İmpotent şairlər

Сеймур БАЙДЖАН

 

Bizlərdə belə şairlər çoxdur. Saçları ağarıb, oğul evləndiriblər, qız köçürüblər, hələ də ilk sevgilərindən seirlər yazırlar. Məsələn, bir şair var, yaşı altmışı keçib, təxminən bu ruhda şeirlər yazır: “Sevgilim ver saçlarını hörüm”.

Bir dəfə  çox gənc yaşlarımda Sahil bağında Azərbaycan ədəbiyyatının canlı klassiki Murad Köhnəqala ilə rastlaşdım. O vaxtlar mən Murada çox heyranlıqla baxırdım. İnsafən, Murad da heç vaxt özünü dartmaz, süni məsafə saxlamazdı, həmişə bizə əlindən gələn köməkliyi göstərərdi. Varlı dostları onu qonaq çağıranda bizi də özü ilə aparardı. Varlı dostlarına bizi  istedadlı gənclər kimi təqdim edirdi. Onlar da Muradın sözlərindən ruhlanıb bizim cibimizə pul basırdılar.

Murad Köhnəqala məni Azərbaycan Yazıçılar Birliyinin binasına apardı. Biz orda ət qutabı ilə adama 250 qram araq içdik. Həqiqətən, mən o zaman hesab edirdim ki, yazıçı-şair olmaq üçün insan hər şeydən əvvəl yaxşı araq içmək bacarmalıdır. Qərəz, bir balaca kefimiz durulandan sonra girdik Natəvan klubuna. Həmin gün Yazıçılar Birliyində poeziya günü keçirilirdi. Çox həyəcanlı idim. Qəzetdən, televiziyadan, kitabdan tanıdığım şair və yazıçıları həyatda yaxından görürdüm. Onlar siqaret çəkirdilər, insan kimi danışırdılar, tum çırtlayırdılar...

Mən o zamanlar çox gənc idim. Saçım tökülməmişdi, gələcəyə çox böyük ümidlə baxırdım. İnanırdım ki, şeir, hekayə, roman, ümumilikdə ədəbiyyat, incəsənət bəşəriyyəti xilas edə bilər. Hər oxuduğuma inanırdım. İnanırdım ki, Bəxtiyar Vahabzadə həqiqətən də dissidentdir. İnanırdım ki, məşhur fars şairi Nizami Gəncəvi Şekspirdən daha böyük şairdi, sadəcə biz onu yaxş təbliğ edə bilməmişik. İnanırdım ki, Səfəvilərlə Osmanlılar müharibə etməsəydilər, bütün türklər bütün dünyaya yiyəlik edirdilər. Mənə elə gəlirdi ki, meşədə qabağıma bozqurd çıxsa, mən onu qucaqlasam da o mənə heç nə etməz. Və “ruslar bozqurdu gözdən salmaq üçün “Nu, poqodi” cizgi filmini çəkiblər” əfsanəsinə inanırdım. İnanırdım ki, Axundov, Mirzə Cəlil, Haqverdiyev, Sabir dini tənqid etməyiblər, dini gözdən salan axundları, kərbəlayiləri, hacıları, mollaları tənqid ediblər. İnanırdım ki, İranda islam yoxdur. Əsl islam başqadır. İnanırdım ki, Avropa hamamda çimməyi, yeməkdən əvvəl əl-üz yumağı bizdən öyrənib...

Şairlər bir-bir tribunaya qaxlıb öz şeirlərini oxuyurdular. Mən heyranlıqla onları dinləyirdim. Tribunaya, qoca, ağsaçlı bir şair çıxdı. O, güclə ayaqüstə dayanmışdı. Qoca şair sevgi mövzusunda yazdığı şeirini oxumağa başladı: “Sevgilim, əmdikcə ləblərini mən...” misralarını oxuyanda ağsaçlı qoca şairi öskürək tutdu. Gənc şairlərdən biri qrafindən stəkana su töküb qoca şairə verdi. Qoca şair suyu içdi. Amma onun öskürəyi dayanmadı. Bu zaman gənc şair qoca şairinin kürəyinə bir neçə yumruq vurdu. Qoca şairin protez dişi ağzından çıxıb Natəvan klubunun çirkli döşəməsinə düşdü. Mən sarsıldım. Param-parça oldum. Gənc bir insanın gələcəyə olan bütün ümidləri darmadağın oldu. Başa düşdüm ki, belə adamların şeirlərinə inanmaq lazım deyil, osturağa basırlar.

Bu beyin qısırlığı ta Füzulidən bu günə qədər davam etməkdədir. Şərqin məhəbbət dastanında Leyli Məcnunun yanına gəlir. Məcnun isə deyir ki, get, sən o Leyli deyilsən. Qərbin sevgi dastanında isə Romeo balkondan qalxıb Cülyetta ilə qovuşur. Hətta din xadimi, keşiş həyatını təhlükə altına qoyaraq gizlicə onların kəbinini kəsir. Biz bu gün də bu beyin qısırlığının altını çəkməkdəyik.

Axundov Füzulini şair hesab etmirdi. Bu Azərbaycan ədəbiyyatında hələki yeganə ciddi inkar hadisəsidir.

İndi hər bir kəs öz mövqeyini müəyyən etməlidir. Biz kimin yolu ilə getməliyik. İki yüz il bundan əvvəl inkişafın harda olduğunu göstərən Axundov yolu ilə, yoxsa “Get sən o Leyli deyilsən” yazan Füzuli yolu ilə. Zaman və dünyanın inkişafı Axundovun nə qədər haqlı və uzaqgörən olduğunu göstərdi. Zatən, yaradıcılıqda öncəgörmələr çox mühüm şərtlərdən biridir.

Düzdür, bəziləri çıxıb deyəcək ki, Məcnun Leylini rədd etməklə öz sevgisini ilahiləşdirirdi. Amma biz belə göylərdən danışan adamları çox görmüşük. Həyat başqa şeydir. Ən böyük möcüzə yaşamaqdır. Əgər fikir versək, görərik ki, hoqqabazların, ilanoynadanların, cadügərlərin, köz üstündə yeriyənlərin böyük əksəriyyəti geridə qalmış, cəhalət içində boğulan, antisanitariya şəraitində yaşayan xalqların arasından çıxır. Bir-iki məşq edib, kobra ilanının başını dişləmək, ağzından alov çıxarmaq mümkündür. Amma metro kartı olmadan Tağı Əhmədovun rəisi olduğu Bakı Metropoliteninə girmək çox çətindir.

Göylərin sevgisindən danışmaq çox asandır. Təbiətin öz qanunlar var. Və təbiətə qarşı çıxan insan əksər hallarda gülməli vəziyyətə düşür. Bizim ofisdə bir Füzuli aşiqi var idi. Tez-tez bu mövzuda mübahisə edirdik, o da deyirdi ki, Məcnun Leyliyə “Get, sən o Leyli deyilsən” deməklə, öz sevgisini ilahiləşdirirdi. Həmin bu Füzuli aşıq bütün günü oturub pornoya baxırdı. Hətta bir dəfə komputerinə virus düşmüşdü, ekran donmuşdu, qardaş pis vəziyyətə düşmüşdü.

Əlbəttə, pornoya baxmaq qəbahət deyil, mən də baxıram. Sadəcə göylərin eşqindən danışıb, sonra yerdəki porno ulduzların götünə baxmaq bir az “Avropanın yaxşı dəyərlərini götürüb, pis dəyərlərindən imtina etmək lazımdır” söhbətinə oxşayır.

Seymur Baycan

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade