Rosanna Greenstreet-in Slavoy Jijek ilə müsahibəsi

Интервью

 

 
59 yaşlı Slavoy Jijek Sloveniyanın paytaxtı Lyublyanada doğulub. O, European Graduate School-da professor, Londonda yerləşən Brikbeck Humanitar Fənnlər İnstitutunun beynəlxalq direktoru və Lyublyana Universitetində baş araşdırmaçıdır. O, Alfred Hiçkok, V.Lenin, 11 Sentyabr hadisələri kimi müxtəlif mövzulara dair 30-dan çox kitab yazmış, “Pozğunların kino bələdçisi” adlı televiziya verilişində aparıcı işləmişdir. 
 
Ən xoşbəxt olduğunuz anlar hansılar olub?
Bəzən gələcəkdə baş verəcək xoş bir anı, yaxud keçmişdə baş vermiş anlarımı yada salarkən. Xoşbəxt anları yaşayarkən isə heç vaxt fərqində olmamışam.
 
Sizin ən böyük qorxunuz nədir?
Öldükdən sonra dirilmək – buna görə də, ölən kimi dərhal yandırılmağımı istəyirəm.
 
Yadınızda qalan ən köhnə xatirəniz nədir?
Anamı çılpaq görməyim. İyrəncdir.
 
Hal-hazırda ən çox heyranlıq duyduğunuz həyatda olan insan kimdir və nə üçün ona heyranlıq duyursunuz?
Haitinin iki dəfə devirilmiş prezidentti, Jean-Bertrand Aristide. O ən çarəsiz vəziyyətdə belə xalqı üçün nələrin edilə biləcəyini ən yaxşı göstərən nümunədir.
 
Özünüzdə ən xoşlamadığınız cəhət hansıdır?
İnsanların acınacaqlı durumuna laqeyidliyim.
 
Başqalarında ən xoşlamadığınız cəhət hansıdır?
Onların istəmədiyim və ehtiyacim olmadığı anlarda kömək təklif etməyə hazır dayanması.
 
Ən çox utandığınız an hansı olub?
Sevişməzdən əvvəl qadının qarşısında çılpaq vəziyyətdə dayanmağım.
 
Mülkiyyətinizdən başqa sizin satın aldığınız ən bahalı şey nədir?
Hegelin əsərlər toplusunun Alman dilində yeni nəşri.
 
Sizin sahib olduğunuz ən dəyərli şey nədir?
Əvvəlki cavaba baxın.
 
Kefinizi pozan nədir?
Axmaq adamları xoşbəxt görmək.
 
Görünüşünüz barəsində ən bəyənmədiyiniz şey nədir?
Görkəmimin məni həqiqətdə olduğum kimi göstərməsi.
 
Ən pis vərdişiniz nədir?
Danışarkən gülməli və yersiz əl hərəkətlərim.
 
Xəyali bir kostyum seçmək şansınız olsaydı necə birini seçərdiniz?
Üzümə öz maskamı taxardım və beləlikdə insanlar elə zənn edərdi ki, bu mən deyiləm, özünü mən olaraq təqdim edən bir başqasıyam.
 
Həzz aldığınız lakin özünüzü buna görə günahkar hiss etdiyiniz şey nədir?
“Musiqinin səsi” qədər utancverici və təsirli bir filmə baxmaq.
 
Valideyinlərinizə nə borclusunuz?
Ümid edirəm heç nə. Mən onların ölümünə bir dəqiqə belə yas saxlamamışam.
 
Ən çox kimdən və nə üçün üzr istəyərdiniz?
Oğullarımdan, yetərincə yaxşı ata olmadığım üçün.
 
Sevgi necə bir hissdir?
Böyük bir uğursuzluq, vəhşi bir parazit kimidir. Elə davamlı bir böhran halıdır ki, bütün xırda həzzləri məvh edir.
 
Həyatınızın sevgisi kimdir və ya nədir?
Fəlsəfə. Mən gizlincə düşünürəm ki, reallıq mövcuddur və deməli biz bu haqda spekulyasiya edə bilərik.
 
Ən sevdiyiniz qoxu hansıdır?
Çürüyən təbiətin qoxusu, məsələn çürümüş ağaclar.
 
Heç indiyə kimi “səni sevirəm” deyib lakin doğurdan da belə hiss etmədiyiniz an olub?
Həmişə. Mən həqiqətən kimisə sevəndə bunu yalnız öz aqressiv və xoşagəlməz iradlarımla ifadə edə bilirəm.
 
Həyatda olan hansı insana və nəyə görə nifrət edirsiniz?
İnsanlara işgəncə verən şəxslərə yardım edən həkimlərə.
 
Ən pis işiniz hansı olub?
Dərs demək. Mən tələbələrə nifrət edirəm. Onlar (hamı kimi) böyük əksəriyyətlə səfeh və darıxdırıcıdır.
 
Ən böyük xəyal qırıqlığınız hansı olub?
Alain Badiou-nun 20-ci əsrin “qaranlıq fəlakəti” adlandırdığı şey: kommunizmin katastrofik çöküşü.
 
Keçmişinizə müdaxilə etmək şansınız olsaydı nəyi dəyişərdiz?
Dünyaya gəlişimi. Mən Sofoklla razıyam. Ən böyük şans dünyaya gəlməmiş olmaqdır, lakin, bu zarafat davam etdikcə, çox az adam buna nail olur.
 
Keçmişə getmək imkanınız olsaydı hara gedərdiniz?
19-cu əsrin əvvəli Almaniyaya, Hegelin tələbəsi olmaq üçün.
 
Necə dincəlirsiniz?
Təkrar - təkrar Vaqnerə qulaq asmaqla.
 
Sekslə neçə müddətdən bir məşğul olursunuz?
Bu, seks deyəndə nəyin nəzərdə tutulmağından asılıdır. Bu, partnyorunuzla məşğul olduğunuz ənənəvi masturbasiyadırsa, çalışıram ümumiyyətlə məşğul olmayım.
 
Ölümə ən yaxın olduğunuz an hansı olub?
Yüngül infarkt keçirdiyim zaman. Bədənimə nifrət etməyə başlamışdım. O öz vəzifəsindən, mənə gözüyumulu xidmət etməkdən imtina etmişdi.
 
Həyatınızın keyfiyyətini qaldıran bir şey nə ola bilərdi?
Qocalmağımın qarşısını almaq.
 
Ən böyük nəaliyyətiniz hesab etdiyiniz şey nədir?
Hegelin yaxşı interpretasiyası hesab etdiyim, üzərində işləyib inkişaf etdirdiyim yazılarım.
 
Həyatın sizə öyrətdiyi ən vacib dərs nə olub?
Bu həyat axmaqdır, Sizə öyrədəsi heç nəyi olmayan mənasız bir şeydir.
 
Bizə bir sirr verin.
Kommunizm qalib gələcək.
 
Rosanna Greenstreet 
 
The Guardian, Şənbə, 9 Avqust, 2008
 
Tərcümə etdi: Ağayeva Səbinə
 
Kultura.az | Developed by Samir Yahyazade