post-title

Milli elmin eybəcərlikləri

Təhsilə marağı zəif olan xalqın elmə münasibəti necədir? Axsaq orta və ali təhsil bazasında mütərəqqi elm üçün vacib olan biliklərə yiyələnmək mümkündürmü? Azərbaycanlılar elm və bununla məşğul olan alim deyəndə nə başa düşürlər? Bütün bu sualların cavabını verməkdən öncə ümumiyyətlə elm anlayışının bir balaca xırdalanmasına ehtiyac duyulur.

 

Elm (ərəbcə bilik mənasını verir) tədqiqatlar nəticəsində biliyin alınması üçün yaradıcılıq olub məqsədi təbii və ya humanitar biliklər toplusunun əldə edilməsi, analizi, zənginləşdirilməsi və tədris vasitəsilə başqalarına ötürülməsindən ibarətdir. Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun riafhının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə alim, yəni  ərəbcə elmli adam, deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə frəqlənənlərdir.  Alimlərin məqsədi malik olduqları iş şəraitində bir başa və ya dolayı yolla insanların həyat tərzinin, mədəniyyətinin yüksəldilməsindən ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir.

İlk təşkil olunmuş şəkildə aparılmış elmi işlərə qədim Yunanıstanda, Platonun akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsar da, sonralar onlara verilən elmi dərəcələr ilə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.

Elmlə məşğul olan, bu sahədə hər hansı bir problemi tək başına mövcud vasitələrin və üsulların köməyi ilə həll edə bilən şəxslər orta əsrlərdən başlayaraq Qərb mədəniyyətində „Doktor“ adını daşımışlar. Ilk doktor elmi dərəcəsi, tarixi mənbələr görə 12 İyul 1219-cu ildə Boloniyada Papa III Honorius tərəfindən verilmişdir.  Doktor sözü  latınca doctus  yəni öyrədilmiş  kimi məna verir və  elm sahəsində verilmiş ən yüksək dərəcə sayılır. Bu elmi dərəcəni almaq üçün namizəd hazırladığı dissertasiyanı (latınca dissertatio, mənası müzakirə etmək, tədqiq etmək deməkdir) açıq müzakirə zamanı ixtisasçıların iştirakı ilə təşkil olunmuş şura və azad iştirakçılardan ibarət publika qarşısında müdafiə etməli idi. Orta əsrlərdə müdafiə prosesi bir neçə and içmə prosesindən ibarət idi. Bunlardan əsası Universitetin rektoru qarşısında and içmə əsas sayılırdı. Bir gizli və bir açıq imtahan vermək də müdafiə prosesinin tərkib hissəsi idi. Gizli imtahanda namizəd imtahan üçün tərtib olunmuş imtahan sualına və bundan doğan tezisləri fakültə professorları (magistri regentes) qarşısında, çox hallarda açıq havada, cavablandırmalı idi. İmtahan verdikdən sonra namizəd açıq müzakirəyə, yəni belə adlanan Disputationa (qədim almanca mübahisə mənasını verir) buraxılırdı. Burada  namizəd öz elmi yeniliklərini publika qarşısında müdafiə etməli idi. Disputiumda professorlardan əlavə publikada əyləşən hər bir şəxs namizədə sual verə  bilərdi. Müdafiədən sonra prosesin sonuncu və təntənəli hissəsi olan inaguration keçirilirdi. İnaquration zamanı namizəd  simvolik əşyalarla təltif olunurdu. Buraya kitab, bir qızıl üçük və barett formalı doktor papağı daxil idi. Bu adət ənənə illər keçsə də Qərb məktəblərində öz ilk formasını qoruyub saxlaya bilmişdir.

Hal hazırda alman ali məktəblərində müdafiənin rəsmi hissəsindən sonra namizədin çalışdığı institutun əməkldaşları tərəfindən ənənə şəklini almış əyləncə xarakterli fiktiv müdafiə prosesi təşkil edilir. Burada institutun adi işçiləri tərəfindən hazırlanmış komissiya çoxlu məzəli suallarla, oyunlarla namizədi məsxərəyə qoyurlar. Bir, iki saata qədər  çəkən bu şoudan sonra namizədə orta əsrlərdə olduğu kimi doktor almaq münasibətilə əşyalar verilir. Onun doktor papağının üstündə çox vaxt məşğul olduğu sahədə işlətdiyi əşyaların formasında oyuncaqlar yapışdırılır. Mərasim hamının iştirakı ilə yeyib içməklə sona çatır. Belə bir prosesin şahidi ölmaq özü də insana gözəl əhval-ruhiyyə verir.

Onu da qeyd etmək istərdim ki, Almaniyada "VAK" (Ali Attestasiya Komissiyası) deyilən qurum yoxdur. Elə qədimdən doktor elmi drəcəsini də adi bakalvr, maqistr  dərəcələrinin verilməsi kimi professorlara həvalə edilir. Müdafiə komisiyasında əyləşən yeddi, səkkiz professor (bəzi universitetlərdə cəmi 3 professor) namizədin taleyini elə müdafiə zamanı həll edirlər. Namizəd elmi rəhbərdən başqa kənardan iki mütəxəssisin rəyi ilə müdafiyəyə buraxılır. Bəzi alman ali məktəblərində isə əlavə olaraq iki şifahi imtahan da bu prosesduraının tərkib hissəsinə daxildir. Bununla da müdafiə öncəsi prosedura bitir. Yəni Azərbaycanda mövcud olan ilkin müdafiə, mənasız ekspertlər şurasından keçmə, VAK-da əsir-yesir olmaq burada yoxdur. Müdafiədən uğurlu keçmiş namizədə elə oradaca publika qarşısında elmi dərəcəsini və aldığı ümumi qiyməti elan edirlər. Bu alman professoruna göstərilən yüksək etibardan irəli gəlir.

Professorlar Qərb cəmiyyətində yüksək nüfuza malik olan şəxslərdir. Ona görədə həmin şəxslərin professorluğa layiq olması öncə bir neçə pillədə xüsusi komissiyya tərəfindən yoxlanır və sonda seçilmiş namizədi təhsil nazirliyi bu vəzifəyə təyin edir. Almaniyadakı professorla Azərbaycandakı professor anlayışları bir-birindən müəyyən qədər fərqlidirlər. Professura adlanan kafedralar da alman professorunun öz assistentləri ilə birlikdə hər hansı bir problemin həlli ətrafında birləşdiyi şəxslərdən ibarətdir. Yəni professorun öz kafedrası var. Kafedrada çalışan işçilərin sayı professorun elmi iş aparma qabiliyyətindən asılı olaraq 10-50 arasında dəyişir. Bu əsasən sənaye ilə sıx əlaqədə çalışan texniki profilli kafedralarda özünü daha aydın göstərir. Professorlar əsasən dövlət tərəfindən maliyyələşdirilən 2-4 assistentə malik olur. Yerdə qalan işçilər doktor elmi dərəcəsi almaq istəyən, elmi layihələrdə çalışan gənclərdən ibarətdir. Ona görə də, kafedralarda yalnız az sayda (texniki işçilərlə birlikdə təxminən 15 nəfər) daimi personal mövcud olur. Beləliklə kafedranın əsas tərkib hissəsi gənclərdən ibarət olur ki, bu kafedrada dinamik abu havanın hökm sürməsinə şərait yaradır. Professor təyin olunan şəxslərin yaşı humanitar sahələrdə 30-35 ətrafında, texniki sahələrdə isə 40 yaş ətrafında yerləşir. Gənc vaxtından belə bir imkan uğrunda yarışan mütəxəssilər arasında da rəqabət güclü olur.

Azərbaycanda mövcud olan elm və alim anlayışları isə yuxarıda qeyd olunmuş məqsədlərdən çox–çox uzaqdır. Mən bildiyimə görə Azərbaycanda ilk elmi mütəxəssislər XX əsrin əvvəlindən başalayaraq rus sisteminə uyğun hazırlanmışdır. Sovet dövründə hər şey planlı şəkildə aparıldığı kimi alimlərin hazırlanması da qoyulmuş tələblər çərçivəsində aparılmışdır. Bu tələblərin həddindən çox şişirdilməsi görülən elmi işlərin məqsədindən uzaqlaşmasına gətirib çıxarmışdır. Məsələn, namizədin aspiranturada təhsil aldığı müddətdə verəcəyi imtahanlar elə bu müddətin bir ilini yeyir. Əgər dissertasiyanın hazırlanmasına və onun şuraya təhvili üçün qoyulan formal tələbləri yalnız vaxt baxımından yerinə yetirilməsi üçün ən yaxşı halda 6 ay vaxt hesablasaq, onda görərik ki, aspirantın sırf elmi işlə məşğul olmasına 1,5 il vaxt qalır. Bu müddətdə, humanitar sahələri bilmirəm, texniki sahələrdə görülən işlərlə yalnız Azərbaycanda çıxan “elmi jurnallarda” bir-iki məqalə çap etdirmək (!) olar.

Onu da qeyd etmək istərdim ki, Almaniyada doktor dərəcəsini almaq üçün bir pilləli sistem mövcuddur. Aspirantura deyilən əzab verici təhsil pilləsindən onların xəbəri yoxdur. Müdafiə etmək istəyən şəxs stipendiya və ya elmi layihədən alınan maliyyə hesabına kafedraya əməkdaş kimi 3-5 illiyə işə qəbul olunur. Bu müddətdə o  qoyulmuş problemin həllində tam sərbəst olaraq, malik olduğu savad və qabiliyyəti hesabına elmi işini görməlidir. Yəni bizdəki kimi elmi rəhbər aspiranta "bunu et", "onu et" deməklə əlqolunu bağlamağa alman professorunun nə vaxtı, nə də həvəsi vardır. Belə şəraitdə yalnız həqiqi namizədlər öz məqsədlərinə çata bilirlər. Elə hallar olur ki, alim olmaq həvəsinə düşmüş, ancaq bacarığı çatmayan gənc universiteti elmi dərəcəsiz tərk etmək məcburiyyətində qalır. Sonra onlar adi halda başqa işlə məşğul olurlar. Mən şəxsən bir neçə beləsini tanıyıram.

Aspirantura deyilən pilləyə ona görə əzab verici deyirəm ki, SSRİ-də bu pilləni keçmək üçün gərək bacarığın, pulun, tanışın olmalı idi. Savad deyilən şey isə axırıncı yerdə dururdu. Mən orta məktəbdə oxuyarkən bizim bir qonşumuz var idi. Bu yazıq elə mən gözümü açandan “kandidatski” etmək hay-küyündə idi. Onun tez-tez Bakiya elmi rəhbərinin yanına getdikcə daşıdığı yeməklər, içməklər, hədiyyələr qonşu olduğumuzdan gözümüzün qabağında baş verirdi. Mən məktəbi qurtarana yaxın axır ki, o 45 yaşında Bakıda müdafiə edə bildi. Sonra bunun eşqinə bir toy da etdi. Bu tək hal deyildi, neçə-neçə belə hallar sadalamaq olar. Mən bunu görüb uşaqkən “kandidat nauk” olmağı nə isə əlçatmaz bir şey hesab edirdim. Belə alim olmağın kökü bizim elmə, təhsilə olan münasibətdən irəli qəlir. Azərbaycan cəmiyyətində alim olmaq istəyinin kökündə cəmiyyət rifahını yaxşılaşdırmaq deyil, müdafiə edib universitetlərdə qəbul zamanı paylanan yağlı tikələrə daha yaxın olmaq arzusu durur.

Azərbaycanda professor vəzifəsinə yiyələnmək üçün “doktorluq dissertasiyası” deyilən 300 səhifəlik bir “işin” yazılması kifayətdir. Bu iş milli adət-ənənəyə uyğun “müdafiə” etdikdən sonra həmi şəxs kafedrada professor vəzifəsini tutmaq imkanı alır. Yəni professor elə öz əvvəlki funksiyasını icra edir, mühazirəsini deyib işini bitmiş hesab edir. Dəyişmə həmin şəxsin maaşında cüzi olaraq özünü göstərir. Praktiki olaraq Azərbaycanda dosentlə professorun fəaliyyəti arasında elə bir böyük fərq yoxdur, əgər milli xüsusiyyələri nəzərə almasaq. Professor olandan sonra sadəcə olaraq cəmiyyətdə “ağsaqqallıq” dərəcəsi, eləcə də müəyyən qurumlara üzv olmaq şansı artır.

Sovet vaxtı texniki sahədə elmi iş yazanlardan işin nəticələrinin praktikada tətbqini təsdiq etdirən gülməli bir sənəd tələb olunurdu. Bilərəkdən ki, bu sənəd fiktiv olaraq alınır və işin arxasına tikilir, yenə də tələb olunurdu. Səhv etmirəmsə bu yenə də qalır. Əsası belə yalanlarla qoyulan texniki tərəqqinin nəticələrini indiki nəsil bu gün yaşayır, gələcək nəsil üçün isə tutarlı bir şey aris olunmur.

Rusiyada müdafiə edən azərbaycanlılara isə çox hallarda “periferiyadan gəlib, onsuzda gedəcək öz kəndinə, qoy keçsin” deyərək kanditat və ya doktor adı verib göndərirdilər üstümüzə. Rusiyada, “rus dilində” müdafiə edən şəxs geriyə qayıdandan sonra yerli bəndələrə allah kəsilirdi.

İndi isə vəziyyət lap bərbad hala düşüb. Azərbaycanda texniki sahəyə tələbat və həvəs olmadığından elmi işlərin aparılması yox vəziyyətindədir. Əgər nə isə edilirsə o işin sözün əsl mənasında müasir elmlə heç bir əlaqəsi yoxdur. Başqa sahələrdə isə yenə də keçmişdə olduğu kimi özünü aldatmaqla məşğuldurlar. Çünki, Azərbaycanda alim olmaqla nə özünü dolandırmaq, nə də başqalarının rifahını qaldırmaq mümkündür. Elə buna görə də Avropa qurumları maliyələşdirdiyi layihələrdə bizim professorların (hələ adi işçiləri demirəm) bir saatlıq əqli əməyini 4 avro həddində qiymətləndirdiyi halda, alman professorunun görəcəyi eyni işə 10 dəfə çox pul nəzərdə tutulur. Bu heç də hər iki dövlətdə movcud olan həyat səviyyəsi arasındakı fərqlə bağlı olmayıb, sadəcə olaraq hər iki dövlətdə elmi işə verilən qiymətdən irəli gəlir.

Almaniyada dövlət məşğul olan mütəxəssislərin hazırlanması üçün 100 milyonlarla pul xərcləyir. 25 yaşlı bir şəxsin universitetdə 5 il doktorant kimi çalışması üçün təkcə onun şəxsi ehtiyaclarını ödənilməsi (maaş şəklində) ən azı 150 min avroya başa gəlir. Belə hazırlanan mütəxəssisin gördüyü işlər də göz qabağındadır. Almaniyada elmi tədqiqatların maliyyələşdirilməsi heç də yalnız dövlət tərəfindən aparılmır. Bu tədqiqatlarda sənaye və müxtəlif fondlar güclü şəkildə iştirak edirlər. 2010-cu ildə Almaniyafa aparılan elmi tədqiqatlara ümumilikdə 108 milyard avro pul xərclənmişdir. Bu da Almaniyanın ÜDM-in təxminən 2,8%-ni təşkil edir. Elmi tədqiqat işlərində dövlətin payı 20% təşkil edir. Yerdə qalanı sənaye müəssisələri və ayrı-ayrı fondlar tərəfindən maliyələşdirilir. Almaniyada doktor elmi dərəcəsinə malik olanlar ümumi əhalinin 1,3 %-ni təşkil edirlər və əhali arasında xüsusi hörmətə malikdirlər.

Azərbaycanda isə elmi dərəcənin alınması artıq bir rituala çevrilib. Yalnız gözqamaşdırıcı keyfiyyətlər əsas dəyər meyyarı götürülən bir cəmiyyətdə alim adını daşımaq öz ətrafında eybəcər libas yaratmaqdan başqa bir şey deyildir. Vəzifəsi olan,villası olan, “Mersedes”i olan və özündə mədəniyyət çatışmamazlığı kompleksi hiss edən kəs bu çatışmamazlığı aradan qaldırmaq üçün elmi dərəcə almaq həvəsinə düşür. Ancaq belə şəxslər unudurlar ki, elmi işlə məşğul olmaq hobbi yox, çiddi bir peşədir. Onun ciddiliyi cəmiyyətin bu sahəyə tələbatı ilə müəyyənləşir. Bu tələbat formalaşmadan elmlə Azərbaycanda nə pul qazanıb özünü dolandırmaq, nə də başqaları üçün bir gün ağlamaq mümkün olacaq.

Dr. Rezo Əliyev (Almaniya)

Kultura.Az

Yuxarı