Bizim professorlarımız

Сеймур БАЙДЖАН


Tanışım məni məclisə nəfəslik kimi dəvət etmişdi. Dedi ki, orda ürəyim partlayacaq, heç olmasa, arada mövzunu dəyişmək üçün bir adam lazımdır. Getdim məclisə. Masa arxasında təxminən on iki kişi oturmuşdu. Onların heç biri zahirən elm adamına oxşamırdı. Onlar daha çox qəssaba, tamadaya, kababxana sahibinə oxşayırdılar. Məclis başladı. Mən vəziyyətin ağır olduğunu bilirdim, amma vəziyyətin hədsiz dərəcədə ağır olduğunu təsəvvür edə bilməzdim. Vəziyyət mən düşündüyümdən də ağır imiş. Professor adı daşıyan adamlar oynadılar. Araqdan içib, kababdan yedilər, kababdan yeyib, araqdan içdilər. Hamısı ləhcəylə danışırdı. Hamısının sifətindən aqrarlıq yağırdı. Yanağı qırmızı, bazburutlu, kostyumlu, qalstuklu professor kişilər təndirdən, pencərdən, keçmiş kişilərdən, kurort, sanatoriya sərgüzəştlərindən danışırdılar. Əlbəttə, başa düşürəm, məclisdə elmi kəşflərdən, disturlardan danışası deyildilər. Amma mən həmin məclisdə, elm adamlarının əhatəsində, söhbətlərində bir termin, bir fizik, bir kimyaçı, bir riyaziyyatçı, bir kitab, bir muzey adı eşitmədim. Bütün söhbətlər yemək, gəzmək, vermək, almaq mövzusunda idi. Araqdan vurub oynadılar, oynayıb araqdan vurdular. Sakitcə oturub bizim professorlarımıza baxırdım. Dəhşətli mənzərə idi. Sanki bir tamada, bir kababxana sahibi öz dostlarını yığıb, ad gününü qeyd edirdi. Onların nəql etdiyi əhvalatlar bir "KamAZ" sürücüsünün danışa biləcəyi əhvalatlar idi. Gəyirdilər, burda adını yaza bilməyəcəyim yerlərini qaşıdılar, burunlarını qurdaladılar, oynadılar, qollarını yana açıb rəqs meydançasında xeyli süzdülər. Keçmiş kişilərin zəhmi, düzlükləri haqda xeyli əhvalat danışdılar.

Professorlardan biri məndən hansı işlə məşğul olduğumu soruşdu. Birtəhər cavab verdim. Dedi: "Ay bajoğlu, sən dağlardan, dərələrdən, çörəyin ətrindən, bulaqların suyundan yaz". Beləliklə, mən dəhşətli bir bəlaya tuş gəldim.

Bizim professorlarımız gəyirə-gəyirə mənə bir saat nədən, necə yazmaq mövzusunda məsləhətlər, nəsihətlər verdilər. Onların sağlıqları çox milli idi. Yaxşı oğlanların, vətənin, ananın, atanın sağlığına badə qaldırıb, araq içdilər. Hətta biri belə bir sağlıq dedi: "İçək sərçələrin sağlığına".

İçdilər. Çoxlu oynadılar. Özü də qan-tərə batanacan oynadılar. Onlar professor kimi yox, dərviş, aşıq kimi danışırdılar. Məclisə aşıq da gəldi. Bizim professorların çiçəyi çartladı. Onlar aşıqla çox asanlıqla ünsiyyətə girərək, bu ünsiyyətdən xeyli həzz aldılar. Başladılar bayatı deməyə. Biri aşığın səhvini tutdu. Və bu əməlindən xeyli məmnun oldu. Sanki durduğu yerdə başına alma düşmüşdü və cazibə qanununu kəşf etmişdi. Nəhayət, məclis bitdi. Bizim professorlarımız uzun-uzadı öpüşərək, qucaqlaşaraq çox çətinliklə bir-birilərindən ayrıldılar. Qərəz, həmin gün bizim elm adamlarının, bizim elmin nə gündə olduğunu real olaraq başa düşdüm.

Bir dəfə bizim alimlərdən, elm adamlarından, professorlardan söhbət düşəndə Həmid Herisçi dedi ki, Azərbaycan aliminin elmə dəxli yoxdur. Söhbətdə iştirak edən bəstəkar Elmir Mirzəyev həm də əla cavab verdi: "Dəxli var, Azərbaycan alimi elmi gözdən salmaqla məşğuldur". Həqiqətən də belədir. Azərbaycan alimi dünyaya, hadisələrə, məsələlərə elm adamı kimi yox, dərviş kimi münasibət bildirir. Onların hər bir söhbəti fanilik aşılayır. Onların davranışı adamın ürəyini bulandırır. Əgər bir elm adamı məşğul olduğu sahə haqqında üç-dörd saat danışa bilmirsə, deməli, o, əsl elm adamı deyil, "kitayski" elm adamıdır.

Siz bir avropalı, amerikalı elm adamı təsəvvürünüzə gətirin ki, o, məşğul olduğu sahədən xəbərsizdir. Ümumi söhbətlərlə adamları yola verir. Çətindir. Onların hətta zahiri görünüşü belə elmlə ciddi məşğul olduqlarını nişan verir. Çünki məşğul olduğu sənət insanın xarakterinə, zahiri görünüşünə, davranışlarına ciddi təsir etməlidir. Əlbəttə, əgər insan öz sənətiylə, sahəsiylə ciddi məşğul olursa.

Bizim professorlarımız, elm adamlarımız elm adamından, alimdən başqa hər nəyə, kimə desən oxşayırlar. Qəssaba, tamadaya, aşığa, palatka müğənnisinə... Çünki onlar elmə ciddi yanaşmırlar. Əgər ciddi yanaşsaydılar, onlar heç olmasa, zahirən elm adamına oxşayardılar.

Bizim alimlər elm adamı kimi yox, dərviş kimi danışırlar. İstəyirsən öz sahəsindən bir balaca ciddi danışsın. Mümkün deyil. Ümumi cümlələrlə adamı yola verəcək. Bir balaca dirəşsən, səni polisdə işləyən "nervinni" oğluyla qorxudacaq. Başlayacaq məhəllə söhbəti eləməyə. Başıma gəlib. Havadan yazmıram. Bir professor haqqında bir cümlə yazmışdım. Hardansa nömrəmi tapıb mənə zəng vurdu. Xeyli tariximizdən, təbiətimizdən, milli-mənəvi dəyərlərimizdən, böyük-kiçiyə hörmətdən danışdı. Lap axırda dedi ki, oğlum əsəbi oğlandı, gəlib səni salar təpiyin altına.

Azərbaycan elm adamının məddahlığı haqqında danışmaq yersizdir. İki-üç adamı çıxmaq şərti ilə yerdə qalanları ölkədəki acınacaqlı vəziyyəti görmək istəmirlər. Görməzlər. Əks halda bağ evi, təqaüd, fəxri adlar ala bilməzlər. Savadları da yoxdur ki, gedib başqa yerdə elmlə məşğul olsunlar. Onların elmi dərəcələri bizim toylarda sağlıq demək, qız elçiliyinə getmək, yasda plov yemək üçün yararlıdır. Rəsmi qəzetlərdə bizim alimlərin yaltaqlıqla zəngin məqalələrini, müsahibələrini oxuyanda adam xəcalətindən dayandığı yerdə bir vedrə tər tökür. Azərbaycan aliminin davranışına, hərəkətlərinə baxanda, söhbətlərini dinləyəndə adam istər-istəməz elmə şübhəylə yanaşır. Doğrudan da Azərbaycan alimi elmi gözdən salmaqla məşğuldur. Bizim Milli Elmlər Akademiyasında bir alim mələyin uçma sürətini hesablamışdı. Başqa bir alim isə Harun Yahya adlı bir fırıldaqçının Darvinin təkamül nəzəriyyəsini darmadağın etməsi haqda məqalə yazmışdı. Biabırçılıqdır.

Milli Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutunun şöbə müdiri professor İnqilab Kərimov vəfat etdi. Onun yerinə şoumen Qorxmaz Əlilini təyin etdilər. 
"Space" telekanalında "Etiraf" verilişinin aparıcısı, falçı İlham Mirzəyev psixologiya üzrə fəlsəfə doktorudur. Siyavuş Novruzov hüquq üzrə fəlsəfə doktorudur. Deputat Cavid Qurbanov texnika üzrə fəlsəfə doktorudur. Bizim deputatların 75 faizi pul verib elmi dərəcə alıblar.

Bahar Muradova siyasət üzrə fəlsəfə doktorudur. İsmayıl Ömərov siyasət üzrə fəlsəfə doktorudur. Onların çoxu heç öz elmi rəhbərini tanımır. Elmi işlərinin adını deyə bilmirlər. Bakıdakı məktəb direktorlarının da böyük əksəriyyətinin elmi dərəcəsi var. Azad Mirzəcanzadə pul verib elmi dərəcə almaq istəyən adamlara öz yerlərini göstərməyi bacarırdı. Azad Mirzəcanzadənin vəfatından sonra elmi dərəcə almaq kreditlə maşın almaq kimi bir şeyə çevrildi. Pulu, vəzifəsi olan asanlıqla elmi dərəcə ala bilir. Belə çıxır ki, vəzifəyə təyin olunanda, pul qazananda avtomatik olaraq bizimkilərin elmi qıcqırmağa başlayır. Belə çıxır ki, onlar pul qazanandan, vəzifəyə təyin olunandan sonra elmlə məşğul olmağa başlayırlar...

Seymur Baycan

Reytinq

Kultura.az | Developed by Samir Yahyazade