Dəfnə yarpaqlari dəfnə məhkum

Литература

 

 

Daha bu o demək deyil ki göydən kiminsə başına düşəsən. Yaxud da kiməsə deyilir - başına kül. Daha bu o demək deyil ki kiminsə başını sac kimi külləyəsən. Nə bilim daha da irəli gedib adamın başında fətir bişirəsən, fəsəli yayasan. Xarici dilləri öyrənənlər elə ən çox idiomlar sahəsində çətinlik çəkirlər. İdiomları öz həqiqi mənasında başqa dilə tərcümə etsən gülünc bir şey alınar.

Ədəbiyyatımızda idiomlarla camaatı heyrətləndirmək halları az olmamışdır. Idiomlar barədə məlumatsız olanlar söz birləşməsini həqiqi və məcazi mənasının qarışığını görüb də yəqin edirlər ki bu yenilikdi. Amma əslində isə burda heç nə yoxdu. Elə idiomun tərcüməsi kimi biabırçı bir şeydir. Məsələn Salmın bu misralarına azmı heyrət edən olmuş:

Günahımdan keç ilahı

Günahım körpüdür mənim.

Amma daha deyən olmayıb ki qardaş, bu günahdan keçmək ayrı, körpüdən keçmək ayrı zadlardır.

Bu sahədə Salam bir qədər idiom fırladıb da sonradan girişmişdir ciddi yazılara. Vay o adamın halına ki bütün yaradıcılığı idiomlara bağlı olsun. O da elə bizim məhşur Pərvizdir. Adam idiomlara o qədər aludə olub ki “Ürəyim bişir (yanır) söz birləşməsini lap qazanda dolmanın, bozartmanın bişməsi ilə eyniləşdirib. Hələ dadlı olsun deyə yanına dəfnə yarpaqları da atıb. Amma axı dəfnə yarpaqları ilə iş bitmir, xörək onsuz da keçinər. Madam ki ürək bu qayda bişir, onda buyur soğanını, istiotunu, yağını da at qazana. Yoxsa dadsız-duzsuz olacaq sənin ürəyin, şair.

Dilimizdə “ucuz ölüm” ifadəsi var. Gözünə döndüyüm Pərviz bu yerdə aldı görək nə dedi. Demək Allah satıcıdı, ölümü endirim eləyib ucuzlaşdırıb. Amma şairin heç pulu yoxdu. Ölümü nisyə istəyir. Həm də istəyir ki Allaha kələk gəlsin. “Market”dən ölümü götürüb də aradan çıxsın. Daha adı nisyə dəftərinə zada düşməsin.

Bu cür şeirlər ilhamla yazıla bilməz. Yeri gəlmişkən şair elə ilham pərisinə də həqiqi mənada yanaşır. Elə bilir ki bu pəri ətli, qanlı, incəbelli, burunu-qulaqlı bir xanımdı. Ona nigaha girməyi təklif edir. Özü də daha soruşmur ki evlənmək yaşına çatıb ya yox bu pəri. VVAQ da bunu soruşacaqlar axı. Həm də deyəsən götürüb-qaçmaq istəyir bu pərini. Axı toydan zaddan heç danışmır şair. Yeri gəlmişkən, şair, o ilham pərisinin diplomu-zad varmı. Ona görə soruşuram ki diplomu olan xanımların soyadını dəyişdirmək bir az problem olur. Yoxsa nə var diplomsuz xanımlara.

İnsafən, hərdən Pərviz idiomlardan qaçmaq istəyir. Amma di gəl ki alınmır ki alınmır. “Ağacların dibində tyərini soyudan tökülmüş qadınların gözündən bitmədən yaş axar” Pərviz idiomlardan kənara çıxsa. Di gəl anla, başa düş.

Bir-iki abzas yuxarıda ürək bişməsindən yazmışdım. Bizim sevimli şairimiz birdən “qız bişirmək” ifadəsini də şeirində hallandırmasınmı? Indi görün nələr baş verir. Yenə də bir qazan təsvir olunur. Vayyy, bu ki div imiş. Adam-madam iysi gəlir, yağlı badam iysi gəlir.

Deməli bu qızı bişirib “dadlı-dadlı şam eləmək lazım” və mütləq bu qızın ətini “keyfiyyət nişanı” da olmalıdır ki şair onu bişirməyə başlasın. Bəlkə baytardan kağızı zadı deyir deyə bilmərəm. Axı bu necə divdi- nədən qorxur bu? Mal qızdırmasındanmı, brüsselyozdanmı, bütün bunlar sirrdir. Bəlkə bu qızın ətindən qovyadina zad da düzəldəsən, şair. Sonra da qovyadina qutusuna sevdiyin dəfnə yarpalarından atasan bir-ikisini. Axı sənin sevgin çox “tünddü” lap “96 faiz” spirt kimi kimi tünd. Belə sevgi ancaq dəfnə yarpaqları bol olan qavyadina ilə içilər. Yoxsa adamı tez tutar bu sevginin sərxoşluğu. Adam paxmeldən ayıla bilməz.

Axı sən bu dəfnə ağaclarını çox sevirsən. Hələ yolboyu əkmək də istəyirsən.

İndi görək bu nə məsələdir. Demək şair “gözləri yol çəkmək” ifadəsinin başına oyun açır. Guya bu yol çəkmək o yol çəkməkdəndir. Məşuqun gözləri o qədər yol çəkib ki tamam qan-tərə bələşib. Bu da azmış kimi həm də qıra batıb yazıq məşuqun gözləri. Nəqliyyat nazirliyində də insaf yox. Bu yol çəkən fəhlənin halına acımır. Onların nə vecinə- tenderdə öz şirkətlərini qalib edib də milyonları axıdırlar cibişdana. Amma bizim şair adam yeməsinə baxmayaraq burda çox ürəyiyuxadır. O istəyir özü yol çəksin bu məşuqun yerinə özü asfaltbasanı işə salsın, özü yola qır dağıtsın, öz toza-torpağa bulaşsın. Və sonda da yolun qırağına dəfnə ağacları əksin. Dayan, dayan! Adə, bu şair bu qızı da deyəsən bişirmək istəyir. Doğrayıb qazana basmaq və qazana da dəfnə yarpaqları atmaq. Onunçün lazım bu fəhləlik bu şairə. Sözün düzü ilk dəfədir ki belə manyak aşiqin bu dünyada var olduğunu oxuyuram.

Amma bu qəzəbli aşiqin hərdən “ürəyi soyuyur” da. Demək belə- hansısa yazıq məşuq manyak aşiqin ürəyindədir. Aşiqin də ürəyi soyuyub. Amma deyəsən bu dəfəki məşuq duyuq düşüb. Ən azından hiss eləyib aşiqin manyaklığını. Aşiq də bunu hiss edir. Deyir qorxma, sən mənim ürəyimdəsən, ürəyim də soyuyub, mənsə soyuq ət yemirəm. Yazıq məşuqun bu aşıqdən heç gözü su içmir. Birtəhər aradan çıxır.

Yeri gəlmişkən “ gözüm su içmir” ifadəsin də hallandırıb öz mübarək kitabında Pərviz. Demək aşiqin gözü məşuqdan su içmir. Aşiq susuzluqdan yanır. Sanki Məcnun səhradadır. Elə bu arada Allah baxt vermiş hökumət suyu buraxır. Aşiqin də susuzluğu yatır.

Bax belə-bu hannibalizm xəstəliyinə yoluxmuş aşiq çox ziddiyyətli bir aşiqdir. Bir yandan sevgilisini qazanda bişirib yeyir, bir yandan da saçına düşən dənləri quşlara dənlətmək istəyir.

Həm də qüdrətli adamdı. Hətta alın yazısını özü təzədən işləmək istəyir. Amma bu necə olur, word- 2003-dəmi işlənir bu alınyazısı təzədən, ya elə şarikavoy ruçkaylamı, bunu demir şair.

Deyirəm yaxşı ki “kefim kökdü” ifadəsini bilmir Pərviz. Yoxsa yazardı ki kefim kökdü,nə bilim arpasını, kəpəyini bol etmişəm kefimin. Biz azdan da alışma üçün kəsəcəyəm.

Yenə də qazan, yenə də dəfnə yarpaqları filan.

Amma əslində isə Pərvizin bu dəfnə dəfnə deməyində bir məntiq var. Onun şeirləri yazıldığı andan dəfnə məhkum. Dəfndə də bozartmanın yanına dəfnə yarpaqları atmaq lazım qazanda

Bəxtiyar Hidayət

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade