kasetləri dolduruldu. Türk mədəniyyəti bizə təlqin etdi ki, oxumaqla adam olmaq mümkün deyil, çalıb-oynamaq, fırıldaq işlətmək, “Həm ziyarət, həm ticarət”dəki Mustafa olmamaq üçün əzizlərinə də badalaq gəlmək lazımdır.

Biz də onlara baxıb Bakını İstanbula oxşatdıq; trafik mədəniyyətində, xidmət səviyyəsində oxşatmadıq, fırıldaqlarda, gecəqondularda, pəzəvənglikdə oxşatdıq.

Türklərin düşük kinoları ekranlarımızı doldurdular, baxdıq, ağladıq, gedib Emrahgilə qulaq asdıq, yenə ağladıq, nurçuların uşaq ölümləri ilə bol “sənədli” filmlərinə baxdıq, ağladıq, axırı ağlar günə düşdük.

İndi guya Türkiyə səviyyəsini qaldırıb, yaxşı filmlər çəkir, kütləvi musiqisi get-gedə roka köklənir, yumorları itiləşir və s.. Amma yenə də düşüklük ruhlarındadır. Seriallarından kədər, nifrin yağır evlərimizə, “soft rok” adı ilə arabesk vay-şüvənini yeni üsulla yeridirlər bizə. Vasitələr eynidir, sadəcə bir az inkişaf edib, nəticə isə dəyişmir.

Türk musiqisi gənclərimizə intihar, ayrılıq, depressiya aşılayır, türk serialları xüsusən gənc ailələrin həyat tərzini müəyyən edir, uşaqlarına serial qəhrəmanlarının adlarını qoyurlar, ya dəhşətli dərəcədə sevərək, ya da silahla, mafiya gücünə bütün problemləri həll etməyin mümkünlüyünə insanları inandırırlar.

Şou proqramlarına Azərbaycanda daimi tamaşaçı kütləsi yığmaları bir yana, çılğın azarkeşlər tapıblar. Əvvəl Emraha əl vurmaqdan ötrü atasının üzünə tüpürüb evdən qaçan ləçərlər indi hansısa şoumenin pencəyinə toxunmaq, rok qrupun solistinin qoltuq altını iyləmək üçün qollarını lezvalayırlar. Belələrinin Emrah pərəstişkarlarına lağ etməsi gülüncdür, sanki güzgüyə baxıb özlərinə rişxənd edirlər.

Türkiyədən bir dəfə də olsun, ciddi musiqinin, kitabın, maariflənmənin təbliğini görmədik, bir dəfə də olsun, vətəndaş cəmiyyətinin, demokratiyanın inkişafına dəstək görmədik, bir dəfə də olsun, istehlak qulundan daha səviyyəli bir vətəndaşa çevrilmək üçün cəhd görmədik.

Türkiyənin seriallarının, şoularının qadağan edilməsi mətbuatın boğulması sayıla bilər. Amma savadsızlığı təbliğ edən, insanları istehlak quluna çevirən, kitabdan uzaqlaşdıran hər şey qadağan olunmalıdır.

Türklərin bir demokratiyası, bir ordusu, bir də dünyəviliyi var idi, bunları da Erdoğan elə yıxıb ki, çətin ki, yaxın gələcəkdə ayağa dura bilsinlər.

Əlbəttə, onu anlayıram ki, bizim tələbatımız məhz Türkiyə səviyyəsi olduğundan təklif də elə budur. Səbəb rejimin bizi saldığı rəzil vəziyyətdir ki, Türkiyə düşüklüyünü sevə-sevə qəbul edirik. Anlayıram ki, Türkiyə serialları, şousu əvəzinə evimizə ondan dəfələrlə aşağı səviyyəli yerli istehsal dolacaq. Amma bütün bunlar məni Türkiyə düşüklüyünü rədd etmək hüququndan məhrum etmir. Dünyada yalnız Azərbaycan və Türkiyə seçimləri qalmayıb, başqa variantlar da var, inkişaf üçün xirtədəyə qədər – hər sahədə zibildə olan Türkiyə variantı qeyri-məqbuldur. İlk növbədə gənclərimizi bu qeyri-məqbul variantdan, zombiləşdirmə, düşükləşdirmə mədəniyyət(sizliy)indən uzaq tutmalıyıq.
 

Zaur Qurbanlı

Kultura.Az

Yuxarı