"Qreşem qanunu" və siyasi sistemimiz

Альтернатива

 

 

Doğrusu “Qreşem qanunu” haqqında əvvəllər xəbərim yox idi. İndi də onun iqtisadi və hüquqi incəliklərini yaxşı başa düşmürəm. Bəs hansı səbəbdən Erkin Qədirlinin yazısını oxuculara təqdim edirəm? Məsələ ondadır ki, müəllif bu qanunu siyasi sistemimizə tətbiq edərkən, göstərir ki, niyə bizdə daimi “keyfiyyətsiz” adamlar “keyfiyyətli” adamları sıxışdırır və bunun nəticəsi necə ola bilər. Bu məsələ isə hər birimizi düşündürməlidir.

Rəhman Bədəlov



 

İngiltərə Kraliçası, Elizabeth I (1-ci Elizabetin), maliyyə müşaviri Thomas Grasham’ın (Tomas Qreşem) 1560-cı ildə gəldiyi nəticə “Qreşem qanunu” kimi tanınır (Grasham’s law). Bu qanunun qısa anlamı belədir:


- keyfiyyətsiz (ucuz) pul keyfiyyətli (bahalı) pulu dövriyyədən çıxarır.

O zamanlar, bilirsiniz, kağız pul yox idi. Dövlətlər pullarını müxtəlif qiymətli metalların (qızılın, gümüşün və ya bürüncün) qatqılarından düzəldirdilər. Pulun nominal dəyəri onun istehsalında istifadə olunmuş metalın bazar dəyərinə bərabər idi. Yəni, məsələn, sikkənin nominal dəyəri 1 pound (ingilis pul vahidi, “paund” kimi tələffüs olunur) idisə, deməli onun istehsalında 1 pound dəyərində qızıl, gümüş və ya bürünc istifadə olunmuşdur. Hər kəs də, bunu bildiyindən, pulun alıcılıq qüvvəsinə güvənirdi.

Sonradan, müxtəlif (məsələn, qızılın, gümüşün və ya bürüncün qıtlığından, bahalaşmasından, istehsalat xərclərindən və çətinliklərindən və s.) səbələrdən dövlətlər pulun tərkibinə başqa metalları (məsələn, tuncu, misi və s.) qatmağa başladılar. Bu qatqılar hesabına pulun istehsalı asanlaşdı. Amma, bunun müqabilində pulun nominal dəyəri ilə onun tərkibində olan “qiymətli metalların” bazar dəyəri arasında ziddiyyət yarandı. Yəni, tərkibi daha ucuz olan pulun nominal dəyəri tərkibi baha olan pula bərabər oldu. Orta əsrlərdə insanların pulu dişlərinə çəkməsi haqqında kitablardan və filmlərdən xəbərdarsınız. Pulun dişə çəkilməsi onun keyfiyyətinin yoxlanılması üçün idi (məsələn, mis qızıldan yumşaq olduğuna görə, misdən düzəldilmiş sikkələr əyilə bilirdi).

Nəticədə, tərkibində qızıl, gümüş və ya bürünc olan sikkələr yavaş-yavaş dövriyyədən çıxmağa başladılar. Çünki, insanlar onları xərcləməyə deyil, yığmağa meyilli oldular. Qiymətli metallardan düzəldilmiş sikkələr, həmişəlik dəyər daşıyıcısı olaraq, istənilən zaman daha bahalı nemətlərlə dəyişdirmək üçün saxlanılırdı. Xərclənən isə “keyfiyyətsiz” (ucuz) pullar idi. Buna görə də dövriyyədə qalan məhz onlar oldu, “keyfiyyətli” (bahalı) pullar isə xüsusi əmanət kimi qorunurdu. Thomas Grasham bu qanunauyğunluğu ilk dəfə 1560-cı ildə aydın ifadə etdiyinə görə, qanunuyğunluq onun adı ilə adlandırılır (“Qreşem qanunu”).

“Qreşem qanunu” insanlara, onların münasibətlərinə də, şərti olaraq, aid oluna bilər. Qapalı sistemlərdə, pozgun zəmanələrdə “yaxşı adam” mövzusunun aktuallaşmasına əvvəlki yazılarımda toxunmuşdum. Bü gün, məişətdən tutmuş siyasətədək, “keyfiyyətli adamların” çatışmazlığından danışılır. Danışılırsa, problem var, demək ki. Nədədir, bəs, problemin səbəbi? Çoxları, yanlış olaraq, “keyfiyyətli adamların” azlığından, bəzən heç olmadığından gileylənir. Giley çarə deyil. Gerçək səbəbi hazırki siyasi sistemin özündə axtarmaq lazımdır.

Hər bir sistemin içində “davranış modelləri” olur. Təbiətdə də belədir. Elektronlar, atomlar, molekulalar və s. – hər şey hərəkətdədir. Təbiətdəki cisimlərin hərəkətinə, cəmiyyətdəki insanların hərəkatına olduğu kimi, şərti olaraq, “davranış modeli” demək mümkündür. Qapalı sistemlər möhkəm ola bilir, amma davamlı ola bilmir. Onların möhkəmliyi daxili “hərəkətsizliyin” (az sürətli hərəkətliyin) hesabınadır. Hərəkətsizlik – durğunluqdur. Durğun olan hər bir şey kövrəkdir. Üstəlik, qapalıdırsa, onda kənardan təsirlər qarşısında davamlı tab gətirə bilməyəcək, çünki içəridən hərəkətlənməyənin enerjisi zəif olur.

Buz niyə əriyir? Əlbətə, deyəcəksiniz ki, istidən. Doğrudur. Amma nədir bunun mexanizmi? Necə olur ki, istilik buzu əridir? Orta məktəbdə keçdiyiniz fizika kursunu xatırlayın. Hərarət də hərəkət məsələsidir. İstilik molekulaların daha tez hərəkət etməsindən asılıdır. Məsələn, isti havada buz ona görə əriyir ki, daha tez hərəkət edən havanın molekulaları çox az sürətlə hərəkət edən, durğunlaşmış, buzun molekulaları ilə toqquşur (havanın və buzun tamas xəttində) və onların kinetik enerjisi buzun molekulalarını sürətləndirir. Isti hava ilə tamas xəttində havanın sürətli molekulaları ilə toqquşma nəticəsində sürəti artmış buzun molekulaları, öz növbəsində, buzun digər molekulaları ilə toqquşur və onları sürətləndirir. Nəticədə, buzun içində hərəkətlilik artıqca, hərarət də artır, bunun hesabına da buz əriyir.

Cəmiyyətlər də elədir. Ünsiyyət hesabına bir-birilərinə enerji ötürə bilirlər. İnsanları cəmiyyətin molekulaları kimi təsəvvür etsək, cəmiyyətlərin inkişafını daha asan anlamış ola bilərik, bəlkə. İnsanlararası ünsiyyət sıxlığı (toqquşma enerjisi) çoxdursa, onların bir-birilərindən faydalanması (sürətlənməsi) tezləşir. Cəmiyyət içəridən genişlənməyə, qızışmağa (canlanmağa) başlayır. Bunun hesabına hər kəs üçün yeni fürsətlər açılır, öyrənmə asanlaşır, yanılma riski azalır, faydalanma əmsalı artır. Rabitə vasitələri bunu daha da asan edə bilir. Amma, sistem qapalı olduqda, rabitə üzərində total nəzarət, məlumat vasitələri üzərində senzura və ya başqa təhdid forması təşkil olunur. Nəticədə, ünsiyyət təşviq olunmur, təhsil, elm, mədəniyyət, siyasət, məişət, bir sözlə - hər şey durğunlaşmağa başlayır. Öyrənmə həvəsi ölür, faydalanma qabiliyyəti inkişaf etmir, paylaşma mədəniyyəti unudulur. Sərf etmir, çünki.

İqtisadiyyatımızda şirkətlərin təşkilat formasına baxın. Böyük əksəriyyəti ya QSC-dir (qapalı səhmdar cəmiyyəti), ya da MMC (məhdud məsuliyyətli cəmiyyət). Diqqət yetirin, “qapalı” və “məhdud məsuliyyətli” cəmiyyətlər. Niyə sahibkarlarımız əsasən bu formanı seçirlər? Çünki renta yığıcılığına əsaslanan siyasi sistemimiz paylaşmanı təşviq etmir. Paylaşma olmayan yerdə məsuliyyət də məhdud olasıdır. Elə hökümətimiz də MMC şəklindədir, sanki, – iştirakçıların sayı çox az, kollegial qərarlaşma çox zəif, məsuliyyət də, təbii ki, məhdud. Renta yığıcılığından gələn müftə gəlirlər hesabına imkanları genişlənən hökümətimizin həmin imkanlara uyğun mənəvi və hüquqi məhdudiyyətləri yoxdur. Nəticədə, müftəxorluq və saxtakarlıq baş alıb gedir. Bunun qarşısını bir az almaq üçün hökümətin üst qatlarında olanlar iqtisadiyyatımızı holdinqləşdirirlər. Çünki, holdinq məsuliyyəti artırmadan bazarın yeni sahələrini ələ keçirməyə, iştirakçılığı genişləndirmədən idarə xərclərini azaltmağa imkan yaradır. Amma, bunun nəticəsində inhisarlaşma güclənir, deməli iqtisadi azadlıqlar da boğulur. Belə bir təcrübənin üzərində qurulmuş siyasi sistem getdikcə daha çox qapanmağa məhkum olur.

“Qreşem qanuna” uyğun olaraq, bütün sahələrdə “keyfiyyətli adamlar”, dövriyyədən çıxarılır. Boşluğu “keyfiyyətsiz adamlar” tutmağa başlayırlar. Nədən? Çünki qapalı sistemin irəli sürdüyü tələblər, özünə yüksək qiymət verən və/və ya çevrələri tərəfindən yüksək qiymətləndirilən adamların mənəvi dəyərlərindən çox aşağı olur. “Keyfiyyətli adamlar” çevrələri tərəfindən həmişə “dişə çəkilir” (eynən tərkibində qızıl və ya gümüş olan sikkələr kimi). Çevrələrində keyfiyyətini itirmək istəmədiklərindən, sistemin ucuz təkliflərini qəbul edə bilmirlər. Sistem də təklifini “bahalaşdırmaq” (mənən yüksəltmək) istəmir, çünki təlabatları buna imkan vermir. Belə sistem üçün problem ondadır ki, ucuz (mənəvi məhdudiyyətləri olmayan) təklifərə hazır olanların da sayı sonradan tədricən azalmağa başlayır və sistem işlətməyə adam tapa bilmir.

Qapalı sistemlərə, mənəvi məhdudiyyətləri olmayan, hər şeyə hazır adamlar lazımdır. Hərzakarlıq peşəkarlığı sıxışdırır, peşə bir çevrə kimi yox olur. Kənardan təsirləri “zərərsizləşdirmək” bəhanəsilə qapanan sistem daxili durğunluğun tələsinə düşür. Münasibətlər soyuyur, ictimai proseslər dondurulur. İnsanlar da özlərinə qapanmağa başlayırlar, küskün və kövrək olurlar. Onları hərəkətə gətirən daxilindəki mənlikləri deyil, kənardan deyilən sözlər olur. Tənqidə dözüm azalır, təhqir əmsalı və təhqirolunma ehtimalı artır. Dəyərlər dəyməxətirliklə əvəz olunur. Adamların xətrinə dəymək çox asanlaşır, hərçənd, nəyin xətrini istədiklərini, çox zaman, heç özləri də aydın bilmirlər.

“Qreşem qanununa” görə, belə şəraitdə münasibətlərin keyfiyyəti ucuzlaşdığından, “keyfiyyətli adamlar” özlərini xərcləməkdən çəkindirməli olurlar. Nəticədə, onların bilikləri və təcrübələri paylaşılmır. Deməli, başqaların da onlardan faydalanma ehtimalı çox az olur. Bu azmış kimi, belə adamlar haqqında məlumat da geniş yayılmır, nəticədə də hamıya elə gəlir ki, belə adamlar heç yoxdur. Tanınanlar özlərini itirmişlər olur. İstisnalar mümkündür, amma həlledici deyil.

“Keyfiyyətli adamların” çoxalması üçün münasibətlərin keyfiyyətini artırmaq lazımdır. Keyfiyyət – keyf məsələsidir. Yəni, rahatlıq. Qapalı siyasi sistemlərdə rahatlıqla düzgünlük arasında həllolunmaz ziddiyyət yaranır. Belə şəraitdə düzgünlüyü pozmağa özlərinə yaraşdırmayanlar, bir qayda olaraq, uduzurlar. Nəticədə, rəqabət, əsasən, korrupsiyalaşmış çevrələrdə mümkün olur. Amma, belə rəqabətdə davamlılıq ancaq keyfiyyətsizliyi artıra bilir. Heç kəs, tam olaraq, uğurunun keyfini çəkə, dadını çıxara bilmir. Zəhmət əziyyətə çevrilir, bezdirir və, yenə də “Qreşem qanununa” uyğun, zəhmətkeşi tədricən sıradan çıxarır.

Keyfiyyəti “elitarlaşdırmaq” da olur. Belə halda keyfiyyətli adamlar üst, amma yenə də qapalı bir çevrə təşkil etməli olurlar. Problem ondadır ki, keyfiyyət hamı üçün açıq olmayanda ictimai fayda verə bilmir. “Yuxarıların keyfi” təhlükəli qıcığa çevrilir cəmiyyət üçün. Belə sistemin uzunluğu məlum olmaya bilər, amma sonu bəllidir. Siyasi sistemimiz içəridən açılmağa başlamasa, özünü çökdürəcək.

Erkin Qədirli

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade