“Dumandakı” cazibə (İMİC, MANİA)

Альтернатива

 

“Siqaret aludəçilikdən ziyadə insanların imicinin minimum bir qol saatı qədər önəmli parçasıdır.. ”

20-ci əsrin ortalarından bütün dünyada məşhurlaşan dəb və insanların onunla ayaqlaşmaq çabaları... Gündəm və onu yaradanlar, cəmiyyətdə populyar, hörmətli və varlı insanlar və onların hər kəsin xəyalında canlanan çəkici və xarizmatik imici... 

Bu proses əslində sosial siniflərin yaranmasından bu yana mövcuddur, amma azadlığın olmaması insanlara bu günkü simulyativ imkanları verməyib. Buna görə də 20-ci əsrin ortalarından media vasitələrinin və texnologiyanın da parallel inkişafıyla hər kəsin beynində, dönüb olmaq istədikləri insanların imicləri tam formalaşdı və bu formalar heç bir zaman stabil qalmadı, dəyişməyə başladı. Bu dəyişmə prossesinə də təbii ki yuxarıda da dediyimiz populyar insanlar yön verməyə başladılar. Əslində isə, o günə qədər bu proses aristokratlığa olan həsəd kimi bilinirdi. Uzun illər gözəl geyinmək, dəbdəbəli evlərdə yaşamaq, səliqəli, faydalı və bahalı qidalanmaq və bu tip yaşamın müşahidə etdiyi uyğun davranış şəkilləri sadəcə ağalara, zadəganlara, krallara məxsus olub. Hər kəs üçün əlçatan olmayıb və bu uzun tarixi proses təbii ki, bütün insanların şuurunda həm genetik, həm də davranış və tərbiyə metodları kimi bu günə qədər də qalmaqdadır. Kapitalizm cəmiyyətlərin, insanların azadlığı, sərbəst iqtisadi fəaliyyət və s. kimi faydalarla yanaşı, insanların təşəbbüsünün ilham qayanaqlarının təhrifli təsəvvürünün də populyarlaşmasına səbəb olub. Gündəlik geyimdə yaxadakı 3 mm diametrli düyməciyin rənginin qırmızı və ya tünd qırmızı olmasının ayyaqqabı rənginə uyub-uymadığı çox ciddi məsələ sayılan bu gündə əlbəttə ki, siqaret həm ciddi bir aksesuar, həm çəkərkən xüsusi bir görüntü və ritual daşıyıcısıdır. Və bu istehlak və aludəlikdən ziyadə insanların imicinin minimum bir qol saatı qədər önəmli parçasıdır. 

Bu prosesi təqib edən bir neçə önəmli aksesuarlar var. Bunlar müxtəlif alışqanlar, külqabılar, qəlyanlar və ya trubkalardır. Əgər bir “Zippo” markalı alışqanın varsa, o sadəcə bir “Marlbro”n və ya minimum siqaretin varsa əhəmiyyət kəsb edir. Çünkü əks təqdirdə onu nümayiş etdirmək üçün şansın olmaz. Və ya bir siqaret trubkası və ya mərmər külqabı həmçinin. Bir də təbii ki, məkanlar. Siqaretsiz oturub bir qəhvə içilməsi belə təəcüblə qarşılanan məkanlar. 

“Təhqir et, siqaret çəksin! Araq içsin! Şuba alsın! Divar çəksin! Başını bağlasın! Toy eləsin! Yas eləsin! Qoç kəssin! Dəvə kəssin!... bunlar da olmasa inqilab eləsin!...”

Alçaldılmış və təhqir edilmiş cəmiyyətin öz qanunauyğunluqları var. Həqiqi təhqir edilmişlərlə yalandan təhqir edilmişlərin reaktiv davranışları məna və nəticə baxımından kəskin fərqlənir. Həqiqi təhqir insanı depressiyaya, intihara, narkotikaya və ya kəskin dəyişimli inkişafa sürükləyir.. Vizual və yalançı təhqir isə insanları qətiyyən ölməməyə, konservativliyə, vizual dəyişimə sürükləyir. 

Ümumiyətlə istehalak cəmiyyətlərində hər zaman bir məhsulun istifadəsi kütləviləşirsə və əgər bu istehlak prosesi siqaret kimi çəkilmə ritualına da sahibdirsə, o zaman bu məhsulun tükətimiylə bağlı əsasən yeni sosial qruplar formalaşa bilir. Bu siqaret çəkənlər və ya tam əksi çəkməyənlər, hətta sigaret əleyhinə müxtəlif qruplaşmalar və s. də ola bilər. İnsanlar hətta bir-birilərini təqdim edərkən siqaret çəkib çəkmədiklərini də söyləyirlər. Bunun səbəbi təbii ki siqaretin sosial ortamlarda individual ola bilməməsidir, çünki onu çəkənlə birlikdə həm də ətrafındakılar, yaxınındakılar həm görür, həm də tüstüsünü hiss edə bilirlər. Əlbəttə ki, siqaretin ümumilikdəki imici o qədər də yaxşı deyil və təxminən hər kəs onun zərərlərini bilir və bu səbəbdən sosial ortamlarda daha çox özlərindən əmin şəxslər özlərinə siqaret çəkməyə icazə verirlər. Bu əlbəttə ki, cəmiyyətdən cəmiyyətə dəyişir, amma təxmini olaraq hər yerdə bu prosesin ortaq nöqtələri mütləq var. Və eyni sosial ortamda əgər şəxsiyyətləri cəmiyyət içərisində hələlik formalaşmamış və ya kompleksli və ya əzilən şəxslər varsa, o zaman onların daha tez həm nifrət, həm də gizli qibtəsini qazana bilir sigaret. Şərq cəmiyyətlərində bu, uşaqlar və ya qadınlar ola bilir. Buna görə də gender balansı doğru-dürüst formalaşmayan ölkələrdə azadlığını yeni qazanmış qadınlar siqaretə əl atırlar, çünki bu həm də azadlığı və şəxsi hegemoniyanı simvolizə edir. Uşaqlar da həmçinin. Əgər onların şəxsiyyətlərinə hörmət edilmirsə və uşaq bir azcıq belə, uşaq olduğu üçün ədalətsizliklə qarşılaşdığını hiss etsə, siqaret və digər vərdişlərə sırf simvolik olaraq aludə olacaqlar ki, ətraflarının təhrifli münasibətlərindən doğulan mövcud əksikliyin əksini özlərinə sübut etsinlər. İnkişaf etmiş cəmiyyətlərdə belə sosial problemlər azaldığı üçün, siqaretə bu səbəbdən aludə olan gənclərin sayı da azalmaqdadır.

Qeyd: Sigaret istehlakını həqiqətən də azaltmaq istədiyim üçün təklif edirəm:

- Siqaret qutularının ölçüsünü insan üzərində daşınmayacaq ölçüdə (məsələn, bir blok boyda) böyütmək və dənələrə firmasından asılı olmayaraq, standart korporatif dizayn tətbiq etmək lazımdır.

- Siqareti ölümlə əlaqələndirməmək, təhrifli hekayələr uydurmamaq.

- Siqaretlə əlaqəli olan aksesuarların istehsalına və satışına nəzarət etmək. Məs: alışqanlar, külqabılar, siqaret konteynerləri, trubkalar və s.

- Onun gündəlik zərər vurduğu maddi, fiziki və sosial münasibətlərin vacibliyini gündəmə gətirmək. Məsələn, digər bütün həzzlərə hansı formada zərərlər vurduğunu gündəmdə saxlamaq.

ZİNN

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade