Min möhtəşəm günəş

Литература

 

 

Həmin vaxt bu sözlərə o qədər də əhəmiyyət verməmişdim. Halbuki Marvanın özünün ya ailəsinin gəldiyi coğrafiyanın vəziyyətindən xəbərim vardı.

Əfqan yazar Xalid Hüseyninin “Min möhtəşəm günəş” adlı romanını bu günlərdə bitirdim. Hər səhifədə yeni bir faciə gözləyə-gözləyə oxudum bu kitabı. İndi anladım ki, əfqanların həyatı necə də dəhşətliymiş.

Romanın qəhrəmanları iki əfqan qadın Məryəm və Leyladır. Əsər onların fərdi və kəsişən həyatları üzərində qurulub. Qeyri qanuni doğulmuş və anası öldükdən sonra artıq bir əşya kimi görülən Məryəm, raket yağmurunda hər iki valideynini itirmiş Leyla, müxtəlif tarixlərdə mühafizəkar və olduqca qəddar bir adam olan Raşitin arvadı olmağa məcbur edilirlər. Hər ikisinin əsl faciəsi də elə bu evliliklə başlayır. Əsərdə əfqan qadınının şiddət, zorakılıq və cəhalətlə birgə necə yaşaması və hər iki qəhrəmanın bu qaydalara qarşı mübarizəsinin təsviri ön plandadır.

Romanı bir tənqidçi kimi dəyərləndirmək, yaxud onun haqqında geniş bir yazı yazıb oxucunun marağını öldürmək istəmirəm. Amma romanda diqqətimi cəlb edən və məni düşünməyə vadar edən bəzi məsələlər haqda yazacam.

X.Hüseyni bu romanda mühafizəkar və şiddətə meylli əfqan kişisinin portretini yaratmağa çalışarkən, hətta balaca bir uşaq olan Zalmayın da davranışlarını təsvir edərək şərq kişisinin bütün zir zibilini ortaya çıxarıb. Onun necə ürəkbulandıran bir təkəbbürə, necə dəhşətli bir zülm etmə qabiliyyətinə, zalımlığa, vəhşiliyə malik olduğunu göstərib. Öz şəxsinə və namusuna həddən artıq düşkün, ifrat dindar əfqan kişisinin qadına olan münasibətindən yazıb. Həmin kişi qadına uşaq doğan bir maşın kimi, yemək bişirən və lazım olduğunda üzərinə yıxılıb cinsi ehtiyacını ödədiyi bir robot kimi baxır. Əsərdəki təsiredici səhnələrdən biri isə ona övlad verə bilməyən Məryəmə Raşitin etdiyidir. O Məryəmin ağzını daşla doldurur, çeynəməsini əmr edir və deyir

“Bu evlilikdə mənə nə verdiyini bilirsən artıq. Bərbad yeməklərdən başqa heç nə.”

Digər bir diqqətçəkən cümlə isə Məryəmin anası Nananın ona dedikləridir.

“Həmişə şimalı göstərən kompas əqrəbi kimi, kişinin də ittiham edən barmağı hər zaman qadını göstərər”

  Bütün olanlar Əfqanıstanda dəyişən və gün keçdikcə daha da dəhşətli xarakter alan, insanların həyatını cəhənnəmə çevirən siyasi hadisələrin, müharibələrin fonunda baş verir. Əvvəlcə Sovetlər, sonra mücahitlər, sonra isə taliblər ölkəni haldan hala salırlar. Sovetlərin  getməsinə sevinən əhali çox keçmir ki, mücahitlər arasındakı qanlı savaşların, raket “alış-verişinin” dəhşətini yaşayır. Onlar bitməmiş ortaya taliblər çıxır və öz qəddar, sarsaq dini qanunları ilə xalqa qan uddururlar. Xülasə Sovetlərdən sonra düşmən axtarışında olan əfqanlar, bir birilərini qırmağa başlayırlar. Sonra isə Amerikanın Əfqanıstana hücumu başlayır.(hansı ki, əsərdə buna çox səthi toxunulub)

Bilmirəm bununla mən əsərə həddən çox daxil olmuşdum ya yox, amma mən romanı oxuduqca özümü Kabildəki evlərin altında və raket hücumunu gözləyən bir əfqan kimi hiss edirdim. Müharibəyə aid səhifələri çevirdikcə onları sağdan ya soldan təhlükə gözləyən kəşfiyyatçılar kimi oxuyurdum. Əfqanlara qarşı xüsusi bir rəğbətim ya sevgim yoxdur, amma onların hansı dəhşətlər yaşadıqlarını təsəvvür edə bilirdim. Balaca uşaqların cəsədlərinin ağaclardan sallandığını təsəvvür etmək isə başqa bir dəhşət idi. Bu hissəni oxuyanda atamın mənə danışdıqları yadıma düşmüşdü..

“Rayon alınmamışdan əvvəl iki Azərbaycan əsgəri minaya düşmüşdü, getdik gördük ki, birinin ayağı batinkası ilə birgə ağacda qalıb”

Ümumi Qarabağ hadisələrinin fonunda  Azərbaycan əsgərinin ayağının ağacdan sallanması bəlkə də adi görünə bilər, ya da elə ümumi Əfqanıstan müharibələri fonunda əfqan uşaqlarına aid eyni mənzərə... Amma bunu dərindən düşünəndə həmin mənzərənin nə qədər dəhşətli olduğunun fərqinə varmaq mümkündür. Və bütün bunların şahidlərinin nə hisslər keçirtdiyini, hansı psixoloji travma aldıqlarını da anlamaq olar.

Romanı oxuyub qurtardıqdan sonra bir həqiqət mənə aydın oldu. Hər cür azadlığın (xüsusilə qadın azadlığının) əleyhinə olan, olduqca mühafizəkar, ifrat dindar, savadsız, incəsənətə və mədəniyyətə qəddar münasibət bəsləyən toplumun çökməsi üçün xarici düşmən lazım deyil. Bu toplum özü özünü yeyib bitirmək gücündədir. Ən çox təsirləndiyim cümlə isə Leylanın atası Babinin ona dediyi cümlə oldu

“Bir əfqanın məğlub edə bilməyəcəyi tək düşmən yalnızca onun özüdür”

Bəli, hal hazırda digər ölkələr yox, hətta Əfqanıstan özü özünü “məğlub edə” bilməyib. Hələ də ölkənin xeyli hissəsi fanatik dindarların səbəb olduğu çirkabın və cəhalətin içərisindədir. SSRİ zamanında bu bataqlıqdan əl çəkməyə məcbur oldu, çünkü bu bataqlığın dərinliyi hər yeni doğulan əfqan uşağının savadsızlığı və cəhilliyi ilə daha da artırdı. Bu uşaqlara raketin quruluşunu və kimyəvi tərkibini deyil, ondan istifadə qaydasını öyrədirdilər. Bu uşaqlara müasir elmi bilikləri deyil, hansısa mənasız dini hekayələri və heç bir dəyişikliyə uğramamış kitabları öyrədirdilər. Hal-hazırda bir çox əfqan talibləri özlərini “məğlub etmək” əvəzinə, özlərinə aid video görüntülərdə də dedikləri kimi Dəccalın zühurundan sonra onu necə məğlub etmək haqda düşünürlər.

Marvanın “Bura elə yaxşıdır.. Sakit” sözlərini Leylanın Kabilin üzərinə yağan raketlərin altında duyduğuna bənzər bir hissi duyaraq dediyinə əminəm. Hər halda hər bir əfqan qadını azad, təhlükəsiz, yamyam taliblərin olmadığı bir şəraitdə yaşamaq istəyər.

Oxuculara romanı tapmağı və oxumağı tövsiyyə edirəm. Həmçinin insanlarımızı bu əsəri oxuyaraq taliblərə və Raşitə bənzəyən tiplərin artmaması üçün əllərindən gələni etməyə çağırıram. Mən bu gün sayları günü gündən artan radikal dindarların necə bir təhlükə olduğunu anlayıram və bu qorxumun reallaşma ehtimalının çox az olmasına baxmayaraq istəyirəm ki, ölkəm Əfqanıstana çevrilməsin. 

Araz Bayramov

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade