Vaqif Mustafayevin məharəti

Сеймур БАЙДЖАН

 

 

Beləliklə, mən Vaqif Mustafayev haqqında fikirlərimi oxuculara çatdıra bilməmişəm. Vaqif Mustafayevdən yazdığım xoş sözləri oxucular rejissora sataşmaq kimi qəbul ediblər. Eybi yox, bir daha cəhd edək. Bəlkə bu dəfə alındı. Hərçənd çox çətindir. 

Vaqif Mustafayev Azərbaycanın ən istedadlı adamlarından biridir. Mən onunla həyatda görüşməmişəm. Filmlərindən tanıyıram. Vaqif Mustafayevdən zəhləsi gedən, ona nifrət edən xeyli adam var. Onu da qeyd edim ki, Vaqif Mustafayev rəhbərliyə gəlməmişdən əvvəl "Space" daha maraqlı kanal idi. Etibar Babayev "Space"yə rəhbərlik etdiyi dövrdə kanalda daha çox sərbəstlik vardı. Ədəbiyyata, mədəniyyətə böyük diqqət göstərilirdi. "Space"də xeyli yaradıcı adam çalışırdı. Şairləri, yazıçıları, rəssamları tez-tez müxtəlif verilişlərə dəvət edirdilər. Etibar Babayev rəhbərlikdən getdikdən sonra yaradıcı adamlar bir çox səbəblərdən kanalı tərk etməli oldular. Bir çox adamlar Vaqif Mustafayevin rəhbərliyə gəlməsindən sonra "Srace" kanalının mədəniyyətə, ədəbiyyata, xüsusən kinoya daha çox diqqət ayıracağını gözləyirdilər. Necə olsa da Vaqif Mustafayev rejissordur. Məntiqlə, bir rejissor kanal rəhbəridirsə, mədəniyyətə daha çox diqqət göstərməlidir. Adamlar belə düşünürdülər, amma Vaqif Mustafayev tamam başqa cür hərəkət etdi. Görünür, onlar Vaqif Mustafayevin filmlərinə baxmayıblar. Vaqif Mustafayevi tanımaq üçün onun filmlərinə baxmaq lazımdır. Özü də diqqətlə. Bir neçə dəfə. Filmlərinə "Yaramaz", "Nakəs" adı qoyan Vaqif Mustafayevdən mədəniyyətə diqqət göstərəcəyini, hansısa dəyəri təbliğ edəcəyini gözləmək böyük sadəlövhlük idi. Vaqif Mustafayev öz üslubuna sadiq qaldı. "Space" kanalına rəhbər təyin olunandan sonra fəaliyyəti, kanalda nümayiş olunan əcaib verilişlər onun rejissor yaradıcılığının davamı idi. Bunu çox az adam başa düşürdü. 

Ən əlamətdar günlərdə "Space"də göstərilən filmlərə diqqət edin. Vaqif Mustafayevi çox az adam başa düşsə də, məncə bu onu heç incitmir. Tam tərsinə, o rahatdır. Öz işindədir. Həzz almaqdadır. Bəlkə də gələcək filmləri üçün materiallar toplamaqdadır. Günlərin bir günü Vaqif Mustafayev "Space" kanalında nümayiş olunan verilişlərdən bir film ərsəyə gətirsə, buna heç təəccüblənmərəm. Sevinərəm. Çünki həmin filmin maraqlı alınacağına bir qram da şübhə etmirəm. 

Vaqif Mustafayev üçün heç bir dəyər yoxdur. O, bütün dəyərləri dolamaqda, ələ salmaqda peşəkardır. Onun filmlərindəki məqamlar bizə şitlik, şıltaqlıq kimi görünə bilər. Mən özüm belə məqamlara bir neçə dəfə şitlik, şıltaqlıq, heç nədən hoqqa çıxarmaq adı vermişəm. Amma az sonra Vaqif Mustafayevin filmlərində gördüyüm epizodlarla həyatda qarşılaşmışam. Onun filmlərindəki dialoqları küçədə, dövlət idarəsində, metroda eşitmişəm. Bu mənada Vaqif Mustafayev şərtiliyi reallığa çevirməyi asanca bacaran rejissordur. Onun filmlərindəki dialoqlarda süjet, məntiq axtarmaq yersizdir. Bu süjetsiz dialoqları anlamaq üçün bir balaca şərtiliyin reallığa çevrilməsinə inanmalısan. Təəssüflər olsun ki, bizim bir çox yazarlarımız, rejissorlarımız süniliklə şərtiliyin fərqini anlamaqda çətinlik çəkiblər. İllərlə davam edən bu proses bizim insanlarımızın zövqünə böyük zərbə vurub. Nəticədə Azərbaycan oxucusu bir balaca normal hekayəylə, filmlə qarşılaşanda özünü itirir və avtomatik olaraq öz psevdorejissorunun, psevdoyazıçısının yanına qaçır. Bu mənada Vaqif Mustafayevi anlamaq, onun mesajlarını tutmaq hər kəsin işi deyil. Demək olar ki, hər həftə hər hansı bir əcaib mənzərəylə qarşılaşanda, əcaib hadisənin şahidi olanda avtomatik olaraq qeyri-ixtiyari Vaqif Mustafayevin çəkdiyi epizodlardan birini xatırlayıram. Həyatda gördüklərimlə Vaqif Mustafayevin filmləri arasında paralellər aparmaq mənim üçün asandır. Detallarla danışmaq istəmirəm. Çünki onun filmlərinə konkret izah, şərh vermək mümkünsüzdür. Adam özü gülməli vəziyyətə düşə bilər. Amma cəhd edək. Hərçənd çətindir. 

Təxminən bir həftə əvvvəl metroda bir kişi gördüm. Mən şəhərə çıxırdım, kişi metroya düşürdü. Başında quzu dərisindən papaq vardı. Əlində yekə Azərbaycan bayrağı tutmuşdu. Həmən Vaqif Mustafayevin filmlərini xatırladım. Dəqiq bilirəm, əgər Vaqif Mustafayev həmin kişini görsəydi, mütləq filmə çəkərdi. Vaqif Mustafayev filmə çəkdiyi adamları, aşıqları, meyxanadeyənləri, şairləri dolayır. Adamlar isə bunu başa düşmürlər. Onlar hansı rola, hansı filmə çəkildiklərini anlaya bilmirlər. Çünki Vaqif Mustafayev adamları çox incə, peşəkarcasına dolayır. O, bu mənada iblis qədər istedadlıdır. Hiss olunur ki, Vaqif Mustafayev öz istedadının dərinliyinə baş vurmaqdan hədsiz həzz almaqdadır. 

"Space" kanalında nümayiş olunan "Dastanlardan gəlmişik" verilişinin qonaqları, verilişin aparıcısı ömrünün sonuna qədər bu böyük istedadın oyuncağı olduqlarını bilməyəcəklər. Vaqif Mustafayev dahidir. Azərbaycan xalqını, Azərbaycanı bu qədər dərindən necə tanıması möcüzədir. Azərbaycan xalqını nə vaxt öyrənməsi müəmmalıdır. Vaqif hətta peşəkar aktyorları belə öz oyununa çəkməyi bacarır. Hətta peşəkar aktyorlar belə hansı rolu oynadıqlarını çox vaxt anlamırlar. Məsələn, Rasim Balayev "Yaramaz" filmində tüpürcək qabı gəzdirən adamın rolunu oynayır. Nazir dərmanla ağzını yaxalayıb, Rasim Balayevin gəzdirdiyi qaba tüpürür. 

Sənətdə uzaqgörənlik, öncəgörmə çox vacib şərtlərdən biridir. Vaqif Mustafayevin öncəgörməsi hədsiz dərəcədə çoxdur. O, uzağı görməyi bacaran azsaylı sənətkarlardan biridir. Hadisələr, proseslər göstərdi ki, Rasim Balayevi tüpürcək qabı gəzdirən roluna çəkməklə Vaqif Mustafayev nə qədər haqlı imiş. Proseslər göstərdi ki, Rasim Balayev Babək, Nəsimi, Cavid deyilmiş... 

Hələ illər əvvəl Vaqif Mustafayev bizə reallığa hazır olmamızı, reallığı reallıq kimi qəbul etməyə məhkum olduğumuzun mesajını vermişdi. Qəbul edə bilməyənlər, anlamayanlar özləri bilərlər. Vaqif Mustafayevin gələcək qarşısında alnı açıqdır. Vaqif Mustafayev filmlərinə "Nakəs", "Yaramaz" adı qoymaqla əvvəldən özünü bütün məsuliyyətdən azad edib. Onu ittiham etmək mümkünsüzdür. Onun yalnız istedadını tanımaq, istedadına heyran olmaq mümkündür. 

Vaqif Mustafayevə heç bir simpatiyam yoxdu. Bilirəm ki, çətin adamdı. Heç bir dəyəri tanımır. Adamı iki manatlıq kontura satar. Amma Azərbaycanda belə bir istedadın yaşamasıyla qürur duyuram. O, dahidir!

Seymur Baycan

Reytinq

 

 

Kultura.az | Developed by Samir Yahyazade