“Əyalət kitabxanası”

Литература

 

 

Təxminən yeddi divar daşı qədər uzunluğu, bir o qədər də eni olan müasir daxmanı təsəvvürünüzə gətirin.

Kitabxananın çölü suvanmamış, üstü dədə-baba şiferlə örtülən, tilişkəli qamqalaqlardan düzəldimiş bir qapısı var. Həmin qapının da üstündə əzizi ana türcəmizdə bu sözlər yazılıb “Xocavənd rayonu Haxullu kənd 1 saylı KİTABXANASI”.

Qapının üstündəki kitabxana sözü o biri sözlərdən fərqli olaraq qırmızı boyayla, böyük hərflərlə yazılmışdı.

Bu da fikrimcə həmişəki kimi əməldə yox, sözdə böyük olduğumuzu sübuta yetirməyimizə olan bir işarəydi.

Vikipediyaya göz gəzdirdim.

Xocavənd rayonu vaxtilə böyük əraziyə, barlı təbiətə malik bir rayon olub. 1992-ci ildə rayon işğal olunub.

Rayondan neçə-neçə professorlar, elm adamları, əməkçilər çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra dəmir yol, teleqraf və poçt naziri professor Xudad bəy Məlikaslanov da bu rayonun yetirməsi olub.

Nə edək ki, türklər demişkən burada durmamız gərək əfəndilər!

Bir zamanlar Cümhurityyətin dəmir yol, teleqraf və poçt nazirinin adını daşıdığı rayonun kənd kitabxanası iyirmi birinci əsrdə toyuq damından seçilmir.

Cümləmin sonundakı sözlər ürəyi vətən hissilə yanıb tökülənlərin acığına gedib, könlünə toxunursa, internetdən o şəkili tapıb diqqətlə baxa bilərlər.

Axı kitabxana sözünün özü estetikanı, mədəniyyəti, maariflənməni təbliğ edir.

Mən indi anlayıram ki, Mirzə Fətəli Axundov “Kəmalüddövlə məktubları”nı, Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”nı yazanda nələr çəkiblər.

Mən indi anlayıram ki, niyə bizim yazarlar neçə onilliklərdi “Nobel” kimi böyük mükafata həsrət qalıblar.

Bütün bunları anlaya-anlaya onu da özümə dərd edirəm ki, məmləkətin bu qədər yazanı, pozanı, yazıçısı, şairi sosial şəbəkələrdə paylaşılan bu şəkilə etinazsız və laqeyid yanaşdılar.

Bir nəfər də olsun titullu, titulsuz yazıçımız qələmini götürüb yazmadı ki, bu nə biabırçılıqdı? Bu nə hoqqabazlıqdı baş verir?

Paytaxtında dəbdəbəli yarışmaların, həmin yarışmalara bəh-bəhli təriflərin qoşulduğu məqam hara, əyalətdəki kitabxananın iç yandıran görünüşü hara...

Sonra da böyük ədəbiyyat ödüllərindən, klassik ədəbiyyat nümunələrindən, tərcümələrindən, mən nə bilim Borxesdən, Kamyudan dəm vurmaq sizcə nə dərəcədə səmimidi?!

Billahi mənim üçün çox maraqlıdı ki, yeddi daş uzunluğu olan bu kitabxanaya neçə kitab sığışdırmaq olar?

Yüz. Bəlkə bir az da artıraq? İki yüz. Addım atmağa yer qalmasa, lap üç yüz. Vəsalam.

Onun yüzünü səydərəş şeir müəlliflərinin, hekayə toparlayanlarının şərəfinə çıxsaq, qalır yerdə iki yüz kitab. Onun da yüzünü ölkənin gözəlliklərinin vəsfindən, çiçəklənmə, mən nə bilim firavanlıqdan bəhs edən kitablara çıxsaq qalacaq yerdə yüz kitab!

Bu yüz kitabdan bir əlli kitabda dərsliklərə çıxardım, amma insaflı olmaq da yaxşıı xasiyyətdi deyibən, qanınızı çox qaraltmayıb yüz kitabda dayanıram.

İndi sizcə bu yüz kitabın içərisində Viktor Hüqonun “Səfillər”, Fyodr Dostoyevskinin “Cinayət və Cəza”, Lev Tolstoyun “Hərb və Sülh” kitabları varmı?!

İnanmıram! Çünki bu kitabların hamısı yeni nəşr olunmuş yaxşı keyfiyyətli kitablardı. Və bu işə məsuliyyətli olanlar hələ o dərəcədə ağıllarını itirməyiblər ki, şəhərin parıltılı döşəməsi olan, təmirli kitabxanalarını qoyub, təp-təzə kitabları aparıb üstü şiferlə örtülmüş o daxmaya yığa.

Kim deyə bilər ki, məsələn beş ildən sonra o kənddən bir dənə də olsun ürəyi oxumaq hissiylə döyünən adam ortalığa çıxmayacaq.

Gündə bir kitabxana tikə biləcək qədər pul qazanan bir ticarətçi, məmur, nazir, çalıb-oxuyan heç bilirmi ki, insanın kitab oxumaq eşqiylə yatıb durduğu günlərdə axtardığı kitabı tapıb oxuya bilməmək necə bir hissdi?!

Qışda bir türk filminə baxmışdım. Filmin adı “Viziontel Tuğba”ydı.

Adamın daxili aləmini tərpədə biləcək filmlərdəndi.

Filmin sonu şəxsən mənim üçün faciəylə bitir. Film arvadı və əlil arabasına məhkum olan qızıyla kəndə gəlib kitabxana qurmağa çalışan bir adam haqqındadır. Həmin adam it zülmüylə istədiyi kitabxananı bir neçə nəfərin köməkliyi ilə tikib başa çatdırır.

Daha sonra da kəndliləri oxumağa cəlb etmək üçün min bir əziyyət çəkməli olur. Sonda kitabxananın müdiri çarəni kitabxanaya o zamanlar tək-tək evlərdə olan televizor qoymaqda görür.

Hər gün bir neçə saat televizora baxmaq üçün gələn insanlara evdə oxumağa kitab verilir.

Filmin bu yerində məqsədlərinə çatdıqlarını düşünən kitabxana müdiriylə qızının hədsiz sevincləri çox keçmir ki, sabun köpüyü kimi yox olur.

Kitabxana siyasi məsələlər əsas tutularaq dağıdılır. Bizim dildə desək “daşı daş üstündə qalmır”.

Sonra isə adam tutulur, qız isə anası ilə birlikə həmin kənddən köçüb gedirlər.

Acı gerçıklərlərlə tamaşaçını təkbətək qoyan bu filmdən sonra qürurlanacaq nüanslar da vardır.

Məsələn, filmin mənsub olduğu ölkənin tamaşaçısı film sonrası fikirləşə bilər ki, nə yaxşı xalqının, kəndlisinin oxumağını, maariflənməyini istəyən, tutulmaq bahasına olsa belə ailəsiylə dəbədər olub, o ucqar yerlərə gedib çıxan insanlar, filmin senarrisini yazanlar, onu çəkən rejissorlar var.

Bəs indiki durumda bizdə vəziyyət necədi? Sizcə haqqında bayaqdan bəhs etdiyim kitabxana böyük bir filmin senarrisi, insanları qəflət yuxusundan oyadacaq bir əsərin mövzusu deyilmi?!

Heç kəsi zəhmətə salmadan. Sualımı elə özüm də cavablandırıram. Deyil!

Çünki biz kitab oxumağı, savadlanmağı sevməyən, çalıb-oynamağa ömür verən insanların çoxluq təşkil etdiyi bir məmləkətin müasirləriyik.

Samirə Əşrəf

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade